Qadınların sinələrində çürüyür azadlıq... - Ümid Nəccarinin yeni şeirləri

Ümid Nəccari, şair

Ümid Nəccari, şair

13 yanvar 2023
# 17:00

Kulis.az Ümid Nəccarinin yeni şeirlərini təqdim edir.

Başını yerə tikən Söyüdlərin quruduğu dünyada,
kişilərin qollarında
ağrıyır ədalət,
qadınların sinələrində
çürüyür Azadlıq...

***

İranın qorxmaz qadınlarına…


Bir Oktyabr gülləsi
sıxılmışdı payızın qafasına.
qan rəngində yerə sərilmiş yarpaqlar...
sürgün şair yazırdı şeirini
ciblərinin acığına...
Ölüm dadı verirdi,
masa üstündə soyuyan bir fincan qəhvə.
Ölümün səsi idi,
müharibədə uçuq damın altında qalan skripka.
Ölümün şəkli idi,
Zirzəmidə illərcə kimsəni göstərməyən güzgü...
Və ölümün özü idi
Gecə sonuncu avtobusun içində yuxuya getmiş işçi...
Oktyabr idi,
qan rəngində yerə sərilmiş yarpaqlar...
sürgün şair yazırdı şeirini
ciblərinin acığına...

***

Afinada Tanrıların hüzurunda...

109-cu otağın pəncərəsində qürub edirdi gözəllik Tanrısı.
Afina durmuşdu yağış altında...
çətir altında insanlar,
sətir altında sən...
Barmaqlarımın ucu ilə toxunurdum sənli günlərin səssizliyinə,
yarpaqlara,
ayaq izlərinə,
Barmaqlarımın ucu ilə toxunurdum dodaqlarına...
Tanrılar sükut aksiyasını davam edirdilər dodaqlarında,
Əllərin repressiya dövrünün Sibiri kimi,
soyuqdan öldürürdü sevgiyə and içənləri...
109-cu otağın üzündən sürgün edilmişdi təbəssüm əsirləri.
üz çevirmişdi eşq ilahələri...
Kilsələrin zəngi oyadırdı yuxudan yerlə sürünən qatarları.
Bir gəmi keçirdi burdan dəniz rəngli,
Bir yuxu yatmışdım Sokrat hotelinin 109-cu otağında,
bir səni tapmışdım Atenin çılpaq bədənində,
oyandım,
elə yoxsan ki,
Ortadoğuda olmayan barış kimi...

***
Ağacların cinsindən olan adamlar var,
Yarpaq rəngli,
Yağış səsli adamlar var...
Yaxında olan deyillər,
Çək gözlərini uzaqdan da...
Dünən görünmədilər,
Bu gün olmadılar,
Sabah, sabah...
Sabahlardan gələcək o adamlar...

***
Qal

Yaşı məndən böyük olan sirlər var.
Bu keçmişdən belədir,
bilirəm.
Əriyən qar üzərinə yazılıb,
"üşüyürəm,
qal!"
Bilmirəm,
nədən quruyan su üzərində yazılıb,
"Yox oluram,
Qal!"
Buğ vurmuş pəncərənin üzərində,
Nəsə yazılıb,
oxuya bilmirəm.
Qal...!


**
Paralel

Əli çatmadan göy üzünə,
ucalıb-ucalıb öldü ağaclar.
Quşlardan öncə buludlar çatdı mənzilə.
Relslər üzərində
Yolçular çatdılar,
Yollar çatdılar
Qatarlar çatdı məqsədinə...
Biz paralel çəkilən iki dəmir yoluyuq,
uzanmışıq bu yollara...
Hara çatsaq da,
bir-birimizə yetişə bilmirik...

# 2373 dəfə oxunub

Oxşar xəbərlər

Ciyərdə nəfəsdir, damarda qandır - Günün şeiri

Ciyərdə nəfəsdir, damarda qandır - Günün şeiri

18:40 8 noyabr 2023
Əlimi buraxma, ata... - Tural Cəfərlinin şeiri

Əlimi buraxma, ata... - Tural Cəfərlinin şeiri

11:40 9 fevral 2023
O qədər qışqırdıq, göyərdi səsimiz… - Günün şeiri

O qədər qışqırdıq, göyərdi səsimiz… - Günün şeiri

13:20 30 yanvar 2023
Bir yumruğa döndük o gecə biz də... - Günün şeiri

Bir yumruğa döndük o gecə biz də... - Günün şeiri

11:00 20 yanvar 2023
Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri

Ülgüc dəyməyən üzünü, torpağa qoyan oğullar... – Günün şeiri

17:40 15 sentyabr 2022
Bura Füzuli deyil, Kərbəladır... – Emin Pirinin yeni şeirləri

Bura Füzuli deyil, Kərbəladır... – Emin Pirinin yeni şeirləri

16:00 14 may 2022
#
#
# # #