Kulis.az general Məmmədbağır Bağırovun nəvəsi Minəxanım Əsədli ilə müsahibəni təqdim edir.
– Reportajı hazırlayanda ağlıma gəlməzdi ki, oxuyub münasibət bildirərsiniz. İstəyirəm, söhbətimizə Məmmədbağır Bağırovun uşaqlığından başlayaq.
– General Məmmədbağır Bağırov 1906-cı ildə Bakıda doğulub. Uşaqlığı da orada keçib. Atası Hadı Bağırov İranda Şərq səfirliyində işləyib. İki qardaş, bir bacı olublar: Məmmədbağır, Sadıq və Əminə.
Hadı Bağırov fars-türk münaqişəsi vaxtı faciəvi şəkildə öldürülüb. Onu Novruz bayramı günü doğrayıblar, bədəninin hissələrini torbaya yığıb qapının ağzına qoyublar. Zəhraxanım xanım qapını açanda..."
Onun özünü də çox incidiblər. Zəhraxanım babamı, babamın qardaşını da götürüb Bakıya gəlib. İndiki Murtuza Muxtarov küçəsində yaşayıblar. Babam 13-14 yaşında ailəni dolandırmaq məcburiyyətində qalıb. Çünki Sadıqın yaşı az idi. Təhsilini yarımçıq saxlayıb işləməyə başlayıb. Sonradan axşam məktəbində oxuyub.
Əslində, babam 1906-cı il təvəllüddür, ancaq hərbi məktəbə getmək üçün yaşını çoxaldıb, təvəllüdünü 1901-ci il yazdırıb. Ona görə də rəsmi sənədlərdə 1901-ci il gedir. Bunu nənəm danışırdı mənə. Sonradan müxtəlif yerlərdə işləyib. Eyni zamanda hərbi məktəbdə işləməyə başlayıb.
– Hərbiyə həvəsi necə yaranıb?
– Onun hərbiyə həmişə həvəsi olub, ancaq uşaqlığından işləməyə başlayıb. Ailəyə baxdığına görə arzularının arxasınca gedə bilməyib. Elə ki qardaşını oxutdurur, hər şeyi qaydaya qoyur, sonradan arzusunda olduğu məktəbə daxil olur.
– Bəzən maddi problemə görə hərbini seçirlər.
– Ola bilsin ki, o nüans da var, amma nənəm danışırdı ki, babam hərbiyə əzəldən həvəsli olub. II Dünya müharibəsində hərbi hava hücumundan müdafiə komandiri təyin edilib. Düzdür, deyirlər ki, Azərbaycana bir dənə də bomba düşməyib, ancaq elə deyil. Çox ağır döyüşlər gedib. Həmin o hücumların dəf edilməsində birbaşa babamın rolu var. O, sonradan minaaxtaranlar məktəbi yaradır. Babamın rus dilində əlyazmaları var idi. Onları mən dilimizə tərcümə eləmişəm. Hamısı da kitaba salınıb. Neft ölkəsini azad etmək çox çətin idi. Almanlar planlamışdı ki, SSRİ qalib gəlsə, Bakı bombalansın, neft Sovetə qalmasın, SSRİ də düşünürdü ki, almanlar qalib gəlsə, Bakını bombalasınlar.
– Yəni bütün hallarda hədəf Bakı idi.
– Bəli. Ancaq general Bağırovun həm hərbi, həm də siyasi zəkası sayəsində Bakıya bircə bomba düşmədi. “Bizim Cəbiş müəllim” filmini xatırlayırsınız? Qırıcı təyyarələr keçir, yerdən qəlpələr tapılır. Bu həmin dövrlərdə Bakıya hava hücumlarının olmasına sübutdur. Sadəcə dilə gətirilmirdi, bu məsələnin üstündən keçirdilər. Bakıya “Qəhrəman şəhər” adı verilmişdi. Məqsəd Soveti parlatmaq idi.
Müharibə bitəndən sonra babama General rütbəsi verilir. Ancaq sonra onun adını unutdurmağa başlayırlar.
Birincisi, babam mili adam idi. İkincisi, SSRİ-nin yox, Bakının, Azərbaycanın müdafiəsinə qalxmışdı. Üçüncüsü və ən vacibi isə SSRİ-nin bütün sirlərini xırdalıqlarına qədər bilirdi. Ona görə də aradan götürmək istəyirdilər. 1946-cı ildə babam xəstələnir. Moskvaya aparırlar. Nənəm Mənsurə xanım danışırdı ki, həkim erməni olub və başlayıblar, belə deyək, babamı “repressiya” eləməyə. Buna sübut da dostu Qəzənfərə yazdığı məktubdur. Həmin məktub kitabda da gedib. Erməni həkim babama iynə vurur və o qısa müddətdə tanınmaz hala düşür. Sonra Azərbaycana gətirirlər. Atam danışır ki, anamla onu görməyə getmişdik, palatalara bir-bir baxdıq, atamı tanımadıq. Birdən səsini eşitdik. O vəziyyətdə olub ki, ancaq səsindən tanıyıblar. Deyir, içəri girəndən sonra anamın ürəyi getdi. Babam vəfat edəndə atamın yeddi yaşı olub. Nənəm də tək qadın... Heç nə eləyə bilməyiblər.
– Xəstəxanaya necə düşmüşdü?
– Yüngül xəstəliyi var imiş. Müayinəyə dəvət eləyiblər. İynə vurub o hala salıblar. Ondan sonra da vəfat eləyib. Atam danışırdı ki, SSRİ-nin ən məşhur nümayəndələri dəfnə gəlmişdilər. Bütün SSRİ-də bir dəqiqəlik sükut elan olunub və gəmilər siqnal verməyə başlayıb. O bir dəqiqə müddətində SSRİ-də bütün zavod və fabriklər dayanıb. Bizim Mir Mövsüm Ağanın ziyarətgahı ilə üzbəüz bir hektar bağımız var idi. Sən demə, o əvvəllər 2,5 hektar olub. Müharibədən sonra Stalin Bakıya, daha doğrusu, babamgilə qonaq gələcəkmiş. O bağı da ona görə bağışlayıblar. Ancaq babam xəstələnib, görüş baş tutmayıb. Bağı da bölüblər. Hektar yarımını dövlət götürüb, qalanı bizə qalıb.
Adını unutdurmağa çalışırdılar. Onun haqqında hardasa yazı getsəydi, kimsə izinə düşə bilərdi ki, bu adam niyə və necə ölüb? Bircə ensiklopediyanın birinci cildində haqqında bir mətn var. Atam istəyirdi ki, adına bir küçə olsun, ancaq nə qədər cəhd eləsə də, alınmadı.
Qələbənin otuz illiyi münasibətilə Heydər Əliyev şəxsən öz imzası ilə təbrik məktubu göndərmişdi və onun sərəncamı ilə biz hərbçilər üçün olan xüsusi mağazadan nələrsə ala bilirdik.
Atamın sağlığında məktub yazdıq, Yutub kanalında çıxışlar etdim, ancaq adını əbədiləşdirə bilmədik.
2019-cu ildə professor Məhərrəm Zülfüqarlı babam haqqında tədqiqat apardı. Atamla görüşdü. Xatirələrini dinlədi və haqqında kitab nəşr olundu. Sonra "Azİz" İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının Azərbaycan üzrə rəhbəri Yeganə Salman kitabı rus dilinə çevirdi.
– General nənənizlə necə tanış olub?
– Məni nənəm böyüdüb. Bütün sözü-söhbəti babam idi. Özü də adlı-sanlı bir ailənin xanımı idi. Nənəm Əmin Abid Gültəkin və Əlabbas Müznibin bacısı qızı idi. Mənə anasının adını qoyub. Mən Əmin Abid Gültəkinin bacısının adını daşıyıram. Nənəmin soyadı Tağıyeva idi. Atası Hacı Zeynalabdin Tağıyevlə əmioğlu idi. “Mənsurə Tağıyeva” gedirdi. Sovet dövründə Tağıyevin adını çəkmək yasaq idi. Ona görə onun haqqında çox danışmırdı. O vaxt qızları analar bəyənirdilər. Deyir, oturmuşdum toyda, bir də gördüm ki, kimsə saçıma toxunur. Dedim, neynirsiz? Qayıtdı ki, sənin saçında nə var, qoy bir baxım. Xeyli əsəbiləşdim. Bir az keçəndən sonra dedi ki, sarımsaq yemisən? Dedim, yox. Dedi, bir ho elə görüm, ağzından iy gəlir ya yox? Sən demə, bu xanım nənəmi babam üçün bəyənibmiş. Sonradan elçi gəlirlər. Babam nənəmi görüb, ancaq nənəm onu yox. Beləcə ailə qurublar, atam Rafiq anadan olub. Nənəm də tibb texnikumunu bitirib.
Hər il dekabrın 26-sı babamın anım günündə qəbir üstünə gedirdik. Uşaq vaxtı qəbir üstünə gedəndə ağlayırdım. Görünüşcə də babama ən çox mən oxşayıram.
– Nənəniz babanızla bağlı hansı xatirələrini bölüşüb?
– Qıraqda nə qədər zəhmli imişsə, evdə bir o qədər sadə olub. Həzi Aslanovla çox yaxın dost olublar. Nənəm danışır ki, o vəfat eləyəndə babam hönkür-hönkür ağlayıb. Nənəmə deyib ki, sən bilirsən necə oğullarımız gedib?
– Bir hərbçi kimi evdə hansısa qayda-qanunları olubmu?
– Çox sadə adam olub. Biz hələ də monolit binada yaşayırıq. O ev veriləndə babam müavin idi. Sağ tərəfdəki üç, bizim ev isə ikiotaqlıdır. Nənəm deyib ki, bəlkə, üçotaqlını götürək. Deyib, zirzəmidə yaşayanlar var. Niyə üçotaqlı götürək? Qonşumuz Tarayev idi – Mircəfər Bağırovun pilotu. Eyvanı tən yarı yox, qeyri-bərabər bölüblər. Onların uşağı çox idi.
Bir gün müharibədən gələndə görüb ki, bloku aş iyi götürüb. Nənəm bilirmiş ki, gələcək, ona görə bişiribmiş. Girib əsəbiləşib ki, insanlar acdır, bu nədir, aşın iyi götürüb aləmi. Nənəmə tapşırıq verib ki, götür, çək boşqablara, payla hamıya. Axırda qazanda heç nə qalmayıb. Özləri də balıq konservi yeyiblər.
–Yutubdakı çıxışınızda repressiya ilə bağlı bir məqam diqqətimi çəkdi. Görünür, general da repressiya təhlükəsilə üzləşib.
– Nənəmin dayısı Əmin Abid cümhuriyyətçi idi. Rəsulzadə vəfat eləyəndə o, məşhur şeirini deyib:
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa! Yaşa! Çox yaşa! Ey şanlı Azəzrbaycan!..
Əlabbas Müznib də, həmçinin.
Bir dəfə babam deyib ki, sizin dayılarınızı tutacaqlar. Deyib, haradan bildin? Deyib, bir nəfər siyahı gətirmişdi. Bəlkə də, bununla onlara bir mesaj verib ki, mühacirət eləsinlər. Bu adamlar da o qədər cəsur olublar ki, ölkədən çıxmağı ağıllarına belə gətirməyiblər. Əlabbas Müznib Türkiyədə Nafiyə xanımla evlənmişdi. Rahatca çıxıb gedə bilərdi. Amma getməyiblər. Onların məhkəməsinin protokolu var. Əmin Abidi tutandan sonra qardaşı Əlabbas Müznibi də dindiriblər. Soruşublar ki, onun əks-inqilabi fəaliyyətinə necə baxırsınız? Deyib, çox yaxşı baxıram. Ona görə ki, o bu şeyləri məndən – böyük qardaşından öyrənib. Görün necə bir adam olub ee... Elə buna görə də ikisini də güllələyiblər. Güntəkinin yoldaşı Nafiyə xanım körpəsi ilə birgə Sibirə sürgün olunub. Üçüncü qardaşları Əbülfəz isə valideynlərinə baxıb. Valideynlərinin də ürəyi partlayıb. İndi də o genetika öz sözünü deyir. Əmin Abidin qardaşının nəticəsi buzovnalı Zaur Rəxşan çox gözəl qəzəllər yazır. Mən onun bacısının nəticəsiyəm, o isə qardaşının. Kitabları da çıxıb.
Babam həm dövlət adamı, həm də milli insan idi. Baxmayaraq ki, Mircəfər Bağırovla eyni şuranın üzvü idi, ancaq babam bu ölüm-itimlərə heç vaxt “hə” deməyib. Həmişə etiraz eləyib. Nənəm danışır ki, babam deyir, mən əlimi qaldıra bilməzdim.
– Nənəniz repressiya illərini necə xatırlayırdı?
– Deyirdi ki, Mircəfər Bağırovun qəbuluna çağırılan adam evdəkilərlə sağollaşırdı. Çünki heç kim əmin deyildi ki, Bağırov onu kabinetində güllələməyəcək. Qorxu ilə yaşayırdılar. Son illərədək nənəmin canında qorxu qalmışdı. 80-ci illərdə bizneslə məşğul olan qonşumuz haqqında deyirdi ki, onu tutub-aparacaqlar.
– Abdulla Şaiqlə sizi nə bağlayır?
– Abdulla Şaiq deputat olanda dayılarımın, nəslimin üzərindən “vətən xaini” damğası götürülüb. Nənəm həmişə ona rəhmət oxuyurdu. Tale elə gətirdi ki, mənim namizədlik işimin mövzusu Abdulla Şaiq oldu: Abdulla Şaiq və teatr. Ev-muzeyində işlədim, onu tədqiq etməyə başladım. O, mənim babalarımın üzərindən damğanı götürdü, mən isə bütün Talıbzadələri tədqiq eləməyə başladım.
– Bu kitab xüsusilə diqqətimi çəkdi. Yusif Ziyanı araşdırmağa sizi nə sövq etdi?
– Mən Abdulla Şaiqin bütün nəslini öyrənməyə başladım. Gördüm ki, onun haqqında heç kim heç nə danışmayıb. Oğlu, muzeyimizin direktoru Kamal Talıbzadədən səbəbini soruşanda dedi ki, onun adı qadağandır. Abdulla Şaiqin də qadağan olunmuş əsərləri var idi. Mən onları əski əlifbadan kirilə çevirdim. Sonra Kamal müəllimin 75 illik yubileyində Heydər Əliyev onu təbrik eləyib. Soruşub ki, nəyə ehtiyacınız var? Çox şeyə ehtiyacı olmasına baxmayaraq, deyib ki, əmim Yusif Ziya Talıbzadənin adı qadağan olunub. İcazə verirsinizsə, onu haqqında tədqiqat başlansın. O da icazə verib. O vaxta qədər də Kamal müəllimin bu səpkidə xeyli məqaləsi var idi. Onda muzeydə böyük elmi işçi idim. Yusif Ziya ruslaşdırma siyasətinə qarşı mübarizə aparıb. “Rusiyaya səyahət” kitabı onun mübarizəsinin bariz nümunəsidir. Sovet qurulan kimi o kitabın yandırılmasına qərar verilib. O kitabdan bir dənə də qalmayıb. Bircə kitabın çıxmasına dair məlumat var, vəssalam.
– Yusif Ziyanın istər ədib, istərsə də siyasi-ictimai fiqur kimi bizim üçün nə kimi önəmi var? O kim idi?
– O, islamşünas alim, tərcüməçi, dramaturq, hərbçi, Qafqaz İslam ordusunun komandiri və 31 Mart qırğınlarında Nuru paşa və Ənvər paşa ilə bərabər Azərbaycanı qandan qurtarmiş qəhrəman idi. Atası axund Mustafa Zaqafqaziya şeyxülislamının müavini olub. Şeyxülislamın özü isə Əli bəy Hüseynzadənin atası idi. İlk təhsillərini Xorasanda alıblar. Abdulla Şaiq müasir məktəbdə oxuyub, Yusif Ziya dini məktəbdə. Yusif Ziyanın Ziya adlı çox sevdiyi bir müəllimi var imiş, Həmin o "Ziya”nı müəlliminin şərəfinə təxəllüs götürür. Xorasandan qayıdanda artıq axund rütbəsini almışdı. 1900-cü ildə Bakıya gəlirlər. Nəriman Nərimanovun köməkliyi ilə imtahan verirlər. Abdulla Şaiq Həbib bəy Mahmudbəyovun məktəbinə gedir. Yusif Ziyaya isə din dərsləri demək həvalə olunur. Abdulla Şaiq Hüseyn Cavidlə birgə qrammatika, ədəbiyyatla bağlı kitablar yazmağa başlayır. Yusif Ziya ərəb islamşünası Cürci Zeydanın əsərlərini Azərbaycan dilinə tərcümə eləyir. Bu tərcümələr “Həyat” qəzetində “Müslimzadə” imzası ilə çap olunur. O, qatı dindar deyildi. Dinin sosiallaşmasının tərəfdarı idi.
– Əli bəy Hüseynzadə ilə də əlaqələri olub...
– Bəli. Əli bəy Hüseynzadə ilə də, Məmmədəmin Rəsulzadə ilə də əlaqələri olub. Hacı Zeynalabdin Tağıyev Quranı türk dilinə tərcümə etdirir. 3 cildlik kitab alınır. Kitabın üzü gümüşdən olur. Onu Yusif Ziyaya verir ki, sultana təhvil versin. Həmin nüxsələr indi Topqapı sarayının muzeyində saxlanılır. Yusif Ziya Türkiyədə hərbi məktəbdə oxuyub. Balkan, Çanaqqala müharibələrində iştirak eləyib. Türklərin bizə kömək etməsində Yusif Ziyanın çox böyük rolu olub. O, orada azərbaycanlılardan ibarət bir ordu yaradıb və Ənvər paşanın qərarı ilə həmin alayın komandiri olub. Türkiyə ordusu Azərbaycana gələndə Yusif Ziyanın ordusu da onun tərkibində olub.
SSRİ qurulandan sonra Nəriman Nərimanov Yusif Ziya ilə Əhməd bəy Ağaoğlunu Azərbaycana dəvət eləyir. Ağaoğlu əvvəl razılaşsa da, sonra imtina eləyir. Yusif Ziya isə razılıq verir. Nərimanovun köməkliyi ilə Naxçıvanın hərbi komissarı vəzifəsinə təyin olunur. Naxçıvanın Azərbaycanın tərkibində qalmasında onun böyük rolu olub. Sonra görür ki, SSRİ ilə uzalaşa bilmir, yenə Nərimanovun köməkliyi ilə Türkiyəyə gedir və orada Basmaçılar hərəkatına qoşulur.
– Necə oldu ki, biri bu qədər məşhur oldu, digərinin adı qadağan olundu?
– Abdulla Şaiq onun kiçik qardaşı olub. Onun milliliyi birbaşa Şaiqə sirayət eləmişdi. Şaiqin gizlədilmiş və təhrif olunmuş şeirləri az deyil. Mən birinci onların tərcüməsindən başladım. “Arazdan Turana” adlı bir kitab nəşr elədik. Sovet dövründə “Turan” adı çəkmək olardı? Şaiqin o adda irihəcmli poeması var. Bir gözəl şeiri var: "Neyçin böyle geciktin?" O şeir Qafqaz İslam ordusuna həsr olunub. Burada qan su yerinə axanda yazır ki, ey türk əsgəri, neyçin böyle geciktin? Elə gözəl şeirdir. Hələ Stalinə, onun zülmünə qarşı yazdığı şeirlər... Mircəfər Bağırova yazdığı şeirlər... O şeirlərin hamısı adı çəkilən kitabda nəşr olunub.
Şaiqin ətrafı cümhuriyyətçilər idi. Dostu Hüseyn Caviddən tutmuş, şagirdi Mikayıl Müşfiqə qədər. Deməli, onu çağırıblar NKVD-yə, o da hamı ilə sağollaşıb evdən çıxıb. Sən demə, onu sorğuya çəkən adam Şaiqin şagirdi olub. “Mirzə” deyirmişlər ona. Şagirdi deyib ki, mirzə, bu suallar sizlik deyil, gedin. Repressiyadan onu müəllimliyi xilas eləyib. Mirzə İbrahimovun köməkliyi ilə onu Şuşaya göndərirlər ki, yada düşməsin. Orada da yıxılır, ayağı sınır və qayıdır Bakıya. Onu Gənc Tamaşaçılar Teatrının Pedaqoji hissə müdiri qoyurlar. Bundan sonra Şaiq “Xasay”, “Vətən” və s əsərlərini yazır. O dövrdə müxtəlif teatr adamları repressiyaya məruz qalır, ancaq Şaiqin sayəsində Gənc Tamaşaçılar Teatrından bir nəfər də olsun sürgün olunmur.
Həmin vaxt repressiya olunan adamların dostlarının, qohumlarının ovuna çıxırlar. Şayiə yayırlar ki, Hüseyn Cavidi sürgündən azad eləyiblər, dəmiryolu vağzalında əyin-başsız soyuqdan əsir. Müşkünaz xanım bunu eşidib Şaiqin evinə gəlir. Deyir ki, Hüseyn qalıb orada. Şaiqin xanımı Şahzadə xanım pal-paltar, ərzaq yığıb Müşkünaz xanıma verir. O da aparmaq istəyir Cavidə. Nə? Hüseyn Cavid var? Gözləyir, gözləyir... Qəfildən ağıllarına gəlir ki, sən demə, bunlar “vətən xainlərinin” dostlarını axtarırlarmış. Hədəfdə Şaiq idi. Həmin vaxt Moskvada Azərbaycan ongünlüyü keçirilirmiş. Onun “Xasay” pyesi Moskvada oynanılmalı imiş. Qatarla Moskvaya gedirlər. Mircəfər Bağırov da qatarda olub. Abdulla Şaiq də Mirəsədulla Mirqasımovla bir yerdə olub. Xəbər gəlir ki, Bağırov bunları çağırır. Yenə əl-ayaqları əsir. İçəri girəndə Bağırov Mirqasımova deyir ki, vətən xaininə pal-paltar göndərən şair budur? Orada Mirqasımov Şaiqi vəziyyətdən çıxarır. Bağırovun da əhvalının yaxşı vaxtına düşüb.
– Necə olur ki, ailəsində bu qədər hərəkat üzvü olan bir adam deputat olur. Sovet vaxtı bu o qədər də asan deyildi.
– Professor Nizaməddin Şəmsizadə bir dəfə demişdi ki, Abdulla Şaiq ən az səhv eləyən şair olub. Türkçülüklə bağlı, Stalin əleyhinə yazdığı şeirləri gizlədib. Dərc etdiyi şeirlərdə də yaltaqlıq etməyib. Pedaqoji, tərbiyəvi şeirlər yazıb.
– Məsələn, Səməd Behrənginin məşhur “Balaca qara balıq” əsərində çox ciddi siyasi-ictimai nüanslar var. İlk baxışda görünməyən məqamlar... Şaiqin belə şeirləri varmı?
– Əlbəttə. Şaiq uşaq dramaturgiyasının əsasını qoyub. Əsərin adı “Gözəl bahar”dır. Alleqorik əsərdir. Buradakı tufan, külək, şaxta, hamısı zülmü ifadə eləyir. Gözəl bahar isə hələ gələcək. “Yeni ay doğarkən” adlı bir əsəri var. Uşaq deyir ki, ana, ulduzlar haqqında danış mənə. Anası da deyir, xoşbəxtlik o vaxt olacaq ki, bu ulduzları yeddi yerə böləcəyik. Onlar da birləşib böyük dan ulduzunu yaradacaq. Böyük Turan ideyası...
– Doğmaları repressiya olunan ailələr sonra necə yaşayırdılar?
– Çox çətin... Nənəmin kiçik dayısının – Əmin Abidin kiçik qardaşı Əbülfəzin uşaqlarını universitetə qəbul etmirdilər. Hətta onun nəvələrindən birini heç nədən şərləyib həbs etmişdilər. Ancaq fəhlə işləyə bilərdilər. Repressiyanın təsirləri nəticələrə qədər gəlib-çatmışdı. Hamısı gözümün qabağındadır. Tutulduğuna görə nə özü instituta girə bildi, nə də qardaşı. Bircə bacısı çətinliklə axşam növbəsində oxuya bildi. Hüseyn Cavidin bütün tanışlarını öldürdülər.
Damğa götürüləndən sonra haralardasa işləyə, oxuya bildilər. Heç olmasa, universitetin qapısından girməyə ixtiyarları oldu.
– Babanız o repressiya dalğasını necə qarşıladı?
– Çox çətin... Bircə ona gücü çatıb ki, heç kimin ölüm fərmanına əl qaldırmayıb. Bəlkə, elə bu bitərəfliyinə görə onu aradan götürdülər. Nənəm deyir, babam dissertasiya üzərində işləyirdi. Mövzu da belə idi ki, müharibə dövründə nefti nə ilə əvəz etmək olar? Artıq marşal rütbəsi üçün sənədləri hazırlanırdı.
– Babanızın Bağırovla şəxsi münasibətləri necə olub?
– Yaxşı olub. Düzdür, repressiya illərində babam iki daş arasında qalıb, ancaq məktubunda yazır ki, məni mütəxəssis kimi bircə Bağırov dəyərləndirdi. Bilmirəm, qorxudan yazıb ya yox, amma məktubdakı səmimiyyətə inanıram.