Mənə görə ürəyini qurban verən dostum

Mənə görə ürəyini qurban verən dostum
3 avqust 2023
# 17:00

Kulis.az Ümid Nəccarinin “Qurdlar dərəsi"nin bəxtəvər cocuqları" adlı yazısını təqdim edir.

”Dostun evi nerede?” diye sordu, günün battığı yerde süvari
Gökyüzü biraz duraksadı.
Dudağındaki geçici ışık dalını kumların karanlığına bağışladı ve
”Ağaca varmadan,
Tanrının rüyasından daha yeşil
Asma dallarının indiği bir sokak var”
Ki orda sadakatin tüyleri kadar mavidir aşk
Erişkinliğin arkasındaki o sokağın taa sonuna kadar başını çevirme…”

Dostun evi haradadır, görəsən? Hz. Mövlana nə demiş? – “Məcnun deyiləm dost, lakin çağırsan, çöllərə düşərəm. Çöllərdən keçmək nə çətin işmiş? Çətini dostun olmamağıdır, məncə. Qayıdaq Təbrizə. Təbrizli günlərimə...
Ora hamını bir cür xoşbəxt edə bilir, mən ordan yazmaqla xoşbəxt oluram, siz oxumaqla.

Təbrizdə çox yaxın məhəllə dostum var idi.
Hər yerə birlikdə gedirdik, birlikdə ağlayıb, birlikdə gülürdük. İş ora gəlib çatmışdı ki, səhərdən axşamadək gəzirdik, həftələrlə dağlarda qalırdıq. Qayıdandan sonra da o gəlib bizdə qalırdı, mən gedib onların evində qalırdım. Deyərdin, bir-birimizdən doymamışıq. Məhəllədəki dostlarımız bizim dostluğumuzu qısqanır, aramızı vurmağa çalışırdılar, amma bizim dostluğumuz çox dərin idi.
Behnam çox maraqlı adam idi, məsələn, hər ay yol-rizdən nəsə tapardı.

Arada gülə-gülə mənə deyərdi, ayın sonuna yaxınlaşırıq, bu ay da nəsə tapacam, beş-altı günə mütləq tapılacaq. İki-üç günə bir şey tapar, qəhqəhə çəkib deyərdi:

– Gördün, dedim, tapılacaq.
– Buları necə tapırsan axı?
– Şans, kasıb olsam da mənim şansım var.

Bir gün “Traktor”un çox kritik bir matçı var idi - Tehranın “İstiqlal” klubu Təbrizə gələsi idi.
Bir həftə öncə Behnam mənə dedi, hətmən gedax haaa, səhər tezdən gedax, yer tutular, qalarıx çöldə. Razılaşdım.
Stadion şəhərdən uzaqda, dağların arasında yerləşir. Təbii dərədə tikilən stadionlara təbii stadion deyilir.
Belə ki, Təbrizdəki “Səhənd” stadionuna “Qurdlar dərəsi” deyirlər.



Oyun günü çatdı, həmişəki kimi səhər tezdən durduq, çölləri keçdik, dağları aşdıq...
Behnam yerişimə baxıb, gülə-gülə dedi:

– Bə niyə belə axsırsan?
– Eh... Gecə anam sport başmaxlarımı yuvub, səhər dürüb bu zibilləri geyindim. Öldürdü məni bunlar...
– Anan da vaxt tapa bilmiyib, bunlar imkan vermiyəcax rahat yeriyəsən.
– Cəhənnəm. Gedax görax hara qədər gedə bilirux.

Nəhayət, stadiona çatdıq. Oturan kimi
ayaqqabılarımı çıxardım:

– Behnam bax ee, ayaqlarımı şirim-şəhrə edib başmaqlar.
¬ Olan, desəydin dağnan gəlməzdux, elə bir dəfəlik maşınnan gələrdux.
– Nə bilim axı, dedim sıxmaz. İndi baxıram, məhv edib ayaxlarımı.
– Qayıdanda maşınla qayıdarıq.



Mən sendviç, meyvə şirəsi, Behnam da tum aldı.
Futbol başladı və “Traktor” 3-1 qalib gəldi. Həyəcan, “Traktor”un qələbəsi oyuna ayaqyalın baxdığımı, yaralarımın ağrısını unutdurmuşdu. Qayıdanda Behnam bir də dedi ki, taksi ilə qayıdaq. Qəfildən cibimə baxdım, gördüm, pulum qalmayıb. Behnama dedim:

– Cibimdə pul qalmayıb.
– De sən öl?
– Canımçün heç nə yoxdu.
– Ola bilməz ee, məndə də yoxdur.

Belənçi zarafatlarımız çox olurdu, açığı, doğru dediyinə inanmadım. Ona dedim, axtaracam ciblərini. O da dedi, mən də sənin ciblərini axtaracam.
Gülə-gülə birbirimizin ciblərini axtardıq, salfetkadan, açardan başqa heç nə çıxmadı.
Behnam mənə baxıb dedi:

– Çarə yoxdur, gəldiyimiz yolla qayıdarıq, darıxma ayın sonudur, nəsə tapacam bu yollardan
– Gedə, bu dağlardan nə tapmaq olar ki?
–Sənə elə gəlir, çox şey dağlardadı, indidən nəfsini salma görax!!
– Olan, ayaqların yaradı, yerə basa bilmirəm.
– Hansı ayağındı?
– Sağ ayağım.
– Başmağını çıxar ver mənə, sən buları geyin.

Ayaqqablarımızı dəyişib davam etdik.
Hiss edirdim ki, ayaqqabılarım onun da ayaqlarını sıxır, ancaq şikayət etmirdi.
Yolu yarıladıq. Dedik-güldük, yamaclardan kəklikotu dərdik.
Birdən Behnam qışqırdı. Həyəcanla:
– Gəl eee. Qadasın aldığım... Gördün? Gəl bura bax, gör nə tapmışam, - dedi.
Kolların arasında iki min tümən... Necə? Nə cür?
Bəxtimizə düşən iki min tümənliyin üzünü yağış yumuş, gün qurutmuşdu. Təmizlədik, öpüb, alnımıza qoyduq.
Biz “Qurdlar dərəsi”nin bəxtəvər cocuqları bir daha “Şükür” – dedik, “şans” - deyib çığırdıq. Elə sevinirdik, lotodan ev udanlar kimi, - yerə-göyə sığmırdıq.
Yola çıxıb taksiyə mindik.
Dostlara zəng etdik, dedik ki, bu gün sizə qonaqlıq verəcəyik.
Evdə gördüm, ayaqqabılarım Behnamın da ayağını vurub, - qanı coraba çıxmışdı. Çoxlu üzr istədim.
”Bir ayaq nədi ki? Ürəyimi də yolunda qurban verərəm...” - təbəssümlə dedi.
Gözlərim doldu, Behnamı qucaqlayıb, bağrıma basdım.
Mən indi Bakıdayam, iş yerimdə, çay içə-içə yazıram, Behnam isə Təbrizdə.

Onu düşünürəm...
Düşünürəm ki, dostun evi haradadır, görəsən?

”Sonra yalnızlık çiçeğine doğru yönünü değiştir
İki adım kala güle,
Mitolojik toprağın ölümsüz fıskiyesinde durursun.
Orada yakalar seni şeffaf bir korku.
Gökyüzünün samimi akışında bir hışırtı duyarsın.
Bir çocuğu görürsün
Yüksek bir çama çıkmış, ışığın yuvasından yavrular toplamaktayken
İşte ona sorarsın;
”Dostun evi nerede?”

# 2085 dəfə oxunub

Müəllifin son yazıları

# # #