Karantin günlərində var olmaq formulu

Karantin günlərində var olmaq formulu
25 mart 2020
# 16:30

Sirk meymunu yaratmaq

Karantin günlərində məni ən çox düşündürən mövzulardan biri “fərdi azadlıq” oldu. Təbii ki, Habermasın fərdi azadlıq tezisi ilə yanaşsaq, heç bir yerdə mütləq şəkildə fərdi azadlıq yoxdur. Qida, hava, su, məkan və zamana məhkumuq. Yəni insan zəifliyi ilə güclü və azaddır. Koronavirus çağında isə bu düstur hər kəs üçün zəruridir. Əgər insan vücudu neqativ maddələri kənara atsa, immun sistemi zəifləyir və virus aktivləşir. Ömər Xəyyamın bir rübaisi təxminən bu məzmundadır: “Şərab iç, sərxoş olmaq necə də xoşdur, Sevgilin də varsa, qucaqlaşmaq lap xoşdur. Əvvəl-axır sonu yoxluqdursa bu dünyanın, Yox say özünü, gör ki, var olmaq daha xoşdur”. İnsan bədəni normal bədən olmayanda virusa təslim olur. Gigiyenik qaydalara əməl etməklə yanaşı, antigigiyenik vəziyyətə də hazır olmaq lazımdır. Bu gün klassik tibbdən imtina zəruriyyətdir. Çünki klassik tibb modern bədən patologiyası qarşısında acizdir. Klassik fərdi azadlıq tezislərindən də imtina şərtdir. Xəyyamın həyat formulu istisna.

Fərdi azadlıq totalitar rejimlərin planını alt-üst edir. Bodliyar deyir ki, “azad olan fərd hec vaxt güvənilən insan deyildir”. Çünki azad düşüncəli bir adamı idarə etmək çətindir. Dolayısıyla ona güvənmək də olmaz. Modern dünyada hər şey “fərdi azadlıq”, “demokratiya” üzərində qurulub. Azadlıq fərdi seçim deyil? Fərdi azadlıq cəmiyyətdə hər hansı bir fərdin mülki hüquq kontekstində şəxsi gəlir və qazanclarını rasional və sekulyar tərzdə qorumasıdır. Söz azadlığı və mənəvi dəyərlər də öz yerində. Bu, ən düzgün, liberal və demokratik yoldur. Ancaq inzibati güc strukturları, dini və siyasi təşkilatlar məsələyə başqa cür baxır. Və fərdi azadlığı özlərinə xas etik və qanuni çərçivələrə daxil edirlər. Fərdi azadlıq leqallaşır. Fərdi azadlıq rəsmiləşir. Sirk meymunu yaradılır fərdi azadlıq şüarı altında. Fərdi azadlığın bütün məna və mahiyyəti “hüquqi normalar” daxilində yox edilir:

- Əvvəla, gücün və iqtidarın formalaşmasında iştirak şəklində (Yəni kariyera hər şeyi üstələyir.);

- Özəl şirkətlərdə “etik” muxtariyyət (buna etik məcburiyyət də deyə bilərik), komfort və özünüdoğrultma formasında;

- Ailə və cəmiyyətdə kütlə mədəniyyətinin, mental dəyərsizliklərin üzvi olmaq məcburiyyəti kontekstində;

- Dini sektalarda “təslim ol, sorğulama, ağılla tanrını dərk etmək mümkün deyil” moizəçiliyində;

- Sənətdə sənəti milliləşdirən boz mühitdə;

- Siyasətdə özündən ayrılma, yadlaşdırma totalitarizmi əsasında;

- Təhsildə standart təqlid çərçivələrində.

Əslində, fərdi azadlıq özünü “yox saymağı” bacarmaqdır. Karyera, qarın davası və hərislik buna imkan vermir çox vaxt. Bir də nə istədiyini bilməyən cəmiyyətlərdə fərdi seçim etmək daha da çətinləşir. Demokratiya, yoxsa anarxiya? Siyah, yoxsa bəyaz? Şirin, yoxsa turş? Sağ, yoxsa Sol?

Fərdi seçimə edilən təcavüz

Fərdi azadlıq təkcə qapalı rejimlərdə problemə çevrilmir. Bu təcavüz ən demokratik görkəmə sahib təşkilatlarda belə, öz qanuni, hüquqi görkəmini təmsil edir. BMT-nin “Beynəlxalq İnsan Haqları Bəyannaməsi”ndə qeyd edilir. “Yox” demə seçim və haqqına sahibəm. Harda, necə və nə şəkildə mövcud olduğumu bilmək də haqqımdır. Sağlam qidalanma haqqına da sahibəm. Fiziki və zehni şiddətə qarşı hər kəs məni qorumalıdır. Mahnı oxumaq və rəqs etmək kimi qabiliyyətlərimi inkişaf etdirmək kimi hüquqlarım da mövcuddur”. Uşaqlara aid edilən bu bəyannamə olduqca gülünc səslənir. Çərçivələr. Çərçivələr. Çərçivələr. “Sındır qəfəsi”. İllüziyalar ilə fərdi azadlığın ən mümkün çağında - uşaqlıq dövründə insan sirkə çıxarılan meymuna bənzədilir. Milan Kunderanın “Kimlik” romanında belə bir səhnə var. Bir ananın bətni doplerlə daimi nəzarətə götürülür. Ana bətnindəki uşaq öz cinsi orqanını əmir. Kundera demək istəyir ki, ana bətnində belə azad olmağa imkan vermirlər. Cinsi istək və enerjiyə qoyulan tabular hər növ əxlaqsızlığı və cinsi aclığı doğurur. Lakin mental dəyərsizliklər bunu qanuni və təbii hesab edir.

Biz virtual dünyanı düşünmürük. Virtual dünya bizi düşünür. Məlumat ildırım sürətilə yayılır. Fərdi azadlıq “high tech” (yüksək texnologiya) dövründə öz mövcud olma formasını tapıb. Axtarmaq, tapmaq, oxumaq və paylaşmaq... Artıq universitet oxumaq belə şərt deyil. İnformasiya bolluğunda fərd öz fikir universitetini yarada bilir. Əslində, universitetlər tələbələrin gözlərindəki işıq, enerji, ehtiras və dəhlizlərdəki fikir mübadilələri ilə ciddi quruma çevrilə bilər. Plan və tematika sxolastikası ilə deyil.

Virtuallıq ümumi mənada acizlik və məhdudluq əlamətidir. Bunun etik və estetik tərəfləri var. Həm də fəlsəfi kateqoriyadır. Lakin fərdi azadlıq virtual dünyanın real dünyanı üstələməsi ilə özünü doğrultdu. Artıq düşünə bilən, fərdi seçimi olan, potensial enerji və estetik aura daşıyıcısı olan şəxsiyyəti dini, siyasi və ideoloji illüziyalar idarə edə bilmir. Hər növ radikal, maksimalist dəyərsizliklərdən uzaq gənclik formalaşmaqdadır. Sənət və elm kontekstində öz fikir universitetlərini yarada bilən gənclik fərdi seçim edə bilir. Ən azından bu potensial ümid doğurur. Özü də “yox olmağı” gözə alaraq. Xəyyamın dediyi kontekstdə yoxluqdur bu. Bu proses fərdi olduğu üçün ləng gedir. Ancaq əsas odur ki, gedir. Koronavirusdan da fərdin mənəvi adaptasiyası sayəsində xilas ola bilərik. Sənətin var olmaq estetikası və modern tiblə naturanın təmizliyi, şəffaflığı ilə.

# 3837 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #