İt boğuşdurma sənəti

İt boğuşdurma sənəti
14 oktyabr 2021
# 09:01

Bədbəxtiyi-millətdən ol agah, a Molla,
Əski sudur, əski dibək, ey vah, a Molla

Məhəmməd Hadi

“Molla Nəsrəddin”çilərdən kiminsə, yaddaşım məni aldatmırsa, Əbdürrəhim bəy Haqverdiyevin xatirələrində belə epizod var: deyir, bir gün rəssam Oskar Şmerlinqdən soruşdum, sən jurnal üçün çəkdiyin bu tiplərin obrazlarını hardan tapırsan? Cavab verdi ki, küçədə gördüyüm adamlardır, özümdən uydurduğum nəsə yoxdur.

Buna oxşar cavabı on-on beş il qabaq görkəmli çağdaş rəssamımız Mir Teymurdan eşitmişdim. O zaman Mir Teymur bəyin İçərişəhərdə emalatxanası vardı (ümid edirəm yenə var), məni o gözəl auralı məkana dəvət etmişdi. Otaqda keramika sobasında bişirdiyi çoxlu heykəlcikləri göstərdi.

Həmin balaca “adamların”, obrazlı yazsam, kişi qırıqlarının hərəsinin fərqli üz cizgiləri vardı.

Dedi, bu cizgiləri küçədə gördüyü, müşahidə etdiyi adamların üzündən yadda saxlayıb sonra heykəlcikləri düzəldir, fantaziya məhsulu deyil.

“Molla Nəsrəddin” jurnalını uca millətimizi təhqir eləməkdə suçlayanlar çox olub. Guya xalqı aşağılayanda o, inkişaf eləmir, natamamlıq kompleks yaranırmış.

Bəs nə edək ki, yüz il keçib, heç bir dəyişiklik yoxdur?

Bu yaxında Göygöl rayonunda it boğuşduranlar haqda xəbər yayıldı. Mən fotosunu gördüm: geniş çöllükdə yüzlərlə adam dairəvi dayanıb, it boğuşdururlar. Ətrafda avtomobillər gözə dəyir. Açıq görünür ki, bu yer xüsusi seçilib, hətta bəlkə daimi it boğuşdurma məkanı kimi bir şeydir. Opera teatrı, universitet, nə bilim, filarmoniya kimi hər millətin özünün də it boğuşdurma yerləri olmalıdır.

Xəbərdə yerin adı “İt meydanı” kimi yazılmışdı. Demək, artıq ad qoyublar. Adıyla yaşasın! Sayılıb-seçilən məkanlarımızdan olsun.

Millətçi yoldaşların əvəzindən yazıram: “Noolsun, İspaniyada da dünənəcən öküzləri bizləyib öldürürdülər”.

Əlbəttə, hamımız Barselonada yaşamaqdayıq...

Amma onlar korridanı çox yerdə qadağan elədilər, üstəlik, burada hardasa ədalət var, insan öküzlə dalaşır, öküz insanı öldürə bilər.

İti itin üstünə qısqırdıb boğuşdurmaq isə sırf heyvanlara qarşı zorakılıqdır.

Hələ bu nədir ki, bir nəfər tanıyıram, ziyalı adamdır, ali təhsilli musiqi müəllimidir, hobbisi döyüş xoruzu saxlamaqdır. Bunların “Gənclik” metrosu tərəflərdə nəsə məkanları da vardı, yığışıb xoruz dalaşdırırdılar.

Bir dəfə təzə xoruz almışdı, 700 manata. Elə sevinirdi, sanki dərs dediyi uşaqlardan hansısa La Skalada oxumağa başlayacaq.

Ona görə də Mirzə Cəlil jurnalın birinci nömrəsində, lap başdan, ikinci cümlədə yazmışdı:

“O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə”.

Adam hələ 1906-cı ildə Tiflisdən baxıb 2021-ci ilin Göygöl rayonunu açıq-aydın görürdü.

Yoxsa min bir əziyyətlə jurnal təsis eləyəsən, nədən onun ilk cümlələrində it boğuşduranlara üz tutasan?

Adama deyərlər (necə ki, indiyəcən deyirlər), o qədər vacib işlərimiz var. Millət əldən gedir, düşmənlər bizi əhatəyə alıb, sən də it boğuşdurmaqdan dəm vurursan.

Hərçənd, yollar Romaya aparmırsa, onları çəkməyin mənası nədir?

Neynirəm o qızıl teşti ki, içinə qan qusacağam?

Bunları lirik ricətlər kimi yazıram, çox fikir verməyin.

Batumidə ev uçdu, üçü uşaq olmaqla 9 adam öldü. 11 oktyabrda Gürcüstanda matəm elan edildi. Sən demə, o 5 qatlı binanın birinci qatında və zirzəmisində Azərbaycan vətəndaşı Zaur Budaqov yer alıbmış. Qanunsuz tikinti aparırmış. Binanın konstruksiyasını dəyişiblər, birbaşa saxlayıcı divarı söküblər.

Budaqov Batumidə kazino işlədirmiş.

İndi deyəsən tutublar.

Rusiyada, Orenburq vilayətində camaata saxta spirtli içki satan, azı 30 nəfərin ölümünə səbəb olanlar saxlanılıb, cinayətkarların 5 nəfərindən 3-ü azərbaycanlıdır.

Diasporamız budur?

Əlbəttə, Lütfi Zadə, Maqomayev-filan... Amma onlar öldü. Yerdə qalan Telman İsmayılovdur. Şakiranın göbəyinə pul taxmaq və beynəlxalq axtarışı ilə tanınır.

Nəyə görə dünyanın müxtəlif yerlərində pis işləri qaldıranda altından biz çıxmalıyıq? Axı yüngülvari şüur, sıfır tam mində bir milliqram ağıl lazımdır ki, dərk eləyəsən: divarın aşağısını sökəndə, yuxarısı uçur.

Etil spirti əvəzinə içkiyə metil spirti qatanda insan ölür.

İt boğuşdurmaq vəhşilikdir. İnsan həyatının mənası yalnız cütləşmək və evlənmək deyil. Uşaqlar məktəbə elm öyrənməyə gedir, yaltaqlıq öyrənməyə yox. Kinoteatrda danışmaq düz deyil. Tualetdə işini görəndən sonra suyu axıtmaq lazımdır. Vaqona girəndə qapıdan çəkilməlisən. Zibili küçəyə atmaq olmaz. Restoranda anqırmaq məsləhət deyil. Kitab oxumaq üçündür. Kitab sərgisinə gəlin aparmaq lazım deyil.

Ancaq bu, necə deyərlər, artıq başqa mövzudur.

# 9485 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #