Kulis.az Fərhad Dadaşzadə ilə müsahibəni təqdim edir.
Günəş zenitdədir. Bürküdür. Foto-jurnalist Orxan Kərimovla reportaj hazırlamağa gedirik. Heykəllərə, heykəltaraşlığa marağımız bir növ, bizə çətir tutur.
Nəhayət, gənc heykəltəraş Fərhad Dadaşzadənin emalatxanasına çatırıq.
Gil, gips, toz-torpaq... Büstlər, heykəllər, qəliblər... Daşlaşmış ömürlər.
– Fərhad bəy, necəsiniz? İşləriniz necədir?
– Hər şey əladır, yaxşıdır.
– Hansı Universitetdə oxumusunuz?
– Mən Ukraynada, Xarkov Dövlət Dizayn və incəsənət Akademiyasını bitirmişəm.
– Yəqin heykəltəraşlıq ixtisasını nəzərdə tutursunuz?
– Bəli. Ancaq Akademiyanı burada oxumuşam.
– Bizimlə müqayisədə Ukraynada təhsil necədir?
– O qədər də böyük bir fərq yoxdur. Çünki hamısı eyni məktəbi bitirən müəllimlərdir. Mənim müəllimim Seyfəddin Qurbanov olub, azərbaycanlıdır, ancaq 1986-da universiteti bitirib, elə Xarkovda qalıb.
Təcrübədir, istər-istəməz mühit dəyişir. Mənim üçün orada oxumaq maraqlı idi.
– İndi hansı janrda işləyirsiniz?
– Keçmişdə akademik üslübda işləmişəm. İndi daha çox plastik üslubda işləyirəm. Əsərlərim daha çox absurd, sürrealizm üslubundadır. Məsələn, bu öküz.
– İşlərimizin çoxu satılıb. Bu işimdə böyük bir məna var. Bu pilləkən həyat yoluna işarədir. Kimsə bu pilləkəndən yıxılır, kimisi məqsədə çatmağa cəhd edir, kimsə yüksəkdə qala bilir, kimsə yolun yarısında yıxılır...
– Maraqlıdır, bunun materialı nədəndir?
–Bunun altı qranitdir, özü bürüncdür. Bu material eramızdan əvvəl də işlənilib, çox dözümlüdür. Demək olar, Bakıdakı bütün abidələr bu materialdandır, dünyanın bir çox yerlərində bundan istifadə edirlər.
Başqa bir əsərə yaxınlaşırıq. Təlaş, mübarizə...
– Bunu kompozisiya kimi işləmişəm, bu heykəl divardan çıxmağa çalışır, çətinlikdən, ağırlıqdan qurtulmaq istəyir. Plastmasdandır. Ucuz materialdır. Nümunədir. İstəyən olsa, əslini bronzadan hazırlayacam. Bizdə proses belə başlayır ki, birinci gillə, plastinlə işləyirik, bəyənilsə, gipslə, qranitlə işləyirik.
Bu Səməd Vurğundur, bu isə Tusi.
– Bunlar eskizlərdir, bu öküz heykəlin eni üç metr, hündürlüyü iki metr yarım olacaq. Ağ şəhərdə qoyulacaq. Bunu birinci gipsdə işləmişdim.
– Fərdi sifarişlər olur? Həyətlərə, evlərə...
– Əlbəttə, olur.
– Şəhərdəki hansı heykəllər sizin əsərlərinizdir?
– İndi bu öküzü işləyirəm, “20 Yanvar” heykəli atamın əsəridir, ancaq o layihədə mən də çalışmışam. Şəhərdəkilərin çoxu atamın işləridir. Düzdür, hamısında mənim də əməyim var. Ukraynadan iki ildir ki, gəlmişəm. Əsərlərimin çoxu satılıb. Telefonumda şəkilləri var.
Fərhad bəy telefonda satılmış əsərlərini göstərir.
Sonra başqa bir işə yaxınlaşırıq.
– Bu işin adı “Zamana ilişən insanlar”dır. Bunlar saatları, zamanı simvolizə edir. İnsanlar isə zamanda ilişib qalıblar. Bu işləri seriya kimi işləyirdim, ancaq bəzən sifarişlərə görə, əlimi saxlayıram. Vaxt olduqca özüm üçün işləyirəm. Bunlar kimyəvi və ziyanlı maddələrdən düzəlir.
– Bu əsərinizin adı nədir?
–Bu “İşıq”dır. Qranitdir.
– Bir tərəfi ayparadır.
– Həm aypara, həm də işıq şüalarıdır. Bilirsinizmi, adam yaşa dolduqca dəyişir, özünü axtarır,
– Olubmu ki, hansısa işiniz bəyənilməyib, qaytarılıb?
– Hələ ki olmayıb. Biz işi birinci gildən, plastilindən işləyirik. Adətən, qəbirüstü heykəllərdə bəzi problemlər olur. Bizə şəkil verirlər, biz də heykəli işləyirik, hansısa nöqsanlar ola bilər, çünki onlar həmin insanı canlı görüb, biz isə şəkildə. Gəlib baxırlar, deyirlər, qulağı belə idi, gözü belə idi. Biz də düzəlişlər edirik. Məsələn, iki qardaşdan biri deyir yaxşıdır, o birisi deyir, orasını-burasını düzəlt. Sən həm fikirləşməlisən, həm də fiziki işləməlisən, məzmunu, formanı... Heykəlin həm mahiyyəti, mənası olmalıdır, həm də göz oxşamalıdır. Bəzən görürsən, heykəl işlənilib, mənası var, ancaq nəsə çatmır. İş vəhdət təşkil etməlidir. Məsələn, bizim işimiz kompozisiya işdir, memar və heykəltəraş bir yerdə işləməlidir.
– Memarın işi nədən ibarətdir?
– Heykəlin hansı istiqamətə baxması, harda qoyulması... Bu, memarın ustalığından asılıdır. Təəssüf ki, bizdə heykəl hazırlanır, yeri sonra təyin edilir.
– Yəni, siz deyirsiniz ki, Bakıda bir çox heykəllər düzgün yerləşdirilməyib?
– Sovet vaxtında qoyulan heykəllərə baxın, Məsələn, Nizami Gəncəvi. Heykəlin üzü ədəbiyyat muzeyinə baxır, hündürdədir. İnsanlar aşağıdan qalxırlar... Nizami hər gözdə bir az da böyüyür.. Misal üçün Füzulinin heykəli. Çox uğurludur. Həm işin özü, həm də yeri. Hərdən düşünürəm, Nizaminin, Füzulinin heykəlləri gecələr canlanırlar, hamı yatandan sonra mərkəzdə gəzişirlər. Teslanın heykəli isə uğursuz alınıb. Atatürkün heykəlini elə yerə qoyublar ki, yanından keçirsən, görünmür. Atatürkü təhqir etməkdir də bu. Daşı Atatürkə çevirməkdən, Atatürkü daşa çeviriblər, Bakıda ikinci dəfə öldürüblər onu. Demək istəyirəm ki, əvvəl heykəllər şəhərin baş planına uyğun hazırlanırdı.
Fərhad bəyə zəng gəlir. “Öküz” heykəli ilə bağlı suallara cavab verir. Harasa getməlidir. Telefonun mikrofonunu sağ əli ilə tutur, sol əlini sinəsinə qoyub bizdən üzr istəyir. Niyəsə onu heykələ bənzədirəm.
Biz də başımızı yelləyirik, beləcə heykəl dilində sağollaşırıq.
Bu gün xəbər tutdum ki, heykəltaraşın yeni işi - “Öküz” heykəli artıq Ağ şəhərdədir. Ümid edirəm, canlanmaz...