"Mikrorayon" Türkiyədəki mafiya seriallarının çoxundan yaxşıdır... - Vüqar Van

Vüqar Van, yazıçı

Vüqar Van, yazıçı

27 aprel 2026
# 16:15

Kulis.az Vüqar Vanın “Mikrorayon” serialı haqqında yazısını təqdim edir.

İctimai TV-də “Mikrorayon” adında yeni serial başlayıb və indiyə qədər üç seriyası yayımlanıb. Dostların tövsiyəsi ilə bu yeniyetmə-kriminal janrında olan seriala mən də baxdım. Deyə bilərsiz ki, üç seriyası yayımlanan serial haqqında niyə yazı yazırsan?

Birincisi, dənizin suyunun duzlu olduğunu bilməkdən ötrü, bütün suyu içməyə ehtiyac yoxdur. “Mikrorayon” tərzində serial və filmlərə bir az baxıb, süjetə bir az bələd olan adamlar üçün söhbətin hansı məcraya gedəcəyini, hətta sonda nə olacağını təxmin etmək, zənnimcə, elə də çətin deyil. Bu cür serial və filmlərin ssenari strukturu o qədər də mürəkkəb olmur, əvvəldən baxanda sonu görünür.

İkincisi, yazının mətləbi bir az başqadır.

Yeniyetmələrin küçədəki nəzarətsiz həyatı, bandalar, zorakılıq, cinayət, xəyanət, dostluq, mərdlik, kriminal, “varlıdan oğruyub kasıba paylamaq” mövzusunda dünyada çoxlu seriallar və filmlər var. Xüsusən, Rusiya istehsalı. Ən məşhurlarından “Briqada”, “City of God”, “Brat” və sairi misal çəkmək olar. Son dövrlərdə isə “Slovo patsana” ən məşhurlarından oldu. “Mikrorayon” ən yaxşı halda, “Slovo patsana” serialının Azərbaycan üçün olan versiyasıdır. “Slovo patsana” daha dərin mətləblər haqqındadır. İstər kriminal subkultura, istər dövrün mənzərəsi, istər dramatizm baxımından “Slovo patsana” “Mikrorayon”dan fərqlənir.

Bəribaşdan deyim ki, “Mikrorayon” zəif serial deyil. Azərbaycan standartları üçün qat-qat yaxşıdır. Əsas qəhrəmanlar, köməkçi obrazlar, dövrün sosial problemləri, müasir yeniyetməlik, dialoqlar, problematika, küçədəki söhbətlər və ən əsası məktəb həyatı kifayət qədər canlı, koloritli, dadlı-duzlu çəkilib. Hətta bəzi səhnələrdəki pafos, şüarçılıq da adamı vurmur, hər şey yerli-yerindədir. Aktyorlara, (aktyorlar yüksək səviyyə performans göstərirlər, xüsusən əsas obrazlar), ssenaristlərə, rejissora, prodüserə, bir sözlə, bu işdə əməyi və zəhməti olan hamıya təşəkkür düşür.

Serial haqqında bu qədər, keçək mətləbə.

Ölkə standartları üçün nə qədər yeni və uğurlu olsa da, mən bu serialın yaradacağı fəsadlardan olduqca narahatam. Demək olar, hər həftə hansısa məktəbdə bıçaqlanma, ölüm-itim olur. Burda heç bir mübaliğəyə yol vermirəm, həqiqətən, həftədə ən azı, ən azı bir dəfə mətbuatdan belə xəbər oxuyuram. Sinif yoldaşını bıçaqlayan kim, yandıran kim, döyən kim. Yəqin ki, heç kim bu yaxınlarda liseyə silahla girib müəllimi güllələyən məktəbli hadisəsini unutmayıb. Vəziyyət o qədər adiləşib ki, ancaq bu cür inanılmaz hadisələr cəmiyyətdə səs-küyə səbəb olur. Bıçaqlaşma-zad adiləşib.

Axırıncı dəfə məktəblə yaxından, birbaşa təmasım universitetin dördüncü kursunda oxuyarkən olub. Yəni altı il əvvəl. Bakıdakı məktəblərin birində on və on birinci siniflərə bir semestr Fransız dili dərsi dedim və məktəb həyatı mənə gün kimi aydın oldu.

Bir haşiyə çıxıb deməliyəm ki, yeniyetmələrdən zəhləm gedir. Yeniyetmələrlə maksimum az dialoqda olmağa çalışıram. Belə deyim, hər beş min yeniyetmədən biri ağıllı ola-olmaya. Hətta bu rəqəmi on minə də qaldırmaq olar. Yeniyetməlik insan həyatının ən axmaq, ən mənasız, ən səviyyəsiz, ən düşük, ən təhlükəli, ən həssas, ən təsirli dövrüdür desəm, yəqin, ayağımı qaza basmış sayılmaram. Etiraf edim ki, mən də yeniyetmə olanda çox axmaqlıqlar, çox səviyyəsizliklər etmişəm. Hazırda yeniyetmə vaxtı etdiyim hərəkətlərə, ətrafımda olan insanlara verdiyim əzab-əziyyətə görə hədsiz dərəcədə xəcalət çəkirəm.

Bəli, praktika zamanı mən məktəb və müasir yeniyetməlik həyatını dərindən öyrəndim. Necə öyrəndim? Bir gün dərsdən çıxanda on birinci sinifdən olan üç-dörd oğlan məni məktəbin arxasına söhbətə çağırdılar. Məlum oldu ki, bu oğlanlardan birinin sevgilisindən dərs soruşmuşam. Bu oğlan da onun sevgilisindən dərs soruşmağımı qısqanıb. Az qala məni döymək istəyirdilər, fağır və həvəsli gənc müəllim namizədi olduğum üçün mənə qıymadılar, sağolsunlar. Çox rahatlıqla məni döyə, bıçaqlaya, hətta öldürə bilərdilər.

Bu hadisədən sonra başa düşdüm ki, xüsusən Bakı şəhərində və indiki dövrdə, indiki şərtlər altında müəllim olmaq necə çətin və əziyyətli işdir. Sözün həqiqi mənasında, məşəqqətdir, məşəqqətdir, məşəqqət. Praktikaya qədər Bəxtiyar Vahabzadənin “Müəllim” şeiri dilimin əzbəriydi. Praktikada sonra başa düşdüm ki, Bəxtiyar müəllimin “Müəllim” şeiri büsbütün uydurma və illüziya imiş (bütün yaradıcılığı kimi). Başa düşdüm ki, müəllimliyə bir qram hörmət və ehtiram qalmayıbmış. Sən demə, heç bir könüldə yeri yoxmuş müəllimliyin. Bu həqiqəti çətinliklə də olsa, həzm etdim və özümə söz verdim ki, bir də heç vaxt məktəblə yaxından-uzaqdan hansısa təmasım olmayacaq.

Bacım Bakı şəhərində müəllimdir. Yuxarı siniflərə dərs deyir. Hər zaman yox, hərdən ona məktəb barəsində suallar verirəm, məktəb həyatıyla maraqlanıram. Bəli, hər zaman yox. Çünki hər zaman onun mənə verəcəyi cavabları eşitməyə özümü hazır hiss etmirəm. İstədiyim vaxt məktəb mövzusunu açmağa gücüm çatmır. O mənə şagirdlərin hərəkətlərindən hərdən elə şeylər danışır ki, bir həftə özümə gələ bilmirəm. Bütün həyatım zəhərə dönür, bütünlüklə qanım qaralır. Dəhşət, sadəcə dəhşət, müsibəti-fəxrəddin.

Serial və filmlərin, xüsusən mafiya mövzulu serial və filmlərin insanlara nə qədər dərindən təsir etdiyini yəqin ki, hamınız yaxşı bilirsiniz. Bu danılmaz faktdır. Nə qədər adamın başı “Kurtlar Vadisi”nə baxmaqla pozuldu. Nə qədər adam dəli olub çöllərə düşdü. Nə qədər adam özünü Polad Ələmdara, Məmatiyə, Abdülheyə oxşatmaqla məhv elədi. Bunlar yaxın keçmişdə baş verən hadisələrdir. Heç kim heç nəyi unutmasın. Çakır ölən gün Türkiyədə kütləvi surətdə cənazə namazları qılınır, ehsanlar verilirdi. İndiyə qədər hər il Çakırın ölümünün ildönümü keçirilir. Hələ mən “Kurtlar Vadisi” deyirəm, bu cür yüzlərlə serial-film var. Yaxınlarda “Çukur” adlı bir serial çıxdı. Xeyli adamın başı da o serialla xarab oldu. Bəzən hələ də divarlarda, küçələrdə, bloklarda “Çukur” serialının o məşhur simvolu, “Çukur evimiz, İdris babamız” ifadəsi rastıma çıxır.

Deyə bilərsiz ki, nümunə gətirdiyim seriallar Türkiyədə var və bu dəqiqə də çəkilməkdədir. Yeniyetmələr onsuz da, pozulur. Təsirə düşən elə “Kurtlar Vadisi”nin, “Çukur”un, “Yeraltı”nın təsirinə düşər. Haqlı sualdır. Cavab verim.

Əvvəla, Türkiyədə çəkilən bu düşük, səviyyəsiz mafiya serialları yuxarıda qeyd etdiyim kimi onsuz da, camaatı pozub, yaman günə qoydu. Di gəl, o seriallar daha çox böyüklərə xitab edirdi.

İkincisi, nə qədər olmasa da, Türkiyədə çəkilən serialla, Azərbaycanda çəkilən serialın insana təsiri fərqli olur. Başqa ölkədir, dil bir az fərqlidir, mədəniyyət bir az fərqlidir, həyat tərzi, mənzərə bir az fərqlidir, məişət bir az fərqlidir. Bir yeniyetmə öz dilində, öz ölkəsində, özü kimi aktyorlardan daha çox təsirlənər, nəinki türklərdən.

Üçüncüsü, Türkiyədə yeniyetmələri yoldan çıxaran, narkotikə, zorakılığa, qadın ölümlərinə təşviq edən seriallar var deyə, bizdə də olmalı deyil. Belə bir şey yoxdur.

Bir daha deyirəm, “Mikrorayon” pis serial deyil, hələ üç seriyası yayımlansa da, görürəm ki, uğurludur, qarşılığı da kifayət qədərdir. Türkiyədəki mafiya seriallarının çoxundan da yaxşıdır hər mənada. Di gəl, mən “Mikrorayon” serialını yeniyetmələr üçün hədsiz dərəcədə ziyanlı və zərərli hesab edirəm. “Mikrorayon”a baxan yeniyetmələr ordakı qəhrəmanların faciəsini örnək almayacaqlar, onların həyatından dərs çıxarmayacaqlar. Əksinə, hər məhəllədə bir qrup mənasız yeniyetmə yığışıb özünə banda düzəldəcək, gəlib-gedəni bıçaqlayacaq, məktəbdə pul yığıb “içəri” göndərəcək. Adımın Vüqar olduğuna nə qədər əminəmsə, “Mikrorayon”un əks təsirlərinə də o qədər əminəm. Bizim cəmiyyətimiz, bizim yeniyetmələrimiz hansısa mafiya serialından dərs götürəcək səviyyədə deyil. Bizim cəmiyyətimiz hazırda pis şeyləri yamsılamaq mərhələsindədir. Bu hələ jurnaldır, film təzə başlayır.

Mən bu yazını yazmaqla, dimdiyimdə su gətirib yanğını söndürməyə kömək etdim. Gücüm buna çatır. Yazını oxuyanlar arasında yeniyetmə valideynləri varsa, onlara tövsiyə edirəm ki, övladlarına bu seriala baxmağı qadağan etsinlər.

# 702 dəfə oxunub

Oxşar xəbərlər

Sokurov Moskva Film Festivalında mükafatsız qaldı: "Fikirlərini dəyişdilər"

Sokurov Moskva Film Festivalında mükafatsız qaldı: "Fikirlərini dəyişdilər"

17:00 24 aprel 2026
“Sükut içində addımlar”  filmi Beynəlxalq Film Festivalında

“Sükut içində addımlar” filmi Beynəlxalq Film Festivalında

16:02 24 aprel 2026
48-ci Moskva Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

48-ci Moskva Beynəlxalq Film Festivalının qalibləri açıqlandı

10:40 24 aprel 2026
Azərbaycan filmi Astanada mükafata layiq görüldü

Azərbaycan filmi Astanada mükafata layiq görüldü

10:23 24 aprel 2026
“Mən əfsanəyəm 2” çəkiləcək - Uill Smit və Maykl B. Cordan eyni filmdə

“Mən əfsanəyəm 2” çəkiləcək - Uill Smit və Maykl B. Cordan eyni filmdə

10:09 24 aprel 2026
Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirildi

Moskvada “Tağıyev: Neft” bədii filminin təqdimatı keçirildi

13:45 23 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər