Mail Yaqub: "Nizaminin bu misrası Quran ayəsinin tərcüməsidir" - Müsahibə

Mail Yaqub:  "Nizaminin bu misrası Quran ayəsinin tərcüməsidir" - Müsahibə
22 may 2023
# 11:00

Kulis.az Fəlsəfə doktoru, pedaqoq Mail Yaqubla müsahibəni təqdim edir.

– Bilirəm ki, siz ərəb-fars dillərini bilirsiniz, Nizami bizim dilə nə səviyyədə tərcümə olunub?

– Mən tərcüməni də oxumuşam, bəzi yerlərdə çatışmazlıqlar var. Mən Azərbaycan dilinə tərcümə edən hər kəsin qarşısında baş əyirəm. Tərcümə işi zəhmətlidir, bu günə kimi böyük işlər görülüb. Amma bəzi yerlərdə yenə çatışmazlıqlar var. İnternet kanallarının birində bir layihə üzərində işləyirdik, dörd veriliş getdi. O layihəni davam etdirəcəyik. Orada Nizaminin mühüm beytlərini izah edirdik. Bütün beytlərin izahına gərək yoxdur, çünki on beytdə maksimum iki ciddi beyt olur.



Çünki Nizami rəvayət edir.

– Bəli, bəzən rəvayət eləyir, axırda bir fəlsəfi tezis deyir. O, izah olunmalıdır. Məsələn, “Sirlər xəzinəsi” əsərini başladıq, orada bir yer var, gördüm düzgün tərcümə olunmayıb. Yenə də deyirəm, bu bir tənqiddir, bunu deməliyik ki, inkişaf olsun. Nizami buyurur.

Ta kərəmət rahe cəhan dər gereft
poşte zəmin bare geran bər gereft


Sətri tərcüməsi belədir,

Elə ki, kərəmin dünyaya yayıldı,
yerin kürəyi ağır bir yük götürdü,


Mən oxuduğum tərcümədə birinci misra düz olsa da, ikinci misra səhv gedib. Və bu səhvlər hələ də mövcuddur. Bilirsinizmi, Nizami Gəncəvi təkcə ədəbiyyat hadisəsi deyil. Mənə elə gəlir ki, Nizami Gəncəvi, Mövlana Rumi, Hafizin əsərlərinin iyirmi faizi ədəbiyyatdı, qalanı fəlsəfi və irfani düşüncədir. Məsələn, Nizaminin bu misrası eynən Quran ayəsinin tərcüməsidir. İndi bu şeiri tərcümə etmək üçün sən gərək Quranı da biləsən. Nizami Gəncəvi kimi bir şairi tərcümə etmək üçün sən gərək ilahiyyatı, fəlsəfəni, fars və ərəb dillərini bilməlisən, yoxsa yaxınlaşmaq olmaz. Ən böyük arzularımdan biri Nizaminin əsərlərində olan mühüm beytlər haqda danışmaqdır. Biz 2019-cu ildə bunun bənzərini Nəsiminin əsərləri haqda etdik. Yoxsa şəxsiyyət haqda ümumi sözlər danışmaq o qədər də önəmli deyil. Mən klassikaya və irfana antikvari baxmıram, onları daşıyıb məişətə gətirirəm. Bir il bundan öncənin söhbəti idi, gecə saat birin yarısında, dövlət televiziyasında bir alim Cəlil Məmmədquluzadə haqda danışırdı. Gecə birin yarısında çox şablon, yorucu, ümumi danışırdı. Cəlil Məmmədquluzadənin bir hekayəsindən danış, bir fikir söylə. Mən məsələyə belə baxıram.


– Bir çox çıxışlarınızda Ramiz Rövşənin şeirlərindən sitat gətirirsiniz, başqa bir müasir şairi bəyənmirsiniz, yoxsa Ramiz Rövşəni zirvə bilirsiniz?

Psixologiyada “Halo effekti” deyilən bir termin var. Misal üçün biz bir yerə gedirik, orada çox adam görürük, biri bizə yaxınlaşır və görüşür, biz başlayırıq onunla münasibət qururuq, ola bilsin orada bu adamdan daha intellektli adam var, ancaq birinci qarşınıza bu şəxs çıxıb. Yəni ola bilsin ki, səbəbi budur. İlk olaraq qarşımıza onun şeirləri çıxıb.
On il bundan əvvəl bu ərəfələrdə Facebook-da bir status paylaşmışdım ki, bir neçə gündən sonra 34 yaşım tamam olacaq. Amma mən bəzi fəlsəfi-irfani ideyaları hələ təzə-təzə anlayıram. İndi o yazımdan 10 il keçir, mən yenə də o fikirdəyəm. Yenə düşünürəm ki təzə-təzə anlayıram. O axtarış dövründə “Halo effekti” oldu, elə bil Ramiz Rövşən çıxdı qarşıma, uşaq vaxtımda dövlət televiziyasında çıxış edirdi, uşaq ağlımla mənə qeyri-ciddi gəlirdi. Sərbəst şeir oxuyurdu, mənə adi gəlirdi, deyirdim belə də şeir olar? Ta magistratura oxuyanda dostuma sual verdim ki, Azərbaycanda sərbəst şeir yazan varmı, dedi, bəli, Ramiz Rövşən yazır. Dedim, bilirsən onun misralarını. Dedi,

Durub göy üzünə daş atan oğlan,
göy üzü daş saxlamaz.
Oğul belə baş saxlamaz, atam balası,

Bu o qədər mənə ləzzət elədi, həm qürbətdəydim, bəlkə də, ona görə belə ləzzət elədi. Həm də axtarışda ilk ona rast gəldim. O çömçəni qazanın dibindən vurur, bizə elə adamlar daha da maraqlıdır. Mənə elə gəlir, Ramiz Rövşəndə poetika fəlsəfəyə uduzur, onda fəlsəfi fikir çoxdur.


Mail bəy, sufi ədəbiyyatdan mühazirələrinizdə şərhlərinizin sonunu dinlə yekunlaşdırmısınız, bunu səbəbi nədir?

Qarşımda Qərb fəlsəfəsi və Şərq fəlsəfəsi var. Şərq fəlsəfəsi deyəndə, qeyri-müsəlman Şərq fəlsəfəsi də var. Məsələn Çində Konfutsinin fəlsəfəsi var. Mən nə Çində olmuşam, nə də mənə maraqlıdır. Amma Konfutsi bir gözəl söz deyəndə mən onu niyə qırağa atmalıyam? Almanyadan olan Nitşeni oxuyuram, halbuki dili və mədəniyyəti başqadır. Özümüzdən Ramiz Rövşəni, Zəlimxan Yaqubu oxuyuram, müxtəlif ədibləri oxuyuram. Qurana, Həzrət Əliyə istinad da elədir. Bu, məni şövqə gətirir, qıcıqlandırır, ləzzət edir. Ümumiyyətlə, mən həzz aldığım şeyi danışıram. Çünki belə olmasa, süni alınacaq. Çünki mən danışanda özüm də həyəcanlanıram. Nizami Gəncəvinin bir misrası var,

Ədl bəşirist xerəd şad kon

Ədalət ağılı sevindirən müjdəçidir. Bunu bir düstur ilə izah edirəm. Müasir psixologiyada “Arousal” bir vəziyyət var. İnsan sıxıntılı, əsəbi, yuxulu, ac, stressli olan zaman məntiqlə düşünə bilmir. Mən deyirəm ki, “Arousal” vəziyyətin biri də ədalətsizlikdir. Ədalətsizlik olan atfosmerdə ağıl özünü itirir. Ədalətsiz adamın atmosferi ağıla ziddir. ədalət gələndə ağıl sevinir. Burada Həzrət Əliyə istinad edirəm, Həzrət Əlinin Malik Əştərə yazdığı məktubda deyirlir ki, insanlarla danışanda onlara jest tutub demək ki, mən sizin başçınızam, tabe olmalısınız. Əgər görsən təkəbbürlüsən onda Allahın səltənətini yadına sal. Yəni o da başçıdır, sən də başçısan. Beləliklə özünü müalicə et, bunu etsən, itmiş ağlın yerinə gələcək.



– Sizcə, bütün çıxışlarınıza inancınızı daxil etməyiniz, ondan misal gətirməyiniz nə qədər etikdir? Və qarşı tərəfin buna qıcıqlanması təbii deyilmi?

Əgər mən desəm ki, mən bir müsəlman olaraq danışıram və qeyri-müsəlmanların hamısını təhqir edirəm, əlbəttə ki, burada mən haqsız olaram. Orada mən haqsız olaram ki, orada dialoq və polemika üçün zəmin yoxdur. Burada məsələnin ümumbəşəri ağıla transfer etmək metodu var. Amerika filosofu Con Dyui deyir ki, insanın yeməyə ehtiyacı olduğu kimi mühüm adam hesab edilməyə də ehtiyacı var. Münasibətlərdə qarşı tərəfə dəyər verməsəniz, o polemika baş tutmayacaq. Mən deyə bilərəm ki, peyğəmbərimiz belə buyurub, çinli də deyə bilər ki, Konfutsi belə buyurub. Burada heç bir toqquşma yoxdur. Mən Nitşeyə də istinad edirəm, peyğəmbərimizə də, Həzrətə Əliyə də. Sadəcə fərq budur ki, Azərbaycan insanı öyrəşməyib bir fəlsəfə müəlliminin tez-tez Qurana, Həzrət Əliyə istinad etməsinə. Əvvəl Nitşe vardı, Tolstoy, Huqo vardı, indi Həzrət Əlini də gətirmişəm bu saraya. Bu metod çox vacibdir, biz dini ehkamçılıqdan çıxarmalıyıq.

Bir çoxu iddia edir ki, Azərbaycanda filosof yoxdur, fəlsəfəçi var. Bunam münasibətiniz necədir?

Ümumiyyətlə, Azərbaycanda təhsil məsələsi problemlidir. Sovet dönəmində də fəlsəfə 19-cu əsrə qədər olurdu, o da Hegelə qədər. Yəni Hegeli oxuyub, “hegelşünas oldum” da demək olmur. Yəni demək istəyirəm ki o atmosferə girmədən onu anlamaq çətindir. Sadəcə üzündən oxumaq deyil.

Yəni siz deyirsiniz ki, onlar bu atmosferə girə bilmir və fəlsəfə nədir bilmirlər?

Yox, əstəğfurullah. Mən kimsəni qınamıram.

Ümumiyyətlə, müasir dövrdə Azərbaycanda filosof var, yoxsa yox?

Sizə bir söz deyim, filosof olmaq üçün vaxt lazımdır. Şair fərqlidir, bir adam 20 yaşında şair, rəssam ola bilər, amma filosof ola bilməz. Çünki filosof olmaq uzun müddətli bir prosesdir. Məsələn, deyirlər ki, XX əsrdə dünyada iki dənə böyük filosof var, biri Haydeqqer, biri də Vitqenşteyndi. Çünki bir çox sahələrə giriblər. Məsələn, Fuko var. Hansı mövzu ağlından keçirsə, onunla bağlı nəzəriyyəsi vardır. Mühacirət haqqında, teatr haqqında, insan, güc və s. Mənə görə filosof insan, cəmiyyət və Tanrının əsas problemlərini bilən və bunların arasında qarşılıqlı dialoq quran şəxsiyyətdir, bu da çox çətindir. Bunlar hamısı fundamental məsələlərdir. Məsələn, Con Dyui deyir ki, insan mühüm olmağa can atır, Şopenhauer deyir ki, insan yaşamağa can atır, Nitşe deyir ki, insan hakimiyyət istəyir.



– İndi bizdə filosof var, yoxsa yox?

– Mən tanımıram.

Bəs fəlsəfəçidirlərmi bunlar?

Bəzən bizim fəlsəfə alimlərimiz o qədər qəliz danışırlar ki, mən də başa düşmürəm. Axı dəyərləndirmək üçün gərək başa düşəsən.

– Modern bir cəmiyyət üçün din təbliği nə qədər düzgündür?

Mən elə düşünürəm ki, bəzən əsas missiya yaddan çıxır. Dinin əsas mahiyyəti qalır bir kənarda məzhəblər, firqələr ortaya çıxır. Nədir əsas mahiyyət? Əsas mahiyyət mətnə istinad ediləndə başa düşülür. Məsələn mən elə şirkət rəhbərləri tanıyıram ki, çox səmimi və təvazökardırlar və işçilər də o qədər sevirlər ki, o rəhbəri. Bu cür rəftar edir və hamı sevir, bu da bir növ dindir. Məsələn, dünyanın ən müasir ölkəsi olsun, texnologiya yüksək səviyyədə olsun, hər şey yüksək səviyyədə, heç bir problemi yoxdur, indi burada dinin funksiyası nə ola bilər? Dinin funksiyası o vaxt məlum olur ki, dinin dediyi ideyaları sıralayaq və sonra müasir cəmiyyətə gətirək, görək problemlərinə dərman ola bilirmi? O zaman görəcəyik ki, din bizə lazımdır yoxsa yox.

– Sizcə din lazımdırmı?

– Məncə, lazımdır, vacibdir və dinin irfani tərəfləri çox mühümdür. İslamın özündə də bu zəngindir. Mənim müşahidələrimə görə, dinin təqdimatçılarının böyük problemi var. İnsan özü kobuddur, onun təqdim etdiyi Allah da kobuddur. Sən deyirsən ki, bu Allaha necə tabe olmaq olar? Bunların təqdim elədiyi Tanrı sənin heç özünə dərman deyil, necə cəmiyyətə dərman ola bilər? Mənə konkret problemlərimi həll etmək üçün dərman lazımdır.

– Problem təqdimatdadır?

Təqdimatda da çox problem var, fəhmdə də. Bəziləri ola bilsin ki, mətni düzgün başa düşməyib. Mənə görə biz bu prizmadan yanaşsaq, cəmiyyətimiz üçün çox vacib olduğunu görərik.

– Bir neçə gün öncə psixoloq Nizami Orucovun paylaşdığı bir video ilə rastlaşdım. Nizami bəy bizim cəmiyyətin bu vəziyyətdə olmasını illərlə bizə “Leyli və Məcnun” əsərinin tərənnümü ilə bağlayır və iddia edir ki, Məcnun nailiyyəti olmayan bir səfehdir. Buna münasibətiniz necədir?

Təbii ki, razı deyiləm. Olduqca yanlış yanaşmadır. “Leyli və Məcnun” irfan hadisəsidir, dərin bir rəmzdir. “Leyli və Məcunun” dastanı orta əsrlər dövründə də var idi, O dövrdə müsəlmanlar güclüydü. Əgər bu təfəkkür insanı, cəmiyyəti geriliyə aparırdısa, bəs orta əsrlərdə müsəlman dünyası niyə geridə qalmamışdı? Müsəlman dünyasının geriləməyi XVI-XVII əsrlərdən başlayır. “Leyli və Məcnun” dastanı nakam bir gəncin təsviri deyil.

Məcnun kimdir?

Məcnun aşiqdir, bir var aqil, bir var aşiq. Aşiq ağlını itirirsə o, heç kimə lazım deyil. Məsələn, biri çıxır 16-cı mərtəbədən özünü atır, deyir ki, mən aşiqəm. Füzuli necə deyir,


Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.


Mən bilmirəm, amma bu “bilməmək” o demək deyil ki, mən özümü atıb öldürürəm. Aşiqlik ağılsızlıq deyil, Aşiqlik mükəmməl ağıl deməkdir! Misal üçün hansı ağıl, məntiq məni məcbur edir ki, düşüm kimsəsiz adamlara kömək edim, kimsə bilməsin? Ağıl deyir ki, nəsə verirsənsə onun sənə də qarşılığı olsun. Bakıda böyük fədakarlar olub, ancaq adlarını heç kim bilmir və bilməyəcək. Yaxşı, bəs o ağılsız adamdır? O adam nəyə görə belə fədakarlıq edir? Bu hansı qüvvədir? Biz ona ağılsız deyə bilmərik axı, bu, insafsızlıqdır. Ağılsızlıq odur ki, gedib oğurluq edirsən, oğurluqla bunu sən bir tərəziyə qoya bilərsənmi? Adam da var, şəhid olur, canını qurban verir vətənə, insanlara. Biz bunu necə izah edək? Bunda başqa bir şey var, burada ortaya irfan girir. İndi bunu Amerika filosofları araşdırırlar. Maykl Səndel əsərində yazıb, eksperiment aparıb. Üç qrup var, bir qrupa deyiblər ki, sizə 100 dollar pul verəcəyik, bu vəsaiti alın xeyriyyə məqsədi ilə aparıb evlərə çatdırın, ikinci qrupa deyirlər ki, sizə 50 dollar verəcəyik, və üçüncü qrupa deyirlər ki, sizə heç nə verməyəcəyik, sadəcə təşəkkür edəcəyik. Görürlər ki, üçüncü qrup daha aktivdir. Əgər belədirsə, üçüncü qrup pul almayıb, bəs aktiv xeyriyyə işində aktiv iştirak etdilər? Bunlar ağılsızdırlar? Axı bunlar ağılsız deyillər. Məcnun da belə bir obrazdır, bu gün Məcnun obrazı dünya üçün çox vacibdir. Çünki son yüz ildə insan romantikadan, sevgidən uzaqlaşıb.



– Bir neçə gün öncə sosial şəbəkələrdə sizin mühazirələrinizlə bağlı bir paylaşım gördüm. Niyə sizin danışıqlarınız onlar tərəfindən qəbul olunmur, bu qədər tənqid olunur?

– Mən bu dostları yaxından tanımıram, belə müsahibələrini mətbuatda görmüşəm, bəyənmişəm. Mənim üçün bütün zəhmətkeş adamlar dəyərlidir. Arzu edirəm ki, zəhmətkeş insanlar həm də faydalı olsunlar, biz də onlardan öyrənək. Yazsınlar, oxuyaq, öyrənək. Mən çalışıram ki, bir-birimizə qarşı mehriban olaq. Tənqid başqadır, təhqir başqa. Təhqir hamını qıcıqlandıra bilər. Yəni siz haqlı olsanız da, təhqir etdiyiniz zaman haqsız duruma düşürsünüz. Mən sadə müəlliməm, içimdə bir enerji, istək var, dayanmadan oxuyuram. Dəvət edirlər, gedirəm, danışıram. Sonra bir mərkəzimiz var, akademiyada paylaşırlar. Və beləcə çoxlu mesajlar alıram. Bu gün səhər evdən bir yerə gedirdim, küçədə bir gənclə rastlaşdım, gəlib mənlə görüşdü, dedi, mən sizi qucaqlayıb, öpmək istəyirəm. Gündə belə adamlarla rastlaşıram. Biz deyə bilmərik ki, onlar intellekti zəif adamlardır. Təbii ki mənim çıxışlarımda çatışmazlıqlar ola bilər, mən kamil insan deyiləm. Ancaq qırmızı xətlərim var, ona heç kim toxuna bilməz. Kimsəni təhqir etmək, hansısa ideologiyanı, milləti, xalqı alçatmaq olmaz. Mən o dostlarımıza tövsiyə edərdim ki, məsələyə bu cür yanaşmasınlar. Ola bilər haqlı tənqidləri var, tənqidlərini yazsınlar. Mən tənqidə açığam, tənqid inkişafa aparır. Biz yaxşı bir cəmiyyət formalaşdırmaq istəyirik. Mən istəyirəm ki, Azərbaycan gözəl cəmiyyətə dönsün, mənəvi, maddi problemləri azalsın, onun üçün öz dairəmdə çalışıram. Ancaq bu yolu deyil.

# 6119 dəfə oxunub

Müəllifin son yazıları

# # #