"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə

"Böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır" - Müzakirə
29 aprel 2026
# 15:00

Kulis.az "Hekayə müzakirəsi" layihəsində Alpay Azərin "Ölümdən güclü" hekayəsi haqqında ədəbiyyat adamlarının fikirlərini təqdim edir.

Qəribə qəbir - Babək Məmmədlinin hekayəsi

Babək Məmmədli:

"Alpayın bu portret-hekayəsinin çox şeyi yerindədir: Səliqəli dili, akademik üslubu/binası, siyasi-ensiklopedik göndərmələri/naxışları. Ancaq, bu səliqəli binanın/hekayənin içi xaraba qalıb, boşdur.

Belə portret-hekayələrin ustası Əjdər Oldur, Allah qapısını açsın. Fantast yazıçı Namiq Abdullayevdən, şair Əlisəmid Kürdən yazdığı eyniadlı hekayələrində demək olar, qəhrəmanlarına rəhm etməyib. Alpayın qəhrəmanına olan ikonik rəğbəti isə sonacan imkan vermədi ki, qəribçilikdəki bu rəssam-heykəltaraş həmyerlimizi bir az da biz sevək.

Nəzərə alsaq ki, hekayə 3 il bundan əvvəl yazılıb, onda bağışlamaq olar müəllifi. Niyə "bağışlamaq"? Alpayı tanımasaydım, hansısa ortabab portret yazısını hekayə adıyla müzakirəyə verən müəllifin adekvatlığı məndə şübhə doğuracaqdı. Mənə maraqlıdır, görən, dostumuzun özü bu ruhsuz, quru hekayəsini hansı statusda görürdü? Klişe də olsa, bu ifadədəki müdrikliyi, həqiqətin sadə inikasını çox sevirəm: hər müəllifin bircə əsəri, bircə hekayəsi, bircə şeiri tutsa bəsidir. Əminəm ki, Azər Abdulla yadigarı Alpay Azərin də belə bir hekayəsi-əsəri mütləq var və yaxud olacaq. Ancaq, o hekayə bu, deyil".

Balalarımızın taleyinə biganə yanaşılmasın – Sevinc Elsevər yazır...

Sevinc Elsevər:

"Hekayədə yazılanlar doğrudursa, xoş o Arifin halına. Rektorla oturub yeyib-içmək zad. Belə şeyləri biz burda görməmişik. Mənə nəsə inandırıcı gəlmədi. Hekayədir də. Nə deyim? Bir azərbaycanlı gedir Rusiyada Sənət məktəbində oxuyur. Bəxtəvər dövrlər. Bu cür söhbətləri oxuyanda, eşidəndə qəmlənirəm. Paxıllıqdan ölürəm. Kaş mənim də gəncliyim ötən əsrin 60-70-ci illərinə təsadüf edəydi. İndi də rahat qocalığımı yaşayırdım. Uşaqlar, nəvələr zadlar da hesabıma bir gün görürdülər bəlkə. Yoxsa, bu ömür-gün deyil sürürük.

Hekayə qəhrəmanının Rusiyada gördüyü "çətinliklərdən" yazmaq istəyib müəllif guya. Amma o "çətinliklər" qarışıq qəhrəmanın keçirdiyi tələbəlik həyatı məndə ancaq qibtə doğurdu. Bilmirəm, müəllif tam olaraq nə demək istəyir o dərdsiz, qəmsiz həyatları bizə göstərməklə".

Kulis.az

Fərhad Amur:

"Alpay Azər bəyəndiyim yazıçıdır, amma bu hekayəsi, mənə görə, alınmayıb. İstədiyim rəssam obrazını, bu mövzuda ötürülməli olan hissləri görüb, duya bilmədim. Ayrılıqda bəyəndiyim hissələri oldu, amma ümumən ruhuna daha yaxın mözularda yazdığı hekayələrinin kölgəsində qalıb".

Bəxtəvər - Orxan İsmayıl

Orxan İsmayıl:

"Əvvəlcə qeyd edim ki, müəllifin bundan əvvəl daha iki hekayəsini oxumuşam və həmin hekayələr də bir çox cəhətdən "Ölümdən güclü"yə bənzəyir. Hərçənd bu mətndəki statiklikdən adamı yuxu tutur. Arif gəldi, oturdu, baxdı, xatırladı... Dinamika yoxdur. Alpay rəssamdan yazıb deyə, elə bilir ki, hekayə də tablo kimi donub qalmalıdır. Amma axı nəsr (ələlxüsus da hekayə) sakit, axarsız göl deyil, qıjıldayıb axan çaydır. Əgər otağın rəngini təsvir etməyə ayrılan enerji obrazın daxili çırpıntılarına ayrılsaydı, bax onda biz tamam başqa şeylərdən danışardıq.

Digər tərəfdən, zənn edirəm ki, müəllif bu hekayəsində ideya ilə nəticəni səhv salıb. Diplom işinin bəyənilməsi sənətin ölümdən güclü olması demək deyil. Sadəcə komissiyanın zövqünə uyğun gəlib, fərqləndirilib, qiymətləndirilib, vəssalam. Kaş ki, Arif bürokratik bir uğurdansa, mənəvi ucalığa çatdırılaydı.

Hekayədəki bəzi cümlələr olduqca mənasız, gərəksiz təsir bağışlayır. Onları əsl yazıçı cümlələriylə əvəzləmək gərəkdir. Məsələn, "Arifin içində 6,5 ballıq zəlzələ baş verdi...", "Yekə əlini onun gözü qarşısında yumruq halına gətirdi...".

Müəllif oxucunu sarsıtmaq üçün uşağın qarışqanı yeməsi səhnəsini qələmə alıb. Səd-əfsus ki, bu səhnə hekayənin toxumasına üzvi şəkildə oturmur. Sadəcə oxucunu vaysındırmaq üçün mətndə bir yamaq kimi durur.

Bəzi yerlərdə obrazların bir-biriylə danışığı da canlı insan dilinə bənzəmir. Məsələn, "Həmişə sənət haqqında düşün, Arif. Sənət elə bir dünyadır ki, ora daxil oldunsa, gərək hər şeyi unudasan...". Belə cümlələri hekayədə işlətmək, məncə, doğru deyil. Romanda işlətsən, olar, amma hekayədə yox... Həm də bu cür dialoqlar bədii deyil, informativdir.

Nəticə etibarilə belə deyə bilərəm ki, Alpay Azərin qələmi təmiz olsa da, cəsarətsizdir. O, hekayəsinin strukturunu elə qurub ki, orada hər şey qaydasında olsun, hamı düzgün danışsın, sonunda isə ədalət zəfər çalsın. Amma böyük ədəbiyyat bu qaydaların pozulduğu yerdə başlayır".

# 81 dəfə oxunub

Oxşar xəbərlər

"Ağ maral düzənliyi"  - Bir xalqın epik yaddaşı

"Ağ maral düzənliyi" - Bir xalqın epik yaddaşı

14:00 29 aprel 2026
Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

Vera Vasilyevnanın budlarını unuda bilməyən gənc - Ulucay Akif

12:00 29 aprel 2026
"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

"Qadın “dır-dır”ı olmasa, bəlkə də ..." - Kişilər niyə bütün gün özünü oda-közə vurur?!

12:00 28 aprel 2026
"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

"Qədim Tiflisin ədəbi boheması" - Gürcü şair Azərbaycan irsi barədə nə yazmışdı?

17:48 24 aprel 2026
Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

Macəra ədəbiyyatının mahir ustası - O, ilk dəfə hansı mövzunu işləmişdi?

14:20 24 aprel 2026
"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." -  "Müasir Homer" adlandırılan yazıçı

"Böyüyün əzəməti balacaları əzmədən yaşamağındadır..." - "Müasir Homer" adlandırılan yazıçı

13:30 24 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər