"Beş qızdan yalnız birində olurdu..." – Hamının gizlətdiyi o dəftərdə nə yazılırdı?

"Beş qızdan yalnız birində olurdu..." – Hamının gizlətdiyi o dəftərdə nə yazılırdı?
28 aprel 2026
# 17:18

Kulis.az Sifayə Abbasın "Xatirə dəftərləri”, “Nu paqadi”, “Məhəllə” serialı – Keçib gedən uşaqlıq..." yazısını təqdim edir

“İki minlərin uşaqları”ndan nə yazan var, nə də danışan. Hamı durmadan doxsanlardan yazır, deyir, “uşaqlığın son gecəsi” elə doxsanlarda da qaldı. Saflıq, təmizlik doxsanlarda qalıb. Mən isə elə düşünmürəm. Elə bilirəm ki, ən son 2000-2003-də doğulanlar əsl uşaqlıq yaşadılar, uşaqlıq 2010-a qədər oldu. Xatırlayıram, il olardı 2008-2009, türk seriallarının dəb vaxtları idi. Televizor dövrü idi. İnternet yox idi. Var idisə də, bizdə yox idi. Xarici aktyorların, futbolçuların, türk və Braziliya seriallarındakı “gözəlçə”lərin şəkilləri satılırdı, arxası yapışqanlı. 6 ədəd olurdu, iki sıra halında 3 sütunlu, səhv etmirəmsə, 80 qəpiyə. Bütün dükanlarda satılırdı. İstədiyimiz serialın şəkli olmayanda gedib satıcıya deyirdik ki, filan artistin şəklini gətirsin. Adətən dərsdən “5” alanda, anama yalvar-yapış edib şəkil aldıra bilirdim. Bilmirəm niyə, amma çox da xoşu gəlməzdi belə kolleksiya yığmağımdan. Amma yaxşı oxumuşamsa, deməli, üzüm var şəkil aldırmağa. Axı bizə elə öyrədiblər, nə isə istəməyə üzünün olması üçün nə isə verməlisən, qazanmalısan. Hər nəysə...

Şəkillər üçün ayrıca 100 vərəqli riyaziyyat dəftəri tuturduq, açıb bir-bir yapışdırırdıq. Yadımdadır, mənim həmin şəkil dəftərim: Qara fonda qıpqırmızı narlar təsvir olunmuşdu. Mən illərdir elə dəftər üzü görməmişəm. Nə ondan əvvəl, nə ondan sonra. Elə bil o dəftər başqa idi. Onu xüsusi ayırmışdım. Hər səhifə bir serial, bir kino üçün nəzərdə tutulmuşdu. Hərdən heyifimiz gəlirdi, dəftərə yapışdırmırdıq, paçka-paçka yığıb saxlayırdıq, hələ də ağzı açılmayıb onların. Onda internet yox idi. Başımızı belə şeylərlə qatırdıq. İndi bilsək ki, internet 1 gün olmayacaq, bəlkə də çoxumuzun ürəyi partlayar, əsəbləri pozular, yerə-göyə sığmaz. Amma onda internetin nə olduğunu, oradan nələr tapa biləcəyimizi də bilmirdik. Bəs indi? İnsan öyrəşdiyi şeydən uzaqlaşanda məhv olur. Dadına baxmadığın şeyin hissini anlamırsan, anlamaq istəsən belə, “onsuz yaşaya bilmərəm” demirsən. O vaxtlar da belə idi. Maqnitofonlar var idi. Bizdə iki dənə idi. Mənimki tünd göy rəng, hər iki kənarında iri səsucaldanlar yerləşirdi, özü də düzbucaqlı formada. Evimizdəki o biri maqnitafon isə mütəkkəyə oxşayırdı. Hə, mütəkkəyə. Ağlımda o cür qalıb. Kasetlər var idi, bir dəfə kasetin lentini səhvən dartıb sökmüşdüm. Daha doğrusu, qəsdən, görüm içindən nə çıxır? Oxuyan adamların şəkilləri görünür, o 1 mm enində olan lentdə? İndi fikirləşəndə deyirəm ki, o nə avamlıq idi? Hər nəysə, o kasetlərdə də Könül Xasıyevanın, Məhəbbət Kazımovun, Sibel Canın, Mahsun Kırmızıgülün mahnıları olurdu. Qoşub, qulaq asırdıq. Bir də videopleyer var idi. Düzünü desəm, pleyer filan demirdik, elə birbaşa video. Kaseti qoşub, videolara baxırdıq. Ad günü, toy kasetləri. Həmişə də baxanda evdəkiləri ağlamaq tuturdu, adam lap peşman olurdu ki, bəsdirin də, nəyə ağlayırsız? Kasetdəkilərin hamısı dünyasını dəyişmişdi axı. Mən onu dərk eləmirdim, ölüdən ötürü ağlamaq olar... Sonra DVD-lər gəldi, diskləri qoşub cizgi filmlərinə baxırdıq. “Nu paqadi”yə, “Siçan-pişik”ə yalan olmasın, hər gün qoşub-qoşub baxırdım, adam bezməz? Yox. Bir də, “Məhəllə”miz var idi. Onun diski də evimizdəydi, özü də bir neçə hissədən ibarət. Nə qədər baxırdım... Atamgil gördü ki, televizoru bütün gün zəbt edirəm, mənə birini də alıb, o biri otağa qoydular. Hərdən təzə televizor olan otaqda yerdən süfrə açıb, yeməyi orada tək yeyirdim ki, cizgi filmə baxa bilim. Amma aludə olmamışdım. Gündə 1 saat televizora baxıb, sonra dərs edib, çıxıb gəzirdim həyət-bacada. “Janqumun rüyaları”. Canqum anası, atası olmayan qız idi. Onun bir seriyası var idi, ağlamaq tuturdu baxanda. Vaxtilə anası ilə birgə oturduqları ağacın altında durub göyə baxır, ağlayır, ondan ötürü darıxdığını söyləyirdi. Atası da yox idi, amma o həmişə anasızlığına görə kədərlənirdi. Orada da uşaqlara izah edirdilər ki, təkbaşına qalmaq nə qədər çətin və məşəqqətlidir. Bunları yaza-yaza fikirləşirəm, indi axırıncı dəfə televizora nə vaxt baxmışam? Öz xoşumla nə vaxt onu qoşub, nəyisə izləmişəm? Yadıma gəlmir. İndi nə mən o mənəm, nə də o cizgi filmlər.

“Mama”m heç vaxt makiyaj eləməyə, üzümə-gözümə bir qram nəisə çəkməyə də icazə vermirdi, gözünü elə ağardırdı ki, adamın nitqi tutulurdu. Elə bil mən bu həyata təkcə oxumağa gəlmişdim, tək məqsədim, tək zövqüm, tək hədəfim təhsil almaq idi. Onsuz da oxuyurdum, məktəbdə pis deyildim, amma yenə də “ipi buraxmırdı”. Bir dəfə toy var idi, qonşuda. Gördüm ki, bütün qızlar bəzənib-düzənir. Paxıllığım tuturdu, mənim nəyim kəmdi onlardan? Mən niyə şəkillərdə qəşəng görünməməli idim ki? O vaxt da qoz ağacımız var idi həyətdə. Gedib yaşıl qozun birini dərdim. Daşla onu əzib, dodağıma sürtdüm. Dodağım 1-2 saat sonra oldu tünd qırmızı, elə bil dodaq boyası vurmuşdum. Heç kim də heç nə deyə bilməzdi. Qoz yeyəndə olub, mən nə edə bilərəm ki? Özümü qarantiyaya almışdım. Beləcə, o arzuma da çatdım.

“Xatirə dəftərləri” var idi. Beş qızdan birində olurdu. Hərə bir gün götürürdü, yazırdı, ötürürdü başqa qızlara. Elə bil sirlərini yazılı yolla bir-birlərinə verirdilər. Suallar indiki dövr üçün absurd, o vaxt üçün maraqlı idi:

- Adın, soyadın

- Hobbilərin

- Ən böyük qorxun nədir?

- Sevdiyin var? Adı?

- Sevgilin var?

- Mənə ürək sözlərin var?

- Kim olmaq istəyirsən?

- 10 ildən sonra özünü harada görürsən?

- Səni istəyən var? Varsa adını yaz, adını yaza bilmirsənsə, baş hərfini yaz.

Lap axırda da, o məşhur şeiri yazırdıq: “Xatirə yazıram bir gözəl qıza, gözləri bənzəyir aya-ulduza...” Düzünü desəm, ardını mən də unutmuşam.

Sonra masaüstü kompüterlər, noutbuklar, internetlər gəldi evimizə, şəkillərimiz düşdü sandığa. Amma yenə də saf qaldıq. İnternet bizi “poza bilmədi”. Noutbuk dediyim nədir ki? “Paint” proqramında günəş, ağac, ev çəkirdik. Bir il keçdi, Quqlu açıb-bağlamağı, “barbi giyindirme oyunu”, yazıb oynamağı öyrəndik. Qəşəng qızlara bər-bəzəkli donlar geyindirirdim. Elə bilirdim o qızlar özüməm, öz gəncliyimdir. Böyüyəndə mən də belə daş-qaşlı, bər-bəzəkli geyinəcəm, böyük şəhərdə yaşayıb, gündə bir yeri gəzəcəm, ehtiyacları ödəmək üçün yox, zövqdən, kefdən işləyəcəm deyirdim.

İnternetdə ən maraqlı fəaliyyətim “pasta yapmak”, “ev tamir etmek”, “barbi giyindirme” oyunları idi. Bunları da quqlda yazıb axtarırdıq. Amma telefonlarda oynadığımız oyunlar hələ də doğma gəlirdi. İnternet gəlsə də, telefon ölməmişdi. Hələ də yadımdan çıxmır. “Nokia 6500”da “İlan oyunu” oynayırdıq. İnternetə ehtiyac belə yox idi, bir dəfə telefon mağazasına 2 manat verirdin, 4-5 oyun yükləyirdi, işıq olsa da, olmasa da, sən istənilən saat o oyunu oynaya bilərdin. Hə, harada qalmışdıq, o ilan yekə-yekə, yamyaşıl almaları yeyib şişirdi. Çox böyüyəndə başı kənardakı xəttə dəyərdi, elə oradaca uduzurduq. Hələ, hələ... biri də var idi, balaca evləri üst-üstə simmetrik formada qoyub, oyunu udmalı idik. Evlər göydən kranla yerə düşürdü. Heç vaxt da axıra kimi oynaya bilmirdim, əlim əsirdi. Bir də “Avatar” oyunu, 4-5 hissədən ibarət. “Avatar”ı ağacdan-ağaca hoppandırıb, udmalı idik.

Həyatımız palçıqdan ev düzəltməkdən tutmuş, kompüterlərlə, noutbukla tanış olmağa qədər inkişaf etmişdi, amma saf idik. İnternetdə hansısa söyüşlər, tərbiyəsiz, yaşımıza uyğun olmayan səhifələr, saytlar, videolar açmaq ağlımızdan da keçmirdi. Bəs indi? “İndinin uşaqları” sözünü elə əndazə ilə deyirlər ki, adam fikrə gedir. Uşaq elə həmin uşaqdır. Dövr o dövr deyil, ailə o ailə deyil. 2 yaşından uşağa telefon verən valideyn sonra “uşağım gözünü telefondan çəkmir, yaşına-başına uyğun olmayan şeylərə baxır” deyir. Uşağa sərhəd qoymur, uşağa uşaqlıq vermir. Onun həyətdə-bacada gəzən yaşlarında, qabağına bir planşet atıb yemək yedizdirir. İndiki uşaqlar iki minlərin əvvəllərində yaşasaydılar, axı başqa cür böyüyərdilər. Nəyəsə maraqları, həvəsləri olardı. Əlçatmaz olardı, internet, telefon, planşet. İndi hər şey var axı, uşaqda nəyə maraq olsun? Ən yaxşı şeylər, ən əlçatmaz şeylər uşaqların qabağına sərilir, bəs onlar nəyi arzulayacaqlar? “Serial şəkilləri yığırdıq, dəftərə yapışdırırdıq, telefonda filan-filan oyunları oynayırdıq”, sözünü hansısa uşağa desək, bizə gülməz? Vallah elə gülər, elə lağ eləyərlər ki, biz də 24-26 yaşımızda ölüb yerə girərik, bir də oradan çıxmağa üzümüz olmaz.

Üstündən 15 ildən çox keçib, mənim o şəkil dəftərim də, paçka-paçka paketə büküb saxladığım şəkillər də, o “Xatirə dəftəri” də hələ də uşaqlığımdan xatirə qalır. Mənə elə gəlir ki, uşaqlığın son gecəsi o dəftərləri də, şəkilləri də büküb, şkafa qoyduğumuz gün oldu. Beləcə, həyatımızdan bir uşaqlıq qədər səhifələr keçib getdi.

# 100 dəfə oxunub

Oxşar xəbərlər

Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd edildi

Sabir Rüstəmxanlının 80 illik yubileyi qeyd edildi

18:18 28 aprel 2026
Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

Azərbaycanın ilk xanım deputatının kitabı hərraca çıxarıldı

17:07 28 aprel 2026
Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

Siçovul dərisi geyinmisən, dalana dirənib gözlərin - Cavid Fərzəli

15:59 28 aprel 2026
Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

Naxçıvanda Əcəmi Naxçıvaninin abidəsi ucaldılır

15:52 28 aprel 2026
Teylor Sviftin konsertində qətliam planı - Məhkəmədə etiraf

Teylor Sviftin konsertində qətliam planı - Məhkəmədə etiraf

15:19 28 aprel 2026
Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

Nurəddin Kazımovun 100 illiyi münasibətilə sərgisi istifadəçilərə təqdim olundu

15:08 28 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər