Qaldığı evi fahişəxanaya çevirən kirayənişinlər

Qaldığı evi fahişəxanaya çevirən kirayənişinlər
31 may 2021
# 11:08

Şərif Ağayar mənə bir Yutub linki göndərdi: "İşte Şeref Beyin 1.Bölüm". Əvvəl elə bildim ki, Şərif bəy haqqında Türkiyədə serial çəkiblər. O an mesajın ardı gəldi: "Sənin dostun çəkib".

Dostum Onur Ünlünün yeni serialı çıxıb və mənim bundan xəbərim yoxdur. Ünlünün, demək olar, bütün işlərinə baxmışam. Onun absurdu və yumoru mənim üçün əvəzedilməzdir.

Bundan əvvəl bir serialı çıxmışdı: "Görünən adam". Günün birində bir adam görünməyə başlayır. Sən demə, ondan başqa heç kim görünmürmüş. Və görünməyənlər görünən adamı görmürlər. Belə bir absurd vəziyyət. Onur Ünlünün təzə serialında da qeyri-adi nələrinsə olacağını elə bəri başdan bilmişdim.

Şərəf bəy - Onur Ünlünün qəhrəmanı (baş rolda əjdaha Haluk Bilginer) həyat yoldaşını itirmiş və həyatı darmadağın olmuş bir yaşlı adamdır. Həyatını əvvəlki qaydasına salmaq, işləmək istəyir. Ancaq biz ilk səhnədən yeməyi bəyənməyən qurmenə etdiyi qaba hərəkəti görəndə Şərəf bəyin həyatının təzədən qaydasına düşməyinin çətin olacağını təxmin edə bilirik.

Oğlu hüquqşünasdır, yaraşıqlı centlmendir. Lakin atasının da dediyi kimi, ağlı beş qarış havadadır və bu bənzərsiz tip də serialın maraqlı personajlarındandır.

Şərəf bəyin bir mülkü var - müştərisi oranı restoran kimi işlədir, eyni zamanda kirayədə qalır. Üstəlik, Şərəf bəyin oxuması üçün kömək elədiyi bir qız var - o qızın aylığını ödəyir. Yoldaşının qəbrini ziyarət edəndə həmin qızın atasıyla rastlaşır və öyrənir ki, sən demə, kirayənişinlər 8 aydır kirayə pulunu ödəmir və bu səbəbdən də bank qızın təhsil haqqını verməyib, indi qız işləmək zorunda qalıb.

Serial elə bil burdan başlayır - Şərəf bəy əsəbləşir, kirayənişinə zəng edir. Kirayənişin də çox qəribə tipdir: guya ki günahlarının bağışlanması üçün Həccə getməyi planlayır və buna görə pul yığır.

Şərəf bəy oğlunun yanına gedir və olanları danışır. Oğlu məsələni həll edəcəyini desə də işi yarımçıq görür. Restoran işlədən və Həccə getmək fikri olan dələduz pulun yarısını verir, qalanını da orda işləyən qadınların adına yazdırır. Sənədləri görən Şərəf bəy oğlunun yarıtmazlığını anlayıb öz mülkünə gedir və gerçəyi öyrənir: sən demə, onun evini restoran adıyla fahişəxanaya çeviriblər. Özü də düz 20 ildir! Heyrətamiz və bir o qədər gülüncdür! Şərəf bəy kirayə məsələsini maklerin öhdəsinə buraxıbmış və 20 il orda nə hoqqadan çıxdıqlarından xəbərsiz olubmuş.

Görünür, makler də ona deməyə çəkinib.

Həccə getmək fikri olan yalançı dələduz fahişələri ordaca buraxıb "kayıplara" qarışıb. Fahişələr məsələnin belə olduğunu biləndə dərin fikrə gedir və çıxış yolu axtarırlar.

Və bu arada Şərif bəy vurulur. Silahla. Fahişələrin birinin sevgilisi tərəfindən. Təsadüfən.

İlk bölümdən baş qəhrəman vurulur və bölüm beləcə sona yetir.

İçində komik, absurd səhnələr də daxil olmaqla çox maraqlı, qeyri-adi bir serial qarşımızdadır...

Onur Ünlü dinc dayanmır ki!

Ondan maraqsız bir şey gözləmirdim. Bir az əvvəl roman da yazmışdı. Sonra öz həyatını satdığını və bunu hansısa saytda elan elədiyini də demişdi. Hər an türk mediasında öz qəribəlikləri ilə ön plandadır.

Dostuma uğur arzulayıram! Gözəl serialdır! Davamı gəlsin! Öz aramızda dediyimiz kimi: çəkə və yaza bilir. Gülüş işarəsini təsəvvürünüzə gətirin və mən də yazını bitirim.

# 3926 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
# # #