Samirə Əşrəf: "Yazıçılıq kişi sənətidir" - Müsahibə

Samirə Əşrəf:  "Yazıçılıq kişi sənətidir"  - Müsahibə
23 avqust 2023
# 14:00

Kulis.az yazıçı Samirə Əşrəfin müsahibəsini təqdim edir.

- Necəsən, Samirə? İstidir. Nə yazırsan, necə yaşayırsan?
- Yayın ən isti günlərini yaşayırıq. Yayı heç sevmirəm. Yaşamağa imkan vermir. Hərdən düşünürəm, elə bir möcüzə baş versin ki, iyul ayında ölüb, bir də sentyabrda dirilim. Təəssüf ki, ölüb-dirilmək mümkün deyil. Əvvəllər elə bilirdim ki, yay çox pis fəsildir. Sonralar düşündüm ki, yox, yay kasıblar üçün pis ola bilər. Varlılar üçün 40 dərəcə istini hər zaman 20 dərəcəyə çevirmək rahatdır. Səyahətlər, xarici ölkələrdə gəzintilər və.s. Yəni belə üstünlükləri olan adamlar üçün yay əlbəttə, gözəl fəsildir. Amma 40 dərəcə istidə paytaxtda qovrulmaq əzablıdır. Bu fəsil yaradıcı imkanlarımı, nəinki yaradıcı imkanlarımı həmçinin əmək fəaliyyətimi də çox aşağı salır. Baxmayaraq ki, qarışqa kimi bütün günü hərəkətdəyəm. Amma bu hərəkətlilik məişət və müəyyən məsuliyyət hissi ilə bağlıdır. Tutaq ki, bilirəm, müsahibəyə gələcəm, evi axşamdan yığışdırmalı, heç olmasa, bir qazan xörək bişirməli, qab-qacağı yuyub evdən çıxmalıyam. Yəni bu mənim və mənim kimi bir çox qadınların boyuna biçilmiş məişət öhdəliyidir. Bu öhdəliyin yaya, qışa dəxli yoxdur. Bu yaxınlarda Seymur Baycanla yazışırdıq. Ona məişət problemlərini sadaladım. Nə əcəbsə, mənə haqq qazandırdı, dedi, haqlısan, səni başa düşürəm. Mən hələ tək adamam, məişətin öhdəsindən gələ bilmirəm, özündən başqa iki-üç nəfərin qulluğunda durmaq, yəqin çətin olar. Seymurdan bu humanizmi, xeyirxah yanaşmanı gözləmirdim, amma görürsən ki, adamlar zamanla ürəyiyuxa, mehriban, başadüşən ola bilirlər.

İndi demək olar ki, heç nə yazmıram. Mən hər gün yazan yazıçılardan deyiləm. Yazmaq mənim üçün əzabdı. Yazı prosesi adamdan fiziki güc də tələb edir. “Atam, bibim və Sergey” romanını yazanda sözün əsl mənasında yorulurdum, üç-dörd saat masa arxasında oturub yazmaq çətin idi. Onda başa düşdüm ki, yazıçılıq daha çox kişi sənətidir. Əgər bir qadın yazıçıdırsa, deməli, onun kişi tərəfi daha çoxdur. Yazmaq istədiyim bir neçə hekayə var. Xərçəng xəstəliyindən əziyyət çəkən qadınların bir neçəsi ilə söhbətim olub. Bu söhbətlərdən yaddaşımda ilişib qalan detallar mənə çox əziyyət verir. Onlardan xilas olmaq istəyirəm. Yaradıcılıq həm də xilasolma faktıdır axı. Bir də Qarabağ müharibəsi ilə bağlı başladığım roman yarımçıq qalıb, yəni yaradıcılıqla bağlı xüsusi bir yenilik yoxdur.

- Bəlkə, “Mənim üçün qızılgül” kitabının verdiyi arxayınlıqdır?
- Hə, bu da ola bilər. Çünki mən o kitaba qədər çox narahat idim. Dəfələrlə kitabı çap etdirməyə çalışmışdım, amma tənbəlliyim ucbatından alınmamışdı. Hər dəfə kiminsə kitabı çap olunanda içimdən xəfif bir sızıltı keçirdi. Deyirdim, mən nə vaxt öz müəllif kitabımı çap etdirəcəm. Bir gün eşitdim ki, dostum İlham Əzizin kitabı çap olunub. Onda niyəsə hərəkətə keçdim. onda öz-özümə dedim ki, Samirə, bəsdir daha. Çünki İlham yaşca məndən böyük olsa da, məndən sonra ədəbi mühitə gəlmişdi, hekayələri də uğur qazanmışdı. İnsafən İlham istedadlı insandı, həm də mənim ən yaxın dostlarımdan biridir. Amma onun gec gəlişi və kitabını çap etdirməsi, məni vadar elədi ki, öz kitabımı çapa hazırlayım. Həm də vaxt gedir, yaş da öz işini görür. Yazıçı qırx yaşı adladısa, yaradıcılığı barədə ciddi düşünməlidir. Ya o tərəflik, ya da bu tərəflik olmalıdır. Mən də bu tərəfi, yəni ədəbiyyatı seçdim. Kitab çap olundu, haqqında yaxşı fikirlər səsləndi, yazılar yazıldı. Və sənin dediyin o arxayınlıq yarandı.

- Yaradıcı adam üçün arxayınlıq təhlükəli deyil?
- Təhlükəlidir, əlbəttə. Amma kitabımın çapından bir il vaxt keçib. İmkan ver, bu arxayınlıq hələ bir neçə il də davam etsin. Bilirsən, Ümid, bir məsələ var ki, mən özümə ədəbiyyat sevgimə hədsiz dərəcədə inanan və əmin olan adamam. Bu dünyada heç nəyə iddiam yoxdur. Bu sahələrə gəlir mənbəyi kimi baxıram, amma işimi vicdanlı görməyə çalışıram. İstənilən sahədə mənim üçün orta hədd yoxdur. Görəcəyim iş ya yaxşı olmalıdır, ya da pis. Ona görə də hər zaman yaxşıya can atmışam. Misalçün, elə adam olub ki, onunla müsahibəyə gedərkən bir həftə, bəzən on gün hazırlaşmışam. Yol gedə-gedə, iş görə-görə o adama verəcəyim suallar barədə düşünmüşəm. Ağlıma yaxşı sual gələn kimi dərhal ya telefona, ya da bir dəftərə qeyd etmişəm ki, unutmayım. Yəni sadaladığım sahələrdə iddialı olmamışam, sadəcə yaxşı iş görməyə çalışmışam. Ədəbiyyat iddialı olduğum yeganə sahədir. İnanmıram ki, hansısa müvəqqəti arxayınlıq, kitab çapı məni ədəbiyyatdan soyuda, yazıdan, mütaliədən ayıra. Çünki ədəbiyyatın, sözün gücünü hiss edə bilirəm. Bu hissetmə məni ədəbiyyatdan uzaq düşməyə qoymaz. Üstəlik, mən nə qədər dincəlsəm də, o qədər sürətlə iş görmə potensialına malik bir insanm. Misalçün, günün 15 saatını yatıb, qəfildən elə bir enerji ilə ayağa qalxıram ki, aylarla, günlərlə yığılıb qalmış işi bir neçə saatın içərisində görürəm.

- Kulisdən niyə ayrıldın?
- Kulisdən gedişim öz istəyimlə oldu. Yaxın ətrafım bilir ki, şəhərdən uzaqda yaşayıram. Üç il yarım həftənin beş günü uzaq yol gəlmək, geri qayıtmaq, saatlarla şəhərin tıxaclarında ilişib qalmaq məni çox yorurdu. Hər gün səhər doqquzda evdən çıxır, axşam doqquzda evə qayıdırdım. Sağlamlığımda nəzərəçarpmayan, amma ciddi problemlər yarandı. Oturaq həyat tərzi ilə əlaqədar sürətlə kökəlməyə başladım. Həm də artıq Gənc Tamaşaçılar Teatrına mətbuat katibi təyin olundum. Düşündüm ki, indi əsas gücümü bu sahəyə versəm, daha yaxşı olar. Bir əldə iki qarpız tutmaq mənlik deyil.

- İndi necəsən, rahatsanmı?
- Rahatam. Xeyli dincəlmişəm. Amma həm də narahatam. Bilirsən, APA mənim ilk oturaq iş yerim olub. Bura qədər həmişə sayt və qəzetlərlə qonarar sistemi ilə əməkdaşlıq etmişəm. Apa isə böyük kollektivdir. Burada çox güclü imzalar yetişib. İndi onlar başqa yerlərdə işləsələr də, əminəm ki, APA dövrü onların xatirindədir. Mən də burada gözəl dostluqlar qazandım, acılı-şirinli anlar çox oldu. Ən çox sevdiyim insanlardan birini, anamı burada işlədiyim dövrdə itirdim. Həmin günlərdə hamı yanımda idi. O dövrlər Apadakı dostlardan o qədər gözəl münasibət gördüm, o qədər yaxşı insanlarla tanış oldum ki, bunu sözlə ifadə edə bilmirəm. Hazırda burda işləyən, işləməyən dostlar mənim üçün əzizdir. Narahatam ona görə ki, burada işləyən dostlardan uzaq düşdüm. Onlarla hər gün olduğu kimi söhbətləşə, zarafatlaşa, dərdləşə bilmirəm. Amma hər biri ilə ünsiyyətim var, bircə kəlmə yazsam, bircə zəngimlə nə lazım olsa edərlər.

- “Mənim üçün qızılgül” kitabının satışı necədir? Yeni kitab haqqında düşünürsənmi?
- Kitab demək olar ki, bitib. Evdə beş-altısı qalıb. Onları da özüm saxlamışam ki, hədiyyə-filan lazım olanda çətinlik çəkməyim.
Yeni kitab - bayaq dediyim kimi, roman ola bilər. Bir də çoxsaylı esselərim, köşə yazılarım var ki, bunlar ancaq elektron variantda çap olunub. İlin sonuna ən yaxşılarını yığıb kitab şəklində çap etdirmək istəyirəm.

- Ədəbiyyat və teatr. Bir-birinə mane olmur ki?
- Teatr mənim yetkinlik illərindən ən çox sevdiyim sahə olub. Yadıma gəlir, 18-19 yaşım olanda Azdramanın yanından keçəndə, düşünürdüm ki, ilahi, nə vaxtsa bu teatrda bir tamaşaya baxa biləcəyəmmi? Bir dəfə də Xalq artisti Nurəddin Mehdixanlını küçədə gördüm, öz-özümə düşündüm ki, görəsən, nə vaxtsa, bu aktyorla söhbət etmək mənə qismət olacaqmı? Bəsti Cəfərovanı uşaqlıq illərimdə “Solğun çiçəklər”, “Nişanlı qız” teletamaşalarında görüb valeh olmuşdum. Yəni bütün bunlar o yaş üçün çox böyük arzular idi. Sonralar nəinki o teatrda tamaşa izlədim, hətta o tamaşalardan yazdım, sevdiyim aktyorlarla həmsöhbət, dost oldum. Amma yenə bayaqkı söhbətə qayıdıram, teatra da məni ədəbiyyata olan sevgim sövq edirdi. Elə hey arzusunda idim ki, bir aktyorun taleyindən, həyatından roman yazım. Bunu yazmaq üçün də mütləq teatrı bilməli, ondan az-çox agah olmalı idin. Tale elə gətirdi ki, teatrdan iş təklifi gəldi, mən də sevərək qəbul etdim. İndi hörmət etdiyim, sevdiyim insanlarla bir kollektivdə işləyirəm.
Teatra da, kinoya da, incəsənətin bütün sahələrinə gedən yol ədəbiyyatdan keçir. Səhnəyə qoyulan əsər əlbəttə ki, ədəbiyyatdır. Ona görə də sevdiyim iki sahənin iç-içə olduğu bir məkanda çox rahatam.

- Hazırkı ədəbi mühit haqqında nə düşünürsən?
- Vallah, indiki şəraitdə heç bir ədəbi mühitdən söhbət gedə bilməz. Hardadı o ədəbi mühit? Feysbukda ya instaqramda? Bizim ədəbi mühit hesab etdiyimiz 20-30 gənc və ortayaşlı yazıçılar, şairlərdirsə, onların hansısa ədəbi mühitdə olduqlarını düşünmürəm. Gənclər indi feysbukda vaxt itirməklə məşğuldur, yaşı qırxı keşən yazıçılarımız da ailə saxlamaq, ac qalmamaq hayındadırlar. Belə ədəbi mühit olmur. Yaradıcı adamların toplaşacağı, müzakirə aparacağı bir məkan yoxdur. Heç bir ədəbi müsabiqi keçirilmir. Kulis bu işi bir neçə ildir ard-arda həyata keçirir, istedadlı insanlar qalib olur, ancaq bu ənənə davam edilmir. Heç bir ədəbi təşkilat yaradıcı insanlara motivasiya olacaq yeniliklər etmirlər. Biz özümüz yazır, özümüz oxuyur, özümüz də öz yağımızda qovrulurq. Bilmirəm, bu nə vaxtacan belə davam edəcək, amma indiki şərait budur. Yaradıcılıq əslində fərdi məsələdir, ona görə də mən ədəbi nailiyyəti hansısa olmayan mühitdən yox fərdlərdən gözləyirəm.

.

- Cəbrayıla üç səfərin oldu, reportajı çıxsaq, bu haqda başqa heç nə yazmadın.
- Əslində, o reportaj elə ədəbi mətn idi. O reportajı hissələrə bölsək, orada neçə romanın, hekayənin özəyi var. Yeri gəlmişkən, imkan düşüb, mütləq vurğulayım, Cəbrayıl mənim ad günümdən bir gün əvvəl işğaldan azad olundu. Gecə yatdım, səhər oyandım ki, adamlar həm ad günümü təbrik edir, həm də Cəbrayılın azad olunmasını. Həyatımın ən xoşbəxt anları idi. Otuz ildən sonra bu möcüzənin baş verməsi mənim üçün gözəl hadisə idi. Əlbəttə, bilirdim ki, dərhal oralara gedə bilmərik. Amma vaxt keçdikcə görürdüm ki, çoxları evimizin bir addımlığına qədər gedib çıxır, amma mən cəbrayıllı bir yazıçı kimi heç kimin yadına düşmürəm. İş orasındadır ki, ən yaxın qələm dostlarım mənə deyirdilər ki, Cəbrayılla bağlı ən yaxşı yazını səndən gözləyirik. Cəbrayıla gedişim isə heç cür alınmırdı. Bir ara lap əsəbiləşdim, dedim, oturub, xəyali bir reportaj yazacam. Sonra düşündüm ki, yaradıcılıqda qəzəbə yer yoxdur. Bir gün xəbər gəldi ki, APA TV Cəbrayıla çəkilişə gedir və heyətə mənim də adım salınıb, çox sevindim. Bunların hamısını reportajımda qeyd etmişəm. Demək istədiyim başqadır. Cəbrayıla gedişimi Vüsalə Mahirqızı tapşırmışdı. Dünyanın harasında oluramsa, olum, neçə yaşım olursa, olsun Vüsalə xanımın bu jestini heç vaxt unutmayacağam. Otuz ildən sonra o torpağa ayaq basmaq mənim üçün böyük səadət idi. Cəbrayıla gedə-gedə mən artıq yolda o reportajı düşüncələrimdə yazırdım. Evə gələndə, bircə onları vərəqə köçürmək qalırdı. Reportaj çap olunanda çox böyük marağa səbəb olmuşdu. Tanıdığım-tanımadığım qələm adamları reportajı paylaşır, zəng vurub ürək sözlərini deyirdilər. Bilirdim ki, Qarabağdan ən yaxşı reportajı yaza bilən adamlardan biriyəm. Çörəyi ver çörəkçiyə birini də üstəlik.

Oradan gələndən sonra bir həftə özümə gəlmədim. Elə bilirdim, orada əzizimi qoyub gəlmişəm. Ancaq həm də çox rahat idim. Bilirdim ki, uçsa da, dağılsa da, dünyanın harasındasa bir evim vardı. İndi yazacağım romanda torpağına qayıtmaq istəyəm bir qadının rastlaşdığı maneələr yer alacaq. Qayıdışla bağlı bütün gücümü, yazacaqlarımı o romana saxlamışam.



- Kimləri oxuyursan?

- Söhbət bizim ədəbiyyatdan gedirsə, hamını oxuyuram. Sərdar Amin, Nərmin Kamal, İlham Əziz, Rəvan Cavid, Ulucay Akif, Orxan Həsəni, Vüqar Babazadə, Orxan Saffari, Fəridəni oxuyuram, sənin yazılarını oxudum çox xoşuma gəldi. Amma gənclər feysbukda vaxt itirirlər. Vüqar Babazadə kimi istedadlı yazıçı gözümüzün qarşısında, bir addımlığımızda feysbukda əriyir. Və yaxud da Orxan Saffari. Onun hekayələr kitabını oxuyandan sonra zəng edib ona təşəkkür etmişdim. Yəni ona görə yox ki, özümü ədəbiyyatın ağbirçəyi hesab edirəm, həqiqətən də həmin hekayələr məni tutmuşdu. Amma hansı irihəcmlli əsəri bitirdiyini soruşsam, cavab yekə bir sıfır olacaq. Çünki bütün günü feysbukda status yazmaqla məşğuldu. Onlara baxanda, yenə də orta yaşlı yazçılarımızdan mədət ummağa dəyər. Etimad Başkeçid, Fəxri Uğurlu, Şərif Ağayar, Seymur Baycan, Mirmehdi Ağaoğlu, Zamin Hacı, Sevda Sultanova, Aliyə davamlı oxuduğum imzalardı. Amma bitkin əsərlər oxumaq istəyəndə klassika dadıma çatır. Hekayələrdən çox romanlara üstünlük verirəm. İldə bir-iki dəfə oxuduğum əsərlərə yenidən qayıdıram. Bu “Don Kixot”da ola bilər, “Səfillər”də, “Hərb və sülh”də. Baxır ovqata.

- Ədəbiyyat və humanizm demək olar ki, eyni anlayış kimi qəbul olunur. Sadaladığın sonuncu əsərlərdən sonra fikrimdə qəribə bir sual yarandı. Adamları bağışlaya bilirsənmi?
- Mən güzəştə getməyi sevirəm. Hətta güzəştə getmək mənim ən çox sevdiyim təcrübələrdən biridir. Güzəştə getməklə adamları son ana qədər qovuram ki, görüm, bunun iç üzü harada açılacaq. Uzun illər bundan yaxşı mənada istifadə etdim. Həm də açığı qəddarlıq mənə xas deyil. Müəyyən mənada kinli ola bilərəm, amma ürəyiyuxayam. Ancaq sonralar gördüm ki, adamlar güzəştlərimdən sui-istifadə edirlər. Tutaq ki, birinə yazığın gəlir, keçirdiyi ağır həyatı gözünün qarşısına gətirirsən, ürəyin yumşalır və bağışlayırsan. Sonra bu adam ayağa qalxıb elə fikirlər səsləndirir ki, dəhşətə gəlirsən. Və öz-özünə düşünürsən ki, bu həngamə nəyinə lazımdır? Biz elə bilirik ki, 70 yaş böyük rəqəmdir, amma illər keçdikcə, görürəm yox, 70, hətta 80, 90, 100 rəqəmləri də insan ömrü üçün çox azdır. Ona görə də ömrümün qalan hissəsini xıltlı, xəbis, murdar insanlardan uzaq, dinc keçirmək niyyətindəyəm. Son illərdə qərara gəlmişəm ki, hər kəs elə qoyub getdiyimiz yerlərdə qalsalar, daha yaxşı olar. Həm də yaxşı bir xasiyyətim var, bitirdiyim məsələlərə heç vaxt qayıtmıram. Bu bilərəkdən etdiyim hərəkət deyiI, xarakter məsələsidir.


# 2568 dəfə oxunub

Müəllifin son yazıları

# # #