"Bir məkanda tammetrajlı film çəkməyin nə qədər çətin olduğunu bilirik, üstəlik, tamaşaçını darıxmağa qoymamalısan, tamaşaçı sıxılmamalıdır".
Bu sözləri Kulis.az-a açıqlamasında aktyor və rejissor Hikmət Rəhimov deyib.
O, filmində cəmiyyəti uçuruma aparan bir sıra sosial problemlərə toxunduğunu qeyd edib:
“Apatiya” mənim ikinci tammetrajlı filmimdir. Bu layihəni müəyyən dostların dəstəyi ilə reallaşdırmışam. Bu dəfə bəzi problemlərə toxunmuşam: “Qadınlar bu cəmiyyətdə niyə xoşbəxt ola bilmirlər?”, “Sevgisiz böyüyən uşaqlar”, “Narkotikin fəsadları”, “Erkən evlilik”, “ Anormal seksual münasibətlər” və “Ünsiyyətsizlik...” Bir evin, bir ailənin problemləri..."
Gördüyü işdən zövq aldığını deyən rejissor filmin keyfiyyəti ilə bağlı fikirləri tamaşaçıların öhdəsinə buraxır:
"Filmin keyfiyyəti, necəliyi haqqında isə tamaşaçılar danışsa, daha doğru olar. Mən, sadəcə, əminliklə deyə bilərəm ki, aktyorlara doğru-düzgün tapşırıq vermişəm və onlar da bu tapşırıqların öhdəsindən layiqincə gəliblər. Prosesin özündən zövq alıram, inanıram ki, uğurlu film olacaq".