Ermənistan bayrağını niyə yandırmaq olmaz?

Ermənistan bayrağını niyə yandırmaq olmaz?
25 aprel 2024
# 15:00

Kulis.az Ülvi Bahadırın "Ermənistan bayrağını niyə yandırmaq olmaz?" adlı yeni yazısını təqdim edir.

Srağagün bir xəbər oxudum.

Ermənilər İrəvanda Azərbaycan və Türkiyə bayraqlarını yandırıblar. Qətiyyən təəccüblənmədim. Bir növ, adətgərdəyik.

Ancaq bizdə onlara bənzəmək ehtiyacı hiss eləyən adamlar məni həmişə narahat eləyib.

30 illik müharibəmiz təkcə torpaq müharibəsi deyildi. Bizim müharibəmiz həm də əqidə, mənəviyyat müharibəsi idi.

Sən mübarizə apardığın adama çevrilirsənsə, səninlə çiyin-çiyinə mübarizə aparan adamların da zəhmətini yerə vurursan.

Bu müharibə böyük ölçüdə elə qarşı tərəfə bənzəməmək müharibəsi idi.

Hansısa ölkənin bayrağını yandırmaq mahiyyətən İsrailə qarşı mübarizə apardığını iddia edən adamların mağazadan kola alıb yerə tökməyi, “imperializmlə mübarizə” adı altında ayfon qətliamı törətməyi kimidir.
Hələ mən bayrağı yerə atıb üstündən keçməyi, maşına bağlayıb sürüməyi demirəm.

Yenə də deyirəm, onlar eləyə bilər. Sən eləməməlisən.

Belə mənasız hərəkətlərlə özümüzü güldürməkdən savayı heç nə əldə etmirik. Əsas olan bayrağın mahiyyətinə, daşıdığı amala layiq olmaqdır.

Səd əfsus ki, bayraq söhbətləri eləyənlərin çoxu populistdir və gördükləri iş, sadəcə, özlərini reklam eləməkdir.

Bəli, bayraq şəksiz ki, bizim üçün böyük dəyərdir. O bayrağın kölgəsində, rənglərində döyüşmüşük, qazanmışıq, gələcək qurmuşuq. Ancaq bizə güc verən bayrağın özü yox, nüvəsində daşıdığı enerjidir. Yaddaşımızın məhrəm qatlarını cızan iti yağışların bərəkətidir.

Müharibədən əvvəl də, sonra da bu cür hərəkətlər mənasız, məzmunsuz gəlib mənə.

Adım kimi əminəm, öz bayrağının nələr ifadə elədiyi duyan, bilən adam heç vaxt belə ucuz hərəkətlərə yox verməz.

Müharibə bitən kimi qəfildən dəyişiləcəyimizi, başqa bir ölkəyə çevriləcəyimizi gözləmirdim. İndi də gözləmirəm.

Görünür, hələ çox var. Ancaq ən azından, belə primitiv şeylər aradan qalxmalıdır.

Yəni, doğrudan da, bu hərəkətin ucuzluğunu görmür, dərk etmirlər?

Bizim artıq yolumuz, izimiz, addımlarımız tamamilə fərqli olmalıdır. Hadisələrə daha yetkin, daha təmkinli reaksiyalar verməliyik.

Hə, bu tip hərəkətləri eləyən adamlar hər yerdə var. Ancaq bu qədər müzakirə olunmamalı, dəstəklənməməlidir.

***

Atatürk pilləkənə sərilmiş Yunanıstan bayrağını görüncə duruxub.
Yanındakılardan öyrənib ki, Yunanıstan kralı vaxtilə pilləkənə türk bayrağı səribmiş. Aşağı düşəndə də tapdalayıb, yuxarı çıxanda da.
Atatürk deyib ki, kral səhv edib. Mən bu səhvi təkrarlaya bilmərəm. Bayraq bir millətin namusudur, onu nə yerə atmaq, nə də tapdalamaq olar.

# 4456 dəfə oxunub

Müəllifin son yazıları

# # #