Almaz Ələsgərli: "Həyat yoldaşım sənətdə nəsə etməyimə imkan vermədi" - Müsahibə

Almaz Ələsgərli:  "Həyat yoldaşım sənətdə nəsə etməyimə imkan vermədi" - Müsahibə
26 oktyabr 2026
# 10:00

Bu il Əməkdar artist Almaz Ələsgərlinin 60 illik yubileyidir.

Kulis.az sənətçi ilə yubiley müsahibəsini təqdim edir.

- Almaz xanım, illər sizə nə öyrədib?

- İllər mənə təcrübə qazandırıb. Artıq 43 ildir bu sənətdəyəm və teatr mənim həyatımın bir parçasıdır. 1985-ci ildə Musiqili Teatrda çalışmağa başladım. O vaxt Hacıbaba Bağırov, Nəsibə Zeynalova, Ofeliya Məmmədzadə, Ramiz Məmmədov, Arif Quliyev və başqa tanınmış aktyorlar burada işləyirdilər. Mən isə cəmi 18 yaşında idim və onlarla səhnə paylaşırdım. Bu, əlbəttə, asan deyildi. Hələ səhnənin nə olduğunu, rolun necə oynanıldığını tam bilmirdim. Amma məni seçdilər, istedadıma və səsimə inandılar. Teatrdakı ilk addımlarım belə başladı.

“Nəğməli könül” tamaşasında gözəl orkestrin müşayiəti ilə canlı ifalar edirdik. Görkəmli sənətkar Mobil Əhmədov həm müəllimim, həm də tərəf müqabilim olub. Ələkbər Əliyev və Hacıbaba Bağırovla da səhnəni bölüşmüşəm.

Teatrda iki il işləyəndən sonra anladım ki, müğənniliyə daha çox meylim var. Həmin vaxt İncəsənət Universitetində birinci kursda oxuyurdum. Sonra Rəşid Behbudovun Mahnı Teatrına üz tutdum. Rəşid müəllim məni çox səmimi qarşıladı, səsimi bəyənirdi. Deyirdi ki, sən “samorodok”san, yəni təbii istedadın var. Onunla üç il işlədim. Daha sonra müğənnilik fəaliyyətimi davam etdirdim.

- Rəşid Behbudovun Mahnı Teatrından ayrılmağınız hansısa narazılıqla bağlı idi, yoxsa müğənniliyə daha çox vaxt ayırmaq istəyirdiniz?

- Yox, xüsusi bir narazılıq yox idi. Çox gənc idim və düşünürdüm ki, oxumaq həyatımda ala biləcəyim ən böyük mükafatdır. Amma aktyorluq qabiliyyətim də var idi, İncəsənət Universitetinə qəbul olunanda imtahanda mənə üç “5” yazıb dairəyə aldılar. Dedilər ki, çox istedadlı qızsan, həm oxuyursan, həm oynayırsan, həm də şeir deyirsən. Bir sözlə, aktyorluğun müxtəlif sahələrində bacarığım olduğunu gördülər.

- Bu istedad uşaqlıqdan özünü göstərirdi?

- Bəli, uşaqlıqdan. Ana tərəfimdə hamı istedadlı olub.

- Necə bir ailədə böyümüsünüz?

- Çox sadə, orta səviyyəli bir ailədə böyümüşəm. Evin sonbeşiyiyəm. Beş uşaq idik, bir qardaş, dörd bacı. Qardaşım dünyasını dəyişib, indi dörd bacı qalmışıq.

- Evin sonbeşiyi olmağınızın ərköyün böyüməyinizdə də rolu vardı?

- Bəli, mənə daha çox sərbəstlik verilirdi. Ev işləri görməyimə, necə deyərlər, icazə vermirdilər. Məndən böyük bacılarım vardı, anam da həmişə məni qoruyurdu. İstedadıma inanırdı.

- Ailənizdə musiqiyə, incəsənətə maraq vardı?

- Hamımızın səsi gözəl idi. Anam tar çalırdı. Ana tərəfdən balaxanılıyıq və ailəmizdə incəsənətə meyil güclü olub. İki dayım 1966-cı ildə Filarmoniyanın əsas rəqqasları olublar. Sanki ailəmizdə kiçik bir konservatoriya vardı.

Mən rus məktəbini bitirmişəm, amma universitetdə Azərbaycan dilində təhsil almışam. Yaxşı oxuyurdum, müəllimlərim də məndən razı qalırdı.

- Sənət seçiminizə ailənizin münasibəti necə oldu?

- Atam da, qardaşım da əvvəlcə istəmirdi ki, bu sənətin ardınca gedim. Anam isə onların qarşısında dayandı. Dedi ki, uşağın istedadı var, qoy oxusun. Mənə də “get, oxu” deyə dəstək oldu.

- Valideynlər, xüsusən də qız övladlarının müğənnilik və aktyorluqla məşğul olmasına bəzən qarşı çıxırlar. Ananız onları necə razı sala bildi?

- Anam həmişə deyirdi ki, özündə olanı məndə görür. Özü musiqinin, oxumağın ardınca getməmişdi, amma mənə deyirdi ki, sən get və heç vaxt geriyə baxma. Mənə inanırdı, bu yolda peşəkar olacağıma əmin idi. Deyirdi ki, istedad Allah vergisidir. Anam dağ kimi arxamda dayanmışdı, demişdi ki, kim nə deyir-desin, sən bu sənətin ardınca get. Geriyə baxsan, sənət adamı ola bilməyəcəksən. Beləcə, universitetə qəbul oldum.

- Belə başa düşürəm ki, atanız daha mühafizəkar, ananız isə daha sərbəst düşüncəli olub.

- Əslində, çox yaxşı atam olub. Bizə qarşı mülayim idi, sadəcə qürurlu adam idi. İşdən gələndə bəzən gizlənməyə yer axtarırdıq. Hamımızı bir-bir çağırıb soruşurdu ki, bu gün nə etmisiniz, gündəliklərinizi gətirin, baxım. Sonra qiymətlərimizi görüb sevinirdi. Qaydaları da vardı, ondan bir az çəkinirdik.

- Ailənizdə qadağalar çox idi? Atanız sənət seçiminizə necə baxırdı?

- Qadağalar vardı, atamızdan çəkinirdik. Amma sənət məsələsində anam daha çox yanımda olurdu. Mən Razində böyümüşəm. Evimizin yanında klub vardı, orada “Mahur” instrumental ansamblı fəaliyyət göstərirdi. On iki yaşımdan ora gedir, bəstəkar mahnılarını öyrənir, ansamblla oxuyurdum. Ancaq əvvəlcə idmançı olmuşam. Həndbolla ciddi məşğul olurdum, az qala peşəkar səviyyəyə çatmışdım.

- Həndbola marağınız necə yaranmışdı?

- Qardaşım idmançı idi, yığma komandada oynayırdı. Sonbeşik olduğum üçün məni də həmişə özü ilə məşqlərə aparırdı. Beləcə həndbola başladım. Sol əllə oynayırdım. Rəqiblər sağ əllə oynamağımı gözlədiklərinə görə bu, mənə üstünlük verirdi. Yaxşı oyunçu idim.

Bir gün məktəbdə Yeni il şənliyinə hazırlaşırdıq, karnaval üçün kostyum götürməli idik. Razindəki kluba getdik. Orada kostyum kirayə verirdilər. Birdən qapı açıldı və gördüm ki, səhnədə ansambl məşq edir. Onları görəndə sanki məni cərəyan vurdu. Öz-özümə dedim ki, mən oxumaq istəyirəm.

Evə gələn kimi bacımdan xahiş etdim ki, məni sabah ansambla aparsın. Əvvəllər Nisə Qasımovanı təqlid edir, xalq mahnılarını sevə-sevə oxuyurdum. Bacım ertəsi gün məni ansambla apardı. Rəhbərlər Firuzə xanım və Bəxtiyar müəllim də ana tərəfdən balaxanılı idilər.

Məndən hansı mahnını oxuyacağımı soruşdular. Oxudum, bəyəndilər və dedilər ki, sabahdan məşqlərə gəl. Həmin gündən idmanı kənara qoydum. Elə bil qarşımdakı qapılar açıldı. 14-15 yaşımdan ifaçılıqla məşğulam.

- Atanız sizi hansı sahədə görmək istəyirdi?

- Düzü, atam bu barədə çox danışmırdı. O, əsasən işləyib bizi dolandırırdı. O vaxtlar həyat çətin idi. Villamız, maşınımız, ikimərtəbəli evimiz yox idi, həyətimiz və evimiz vardı. Amma soyuducumuz həmişə dolu olurdu.

- Atanız nə işlə məşğul olurdu?

- Atam işıqçı idi. İşıq avadanlıqlarının quraşdırılmasını və təmirini çox yaxşı bilirdi. Ailəmiz böyük olduğuna görə bizi dolandırmaq üçün başqa fabrik və zavodlarda da işləyirdi. İmkanlarımız geniş olmasa da, bizi qarnıtox böyüdürdü. Sənət yolum da elə o ailədən, o mühitdən başladı.

- Universitetə qəbul olunanda atanızın xəbəri vardı?

- Yox, xəbəri yox idi. Bu barədə yalnız anam bilirdi. Ansambl rəhbərim məni imtahana yaxşı hazırlamışdı. Danışığımda rus ləhcəsi vardı, ona görə şeirləri və yanıltmacları xüsusi məşq etmişdik.

İmtahanı çox yaxşı verdim. Komissiyada Lütfiyar İmanov, Şəfiqə Məmmədova, Həsən Turabov kimi sənətkarlar əyləşmişdilər. Mənə üç “5” yazdılar.

- Atanız bunu sonradan biləndə necə reaksiya verdi?

- Heç vaxt hisslərini açıq göstərmirdi. Anam ona qızının universitetə qəbul olunduğunu deyəndə başını tərpətdi, başqa söz demədi. Məni heç təbrik də etmədi. Amma sonralar mənimlə fəxr edirdi. Kimsə ona “Qızın necə gözəl oxuyur, televizorda gördük” deyəndə xoşuna gəldiyini hiss edirdim.

- Tamaşalarınıza, konsertlərinizə gəlirdi?

- Anam konsertlərimə gəlirdi. Atam da bir dəfə “Nəğməli könül” tamaşasına baxmağa gəlmişdi. Sarayda keçirilən konsertimdə də olub.

- Universitetə neçə yaşınızda qəbul oldunuz?

- Təxminən 18 yaşımda. O vaxt ali məktəbə qəbul olunmaq üçün iki illik iş stajı tələb edilirdi. Buna görə əvvəlcə iki il işlədim, sonra universitetə daxil oldum.

- Ailə həyatını da erkən qurdunuz?

- Bəli, gənc yaşda ailə qurdum. 22 yaşım vardı. Universiteti 1990-cı ildə bitirdim, həmin il də qızım dünyaya gəldi.

- Sənət adamları bəzən ailə qurmağa daha gec qərar verirlər. Siz isə erkən ailə qurmusunuz. Bu, sənət yolunuza necə təsir etdi?

- Mən tez ailə qurdum. Həyat yoldaşım sənətdə nəsə etməyimə imkan vermədi. Uşaqlarım da bir-birinin ardınca dünyaya gəldi.

- Həyat yoldaşınızla necə tanış olmuşdunuz?

- İnstitutda tanış olduq. O, ticarətlə məşğul idi və dostunun yanına gəlmişdi. Orada məni gördü, tanış olduq və bir-birimizi sevdik. Həmişə deyirəm ki, uşaqlarım sevgidən dünyaya gəlib. Təəssüf ki, həyat yoldaşım artıq həyatda yoxdur.

- Aranızda təxminən 20 yaş fərq vardı?

- Bəli, o məndən 20 yaş böyük idi.

- Ailəniz bu münasibətə necə yanaşdı? Yaş fərqinə görə etiraz edənlər vardımı?

- Anam qətiyyən istəmirdi ki, onunla ailə qurum. Amma ürəyə hökm etmək olmur. Mən sevirdim. Təəssüf ki, sevgimiz uzun sürmədi. Dörd ildən sonra ayrıldıq.

- Sevginin bitdiyini nə vaxt hiss etdiniz? Nə baş vermişdi?

- İndi desəm ki, yalnız mən haqlı idim, bəlkə də siz başqa cür düşünərsiniz. Əslində, yaşlarımız və həyata baxışımız uyğun gəlmirdi. O bir şey istəyirdi, mən başqa şey. Bizi ayıran da bu fərq oldu.

- Yəni sizin həmin vaxt yaşadıqlarınızı o, təxminən 20 il əvvəl yaşamışdı.

- Bəli, elədir. Mən cavan idim, şıltaq və şux idim. Həmişə gülüb-danışan olmuşam. O da ünsiyyətcil adam idi, amma mənim bu qədər gülüb danışmağımı xoşlamırdı.

- Siz diqqət mərkəzində olduğunuz üçün qısqanclıq da vardı?

- Bəli, çox qısqanırdı.

- Belə çıxır ki, onun istəklərinə uyğun yaşamaq istəməmisiniz?

- Yox, mən ərköyün böyümüşdüm və özümə inanırdım. Bilirdim ki, heç vaxt çətinlik qarşısında aciz qalmayacağam. Sənətim vardı, öz çörəyimi qazanacağıma və uşaqlarımı böyüdəcəyimə inanırdım.

- İlk ifa etdiyiniz bəstəkar mahnılarını xatırlayırsınız? Sizin üçün xüsusi yazılmış ilk mahnı yadınızdadır?

- İlk mahnını dəqiq xatırlamıram. Nailə Mirməmmədlinin, Vaqif Gərayzadənin mahnılarını oxumuşam. Sonra Faiq Sücəddinov, Cavanşir Quliyev, Eldar Mansurov və başqa bəstəkarlarla əməkdaşlıq etmişəm. “Bakı payızı” ilə bağlı da xatirələrim var.

- Neçə yaşınızdan mahnı oxumağa başladınız?

- 17-18 yaşlarımdan, universitetə qəbul olandan sonra.

- Hansı mahnıdan sonra geniş auditoriya tərəfindən tanındığınızı hiss etdiniz?

- Alim Qasımovla duet oxuyandan sonra. Klipimiz çox məşhur oldu, bu gün də həmin klipi xatırlayırlar.

- Həmin duet təklifi necə gəldi?

- Universitetə qəbul olanda Vaqif Gərayzadənin ansamblında oxuyurdum. Universitetin və başqa təşkilatların tədbirlərində çıxış edirdik. Bir gün Vaqif müəllim dedi ki, belə bir mahnı yazmışam, Alimlə duet oxuyun. Mən də razılaşdım. Mahnını Yeni il şənliyində ifa etdim. O vaxt yanvar ayında təxminən on günlük tətil olurdu. Şənlikdən sonrakı günlərdə mahnını tez-tez yayımlayırdılar. On gün keçməmiş metroda rahat hərəkət edə bilmirdim, hamı mahnını oxuyur, məni tanıyırdı. Elə o vaxtdan populyarlaşdım və insanlar məni tanımağa başladı.

- “Sənsizəm”, “Qadasın mən alım”, “Xatirələr” kimi mahnılarınız da çox sevilib. Bu mahnılar ard-arda sevilsə də, sonradan sanki həmin uğurun davamı gəlmədi. Sizcə, səbəb nə idi?

- Əslində, yeni mahnılarım olub, indi də çox gözəl mahnılarım var. Sadəcə, illər keçib. Bu gün dinləyici daha yüngül mahnılara üstünlük verir. Mən isə həmişə çətin, geniş diapazonlu, ifaçılıq baxımından mürəkkəb mahnılar oxumuşam. Asan, bir-iki not üzərində qurulan mahnılara meylim olmayıb. Çətin mahnını hər adam oxuya bilmir. Bu yolu seçməyimin doğru olduğunu düşünürəm.

- Teatrdan ayrıldıqdan sonra səhnəyə qayıdışınız necə oldu?

- Sonralar Timuçin Əfəndiyev məni universitetə dəvət etdi. Estrada fakültəsində vokal müəllimi kimi beş il işlədim. Bir müddət sonra yenidən teatra qayıtmaq istədim və universitetdən ayrıldım. Artıq on ildir teatrda çalışıram.

- Teatra qayıtmaq istəyiniz necə yarandı?

- Teatrın direktoru mənə dedi ki, burada əvvəllər işləmisən, tamaşaların və rolların olub, gəl, onları bərpa edək. Dedi ki, teatra çox yaraşırsan. Mən də qayıtdım.

- Teatrda özünüzü rahat hiss edirsiniz?

- Əlbəttə. Gəldiyimə peşman deyiləm. Teatr mənim ikinci evimdir. Çox gözəl truppamız, istedadlı aktyorlarımız və aktrisalarımız var. Burada gözəl tamaşalar oynanılır. Mən də canla-başla işləyirəm.

- Bildiyimə görə, toylara çox getmirsiniz.

- Bəzən gedirəm. Elə insanlar olur ki, məhz mənim iştirak etməyimi istəyirlər. Belə hallarda dəvət razılaşır, çıxış edirəm. Amma hər təklifi qəbul etmirəm.

- Müğənni kimi əvvəlki həvəsiniz qalıbmı?

- Müğənnilik həvəsim var. Sadəcə, şou-biznesə baxanda bir az ruhdan düşürəm.

- 60 illiyiniz münasibətilə konsert verməyi planlaşdırmışdınız?

- Yox, konsert etmədim. Restoranda gözəl bir məclis təşkil etdim. Teatr dostlarımı və sevdiyim insanları dəvət etdim. Çox xoş keçdi.

- Son vaxtlar sizi efirlərdə də az görürük. Bunun xüsusi səbəbi var?

- Yox, elə deyil. Bəzən bir verilişə çıxıram, özümü göstərirəm, bu mənə kifayət edir. Düşünürəm ki, tamaşaçını da çox yormaq lazım deyil.

- Son vaxtlar film və serial təklifləri alırsınız? Teatrdan kənar fəaliyyətə marağınız varmı?

- “Oğurlanmış arzular” serialında çəkilmişəm. Kino ilə bağlı da təkliflər olur, amma hər dəfə razılıq vermirəm. Bəzən ssenari xoşuma gəlmir, bəzən də maddi şərtlər uyğun olmur. Ona görə seçim edirəm. Təkliflər isə kifayət qədərdir.

- Övladlarınızdan musiqiyə və ya teatra maraq göstərən olub?

- İki qızım var, hər ikisi istedadlıdır, amma bu sahəyə maraqları olmayıb.

- Maraqları olmadığı üçün bu yolu seçməyiblər, yoxsa siz də onların sənətə gəlməsini istəməmisiniz?

- Böyük qızım xaricdə tibb sahəsində çalışır, tibb bacısıdır. Kiçik qızım isə turizm agentliyində işləyir. Hər ikisinin gözəl səsi var, xüsusən də kiçik qızımın. Amma özləri istəməyiblər.

- İstəsəydilər, onların sənətə gəlməyini arzulayardınız?

- Əlbəttə. Həmişə deyirdim ki, hansı işi seçirsinizsə-seçin, onun peşəkarı olun. Mənə görüntü xatirinə nəsə etmək lazım deyil. Əgər ciddi məşğul olmayacaqsınızsa, heç oxumayın. Onlar isə mənə deyirdilər ki, ana, sən oxuyursan, özün oxu, bizə dəymə.

- Pedaqoji fəaliyyətlə məşğul olmaq sizə maraqlı olub?

- İncəsənət Universitetində beş il vokal dərsi demişəm. Tələbələrlə işləyirdim, işim də yaxşı gedirdi. Amma sonra fikrimi dəyişib teatra qayıtdım. Pedaqoji fəaliyyətə davam etmək istəmədim.

- Gələcəkdə sırf müğənniliyə qayıtmaq fikriniz var, yoxsa teatrla davam edəcəksiniz?

- Mən artıq teatrla yoluma davam edirəm. Üstəlik, teatrda musiqi də var, aktyorluq da, kino və seriallarla bağlı imkanlar da. Hər şey bir yerdədir.

- Amma müğənnilikdən tamamilə uzaqlaşmırsınız.

- Yox, müğənniliyi necə atım? Heç vaxt atmaram. Disklərim mahnılarla doludur. Onları haradasa oxumalıyam. Mahnılarımı kənara qoya bilmərəm.

- Mahnılarınız arasında özünüzə ən doğma bildiyiniz hansıdır?

- Bütün mahnılarım mənə əzizdir. Hər birini sevə-sevə oxumuşam. Düzdür, repertuarımda bəyənmədiyim mahnılar da var. Elələri var ki, artıq oxumuram. Rəfiqələrim soruşurlar ki, niyə oxumursan? Deyirəm, xoşuma gəlmir.

- Mahnını musiqi baxımından bəyənmirsiniz, yoxsa sözləri xoşunuza gəlmir?

- Bəzən mahnı ürəyimə yatmır, səbəbini dəqiq izah edə bilmirəm. Elə mahnılar var ki, başqaları çox bəyənir, ifamdakı notları tərifləyirlər. Amma mən özüm razı qalmıram. Bu, zövq məsələsidir.

- Teatrda özünüzə daha doğma bildiyiniz rol varmı?

- “Arşın mal alan” və “O olmasın, bu olsun” tamaşalarını çox sevirəm. Mənim rollarım əsasən xanım-xatın obrazlarıdır. Hətta buna görə mənə deyirlər ki, arıqlama, bu obrazlar sənə yaraşır. Həmin geyimləri əynimə geyinəndə hamı deyir ki, elə bil rol sənin üçün yazılıb.

- Tamaşaçılar arasında sırf sizi görmək üçün teatra gələnlər varmı?

- Əlbəttə, var. Rəfiqələrim zəng edib deyirlər ki, bilet almışıq, bu gün sənin tamaşana gəlirik. Mən də səhnəyə çıxmazdan əvvəl deyirəm ki, qonaqlarım olacaq, yerlərini yaxşı təşkil edin.

- Səhnə arxasında tamaşaçının görmədiyi, sonradan gülərək xatırladığınız hadisələr olub?

- Olub. Bir dəfə söhbətə elə aludə olmuşdum ki, pərdə açıldı, amma mən səhnəyə çıxmalı olduğumu unutmuşdum. İki-üç saniyə gecikdim. Maraqlıdır ki, zalda heç kim hiss etmədi. Tamaşadan sonra rəfiqələrim dedilər ki, necə də gözəl, tələsə-tələsə səhnəyə çıxdın. Mən də soruşdum ki, doğrudan, yaxşı alındı? Əslində, ürəyimdə özümü danlayırdım ki, gərək daha sakit çıxaydım.

- Aktrisa və müğənni kimi gələcək planlarınız nələrdir?

- Əsas planım yeni tamaşalarda rol almaq, onları sevə-sevə oynamaqdır. Yaxşı bir kino layihəsi olsa, onu da nəzərdən keçirərəm. Təkliflər çoxdur, amma seçim etmək lazımdır. Ssenarini oxuyuram, bəyənməyəndə razılıq vermirəm. Maddi məsələ də vacibdir. Həm ssenari, həm də şərtlər uyğun olmalıdır.

# 851 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər