Dərnəgülün qansoranları

Dərnəgülün qansoranları
28 iyul 2021
# 11:20

Kulis.az Vüsal Bağırlının “Dərin gölün qansoranları” yazısını təqdim edir.

Mığmığa, adamı salır dığ-dığa...
Arif Quliyev

Bakının Dərnəgül deyilən yerində yaşayıram. “Dərnəgül” sözü adama qəribə gəlir, elə deyilmi? Adın mənşəyi ilə bağlı bəzi ehtimallar var. Bəziləri sözün “gül dərmək” mənasına gəldiyini bildirir. Bəziləri əvvəllər burada böyük su hövzəsi olduğuna işarə edərək, sözün “dərin göl” anlamını verdiyini söyləyirlər.

İndi haqqında bəhs edəcəyim həşəratın gölə, yaxud da gülə nə dərəcədə aidiyyəti olduğunu dəqiq deyə bilmərəm, fəqət onlar məhz bu ərazidə, Dərnəgül deyilən yerdə yaşayırlar və sürətlə çoxalıb artırlar.

Mənim hər dəfə evə gəlib, qapıdan içəriyə girmək istəyim olduqca çətin məşğuliyyət və məsuliyyətə çevrilir. Çünki qapı açılar-açılmaz blokda hazır dayanmış onlarla, yüzlərlə, bəlkə də minlərlə qansoran həşərat, ağcaqanad, ditdilili, mığımığa, dığıdığa (necə adlannrırısınız adlandırın) səninlə bərabər evə soxulurlar. Özü də icazəsiz filansız. Mənzilimizə elə ərklə, elə ədayla daxil olurlar, sanki bineyi-qədimdən buraların hökmü-sahibidirlər.

Bizim mühafizə-buraxılış məntəqəmiz sayılan dəhlizdə, əllərində elektrikli raketka, milçəköldürən, bürmələnmiş qəzet və digər öldürücü ləvazimatlarla, təpədən dırnağadək silahlanmış vəziyyətdə dayanmış atam, anam və bacım, həmən üzərimə atılırlar, məni yoxlanışdan keçirirlər.

Texniki-nəzarət tədbiri ətrafımda, nə az-nə çox, düz 187 ədəd ağcaqanad aşkar edərək pərən-pərən salır, öldürülən öldürülür, qalanları yerindəcə məhv edilir. Düşmən canlı qüvvə sarıdan dəhşətli itkilər verərək geri çəkilir. Sizə bəlkə gülməli gələcək, amma, bəzilərini hətta, əsir tutur, diri ələ keçiririk. Onlara müxtəlif işgəncələr veririk, baş qərargahın yerini öyrənməyə çalışırıq.

Atam deyir, ağcaqanadlar məhz mənə görə gəlir. Anam soruşur, niyə. CavaB bizi güldürür: “Çünki qanım şirindir”. Əslində, düz deyir. Onun orqanizmi, qanı hansısa sirli cəzbedici qüvvəyə malikdir və qansoran həşəratı özünə cəzb edir. Ağcaqanad əvvəlcə, ehtiyatla ona yaxınlaşır, qırıcı təyyarə sayaq kəşfiyyat reydi edib, ehtiyatla, hər an uçmağa hazır vəziyyətdə dirsəyinə qonur. Azca gözləyir, müşahidə altında olmadığına tam əmin olduqdan sonra, alt və üst dodağının arasında yerləşən balaca futlyarı açır və iynə-xortumunu dərinin incə məsamələrinə yeridir.

Otaqda yüz adam olsun, bir ditdili gəlib atamı tapacaq. Kişi evdə olanda biz ağcaqanad sancmasından bir növ sığortalanırıq. Çünki həşəratlar yalnız ona, zavallı kişiyə hücum çəkirlər. Amma istənilən halda ağcaqanadların zəhlətökən, sinir sökən səsi hər kəsə əzab verir.

Beləliklə, bütün ailə vahid məqsəd naminə səfərbər olunuruq, gündəlik əməliyyat-axtarış tədbirlərinə başlayırıq. Hücuma atam rəhbərlik edir. O, bu əməliyyatda öz sərkərdəlik qabiliyyətini nümayiş etdirməlidir. Hər öldürülən həşərata görə mükafat vəd olunur. Cani-dildən işə girişirik və otağı ələk-vələk edərək, altını üstünə çeviririk.

Tədbirlər bir nəticə vermir. Yaman bicləşiblər dələduzlar. Çox olduqlarını, haradasa gizləndiklərini əminliklə bilsək də ağcaqanad o yana, heç cücü qanadı, xitin qırığı da tapa bilmirik. Heç nə gözə dəymir, bununla belə, adama elə gəlir ki, havada yenə nəsə uçuşur, vızıldaşır.

Bacım qəflətən başını çevirib gözlərini məchul nöqtəyə dikir və qışqırır:

- Aha, tapdım! Özüdür ki, var! Odur! Mixaylodur...

Tez barmağımızı ağzımıza tutub, susmasına işarə edirik. Ayağımızın ucunda, yavaş-yavaş, maksimum səssiz dörd tərəfdən yaxınlaşıb divardakı bapbalaca qara nöqtəciyi mühasirəyə alırıq. Əlimizdəki bütün silahlardan yaylım atəş açılır: “Tarrrap-şarrap!”.

İnanılmaz olay baş verir. Həşərat qeyri-adi reaksiya göstərərək havaya millənir və bir göz qırpımındaca yox olur.

Yalandan özümü qəhrəman kimi göstərməyə cəhd edirəm:

- Vurdum yaramazı! Öldürdüm onu. Aldım qisasımızı.

Hamı ətrafıma yığışır. Sual dolu nəzərlər üzümə dikilib.

- Hanı, göstər görüm?

Günahkarcasına gülümsəyirəm:

- And içirəm, bura düşdü, divanın arxasına. İnanmırsınız?..

Atam şübhəylə anama baxır. O isə çiyinlərini çəkib, “mənlik deyil, özünüz həll edin” deyir və mətbəxə keçir.

Budur, gecənin tən ortası. Əməliyyat-axtarış tədbirləri hələ də davam edir. Otaqda yarıyuxulu vurnuxuruq, əsnəməkdən çənəmiz ağrıyır. Nəhayət, “Dağılışın!” əmri verilir və hər kəs öz otağına çəkilir. Fəqət, sevincimiz uzun çəkmir.

Şiddətlənən Dərnəgül istisi beyni deşir, bürkü əsəblərə oyadır, yastıq və döşək tərə, suya qərq olur. Həşəratın zəhlətökən, sinir sökən səsi gecəmizi məşəqqətli əzaba çevirir. Atam gecə ərzində bir neçə dəfə “Hazırlıq Nömrə 1 !” əmri verir. İşıqlar yanır-sönür. Hamı çarpayıdan qalxır, hamı bir-bir otaqları dolaşaraq, ora-bura vurnuxur. Heyhat, bütün səylər əbəsdir. Yuxu tamam ərşə çəkilib, hamımız narahatıq. Elə bil, tikan üstündə bardaş qurmuşuq.

Nəhayət yerimə uzanıb gözlərimi yumuram. Hərarətli və həzin yay gecəsi firavan və hüznlü təsir bağışlayır. Ah, nə yaxşı! Deyəsən, bütün əzab-əziyyət geridə qalmışdır. Və qəflətən, bu alçaq həşəratın alçaq tezlikli səsi, dızıltısı məni çarpayımdan dik atılmağa məcbur edir.

Bütün gecəni yatmırıq. Səhəri dirigözlü açırıq. Artıq sübh şəfəqi üfüqü al-qırmızı rəngə boyayıb. Bütün bədənim gicişir. Qaşınır. Əsəb sistemim gərilib, son həddə çatıb. Səhərin açılmasına sevinmirəm, əksinə, hönkürüb ağlamaq istəyirəm.

Ağcaqanadların artıb çoxalması üçün Dərnəgülün rütubətli iqlimi, boğucu, bürkü və nəm havası olduqca əlverişlidir. Üstəlik valideynlərimin yaşadığı köhnədən də köhnə, divarları nəm çəkmiş, suvağı tökülmüş “xruşovka”nın altı sürfələrlə dolu yeraltı göldür.

Buralarda dekabrda, yanvarda, hətta şaxtalı fevralda belə ağcaqanad boldur. Martın axırlarında etibarən, yəni havalar tədricən qızdıqca, ağcaqanadlar həndəsi silsilə ilə artıb-çoxalır. Yay aylarında, axşamlar bir tərəfə, günün günortasında belə həyətdə dayanmaq, “besedka”da kölgələnmək, dalanda hərlənmək olmur. Ağcaqanad dişlədikcə, bədənin açıq yerləri dəhşətli gicişmə verir, köpəciyir, sulanır, suluq atır.

Artıq tək-tək, cüt-cüt deyil, sürüylə fırlanan bu qansoranlar yaxınlıqda dolaşan bütün canlı orqanizmlərin aşkar qəniminə çevrilirlər. F-15 hərbi qırıcısına bənzəyən azğın həşəratlar insanlara nə səhər, nə gecə, nə gündə, nə də kölgədə aman verirlər.

Saatda 2,4 kilometr sürətlə uçan və iki aylıq ömrü olan “Culex pipiens”lər, yəni, adi ağcaqanadlar acgözdürlər, doymaq bilmirlər. O qədər çoxalıblar, artıq, Antarktidadan başqa bütün qitələri zəbt ediblər. Onlar çox təhlükəlidirlər və yapon ensefaliti və malyariya kimi öldürücü infeksion xəstəliklərin yayıcısıdırlar. Dünən oxuyuram ki, bizlərə qıcıq verən əsəbiləşdirən vızıltı səsi, heç demə, həşəratın öz həqiqi səsi deyilmiş. Onun saniyədə min dəfə açılıb-yumulan qanadlarının səsiymiş.

news-inner

# 6891 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
#
#
# # #