"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi

"İntim və məhrəm heç nə qalmır..." - Layklamaq və layklanmağın həzzi
19 noyabr 2024
# 15:00


Kulis.az Ülvi Babasoyun “Sənətin entropiyası” silsiləsindən II essesini təqdim edir.

əvvəli burada

Közərən payız Günəşində qızınırdım. Mərcan Fərşadın “İtalyan şərabı” (“Italian Wine”) məni yaman sər xoş etmişdi. Sərxoşluqdan Günəş balına bürünmüşdüm:

It's like a breath taken, it's like a lost way from the shore
It's a dark ground where there used to be a garden before
It's called solitude, it never kills...

Alınan nəfəs kimidir, sahildən silinmiş yol kimidir
Bir vaxtlar bağ-bağçaydı, indi qaranlıq diyardır bura
Tənhalıq deyirlər buna, öldürmür heç vaxt.

“İtalyan şərabı”nı neçənci dəfə içirdim, Allah bilir, qədəhlərin sayını itirmişdim. Telefonumun ekranını yandırdım, “playlist”in dayanma butonuna basdım və blutuzla əlaqəni kəsib qulaqlıqları qutusuna qoydum. Dar bir küçəyə buruldum.

Bu nəğmə mənə “Çoban Ulduzu və Günəş” əfsanəsini xatırladır. Əfsanəyə görə bir-birilərini çox sevmişlər Günəş Qızla Çoban Ulduzu. Ancaq onlara qarşı olan dünya başa düşməyib aşiqləri, aralarına girib. O gündən Çoban Ulduzu ya Günəşdən əvvəl, ya da batandan sonra çıxıb.

Dar küçənin kirdən və qədimlikdən aşınmış səkisinin üstündə bir dəstə yeniyetmə dayanmışdı. Əynində qara, kapşonlu gödəkcə olan tösbərək oğlan uçuq-sökük divara nəsə yazırdı. Mavi cinsli, boz jaketli yeniyetmə isə zümzümə edirdi: “Mən buralara yıxıla-yıxıla gəlmişəm, sıxıla-sıxıla, boğula-boğula gəlmişəm”.

Oğlanın jaketinin sinəsinə “Dior” yazılmışdı. Uzunluq və arıqlıqdan qozbelləşən yeniyetmə yeraltı mədəniyyətini təmsil etdiyi kimi, əynindəki jaket də “Christian Dior”un “underground” versiyası idi...

Yazı mərasimi bitəndən sonra oxumağa başladım. Fərqli ünsiyyət və mesajlaşma vasitələri ilə tanış oldum. Lakin bir saytın adı diqqətimi çəkdi. Dünyanın ən böyük, rəqəmsal porno platformalarından biri idi. Qəribədir, bu gün ən qədim yazışma mədəniyyətlərindən olan daş kitabələrdən rəqəmsal xidmətlərə, linklərə keçid edə bilirik. Yeniyetmələrin qarşısında toplaşdığı divar uzaq keçmişdən qalan tikilinin qəbiristanlığıdır.



İnsan yazmaq və oxumaq üçün hər cür yol axtarır və tapır. Qiyom Pitron rəqəmsal dünyanı cəhənnəm adlandırır. Pitronun kitabının adı belədir: “Rəqəmsal cəhənnəm: laykın sonuna səyahət”.

Psixoloq Stiven Pinkerə görə, hər bir dövrdə mediatik kəşflər insan üçün təhlükəli hesab olunmuşdur. “Qəzetlərdən kinoya, romandan telefona qədər çıxan hər bir yeni media insanları təlaşlandırdı”.

XV əsrin mühafizəkarlığı mətbəəni insan ağlı üçün təhlükəli, zərərli gördü. XX əsrdə radionun demokratiya və gözəl adətlərə zərər verdiyini söylədilər. Daha sonra televiziyanın zehni və fiziki sağlamlığımızı əlimizdən alacağı vurğulandı.

İndi isə kompüter və rəqəmsal texnologiyanın ətraf mühitə və ekologiyaya zərər verməsi barədə informasiyalar bu texnologiyalara aid platformalar vasitəsilə elan edilir. Rəqəmsal texnologiya ilə işləyən iri sənaye obyektləri isə hamımızın müştərək evi olan təbiəti və insanı biofiziki sərhədlərin kənarına itələyir.

Statiskalara görə, Amerikada bir yeniyetmə gününün 7 saat 22 dəqiqəsini virtual dünyada yaşayır. Və bu cür var olmağın faydallılıq əmsalı olduqca aşağıdır. Əlimdə statiska olmasa da, bəlkə də, ölkəmizdə bundan daha yuxarıdır. Hətta o-5 yaşında uşaqları da bura əlavə edə bilərik.

Bu gün insanların bir qismi üçün internet və fəstfud var olmaq formasıdır. Yəni, onları fəstfud və internetlə təmin et, başqa yaşamaq, var olmaq formalarından imtina edərlər. Misal üçün, əlli yaşlarında bir ailə başçısı saatlarla TikTokda var olmağı seçir. Qalan yaşamaq formaları “tiktoklamağın” yanında nəsə ifadə etmir.

Və beləcə, madddi varlığı olmayan rəqəmsal texnologiya və mühitin anatomiyasını üzə çıxarmaq istəyirik. Belə bir mühitdə nəyisə və ya kimisə layklamaq duyğu üzvlərimizin sərhədlərini belə aşır. Laykın həzzi və dadı çox şeyi üstələyir. Yeni bir duyğu üzvü yaradır. Bu, altıncı hissə yüksəlmək də deyil. Layklamaq və layklanmaqdan doğan duyğudur, yeddinci hissdir.

Rəqəmsal dünyada nə qədər zənginiksə, bir o qədər aşınma da gedir. Nə qədər məhrəm, özümüzə aid alqoritmik bir mühit yaradırıqsa, o qədər də şəxsi həyatımız ümumiləşir. Daldalandığımız rəqəmsallıq cənnətimiz kiberhücumların cəhənnəminə çevrilir.

Franz Kafka “Qəsr” romanında hələ mövcud olmayan rəqəmsal dünyanın konturlarını çəkirdi. “Qəsr”in kordinatları əyani idi, realdı, indi isə onlayndır. Kafka “Qəsr”dən kənara çıxmayan K.-nin fərd ola bilməməyinin lənətini göstərirdi. Qəsrsiz, yəni sərhədsiz K. yoxdur, mövcud deyil.

Sevgilisi ilə bərabər vaxt keçirmək, öpüşmək istəyir. Hər an başının üstünü gözətçilər kəsdirir. İntim və məhrəm heç nə qalmır. İntim həyatlarına belə təcavüz edirlər.

İndi isə hər tərəfdən boylanan rəqəmsal xidmətlər, kameralar (ən yaxını isə mobil telefonlarımızın kameralarıdır) və serverlər şəxsi həyatları gün işığına çıxarırlar.

Umberto Eko internetin kəşfi ilə yenidən keçmişə qayıtdığımızı dilə gətirir: “İnternetlə əlifba dövrünə qayıtdıq. Vizual sivilizasiyaya daxil olduğumuzu düşünsək də, kompüter bizi geriyə - Qutenberq planetinə apardı və artıq hamı oxumağa məcburdur. Mütaliə üçün maddi bir mühit, vəsait lazımdır. Bu maddi vəsait təkcə kompüter deyil”.

Ən qədim dövrlərdə daşlı-kəsəkli yollardan keçən məktublaşma ilkin sənaye inqilabında dəmir yolları ilə davam etdi. 1971-ci il 2 oktyabr tarixində amerikan mühəndis Rey Tomlinson ilk elektron məktubu yolladı. Və insanlar rəqəmsal kəşflərlə işıq sürətini əldə etdilər.

Pitron deyir ki, Suriyada bir İŞİD üzvü fiziki olaraq cihad etsə də, həbs olunanda mobil telefonunun lokasiya məlumatları ilə təqsirləndirilir. Çünki Amerikanın “Gallant Phoenix” proqramı bütün məlumatları yaddaşda saxlayır. Kafkanın gələcəklə bağlı proqnozu necə də reallaşır. Sənətdə metamorfoz hadisəsi fərqli bir formatda baş verir.

İndi sevdiyimiz bir qadınla xoş anı və ya pişiyimizin başını sığallamağı sosial şəbəkələrdə paylaşmaq da rəqəmsal bir əməldir, hərəkətdir. Covid-19 isə rəqəmsal əməllərimizi daha baxımlı və daimi etdi.
2030-cu ildə Ümumdünya Hörümçək Toru dünyadakı bütün insanları bir-birinə bağlayacaq. “Duyğuların interneti” və “Yaşıl, süni intellekt” real dünyanı əvəz edir və edəcək.

Rəqəmsal dünya bizi “heçlik” və “boşluq” ilə paralel şəkildə var edir. Mobil telefonumuzdakı maraq dairəmiz, şəkillərimiz və başqa rəqəmsal məlumatlarımız hansı yuvanın quşu olduğumuzu göstərir.
GAFAM (Google, Apple, Facebook, Amazon, Microsoft) daima rəqəmsal xoşbəxtliklər təqdim edir. Bu gün xoşbəxt olmaq üçün real, fiziki dünyadan imtina etməliyik. Hamı yaşıl dünya naminə həmrəy olarkən sintetik günəşlər (Mənə natural Günəş lazımdır) belə icad edilir.

Sintetik günəş və təbiət formalaşır. Rəqəmsal kirlənmələr ekologiyaya da ciddi, sarsıdıcı zərbələr endirir. Bəs indi nə etməliyik? Rəqəmsal mühitdən uzaq durmalıyıq? Xeyr, çünki tarix bizə hər bir yeniliyə reaksiya verməyi və immunitet yaratmağı öyrətməyə davam edir.

Bodriyarın deyimiylə, təkrarlanan tarix saxta olur, təkrarlanan saxtakarlıq da tarix. Təkrarlanan tarixin acığına yenilənən isə sənətdir, musiqidir, ədəbiyyatdır, romandır, şeirdir... Axı sənət təkrarlanmayan, alternativ bir tarix və dünya verir.

Tutalım ki, bir xanımı sevirsiniz və onun şəklini vatsap və ya feysbuk şəbəkəsində bəyənirsiz, hətta bəyənməklə kifayətlənməyib ürəkləyirsiz. Xanım sizə 100 kilometr uzaqlıqdadır. Həmin layk ən azı 100 kilometr yol gedir. Anında layk butonu sıxılır və əziz, doğma xanımın səhifəsində görünür.

Yeddiqatlı göyqübbə kimi yeddiqatlı internet mərtəbələrindən keçir. Əvvəlcə sizin terminaldan (kompüter, mobil telefon və ya planşet) həmin layka icazə verilir.
Daha sonra kilometrlərlə kibernetik süzgəclərdən axır. Yoxkən var olur. Virtual varlıq, mövcudluq yaradır. Eynilə Mərcan Fərşadın “İtalyan şərabı”na qulaq asarkən işə düşən blutuzun var olma mexanizmi kimi. Qulağıma anında gələn səs və ahəng, ritm və harmoniya sənətin terminallarından keçib artıq yox olan sevgilinin varlığını yaradır.

Mərcanın fars dilində olan nəğmələrində də həmin intonasiya var. Sevdiyi insanın bədənində nəfəs alan, solan və sönən öpüşləri yenidən dirildir.
Necə deyirdi?

Like if the moonlight was never dancing on your face
I was looking at you, did you see it, too?

Sanki Ay işığı heç vaxt rəqs etmirdi üzündə
Sənə baxırdım mən, Sən Allah, gördünmü?

# 1629 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #