Kinoya ayrılan pul azaldılsın!

Sevda Sultanova, kinoşünas

Sevda Sultanova, kinoşünas

28 may 2022
# 09:00

Bu günlərdə gündəmdə olan və müzakirə edilən məsələlərdən biri Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun kinoya ayrılan pulun azaldılması ilə bağlı təklifidir...

2021-ci il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının verdiyi rəydə kino sahəsi ilə bağlı bır sıra məqamlar diqqətə çatdırılıb. Hesablama Palatasının sözügedən rəyi, müxtəlif vaxtlarda yazdığım məqalələrdə kino şöbəsi (indiki Audiovizual və interaktiv media şöbəsi) və onun rəhbəri Rüfət Həsənova yönəlmiş tənqidlərimin əsaslı olduğunu bir daha təsdiq elədi və ünvanıma kulislərdə səsləndirilən “müəllif qərəzlidir” fikrini heçə endirdi.

Rəydə qeyd edilir ki, “dövlət sifarişi” anlayışı hüquqi aktlarda konkret təsbit olunmayıb, sifarişin çərçivəsinin və istiqamətlərinin müəyyənləşdirilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə səbəb olub, bəzi filmlər yekunlaşmadan konservasiya edilib, ssenarilərin və kinostudiyaların müsabiqə çərçivəsində seçilməsi ilə bağlı meyarlar müəyyənləşdirilməyib.

Halbuki “dövlət sifarişi” anlayışının xüsusiyyətlərinin və kriteriyalarının nədən ibarət olmasını konkretləşdirmək üçün dərin bilgilər, böyük vaxt, zəhmət tələb olunmur. Bəs kino şöbəsi niyə indiyədək bunu hazırlamayıb? Sualın cavabını biz də dəqiq bilmirik. Amma çox ola bilsin ki, sualın cavabı Hesablama Palatasının sonrakı cümləsində gizlənib: sifarişin çərçivəsinin və istiqamətlərinin müəyyənləşdirilməməsi bəzi hallarda vəsaitlərin təyinatının dəyişdirilməsinə səbəb olub. Yəni başqa cür desək, dövlət sifarişli məhsulla bağlı qaydaların qeyri-müəyyənliyi nəticəsində vəsait hansısa məqsədlə harasa, başqa istiqamətə yönəlib.

Ona görə yazılarımda, israrla, dövlət büdcəsindən filmlərə ayrılmış pulun məbləğini açıqlanmasının vacibliyini nahaqdan vurğulamıram. Həmçinin, Vaqif Mustafayevin dövlət sifarişi sayılan “Həyat, deyəsən gözəldir” tammetrajlı bədii və “Qarın qulu” animasiya filmlərinin büdcələrinin açıqlanmama səbəbləri qaranlıqdır. Və büdcəni açıqlamamaq dirənişi illərdir davam edir. İndiyədək, mediada yalnız iki filmin maliyyəsi haqda məlumata rast gəlmişəm: “Üçüncü günün adamı” (1 milyon 150 min) və Azərbaycan ilə Türkiyənin birgə istehsalı olan ”Mahmud və Məryəm” (3 milyon, iki milyon Türkiyənin, 1 milyon Azərbaycanın payına düşür).

Məqaləni yazarkən yenidən Mədəniyyət Nazirliyinin mətbuat xidmətinə sorğu yolladım:

Vaqif Mustafayevin "Həyat, deyəsən gözəldir", Asif Rüstəmovun "Mərmər soyuğu" bədii filmlərinə dövlət büdcəsindən nə qədər vəsait xərclənib?

"Qarın qulu" animasiya filminə nə qədər büdcə ayrılıb?

Sualların cavabını hələ də gözləyirəm...

Halbuki hansısa filmin büdcəsinin açıqlanması kino şöbəsinin birbaşa borcudur, o mütləq qaydada hesabatlılıq və şəffaflıq prinsipinə əməl etməlidir. Və bir filmin büdcəsini elan edilməsindən ötrü xüsusi normativ sənədə ehtiyacı yoxdur. Bu sadəcə peşəkarlıq və vicdan məsələsidir. Üstəlik, bütün dünyada filmlərin büdcələri və gəlirləri açıqlanır.

Kino şöbəsinin zəruri qaydaları, mexanizmləri işləməməsinin nəticəsidir ki, o, bu sualların da cavabını tapa bilmir: istehsal olunan tammetrajlı filmlərə ssenarilər necə, hansı ekspert rəylərinə əsasən seçilir, dövlət studiyalarına niyə tendersiz layihələr həvalə olunur və s.

Kino şöbəsinin və ona rəhbərlik edən Rüfət Həsənovun qeyri-peşəkarlığının, işini düzgün qura bilməməsinin nəticəsidir ki, Hesabalama Palatasının rəyində aşağıdakı ifadələr də yer alır:

“Dövlət sifarişi ilə çəkilən filmlərin seçilmə meyarlarının müəyyən olunmaması və dövlət sifarişi ilə hazırlanan filmlərin smeta xərclərinin siyahısının təsdiq edilməməsi, habelə birgə (müştərək) film istehsalının və, ümumiyyətlə, kino iqtisadiyyatının tənzimlənməsi barədə normativ sənədlərin olmaması büdcə vəsaitlərinin xərclənməsində şəffaflığın və hesabatlılığın təmin edilməsinə, xərclərin uçotunun düzgün qurulmasına imkan verməmiş, filmlərin çəkilişi ilə bağlı ayrılmış vəsaitlər üzərində hesabatlılığın və inzibatçılığın müəyyən edilməməsi səbəbindən bu vəsaitlərin studiyalar tərəfindən təyinatının dəyişdirilməsi, ümumiyyətlə, təsdiqedici sənədlərin təqdim olunmaması kimi halların yaranmasına da səbəb olmuşdur”.

Ona görə rejssorlar Cavid Zaidovun, Amil Amalın, prodüser Nicat Manafovun nazirliyə müxtəlif məsələlərlə bağlı göndərdikləri sorğulara dəqiq cavablar verilmir. Məsələn, Amil Amalın bir sorğusuna nazirlikdən belə cavab gəlib:

“Fəaliyyətinizə dəstək göstərilməsi ilə bağlı bildiririk ki, Mədəniyyət Nazirliyinin yeni kinostrategiyasına əsasən 2021-ci ildən başlayaraq, şəffaflığı və obyektivliyi təmin etmək üçün dövlət dəstəyi ilə çəkilən filmlər müsabiqə əsasında müəyyən olunur”.

Nazirliyin sənəd və vətəndaşlarla iş şöbəsindən göndərilən məktubundakı bu cümləni oxuyanda belə təsəvvür yaranır ki, ildə 4-5 müsabiqə keçirilib və rejissorlara, ssenaristlərə, prodüserlərə müsabiqələrdə iştirak üçün hər cür şərait yaradılır. 2021-ci ildə isə iki müsabiqə keçirilib, onun biri “Böyük qayıdış” qısametrajlı, digəri ilin axırında elan edilən, dəstək fondu 300 min manatdan ibarət olan tammetrajlı bədii film layihələri müsabiqəsi. Vəssalam. Üstəlik, hər iki müsabiqədə müəyyən məhdudiyyətlərin olması səbəbindən əksər kinematoqrafçılar ora qatıla bilməyib.

Yaxud 2019-cu ildə istehsalata buraxılmış, bəzi filmlər, məsələn, Mirbala Səlimlinin “Xoş sonluqlu faciə” tammetrajlı bədii filminin konservasiya (hansısa işin, fəaliyyətin dayandırılması) olunmasının səbəbi məlum deyil.

Və ya Film Komissiyasına (“Filming Azerbaijan”) ayrılan büdcə bəlli deyil. Kulis.az-a müsahibəsində hüquqşünas, Mədəniyyət və Kinematoqrafiya haqqında qanun layihələrinin müəllifi Fikrin Bəktaşinin “Film Komissiyası dünyanın heç bir yerində inhisarçı deyil, özü istehsalla məşğul deyil və, ümumiyyətlə, xarici film istehsalçısı ilə yerli film istehsalçısını əlaqələndirir. Bizdə yaranan mövcud qurum Dublyaj studiyasının bazasında yaradılıb və faktiki olaraq xarici film istehsalçılarına göstəriləcək xidmətlərdə inhisarçılıq edir. Bu isə beynəlxalq təcrübəyə ziddir” fikirlərinə cavab yoxdur.

Bu bir daha onun təsdiqidir ki, Azərbaycan dilində ingilis aksentiylə danışmaq, montajı əla bilmək yaxşı, peşəkar məmur olmaq anlamına gəlmir.

Qısası, problemlər, mübahisəli məqamlar çoxdur. Mən yalnız kiçik hissəsini yazıram.

Bütün bunları nəzərə alaraq Hesablama Palatasının sədrinin kinoya maliyyənin azaldılması fikrini tamamilə ədalətli sayıram.

Bəs Kino Agentliyinin yaradılması məmurları keyfiyyətli işə sövq edəcəkmi? Bizə ancaq gözləmək qalır.

# 3280 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #