Kulis.az Ülvi Bahadırın "Yuxularımız çin çıxsın deyə" adlı yeni yazısını təqdim edir.
Müharibə ön cəbhədə bitsə də, çox vaxt arxa cəbhədə başqa bir formada davam eləyir. Müxtəlif mövzular ortaya atılır. Çox vaxt da hamı bir-birinin ətini didir və özünü haqlı çıxarmağa çalışır.
Şəksiz, müharibənin ağrılarını şəhid ailələri, qazilər birbaşa hiss edir. Və o ağrılar zamanla yaraya çevrilir, yaralar qaysaqlanır, qaysaqlar təzədən qopur... Beləcə, ağrı təkrarlanır, təkrarlanır...
Hər şey bir yana, gözə necə yuxu getsin?.. Bütün yuxular görülüb-qurtarıb çoxdan. Bundan sonra görüləcək yuxular mağaranın divarında əks olunana kölgələr...
Bundan sonra heç kim sənə yalan danışa bilməyəcək. Ki, sən bütün yalanların gözünün odunu almısan ölümün həqiqəti ilə... Ancaq yenə də bəs eləmir. Yenə də mövzular tükənmir.
Məsələn, yəqin, siz də görmüsünüz belə yazıları:
"Şəhid ailələrinə pulsuzdur",
"Sizin pulunuzu atanız ödəyib",
"Şəhid ailələrinin pulu ödənilib..."
Bu yaxınlarda İTV kanalında yayımlanan "Gündəlik" serialında da bu məsələyə toxunulmuşdu.
İnsanların ürəyindəkiləri bilə bilmərəm. Elə bir istedadım yoxdur, ancaq ölkədə baş verənləri müşahidə eləyib bəlli nəticələrə gələ bilirəm.
Məsələn, şəhidlərimiz haqqında yazılan kitablar hansı səviyyədədir? Üz qabığından bayağılıq tökülən o kitablar niyə yazılıb? Buna niyə nəzarət olunmur? Niyə hər əlinə qələm alan adam şəhidlər haqqında cızmaqara eləyib belə kefiyyətsiz üz qabıqları ilə nəşr elətdirir?
Hətta o kitabların təqdimatlarında özünə-sözünə hörmət elədiyim insanları da görürəm. Deyirsən, qardaş, niyə? Qayıdır ki, ta dostdu da çağırırb, neynim? Axı bu hər hansısa bir kitab deyil. Şəhid haqqında yazılmış kitabdır.
Nəsə, indi bu “pulsuzdur” söhbətində də oxşar mətləblərdir. Bəli, ola bilər ki, o kitabları yazanların içində ürəkdən yazan 2-3 adam olduğu kimi, bu tip elan yapışdıranların da içində səmimi-qəlbdən eləyənlər var.
Etiraz eləmirəm. Hətta deyim ki, görmüşəm də. Amma və lakin hərəkətin özü bütövlükdə yanlışdır.
6-7 yaşlı şəhid oğlu onsuz da travmalıdır. Ən böyük dayağını – atasını itirib. Ola bilər ki, yaşı etibarilə dərk eləməsin, ancaq hissiyyat... Onu aldatmaq olmur. Uşaq bərbərə gedir, usta deyir, atan ödəyib. Marketə girir, satıcı deyir ki, atan ödəyib. Anası ilə restorana gedir, ofisiant deyir, atan ödəyib.
Nə vaxtacan? Haracan?
Bu uşaq, bu ailə nə vaxt cəmiyyətə qazandırılacaq? Axı insanlarda səhv düşüncə formalaşır. Sabah hara getsə, deyəcək, atam ödəyib. Bunun özü ayrıca travmadır.
Biz şəhid ailələrinə, həyat yoldaşlarına, oğullarına, qızlarına, balıq tutub verməli deyilik, balıq tutmağı öyrətməliyik. Başa düşmək lazımdır ki, bu ələbaxımlıq yaradır. Şəxsiyyətin formalaşmasına mane olur.
Üstəlik, məsələn, sən öz mağazanda belə iş görürsən, başqa mağaza eləmir, o pis olur hamının gözündə. Adam o mağazaya gedir, görür ki, orda aldığı malların pulunu atası ödəməyib.
Yenə də deyirəm, kimin niyyəti nədir, onu mən dəqiqliyi ilə deyə bilmərəm. Ancaq hərəkətin yanlışlığı dəqiqdir.
Hə, deyə bilərsiniz ki, bəs bu ənənə Türkiyədə də var. Ola bilər. Ancaq nəyinsə hansısa ölkədə də olması onun yaxşı olması demək deyil. Türkiyədə də o qədər şey var ki... Türkiyədən biz nələri almışıq?
Arabesk, arabesk rep, mənasız seriallar, sulu komediyalar, UFC oyunlarını xatırladan futbol, ifrat pafos və populizm və s.
Türkiyədən nə vaxtsa yaxşı bir şey götürdüyümüz yadıma gəlmir.
Çalışaq, heç olmasa, belə mövzularda həssas olaq.
Belə mövzularda güzəştdə getməyək.
Onda, bəlkə, gözümüzə yuxu getdi...
Onda, bəlkə, yuxularımız çin çıxdı...