Məni döyüb stadiondan qovdular

Məni döyüb stadiondan qovdular
17 iyun 2021
# 10:30

Kulis.az Ayxan Ayvazın "Sehrini itirən futbol" yazısını təqdim edir.

Futbolu İtaliyaya görə sevmişəm. Əsas da Tottiyə görə. Uşaq vaxtı onun formasını əynimdən çıxarmırdım.

Bir də 2002-ci il Dünya Çempionatı yadımdan çıxmır.

Hasan Şaş qol vuranda elə bildik, atamızın ürəyi dayanacaq. Atamın həyəcanı indi də yadımdadır, siqareti siqaretə calayanda Türkiyə bir də görürdün qol vurdu.

Dəqiq yadımda deyil, futbol pərəstişkarları yaxşı xatırlayar. Qalatasaray hansısa klubla oynayırdı. O vaxtın əjdahası Hacı müsahibə vermişdi bu haqda. Deyir, uduzurduq, cərimə zərbəsi idi, dedim, gedin topu qapıdan götürün, vaxt itirməyək. Oyunçular gülüb, yəqin, düşünüblər ki, bu, dəlidir. Fit çalınır. Hacı vurur və top qapıdadır.

Mən futbolun o gözəl günlərini xatırlayıram. Elə bil, sehr vardı onda. İndi o sehri tuta bilmirəm. Çox az adam hiss edir bunu. Yəni, biz azlıqdayıq. İndi o azlıq Bakıda keçən və bütün dünyanın baxdığı futbol oyunlarına baxa bilmir.

Futbol mənim uşaqlığım idi.

İndiki futbol mənim uşaqlığımı da özüylə apardı və mən o uşaqlıq illərinin sevincindən yetim qaldım.

Öz məhəllə komandamız vardı. Uşaqların içində ən balacası mən idim. Oyun bitəndən sonra yorulmuş oyunçulara su gətirmək işinə də mən baxırdım.

Məni yarımmüdafiəyə qoymuşdular, ancaq müdafiəçi kimi bir şey idim. Məktəbin stadionunda oyuna girəndə özümü hansısa legioner futbolçu kimi hiss edirdim. Stadionun ətrafı qadınlarla, uşaqlarla dolurdu, hamı gözünü dörd açıb oyuna tamaşa edirdi. Çığır-bağır, plastik butulkalara yığılmış daşlardan çıxan səslər hələ də qulaqlarımdadır.

Bir dəfə necə oldusa, topu öz qapımıza vurdum. Məhəllə komandamız 2-1 geridə idi. Bu qol hamını məyus etdi. Komandanın kapitanı, məhəllənin vurub-tutan oğlanlarından Cəmil başıma qapaz vurub oyundan qovdu məni. O gün kor-peşman evə qayıtdım və bir daha oynamayacağıma söz verdim. Səhəri gün bütün komanda oyunçuları qapımızın ağzında boynubükük mənə yalvaranda yumşaldım.

Yataqxanamızın yanında uşaq xəstəxanası var. Asfalt döşənmiş yerdə dəfələrlə futbol oynamışıq. Çox vaxt top tapmayanda corabları iç-içə doldurub oynayırdıq. Xəstəxananın növbətçisi vardı, yaşlı, buz kimi soyuq adam idi. Hər dəfə topumuz əlinə keçəndə bıçağı ilə ikiyə bölürdü. Ondan çox qorxurduq. Ona görə də uşaqlardan birini pusquda saxlayırdıq ki, gələndə xəbər versin.

Bir dəfə əlində çubuq üstümüzə yeriyəndə uşaqlardan birinin qəfil ayağı ilişdi, yerə yıxılanda ağlamağa, çığırmağa başladı. Kişi bunu görən kimi çubuğu kənara atıb uşağı ayağa qaldırdı, dizindəki yaraya baxdı. Onu ilk dəfə bu cür qayğıkeş gördüyümüzdən şaşırmışdıq, bir-birimizə baxıb susurduq.

Kişi bir anlıq gözdən itdi, sonra əlində yod və pambıqla qayıtdı. Bir azdan uşaq gümrahlaşdı, üzü güldü. Növbətçi bizə sarı çöndü:

- Topu verin bura!

Hamımız qorxduq, dedik, bu saat partladacaq. Ancaq elə olmadı. Topu havaya tullayıb “oynayın” dedi və getdi...

Sonralar futbol oynamağı bir kənara qoyanda o kişi haqqında bir çox şeylər öyrəndim. Öyrəndim ki, onun heç vaxt övladı olmayıb. Arvadı xərçəngdən ölüb.

Bəlkə indiki futbol da xərçəngə tutulub?

Sağalacaqmı?

Bilmirəm.

Amma burası dəqiqdir ki, indi futbol məni uşaqlığımdakı kimi həyəcanlandırmır. İndi nə siqareti siqaretə calaya-calaya gözünü ekrana dikən atam, nə də bizim həyəcanımızdan narahat qalan anam var...

İndi təkcə futbolun adı var...

Pis adamlar, nə etdiniz belə?

# 2238 dəfə oxunub

Oxşar xəbərlər

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

Nuru Paşanın gecələdiyi evdə yaşayan lal qadın

09:00 10 dekabr 2024
Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
#
#
# # #