Bu gün mərhum aktyor Bahadur Əliyevin doğum günüdür.
Kulis.az "Atamın xatirəsi" layihəsindən Ülvi Bahadırın aktyorun oğlu Rauf Bahadurla müsahibəsini təqdim edir.
– Rauf bəy, Bahadur bəy necə ata idi?
– Biz onu valideyn kimi yüksək dəyərləndiririk. Çox ailəcanlı insan idi. Ailəsini birinci yerdə tutardı, çalışardı ki, hər şey yaxşı olsun. Bahadur müəllim ali məktəbə başlayanda artıq ailəli olub.
– Gənc evlənib.
– Bəli. İnstitutu qurtaranda artıq üç övladı olub.
– Onlar necə tanış olublar?
– Hər ikisi Masallıda anadan olub. Anamın on altı, atamın on səkkiz yaş var idi. Atam anamı qaçırıb. Anam atamdan tez dünyasını dəyişdi. Qırx doqquz yaşında infarkt keçirmişdi.
– Onu niyə vermirdilər atanıza? Aktyor olduğuna görə?
– Yox. Mənim anam tək qız olub. Onun atası Mircəfər Bağırovun dövründə repressiyaya uğrayıb.
– Nə işlə məşğul olub ki?
– O vaxtlar məxfi saxlanılıb. O barədə çox danışılmazdı. Babamı aparıblar, sonra deyilib ki, o geri qayıtmayacaq.
– Amma başqaları bilirdi nə baş verdiyini?
– Yox, başqaları da bilmirdi. O vaxt çox şeylər məxfi, gizli saxlanılırdı. Amma güllələnmə prosesi barədə danışılıb. Deyirdilər ki, Astara meşəsində güllələnib. O vaxt insanlar, əsasən, NKVD tərəfindən aparılırdı.
– İttiham nə olub? O barədə eşitməmisiniz ki?
– Yox, dəqiq bilinmir. Birdən-birə ona qarşı bir fikir formalaşdırılıb.
– Ananız bu barədə danışmırdı?
– Yox. O da dəqiqini bilmirdi.
– Amma polislər tərəfindən aparıldığını bilirdi.
– Uşaq olub onda. Ona görə xatırlamırdı. Anamı vermirdilər söhbəti olmayıb, götürüb qaçıb, sadəcə.
– O vaxtlar aktyorlara qız vermirdilər. Bölgələrdə münasibət qatı idi.
– "Dəli Kür" filminə baxmısınız, yəqin. O vaxtlar hər şey çətin olub. Kiminsə adını çəkə bilməz, lazımsız danışa bilməzdin. O vaxt qızları hər adama vermirdilər. Elçiliyə ağsaqqallar gedərdi. İndi internetlə baxırlar, tanış olurlar. O vaxt çətin idi, mən gözümlə görmüşəm. Biz böyük ailə olmuşuq – on uşaq. Üç bacı, yeddi qardaş idik. Bacımızın biri rəhmətə gedib. Atam gözəl insan olub. Rəhmətə gedənə kimi deyərdi ki, Şuşamız qayıtsın. Oralı deyildi, amma Qarabağı çox sevərdi. Həmişə deyərdi ki, elə insanlar orada yaşayır, ancaq mənim qədər ora bələd deyil. Qarabağı qarış-qarış gəzmişdi. Qastrola gedirdilər. Məktəblərdə göruşlərdə olurdular, tədbirlərdə iştirak edirdilər. O "Mozalan"ın səhnəciklərində, yumoristik novellalarda, səhər görüşlərində çəkilirdi. Çoxşaxəli obrazlar yaradırdı. Sənətinə bağlı insan idi. Ailəsinə necə bağlı idisə, sənətinə də elə bağlı idi. Yaddaşı çox yaxşı idi. Mətni bircə dəfə oxuyardı.
Bahadur Əliyev
– On uşağı saxlayıb böyütmək onun üçün çətin deyildi ki?
– Mən uşaqlıqdan idmanla məşğul olmuşam, birinci sinifdən güləşə getmişəm. "Dinamo"da məşqlərə gedirdim. Atam elə olurdu ki, aylarla ezamiyyətdə olurdu. O vaxt filmlərə dövlət icazəsi verilirdi SSR-də. O da hər filmə verilməzdi. O vaxt on beş respulikanının filmləri təsdiq olunmaq üçün Moskvaya gedərdi. Dublyaj Azərbaycan dilində olmazdı. Orda müəyyən sözlər azərbaycanca işlədilsə də, ümumən dublyaj rus dilində olardı. Məsələn, Nəsibə Zeynalova rus dilində danışa bilmirsə, rus dilində danışa bilən aktrisa tapırdılar, onun səsini rus dilində dublyaj edirdi. Mən çox dublyajda olmuşam. Məktəbdən gəlirdim, aparırdılar. Sözün düzü, aktyor, rejissor olmaq istəmişəm. Çünki gözümü açıb onu görmüşdüm. Məsələn, AzTV-də məni cırtdan kimi geyindirirdilər, uşaq rolları oynayırdım. Məhşur aktyorlarla tərəf müqabili olmuşam, çəkilişlərə getmişəm. Mən kimləri görməmişəm: Ağasadıq Gəraybəyli, İsmayıl Osmanlı, Nəsibə Zeynalova, Leyla Bədirbəyli – bunların hamısı ilə çəkilişlərdə, dublyajda olmuşam.
– Sizə ən çox kimlər gəlib-gedirdi?
– Aktyorların çoxu. Əsas da Müxlis Cənizadə ilə Gündüz Abbasov. Lütfəli Abdullayev ilə Bəşir Səfəroğlu da tez-tez gələrdi. Mən o dövrlər uşaq olmuşam deyə onları elə də xatırlamıram. Lütfəli Abdullayev çox böyük sənətkar olub. Ən gənc dostlarından rəhmətlik Ceyhun Mirzəyev gələrdi. Çox gözəl insan idi. Ona "Ceka" deyirdilər. Koroğlunu oynayan Əfrasiyab Məmmədov da atamın dostlarından olub.
– Niyəsə heç birinizin bu sənətə gəlməyini istəməyib.
– İstəmədi. Mənə dedi ki, sən yaxşı zərgər ola bilərsən. Atam yeganə aktyor olub ki, Azərbaycan filmlərini Moskvaya aparıb təsdiq elətdirirdi. Deyirdi ki, ermənilər bizə mane olurlar. "Mosfilm"də ermənilərin sayı-hesabı yox idi.
– Bəs niyə bu sənətdə olmağınızı istəmədi?
– Dedi ki, səni bu sənətdə görmürəm. Ola bilər, film çəkə bilərsən, amma aktyor kimi görmürəm.
– Sizdən başqa bacı-qardaşlarınızdan bu sənətlə maraqlanan olub?
– Bacım qızı Leyla Əmirli ADMİU-nun rejissorluq fakültəsini bitirib. Asan radioda çalışır, redaktordu. Bacılar tez ailə qurdular. Anam tək olduğuna, doğma bacı-qardaşları olmadığına görə bizə deyərdi ki, siz həm də mənim bacı-qardaşlarımsınız. Ona görə də istədi ki, biz tez ailə quraq, övladlarımız olsun. O vaxtlar mən tez-tez dublyaja gedirdim. Sonralar 20 Yanvardakı evimizdən köçdük. Ona görə piyada gedirdim.
– Deyirsiniz ki, evinizə çox sayda sənətkar gəlib. Mən xeyli sənət adamının övladından müsahibə götürmüşəm. Onlar deyirdilər ki, valideynlərinin vəfatından sonra gediş-gəliş kəsilib. Sizdə necə oldu?
– Bahadur müəllim vəfat etdi, onu dəfn etdik. Həm Masallıda, həm Bakıda hər gün yas verdik. Bizdə Masallıda yeddi günün hər günü yas verilir, sonra cüməaxşamılar, bir də qırx. Düz qırx gün hər gün incəsənət adamları onun hüzürünə gəldilər. Qırx qurtardı, ta bizə heç kim gəlmədi. Qırxdan sonra nəinki sənət adamları, uzaq-yaxın qohumlar belə addım atmadı.
– Bütün hallarda insanın qayğıya ehtiyac duyur.
– Sadəcə, insanın qəlbində bir sayılıb-sayılmamaq xətti var. Sənətkar sayılanda yaşayır, sayılmayanda ölür. Atam da deyərdi ki, sənətkar sayılmırsa, yaşamır demək. Atam çox bacarıqlı sənətkar olub. Ondan böyüklər də, kiçiklər də bunu təsdiq edirdi.
– Atanızın vəfatından sonra sənət dostları arasında zəndinizi yanıldanlar oldu?
– Novruz əmi. (Novruz Axundov) "Əhməd haradadır?" filmində Uzundraz Oqtay obrazını canlandırır. Atamın ölümündən sonra o sanki qeybə çəkildi. Bu, mümkünsüz idi. Bizə heç nə lazım deyildi, ancaq bir əmi kimi gəlməsini umduq, gəlmədi. Əmim də Rusiyada yaşayırdı, oğlanlarının yanında, o da gec gəldi. İndi o da rəhmətə gedib. Amma Novruz əmi də ailəyə çox yaxın insan idi. Atam olmayanda bir şey lazım olanda uşaq vaxtı ona deyərdik. Həm də dublyaj rejissoru idi. Bilirsiniz, Azərbaycan mentalitetində bir insanla çörək kəsirsənsə, çay içirsənsə, ona hörmətlə yanaşmalısan, qayda budur.
– Bahadur bəy xaraktercə hökmlü insan idi, yoxsa mülayim? Komik rollarda oynayan insanlar həyatda daha ciddi olurlar.
– Ciddi insan idi. Amma ciddiyyətində də bir nurluluq var. Biz seyidik. Amma represiyya dövründə dində də hərc-mərclik yarandı. İnsanlar kim olduğunu gizlədirdilər. Amma rəhmətlik o qədər tərbiyəli insan idi ki... Mən çox şeyi atamdan götürmüşəm. Süfrə mədəniyyəti, davranış qaydaları...
– Onu ən çox nə özündən çıxara, əsəbiləşdirə bilərdi?
– Əsəbi insan deyildi. Amma anam sağlığı arada hirslənərdi. Anam onu çox qısqanırdı. O da ən çox qadınlarla çəkilirdi. Bu, bütün aktyorların ailəsində olan bir şeydi.
– Ananız dilə gətirirdi?
– Bəli. Söz-söhbət salırdı. Atam da əsəbiləşirdi. Buna görə də aralarında konflikt yaranırdı. Biz də o dövrlərdə uşaq idik. Mən əsgər getdim, gəldim. Anam sonralar infarkt oldu. Ölənəcən atamı qısqandı. Hətta xəstəxanada da. Atam “Bir qalanın sirri"ndə çəkilirdi. Orda Gündüz Abbasov da var idi Elşən rolunda. Tez-tez bizə gəlib-gedirdi. Onun da dörd övladı var idi. İki oğlu, iki qızı. Onun həyat yoldaşı da aktrisa idi. Atamla bir neçə filmdə tərəf müqabili olmuşdu. Ən çox ondan qısqanırdı.
– Gündüz bəy də bilirdi?
– Əlbəttə, sənət yoldaşıdırlar da. Komik səhnələrdə bir yerdə çəkilirdilər. Sənətdi, səhnədi bu.
– Ananız necə vəfat etdi?
– Anam infarkt keçirmişdi.
– O vaxta qədər əlamətləri olmuşdu. Keçirmişdi əvvəllər də?
– Yox, ilk dəfə idi. Anam çox qürurlu qadın idi. Bütün aktyor ailələri onu tanıyar, çox sevərdilər.
– Nəzərə alsaq ki, Bahadur bəy daim qastrollarda olurdu, ailənin yükünü ananız daşıyırdı.
– Hər şeyi o eləyirdi. Hamının geyim-kecimini anam düzüb-qoşardı. Atam "Quran" oxuya bilirdi. Bizim kənd dindar kənd olub. Orda uşaqlıqda hamı "Quran" oxumağı öyrənirdi. Bir gün gördüm atam öz atasına "Yasin" oxuyur. Lal dilin də bilirdi.
– Ananız xəstəxanaya düşdü, yoxsa qəfildən rəhmətə getdi?
– Xəstəxanaya düşdü. Beş nömrəli xəstəxanada yatdı.
– Atanız içib-çəkirdi?
– Yox, o, ümumiyyətlə, siqaret çəkmirdi. İçki düşkünü də olmayıb. Arada məclisdən-məclisə içərmiş.
– Bizdə xeyli aktyor içki problemi yaşayıb.
– Düzdü. Elə Eldəniz Zeynalov özü dəhşət yeyib-içən adam olub. Xəstələnəndən sonra tərgidib. Səməndər Rzayev dəhşət gözəl insan idi. Onun kimi bəlkə, içən adam olmayıb. Azdramanın yanında "Fərhad" restoranı var idi. Aktyorlar işə gələndə gəlib burda nahar edirdilər. O vaxtlar teatra insanlar çox gəlirdi. Bir gün Səməndər müəllim restorana gəlir, sosiska sifariş verir. Bir də görür Yaşar müəllim gəlir, götürüb üç sosiskanı atır arağın içinə. Yaşar müəllim də deyir ki, Səməndər, neynirsən? Bu da deyir ki, bax da, gör neynirsən? Teatra içib sonra gedirdilər.
– Amma Bahadur bəydə, məsələn, Fazil Salayev səviyyəsində olmayıb.
– Yox. Fazil müəllim bizə gələndə düşüb yuxarı çıxmağına kömək edirdim. Onların evi "Qızıl tac" restoranının yanında idi. Evlərinədək ötürürdüm.
– Evdə özünəməxsus qaydaları var idi?
– Anam rəhmətə gedəndə çağırıb bizə dedi ki, atanızdan müğayat olun. Sanki öləcəyi ürəyinə dammışdı. Dedi ki, atanız evlənmək istəsə, mane olmayın. Mənə də dedi ki, ailəni sənə tapşırıram, sən bir az dəliqanlısan.
– Ailədə böyük övlad siz idiniz.
– Yox, bacım idi. Onun indi yetmişə yaxın yaşı var. Dedik, ay ana, sən nə danışırsan? Sabah evə gedirik. Səhəri rəhmətə getdi. Ondan sonra hər şey dəyişdi. Atam onun sağlığında öz qarşısına bir stəkan çay süzüb qoymamışdı. Heç vaxt ev işi görməmişdi. Anam sağlığı bizə qadağalar tətbiq etmirdi. Sadəcə, deyirdi ki, bayıra çıxanda insanlara öz əminiz oğlu kimi baxın.
– Ananızdan sonra özü evlənmədi, yoxsa kimlərinsə təsiri oldu?
– Yox, özü istəmədi. O, başqa xarakterli insan idi.
– Bəs ev işlərini necə edirdi?
– Çox qəribə idi. O, elə yeməklər bişirirdi ki, elə bil uzun illər hansısa restoranda işləyib. Bacım da kömək edirdi. Bacımın on yaşı var idi, mətbəxdə hər şeyin yerini bilirdi. Anam rəhmətə gedəndə bacımın altı yaşı var idi. On yaşında uşaq mətbəxdə professional idi.
Bacılar ərdə, bir qardaşım da evli idi. Evdə beş-altı nəfər idik. Atam da işə gedib-gəlirdi. İstər-istəməz çatdıra bilmirdi axı. Beləcə illər keçdi, Mətbəxdə ildən-ilə daha da bacarıqlı olurdu. Kənddən qurbanlıq qoyun gətirmişdilər. Onu elə kəsib soymuşdu ki, elə bil qəssab idi.
– Siz özünüz təklif eləyirdiniz ki. ay ata, evlən, tək qalma, sənə çətindi?
– Mən anam təzə rəhmətə gedən vaxtlar deyirdim. Deyirdi ki, alınası şey deyil. Siz uşaq olsaydınız, bəlkə, alınardı. Aktyor adam idi, işinin dalınca gedirdi. Deyərdim ki, nə vaxt gələcəksənsə, əvvəlcədən de, bilək. Ev telefonuna zəng eləyərdi ki, məsələn, on ikidə gələcəm. Bəzən toylara tamada kimi də gedirdi.
– Bu qədər işin müqabilində 1959-cu ildə kinostudiyada işdən çıxarırlar. Müxtəlif bəhanələr gətirirlər ki, yer dolub. Ondan sonra nələr oldu?
– Ondan sonra qısa bir müddət Lal-karlar Mədəniyyət Evində işlədi. Sonradan dəvət elədilər kinostudiyaya, amma bu dəfə korrektor kimi.
Biz əvvəl İçərişəhərdə yaşayırdıq. Sonradan atama Şərifzadə küçəsində ev vermişdilər. Çətinliyimiz olan vaxtlar babam bizə gedib-gəlirdi. Çünki 1963-ci ildə biz beş uşaq idik. Çətin idi. Babam həmişə atamın yanında oldu, kömək etdi.
– İrili-xırdalı bir çox rolu var idi. Qarşısının kəsilməyinə səbəb nə olub?
– O, rəhbərliyin təşəbbüsü idi. Rəhmətlik özü deyirdi ki, aktyorları filmlərə mən dəvət edirəm. Baş rolları çatdıra bilmirdi, vaxtı yox idi. Ssenarilər gətirirdi qalın kitablarda. Axtarıb özünə yüngül rollar seçirdi. Bilirdi ki, bu filmdə çox vaxt itirsə, inzibati işləri qalacaq. Qəflətən ezamiyyətə gedə bilər. Məsələn, "Əlbaba və qırx quldur"da, "Mosfilm"lə "Özbəkfilm"in birgə işi olan “Odlu yollarla”da çəkildi. Elə bizim bir neçə aktyorumuzu bu filmlərdə oynamaq üçün Bahadur müəllim dəvət eləyib.
– Özü nədə görürdü haqsızlığı?
– O, belə şeylərə fikir vermirdi. Bir dəfə Eyvaz Borçalı evə adam göndərmişdi ki, Kino Günüdür, Bahadur müəllim də gəlib iştirak etsin. O dedi ki, gəlmirəm. Ad vermişdilər o vaxtı, təqdim eləməli idilər, ancaq adını təqdimatdan çıxartmışdılar.
– Siz kinostudiyaya tez-tez gedirdiniz. Ona olan münasibəti görürdünüz.
– Bəli, tez-tez gedirdim. Ona qardaş, əmioğlu kimi yanaşırdılar. Bu da adamda çox qıcıq yaradırdı. Hiyləgər idilər, sanki rol oynayırdılar. Baxanda deyirdin ki, bu insanlardan nə pislik gələ bilər ki?..
– Onu kinostudiyaya ikinci dəfə korrektor kimi çağırmışdılar. Amma sonradan başlayıb rollar oynamağa.
– Film bəhanəsi ilə gəlib, sonra korrektor işləmək təklif olunub. Əvvəl rola təsdiqlənmək indiki kimi deyildi. O vaxt filmə təsdiqlənmək üçün komissiyadan keçirdin. İndi kimdən xoşları gəlir, onu çəkirlər. O vaxt kinoya elə-belə çəkməzdilər, gərək oranın işçisi ola idin ki, səni filmə çəkə idilər.
– Amma uzaqlaşmaq istər-istəməz ona təsir eləmişdi?
– Əlbəttə. Əvvəla, gənc idi. Atam iş barədə evdə heç nə danışmazdı.
Anam rəhmətə getmişdi, xeyli də keçmişdi üstündən, oturub futbola baxırdıq. Onda danışardı. Ya da evdə çörək yeyib söhbət edəndə kinodan söz düşəndə deyərdi ki, filan vaxtı belə hadisə olmuşdu. Əvvələr isə heç nə danışmazdı.
Hansısa çəkilişə gedəndə Quba yolunda maşınları aşmışdı, az qala, dərədən üzüaşağı yuvarlanacaqdılar. Boynu əzilmişdi. Gəlib evə görürəm yatıb çarpayıda, elə bilirəm, yeyib-içib gəlib. Demə, qəzaya düşüb. Qarşılarına tır çıxıb. Sürücü qorxudan maşını döndərib, qəza olub.
– Bəs əsas roluna – Qədir obrazına necə dəvət almışdı?
– O rola ondan yuxarı aktyor dəvət alıbmış. Sonda atam seçilib.
O, kənd yerində böyüyüb, kolxozçuların arasında. Film harda çəkilib? Kolxozda. Cənub zonasında. Xarakterinə, davranışlarına görə onu seçirlər. Xeyli improvizələri də olub filmdə.
– Bəs hind filminə dəvət necə gəlmişdi?
– "Özbəkfilm"in direktoru Şöhrət Abbasov dəvət eləmişdi. Film SSRİ ilə Hindistanın birgə istehsalıdır. Zinət Aman, Dharmendra və başqa ulduzlar oynayıb.
Sonra "Abdullah" filmində də epizodik rola çəkilib.
– Son rolu “Bəyin oğurlanması” filmində olub. Ondan sonra təqribən on il heç bir film təklifi gəlməyib. Olanlara reaksiyası necə idi? Səbəb nə idi?
– 1988-ci ildə birdən Qarabağ hadisələri başladı. Həmin illərdə Qorbaçov hakimiyyətdə idi. Yenidənqurma başlandı. Bir çox nazirlik ləğv olundu. Hər yerdə geriləmələr başladı. Kinoda da hər şey pulla olur axı. Ona görə də kinoda səngimələr oldu. Bizim də eyvanımız kinostudiyaya baxırdı. Baxdıq ki, hər şey sönüb, dayanıb. Bir yandan ailəsini itirmişdi, bir yandan da işləri... Biz də hələ çoxumuz yerbəyer olmamışdıq. Beş uşaq hələ qalmışdı, ev-eşik sahibi deyildi. Düzdü, bunları bizimlə paylaşmırdı. Amma ona pis təsir edirdi, fikir eləyirdi.
"Sevinc buxtası" filmindən
– Amma yenə də bir rol gözləntisi var idi.
– Əlbəttə, istəyirdi. Bir də görürdün televiziyadan dəvət edirdilər, deyirdi kefim yoxdu. Bundan sonra bir gün evə gəldim, dedim ki, evdə oturmaq yoxdu, get çəkilişlərə.
– Üstünə düşdünüz?
– Hə, qoymadım evdə qalıb özünə qapansın. Bir ara saqqal saxladı. Dedim, saqqal sənə nə verəcək? Elə vəziyyətə gətirdi ki, qoymadım bərbərə getsin, saçını özüm düzəltdim. Əsgərlikdə öyrənmişdim. Saçını qısa vururdum, xoşuna gəlirdi. Deyirdi, heç saçımı belə düzəldən olmamışdı.
– Həmin illərdə nə işlə məşğul olurdu?
– Filmlərə çəkilmədiyi zamanlarda toylara tamada kimi dəvət olunurdu. O da arada.
Kinostudiya fəaliyyətini demək olar ki, tamam dayandırdı. Laboratoriyası var idi ikimərtəbəli. Yanında restoran tikdilər. Fikir eləyirdi ki, kinostudiya tamam dayandı, kino bədbəxt oldu. Film yoxdu da. Film gəlsə, nə qədər aktyor, işıqçı, operator işləyəcək. Hətta teatrlar da dayanmışdı.
– Teatrla məşğul olurdu, yoxsa ancaq kino?
– Teatra getmirdi, amma AzTV-nin tamaşalarında, səhər görüşlərində iştirak edirdi. Tez-tez dəvət alırdı.
– Ona böyük rollar verilməməyi öz seçimi idi?
– Bəli. Öz seçimi idi. İnzibati işlər vaxtını çox alırdı.
– Amma olmayan vaxtlar da olub?
– Bir dəfə sual verdim ki, birinci ssenari sənin qarşına gəlib. Nəyə görə başqa aktyoru dəvət edirsən? Bilirsiniz, böyük ailə idi, aylarla çəkilişlərə getmək lazım idi. Çəkiliş uzun müddət olduqda kənara çıxa bilmirsən. Bir-iki ay da ora ilə üzülüşdün, bir də dəvət eləmirlər. Ona görə də o, azla qane olurdu. Burda az, orda az, belə keçinirdi. Həm də belədə evdə də ola bilirdi. Ailə böyük idi axı. Məsələn, film Qubada çəkilir, altı ay qalırdı aktyorlar orda. Rayonlarda ezamiyyətdə olurdular. Bir də görürdün, atam aylarla rayonlarda çəkilişlərdə olurdu, bu da sərf eləmirdi axı.
– Sağlığında ölüm xəbəri çıxmışdı bir dəfə...
– O vaxtı "Kinoklub" verlişi var idi. Hacıbaba Bağırov, Telman Adıgözəlov da çəkilirdi orda. Balaca bacım orda olub. Hacıbaba Bağırovla atam "Ulduz" filmində çəkilib axı. Orda "Ulduz" filmindən söz düşüb. Hacıbaba müəllim də deyib ki, rəhmətlik Bahadur müəllim. Bacım da yaxınlaşıb deyib ki, nə danışırsınız, atam sağdı.
"Dəli çayın axınında" filmindən
– Sizə gəlib-getmirdilər?
– Yox, amma Hacıbaba müəllim verilişdən sonra birbaşa bizə gəlmişdi.
Əvvəldən gediş-gəliş yox idi. Həmin gün xarici maşınla bizə gəldi. Mən eyvanda idim, düşdüm aşağı. Dedi, atan hanı? Dedim, yuxarıda. Nə qədər elədim, yuxarı qalxmadı. Atam düşüb onu yuxarı qaldırdı. Öpüşdülər, görüşdülər. Dedi ki, sən Allah, bağışla. Bir stəkan çay içdilər. Atam dedi, eybi yox, vecinə alma.
– Atanızla axırıncı görüşünüz necə oldu? Qəfil rəhmətə getdi?
– Mən həmin vaxt təzə ailə qurmuşdum. Qaynımın uşağının ayın ikisi ad günü idi. Anamın ölüm günü də ayın biridi. Mən də həmin günü mütləq qəbir üstünə gedirəm kəndə. O vaxtlar qatar işləyirdi. Ayın 31-nə qatara bilet aldım. Qatar da gəlib düz bizim kənddə dayanır. Ailəmlə getmişdim. 2002-ci ildə bir oğlum, bir qızım var idi. Oğlum altı ay babasının yanında böyüyüb. Atamla bir gündə anadan olub.
Getməmiş atama dedim ki, gedib-qayıdırıq. Dedi, nə var qayıdırsan, get bir az təmiz havada istirahət elə. Dedim, bir gündən artıq mən kənddə qalıb neyləyəcəm? Birinci gün Bakıdayam. 31-i kəndə getdim. Ayın 1-i də qayınatamgilə, Masallıya. Necə oldusa, qalası oldum. Ayın 11-də dayımın qırxı idi. Mən gedəndə dedi ki, ayın 11-də kəndə qırxa gələcəm. O sözə görə ilişib qaldım orda ki, bir də gəlib qayıtmayım. Çıxıb gəldim öz kəndimizə, gördüm ki, böyük qardaşım burdadı. Soruşdum ki, bəs ata gəlməyib? Qırxa gəlməli idi axı. Bir sözlə, gəlmədi. Ayın 11-i dedim, qayıdıb gedirəm şəhərə. Nəsə tədbir oldu, yenə ilişib qaldım orda. Ayın 16-sı elə bil yerlə göy birləşdi. Gecənin bir aləmi bir ildırım çaxdı, mən indiyədək elə yağış, elə ildırım görməmişəm. Ayın 19-u qonşu məni telefona çağırdı. Telefonu götürdüm, balaca bacım idi. Vaxtsız zəng idi. Dedi, qorxma, ata rəhmətə gedib. Telefonu çırpdım divara. Xeyli vaxt özümə gələ bilmədim. Birtəhər sakitləşdim. Təzədən zəng elədim. Soruşdum ki, nə söhbətdir? Dedi ki, televizorda göstərdilər şəklini. Qonşumuz görüb tanımışdı. Sumqayıtda yol getdiyi yerdə beyninə qan sızıb. Üç gün saxlayıblar xəbəri. 19-u AzTV-yə veriblər, o boyda aktyoru tanıyan olmayıb. Həmin vaxt sağ imiş. Xəstəxanaya çox gec aparıblar. Demirəm ki, faciəli ölümdür, ancaq evdə rəhmətə getsə idi, daha rahat olardı. Ölümü də tragikomik oldu.
– Bahadur bəy indi burada olsa idi, ona nə demək istəyərdiniz?
– Ondan soruşardım ki, sənin qabağını kim kəsib? Kim mane olub sənə?
Foto: İlkin Nəbiyev