Bu yazıçılar niyə Şuşaya gedə bilmədi?

Mirzə Alik, yazar

Mirzə Alik, yazar

15 iyul 2022
# 15:00

Kulis.az Allahverdi Həsənovun “Şuşa” yazısını təqdim edir.

Son zamanlar sosial şəbəkələrdə bu cümlələrə çox tez-tez rast gəlirəm :

“Məni niyə Şuşaya aparmırlar? Bütün bloqerlər Şuşaya getdi, mən qaldım, amma müharibə vaxtı sevinirdim, post paylaşırdım. Poeziya gününə gedən yazıçılar hamısı yaltaq yazıçılardır, mən azad yazıçıyam deyə aparmadılar”

Hmm... çox maraqlı bir yanaşmadır. Deməli, həm azad olduğunu iddia edir, həm də balaca uşaq kimi harasa aparılmaq istəyir. Həm vətənpərvər olduğunu iddia edir, həm də bunun əvəzinə hədiyyələr, almazlar, hurilər, şərablarla dolu bir cənnət arzu edir. Ümumiyyətlə, cümlə necə də gülməli bir cümlədir: “Məni Şuşaya aparın”.

Sanki bunu deyən yazıçının, şairin başında rəngli, helikopterə oxşayan bir papaq var, əlində də bir şirinquş, siyahıda adını görməyəndə şirinquşu yerə çırpır, qarnını yerə sürtərək ağlamağa başlayır :

“Şuşaya istəyirəm... Şuşa... Cıdır düzü.. otellər.. səhər yeməyi istəyirəm... Aztv-dən müsahibə...aparın məni də, nolar”

Gözünüzün önünə yol çəkməyə gedən atasının arxası ilə ağlayan İsmayılı gətirə bilərsiniz, eyni mənzərədir. Bu yazıçılar, adətən, öz adını bir tədbirin, təqaüd proqramının siyahısında görməyəndə birdən müxalifləşir, olur 21-ci əsrin əzilməz, polad kimi əyilməz dissidenti. Güzgüyə baxanda Dovlatovu, Soljenitseni görürlər. Bir səyahət nələrə qadirmiş...

Bundan sonra isə xəbər saytlarında, sosial şəbəkələrdə ora gedən yazıçıları təhqir etməyə, söyməyə başlayır. Bu dissident yazıçımız özünə artıq ciddi hədəf qoyub, bu tədbirlərin mənasız olduğunu, ora gedən adamların yaltaq, saray yazıçısı (bu sözdən zəhləm gedir, çuşkalıq ehtiva edən sözdür, az işlədin) deməyə başlayır.

Bütün günü bu layihələrin əleyhinə kompaniya aparan yazıçımız axşam evə gedəndə isə özünü Cıdır düzündə at çapan yerdə, “İsa bulağı”nda kabab çəkən yerdə xəyal edir. Təbii ki, kababı çəkib, 2 litr arağı “vurandan” sonra bütün zibilləri, müqəddəs saydığı, Məkkə ilə müqayisə etdiyi, 40-50 səhifə heç bir informativ xüsussiyyəti olamayan şeirlər yazdığı torpağa atır. Sonra kanallara müsahibə verir :

“Mən hər şeydən qabaq belə gözəl tədbir üçün fövqəlbəşər qüvvə hesab etdiyim dövlətimə, gözəl insan, heç vaxt ölməyəcək insan Anar müəllimə minnətdram. Bilmirəm, hisslərimi necə ifadə edim, inanın (ağzından “Beliy volk” arağının, sarımsağın iyi gəlir, İctimai tv jurnalisti iydən boğulmaq üzrədir). İfadəmə görə dönə-dönə üzr istəyirəm, amma mən bura gələndən durmadan orqazm oluram. Hər şey üçün minnətdaram”

Bu müsahibədən sonra o, Fərhad Bədəlbəylini görür, Fərhad müəllimin üstünə qaçıb onu qucaqlayıb öpmək istəyir, lakin bu anda o, Fərhad Bədəlbəylini qorxudur. Neyləsin, 2 litr araq onun bütün əxlaq, etika sərhədlərini dağıdıb. Fərhad müəllim onu itələyəndən sonra yerində yellənir, yellənir, sonra bütün yediklərini qusub orada olan insanlara nümayiş etdirir. Yazıçımız bir anlıq elə bilir ki, 28 Mayda olan “Delikates” kafesindədir, Fərhad müəllim də ora qonaq gəlib.

Bir anlıq dissident, polad kimi əyilməz yazıçımız xəyalından ayılır. Başa düşür ki, onun adı niyə o siyahıda yoxdur, özünü idarə edə bilməyən, hər yeri özünə delikates bilən bu yazıçımız “Şuşa... Şuşaa...” deyə bağıraraq gecənin gedər vaxtında hönkür-hönkür ağlamağa başlayır.

Sözümün canı odur ki, əziz və dəyərli psevdodissident komformist yazıçılar, adi dəvət edilməməyə görə bir anın içində müxalif lider olmağınız çox gülünc görsənir. Sizdən Soljenitsen, Limonov, Nazim Hikmət olan deyil. Hər şeydən əvvəl sizin buna adekvat ideoloji bazanız, ekstazınız yoxdur.

PS. Yuxarıda sizlə tanış etdiyim adsız yazıçımızın sərgüzəştləri ilə bağlı yazılar olacaq, izləmədə qalın, gülün, oxuyun, oxudun, ciao !

# 3157 dəfə oxunub

Oxşar xəbərlər

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

Qarğıdalı satan Adəm necə məşhurlaşdı?

15:00 18 mart 2024
Biz niyə manqurtlaşırıq?

Biz niyə manqurtlaşırıq?

14:00 18 mart 2024
Baba bəy Şakir tərkedilmişlərdəndir...

Baba bəy Şakir tərkedilmişlərdəndir...

17:00 27 yanvar 2024
Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

Cəfərqulu xan Natəvanı niyə sevmirdi?

12:00 27 yanvar 2024
Çox istərdim ki, bu roman qadağan edilsin!

Çox istərdim ki, bu roman qadağan edilsin!

16:11 26 yanvar 2024
Xalam torpağı balası kimi qucaqlayırdı...

Xalam torpağı balası kimi qucaqlayırdı...

12:00 23 yanvar 2024
# # #