Vətən müharibəsi haqqında çəkilən “Mən burdayam, İlahi” filmi 27 sentyabrda kinoteatrlarda göstəriləcək.
Kulis.az bu münasibətlə Ülvi Bahadırın filmin ssenaristi Nicat Dadaşovla söhbətini təqdim edir.
— Filmin ideyası necə yarandı?
— Müharibə haqqında film çəkmək üçün vətən müharibəsi iştirakçıları ilə görüşürdük, onların hekayələrini dinləyirdik. Müharibə mövzusunu araşdırırdıq. Və bir qazimizlə tanış olduq. Yaralanıb komaya düşdüyünə görə, qələbə günündən xəbəri olmayan bir qazi... Müharibədən sonra da vuruşan, övladına sahib çıxmaq üçün döyüşən ata... Bu hekayənin sonu daha dramatikdir və onu inşallah, kinoteatrlarda izləmək imkanınız olacaq.
— Ssenarini yazanda psixoloqlarla, həkimlərlə məsləhətləşmisiniz?
— Əlbəttə! Hekayəni təsdiqlədikdən sonra bu mövzunu daha ciddi şəkildə araşdırmağa başladım. İstəyirdim, döyüş səhnələrini məntiq xətası olmadan qələmə alım, döyüşçülərin hisslərini dəqiq işləyim. Bunun üçün peşəkarlara məsləhətləşirdim. Psixoloqlarla, həkimlərlə. Kömək edənlər də çox oldu. Bu ssenari həm hərbi, həm də tibb-psixolojı baxımdan həqiqətləri əks etdirir.
— Filmin adını da siz qoymusunuz?
— Uzun müddət filmə ad qoya bilmirdim. Bir gün müəllimim Rüstəm İbrahimbəyovun məzarını ziyarət etməyə getmişdim. Təsadüfən Vaqif Səmədoğlunun məzarını gördüm. Məzarın üstündə “Mən Burdayam, İlahi!” yazılmışdı. O an elə qəribə hiss keçirdim ki, izah edə bilmərəm. Yolda qəhrəmanın adından təkrar edirdim: "Mən Burdayam, İlahi!"
— Aktyorlar əvvəlcədən məlum idi?
— Filmin rejissoru Qulu Əsgərovun bir neçə namizədi var idi. Amma Rasim Cəfərin üzərində dayandıq. Rasimin təklifimizi qəbul etməyi bizə bir az da ürək-dirək verdi. İlk dəfə tammetrajlı filmdə çəkilən Günay Həsənlə də işləməkdən zövq aldıq. Filmin ən gənc aktrisası Aygün, ümumiyyətlə, ilk dəfə idi ki, kamera arxasına keçirdi. Amma mən əminəm ki, siz bu qızın oyununa valeh olacaqsınız.
— Müharibə filmi çəkmək çətindir... Nə əcəb bu mövzunu seçdiniz?
— Film çəkmək, ümumiyyətlə, çox çətindir. Və ələlxüsus da mövzu bu qədər önəmli və həssasdırsa. Çəkilişdə xeyli çətinliklərlə qarşılaşdıq. Onları sadalasam, müsahibəmiz çox uzun olar. Amma yerli kinonun vəziyyəti məlumdur da... Hər şeyi gözə almışdıq.
— Kinomuzun hazırki vəziyyətindən razısınızmı? Sizcə, kinomuzun ən böyün problemi nədir?
— Bu mövzuda artıq o qədər söz deyilib ki, mənim nə isə yeni fikir deməyim qeyri mümkündür. Problemlər göz qabağındadır. Əgər biz İkinci Qarabağ müharibəsi haqqında film çəkmək üçün pul tapa bilmiriksə, deməli, hələ düzələsi çox şey var. Amma nəticə göz qabağındadır. Filmimiz 27 sentyabrda ölkənin bütün kinoteatrlarında nümayiş olunacaq. Biz bunu bacardıq! Necə deyərlər, bu meydan, bu da şeytan.