Bu nə iş idi başıma gətirdin, mələk oğlum? - Murad Köhnəqala

Bu nə iş idi başıma gətirdin, mələk oğlum? - Murad Köhnəqala
2 iyun 2025
# 12:00

Kulis.az Murad Köhnəqalanın "Məni unutma!" adlı yazısını təqdim edir.

Evdən çıxdım, yeyin-yeyin gedib özümü uzaqda dayanmış avtobusa çatdıra bildim. Sevinirdim, çünki bu avtobusu haqlamasaydım, növbəti marşrut haçan gələcəkdi, nə bilim. Avtobusda öz-özümə düşünürdüm, belə xırda şeylərə də sevinmək lazımdı. Elədi, insan gərək xırda şeylərdən özünə sevinc yaradıb beynini xoş şeylərlə qidalandırsın. Siz də həmişə belə eləyin, beyninizin şıllaq atan şöbəsinin arpa-buğdasını, yemini bol eləyin. Qoyun, kef eləsin özüyçün.

Avtobusdan düşüb səki ilə addımlayanda gördüm, ayaqqabımın bir tayı ayağıma boş gəlir. Baxdım ki, qaytan açılıb. Bir tərəfə çəkilib qaytanı bağladım.
Yadıma qaytanla bağlı bir əhvalat düşdü.

Bir dəfə mağazada özümə ayaqqabı seçərkən birini çox bəyəndim, ancaq qaytanlı idi, satıcıdan bunun qaytansız variantını soruşdum.
Satıcı yaxınlaşıb gülümsəyərək: “Qaytanlı ayaqqabıdan niyə qaçırsınız ki? Əksinə, bunlar daha gözəldi. Birincisi, klassik formadı, ikincisi də siz bu qaytanları bağlamaq üçün gün ərzində bir neçə dəfə əyilib qalxmalı olacaqsınız. Əyilib qalxmaq da bir idmandı. Bunları geysəniz gec qocalacaqsınız”.

O qoca satıcının sözlərindən sonra həmişə qaytanlı ayaqqabılara üstünlük vermişəm. Rahat açılsın deyə ayaqqabıdakı qaytanları həmişə ilmək bağlayıram, bir ucundan dartan kimi açılır.

Bilirdim ki, qaytanı evdə Amur açıb yenə, mən də tələsdiyimdən tezcə ayağıma keçirib evdən çıxmışam. Amur belədi, evdə öz oyuncaqları ilə oynamaz, həmişə bizim əşyalara cumar. Neynəsin? Süni, kauçuk oyuncaqları sevmir, ancaq bəzi taxta oyuncaqlara simpatiyasını hiss etmişəm. Qoyasan, böyüklərə aid olan əşyalarla oynaya: qaşıqla, çəngəllə, çömçəylə, bıçaqla, çəkiclə, kəlbətinlə, taxta asılqanla, stullarla...

Çox vaxt şəhərə tələsmiş çıxanda yolda baxıram ki, ayaqqabılarımın qaytanının biri ya hər ikisi çözələnib açılıb.

Aman Tanrım! Balaca oğlumun bu sirri indi agah oldu mənə! Elə indicə! Mən dəhşətə gəlmişəm, Amur! Bu nə iş idi başıma gətirdin, mənim gözəl oğlum, mələk oğlum?!
Nəymiş-nəymiş... bilirsinizmi?

“Məni unutma!” demək istəyirmiş mənə! Dəhşət!

Artıq hər dəfə şəhərdə ayaqqabımın qaytanını bərkidəndə Amuru xatırlayıram! Bu xatırlatma oyununu Amur kəşf eləyib mənim üçün!

“Bu qaytanı bağlayanda məni xatırla! Həm də gec qocal, ata!” Dili ilə deyə bilmədiyinə görə bu metodu düşünüb tapıb. “Məni unutma, ata!”, “Bunu mən açmışam, məni xatırla!”, “Ata, səni gözləyirəm, məni unutma!” “Ata, qocalma, məni unutma!”

Aman Tanrım, çox pis oldum! Mən səni unudarammı, oğlum?! Balaca oğlum, gözəl oğlum! Heç görmüsənmi tumurcuqlar açmağı, quşlar uçmağı unutsun? Görmüsənmi, çaylar axıb getməyi, ulduzlar baxıb getməyi unuda? Səni unutmaqmı olar, oğlum! Sən mənim yaddaşımın ən gizlin yerində, qırxıncı otağındasan! O otağın açarını qəlbimin yarasının içində gizlətmişəm.
Səni unudarammı, oğlum?! Qocalaram, yaddaşımı salıb itirərəm, ancaq səni itirmərəm, səni unutmaram, Amurum! Öləndə də unuda bilmərəm səni! Öləndə nolar ki, niyə unudum səni? Səni heç vaxt unutmaram, mələk oğlum!

Mən öləcəm, əlbəttə, qəbrə endirəcəklər məni, ancaq səni unutmayacam! Mən bez içində gülə-gülə enəcəm torpağa, gülə-gülə uzanacam qəbrimdə, çünki yaddaşımda sən olacaqsan. Sən mənim yaddaşımda olacaqsan həmişə! Mən də sənin yanında olacam, oğlum, həmişə! Mən torpağa qarışıb çürüdükcə sən yaddaşımın xarabalığında balaca brilyant kimi parlayacaqsan! Mən torpağa döndükcə səni daha çox xatırlayacam!
Səni yenidən görmək üçün ota dönməyə tələsəcəm, Amur! Mən ota dönərkən yaşılımdakı sən olacaqsan. Yaşıl ot görən kimi bil ki, o mənim yaddaşımdı, sən o yaddaşda olacaqsan!
İnəklər gəlib otlayacaq məndən cücərən, qalxan otları. Mən yaşıl ot şəklində o yaşıl yaddaşımla inəklərin çənəsində gövşənərək gülə-gülə onların qarnına enəcəm. Sonra da gülə-gülə südə çevrilərək inəklərin məməsinə axacam. Mən südə dönəndə də yaddaşımdakı yalnız sən olacaqsan! Analar inəkləri sağdıqca sən mənim yaddaşımda sərniclərə dolacaqsan, gözəl oğlum! Sənin kimi gözəl-gözəl uşaqlar o süddən içib südlü dodaqlarıyla gülümsəyəcəklər! O süddən içən uşaqlar da öz atalarının ayaqqabısının qaytanını açacaqlar, gözəl oğlum!

Qaytanı təzədən bağlayan atalar öz uşalarını xatırladıqca mən də səni xatırlayacam, Amur! Səni unudarammı, oğlum, gözəl oğlum!..

Atanın ayaqqabılarının qaytanını həmişə aç, oğlum! Mələk oğlum!

# 1204 dəfə oxunub

Oxşar xəbərlər

Atası qaçaq olan, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti kimdir?

Atası qaçaq olan, ölümü ilə həkimini heyrətləndirən Xalq artisti kimdir?

18:51 3 iyun 2025
Həbsdən çıxıb Moskvaya qaçan, Atatürkdən əfv diləyən Nazim Hikmət

Həbsdən çıxıb Moskvaya qaçan, Atatürkdən əfv diləyən Nazim Hikmət

18:42 3 iyun 2025
Sürücü ilə mübahisə edən aktyordan açıqlama

Sürücü ilə mübahisə edən aktyordan açıqlama

18:00 3 iyun 2025
Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib

Özbəkistanda Azərbaycan muğamı ilə bağlı ustad dərsləri keçirilib

17:15 3 iyun 2025
Kafkanın üç bacısı qaz kamerasında öldü... – Qerti Kaufman

Kafkanın üç bacısı qaz kamerasında öldü... – Qerti Kaufman

17:12 3 iyun 2025
Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib

Xurşudbanu Natəvanın şərəfinə mükafat təsis edilib

16:58 3 iyun 2025
# # #