Basabas vətənpərvərliyi

Basabas vətənpərvərliyi
11 iyun 2011
# 09:00
Xəzər dənizinin nə az, nə çox, təqribən, 2,5 milyon il yaşı var, qədim Sarmat dənizinin iki yerə - Qara dənizə və Xəzərə - bölünməsi nəticəsində əmələ gəlib. Bu dəniz Abşeron yarımadasını qışda şaxtadan, yayda istidən qoruyur, iqlimin kontinentallığının qarşısını alır. Ən dayaz yeri şimalda (5 m), ən dərin yeri isə cənubdadır (1025 m).

Xəzərlə bağlı elmi faktlardan biri də budur ki, el arasında “dəli” dediyimiz Kür, “yaralı” deyib şeirlər qoşduğumuz Araz dənizə tökülən suyun cəmi-cümlətanı 6-7 %-ni təşkil edir. Yəni Volqa olmasaydı, Kürlə, Arazın umuduna qalan Xəzər çoxdan quruyub qurbağa gölünə çevrilərdi.

Altı il coğrafiya fakultəsinə ayaq döyəndən sonra Xəzər dənizi haqqında yadımda qalan biliklər, deyəsən, elə bununla kifayətlənir. Beynimin zibilliyində bir az eşələnsəm? bu dənizlə bağlı, bəlkə, beş-altı rəqəm də axtarıb tapa bilərəm. Ancaq bilirəm ki, oxucularımızın, sadəcə, intellektual görünmək xatirinə, intellektual görüntü yaradan, yazını vergüldən sonrakı yeddi-səkkiz rəqəmə qədər yuvarlaqlaşdırılmış ədədlərlə, yazılışı və tələffüzü cəhənnəm əzabı olan terminlərlə dolduran müəlliflərdən zəhləsi gedir. Buna görə də yazının hədəfini bəri başdan oxuculara göstərmək istəyirəm.

Ya Allah!

Artıq çox isti, uzun, tərli, ağcaqanadlarla dolu yay gəlib. Bu mövsümün bircə sevindirici xüsusiyyəti var ki, hər il bu vaxt Bakı bir az boşalır, yollarda siqnal səsi, insanlarımızın siqnal əvəzi avtolarına qoyduqları eşşək anqırtısı, at kişnərtisi, it ulartısı kimi əcaib səslər azalır. Avtobuslarda, metroda ictimai tənhalıqlar dövrü başlanır və adam yol gedərkən hərdən payız aylarındakı basabasların, dürtülmələrin xiffətini çəkir. “Nərdə əski zamanlar” deyib xəyallara dalırsan və xəyalında ictimai nəqliyyatda mehribancasına bir-birinin belinə minib dərsə gedən tələbələri, işə tələsən əmi və xalaları canlandırırsan – bu zaman dərindən köks ötürməyin sağlamlığa xeyri var.

Şəxsən mən – ilin digər fəsillərində metroya həsrət qalan şəhər sakinlərindən biri olaraq yayda Bakıdan ancaq ona görə tərpənmirəm ki, heç olmasa, basabas mövsümü başlayana qədər doyunca metroya minim. Yay aylarında həftənin şənbə və bazar günlərini, demək olar ki, metroda keçirirəm. Şəhərdə doğulub böyüyən adamlardan fərqli olaraq, biz kənd uşaqları ömrümüzün ən gözəl çağlarında metro, lift, karusel üzünə tamarzı qalırıq. Bizim kənddə bir kişi vardı, 50-60 yaşın içindəydi. Heç vaxt şəhərdə yaşamaq ona qismət olmamışdı, gecələr də üzü Bakıya tərəf yatırdı. İldə bir dəfə danadan-qoyundan satıb gəlirdi şəhərə - LİFT MİNMƏYƏ! Uşaqlara qoşulub çəyirtkəlikdə hinduşka otaranda bizə lovğa-lovğa danışırdı ki, Bakıda minmədiyi lift qalmayıb, hətta elə lift var, qapısına adını da yazıb: “dəli Abas”. Onun liftminmə əhvalatları o qədər maraqlı idi ki, uşaq vaxtı, böyüyəndə Bakıya gedib mütləq liftə minəcəyimə söz vermişdim...

Harda qalmışdıq? Hə, deməli, isti və ağcaqanadlı yay gəlib. Yay adı eşidən kimi Bakı əhlinin yadına ilk anda dəniz düşür və buyur, yenə BASABAS! – çimərlik basabası. Bu dəfə dənizə aparan və gətirən yollardakı tıxaclar, siqnal səsləri, tər qoxusu içində ömürlər çürüyür. Hələ dənizin sahilindəki “insan mənzərələri”, sularda insanlarla bir yerdə üzən qarpız, yemiş qabıqları, boş “kola” qabları, çimərliyə sərinlənməyə deyil, camaatın “ana-bacısının” çılpaq budlarına, gündən qovrulmuş sinələrinə tamaşa etməyə gələn erkək azarkeşlər, dənizə corabla, xalatla, kələğayı ilə girən namuslu, ismətli xalalar, bibilər... Bu mənzərələri görməmək üçün belə bir devizin sadiq qulu olmalısan: “qışda dəniz, yayda metro”.
Ümumiyyətlə, bizim xalq basabasdan, elə bil, nəsə mistik bir zövq alır. Metrodakı, çimərlikdəki basabaslara birtəhər haqq qazandırmaq olar, ancaq toylardakı, yas məclislərindəki, gəlin aparan avtomobil karvanlarındakı (şəxsən mən gəlin olsam, icazə vermərəm ki, məni məlum yerə bu cür hay-həşirlə, “düdüt”, “babap”la, siqnallaya-siqnallaya aparsınlar), basabaslara nə sözün?

Dəfələrlə şahidi olmuşam, elə ki cənazəni həyətdən qaldırmaq məqamı gəlir, arvadlar meyitin üstündə bir vidalaşma basabası salırlar ki, səsi o dünyaya gedib çatır. Yaxud toylarda uzaqdan nənəyə bənzəyən, rəhmətə getməsindən özünün də xəbəri olmayan qoca bir şeyi sürüyüb salırlar ortaya, Yaxın və Orta Şərqdə adam qalmır ki, o qoca şeyin həndəvərində bir-birilərini ayaqlaya-ayaqlaya atılıb-düşməsin.

Kaş gəlin maşınlarımızda olan qaçdıqovduluq, tezbazarlıq bizim yanğınsöndürənlərimizdə olaydı, hardandı bizdə o bəxt? Bir üzünə baxanda elə gəlin aparmağın özü də, bir növ, yanğınsöndürmə sənətidir.

Bakıdakı basabaslar haqqında bir dəfə yazar dostlarımdan biri yaxşı bir söz dedi. Ona avtobusdakı basabasdan, yolda yoğun bir kişini belimdə gətirdiyimdən, üstəgəl, adamın hərdən qulağımın içinə gəyirdiyindən şikayət edib, bir-iki yağlı söyüş söymüşdüm ki, dostum sözümü kəsdi: “Nə danışırsan, o gün ki, avtobusda, metroda belimə minən, ayağımı tapdalayan, üzümə gəyirən olmur, özümü qürbətdə hiss edirəm və başlayıram avtobusda belimə minən, ayağımı tapdalayan doğma vətən üçün darıxmağa”, - dedi. Demək, basabas artıq bizdə vətənpərvərliyin göstəricisi ucalığına yüksəlib. Avtobusda öz həmvətənlərinin belinə nə qədər çox minsən, çimərlikdə camaatın “ana-bacısının” çılpaq buduna nə qədər çox baxsan, gəlin aparanda yolda nə qədər çox siqnal versən, həyətdən qaldırılan cənazənin üstündə nə qədər çox hay-həşir qoparsan bir o qədər vətənpərvərsən.

İçində tərlədiyimiz isti, uzun, ağcaqanadlarla dolu yaydır. Qoy bu il çimərliklərdəki vətənpərvərliyimizə görə dənizlər ilahisi ağayi-Poseydon bizi bağışlasın.
# 970 dəfə oxunub

Oxşar xəbərlər

Şeiri yaradan məqamlar

Şeiri yaradan məqamlar

12:00 24 noyabr 2024
İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

İstanbul Beynəlxalq kitab fuarından qayıdan “Fəxri qonağ”ın əhvalatı

13:20 7 noyabr 2024
Seyid Əzimi kim qətlə yetirmişdi?

Seyid Əzimi kim qətlə yetirmişdi?

17:00 15 oktyabr 2024
Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

Sizin yeriniz AYB deyil! - Elza Seyidcahana açıq məktub

11:30 23 sentyabr 2024
Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

Mən Mircəfərin eynəyini taxıb, Müşfiqin, Cavidin şeirlərini oxumağa hazıram... - Həmid Herisçi

12:00 19 sentyabr 2024
Qarabağı hansı uşaqlar azad etdi?

Qarabağı hansı uşaqlar azad etdi?

13:14 14 sentyabr 2024
# # #