Ölkədəki cinayətlərin əsl səbəbi nədir?

Ulucay Akif, yazıçı

Ulucay Akif, yazıçı

24 iyul 2024
# 11:53

Kulis.az Ulucay Akifin yeni yazısını təqdim edir.

İt izinin at izinə qarışdığı bir gündən hamınızı salamlayıram. Ciddi bir məsələ haqqında danışmaq istəyirəm.

Dünən xəbər saytlarında gəzişirdim. Hər gün xəbər saytlarında gəzişirəm, işimin adı budur. Və hər gün şok keçirirəm, pərt oluram, məyus oluram. Dünən də eynisi oldu.

Necə olur ki, ölkəmizdə bu qədər cinayət, qətl, intihar hadisəsi baş verir?

Nədir bunun səbəbi?

Niyə belə olur?

Çox vaxt adamlarımız bunun səbəbini kasıblığın, maddi problemlərin və qayğıların üstünə atır, amma ağlı başında olan adamlar çox gözəl bilirlər ki, belə deyil.

Əsəbiləşməyin... Demirəm ki, ölkəmizdə hər şey gözəldi, kasıblıq, maddi problemlər yoxdu... Demirəm ki, gözəl məmləkətimizdə rüşvət, işsizlik, ədalətsizlik yoxdu.

Bunlar ölkəmizdə, təbii ki, var.

Ancaq mən deyirəm ki, bu qədər qətl və intiharların səbəbi qətiyyən maddi problemlər ola bilməz. Kasıblıq donu altında gizlənmək olmaz.

Dünən oxuduğum xəbərlərdən bəzilərini sizinlə paylaşıb söhbətimə keçmək istəyirəm.

Birinci xəbər: “Bərdədə 20 yaşlı oğlan özünü tövlədə asdı”.

Mən inanmıram ki, 20 yaşlı cavan uşaq maddi problemlərə görə intihar edə. Sizcə, edər? Nə bilim...

İkinci xəbər: “Abşeronda qardaş qardaşı öldürüb, daha sonra özünü də binadan ataraq intihar etdi”.

Düşünürsünüz ki, yuxarıda sadaladığımız faktlar belə bir hadisəyə, cinayətə, faciəyə səbəb ola bilər? Mən elə düşünmürəm. Nə bilim...

Üçüncü xəbər: “Bakıda ata uşaqlarını öldürüb, daha sonra intihar etdi”.

İlahi! Bu nə dəhşətdir axı?! Gənc ata 10 və 4 yaşlı oğullarını bıçaqlayıb, birini öldürüb, biri ağır vəziyyətdə xəstəxanadadır və özünü də öldürüb.

Axı belə dəhşətli hadisəyə nəylə, necə haqq qazandıra bilərsiniz? Bilmirəm...

Axı bu cür hadisələr necə bu qədər adiləşdi bu gözəl məmləkətimizdə? Ən ağır, ən faciəvi hadisələrə də təəccüblənmirik artıq, adi gəlir bizə. Niyə?

Dördüncü xəbər: “Ağdamda kişi tövlədə özünü asdı”.

Adi bir intihar xəbəri. Nə var ki burda təəccüblənməli? 60 yaşlarında bir kişi özünü asıb da.

Amma, vallah, mən inanmıram ki, 60 yaşa çatmış bir adam kasıblığa görə intihar edə.

Ölkədə 13-14 yaşından tutmuş 75-80 yaşa kimi hamı intihar edir.

Cavan-cavan qız uşaqları, oğlan uşaqları kasıblığa görə intihar etməz axı. Edər? Səmimi olun. Dürüst olun.

Söhbət 15-20 yaşdan, 20-25 yaşdan gedir. Bu yaşda uşaqlar heç vaxt maddi problemə görə intihar eləməz.

Ya da 70 yaşında babalar, nənələr. Onlara nolub?

Onlar ki, müdrik, bəlli yaşa çatmış adamlardı. Onlar niyə intihar edir?

70 yaşa kimi kasıblığa dözdülər, ömrün finişinə çathaçatda beyinləri çöndü?

Beşinci xəbər: “Bakıda kişi 22 yaşlı arvadını eyvandan atıb öldürdü”.

Hadisə qısqanclıq zəminində baş verib... 22 yaşlı oğlan 22 yaşlı arvadını belə rahatlıqla eyvandan aşağı vıyıldadır.

Altıncı xəbər: “Azərbaycanda sabiq diplomat saxlanıldı”.

Hə... Ali təhsilli, savadlı, imkanı da yaxşı olan bir diplomatımız kimisə bıçaqlayıb.

Yeddinci xəbər: “Ağadadaş Ağayev xəstəxana əməkdaşlarına balta ilə hücum etdi... sonra özü də vəhşicə döyüldü”.

Xalq artistimizə nolub? O da maddi problemlərdən bu hala düşüb? Vallah, onkoloji xəstəlik də səbəb deyil.

Hələ onu vəhşi kimi döyən xəstəxana mühafizəçisinə necə haqq qazandırmalı?

Bu 7 “xəbər” hələ mənim rastıma çıxanlardı. Bir gün ərzində, 23 iyulda baş verib hamısı. Hələ ört-basdır edilən nə qədər cinayət, uğursuz neçə intihar cəhdi də var, Allah bilir...

Yəni belədir vəziyyətimiz. Hər gün də daha pisə doğru gedir.

Bütün bunların bircə səbəbi var. Ölkədə kütləvi psixoz var. Ölkədə hamı dəlidi, əsəbidi, ölkədə hamı nəyəsə, ya kiməsə pis baxmaqla məşğuldu.

Ölkədə heç kim başqasına rahat yaşamağa imkan vermir. Ölkədə hamının burnu kiminsə həyatındadı.

Uzundu burnumuz. Kəsmək lazımdı!

Görürsünüz, mən də əsəbiləşdim.

Hə... Ölkədə heç kim kimisə xoşbəxt görmək istəmir.

Valideynlər övladlarının burnundan gətirir verdikləri çörəyi.

“Haqqımı halal eləmərəm”, “Südüm sənə haram olar”, deyib, həyatlarına müdaxilə edirlər, bədbəxt eləyirlər.

Sevmədikləri adamlarla evləndirirlər. Sevmədiyi adamla evlənən adam da bədbəxt olacaq da. Axır gedib kimisə öldürəcək, bıçaqlayacaq da.

Başqa hadisələrdə “camaat nə deyər?”, “qonum-qonşu, qohum-əqrəba nə deyər?” düşüncəsi beynimizdən çıxmır.

Camaatın pis baxacağı nəsə də başımıza gələndə, özümüz də o təfəkkürdə olduğumuz üçün ya gedib kimisə öldürürük, bıçaqlayırıq, ya da özümüzü öldürürük.

Çünki özümüz də zayıq. Təfəkkürümüz zaydı. Hər şeyə pis baxırıq. Pis baxdığımız hər şeyin arxasında ya ölüm, ya da intihar görürük.

Zorlanmış qız intihar edir, arvadı xəyanət edən kişi cinayət törədir, dostuyla sözü çəpləşənin “kişilik damarı” tutur...

İşdə müdirlər işçilərin əsəbləri ilə oynayır, çöldə taksi, avtobus sürücüləri, ya nə bilim kimlər...

Xalq olaraq, millət olaraq başımız pozulub, əsəblərimiz yerində deyil.

Buna çarə tapmaq lazımdır.

Mənim gördüyüm çarə, insanların başqalarının həyatına müdaxilə etməməyidir. Hamı öz həyatını yaşasa, burnunu başqalarının ömrünə soxmasa, daha xoşbəxt olarıq. Xoşbəxt olsaq nə kimisə, nə də özümüzü öldürərik.

Özümüzü tərbiyələndirməliyik, maariflənməliyik, işıqlı olmalıyıq. Hər şeyə pis baxmaqla heç nəyi düzəldə bilmərik.

Ölkədə hamının kəmərinin altında bir bıçaq var. Kimlərdəsə bu bıçaq həqiqidir, kimlərdə isə xəyali.

Musa Yaqub demiş,

"Yamanca ustayıq hər ehtiyatda,
Dostluq şirnisi də dilimiz altda.
Amma yaman günə əlimiz altda,
Bir silah sənindir, bir silah mənim”.

Şeirin tam versiyasını özünüz tapıb, oxuyarsınız. Hər şeyi məndən gözləməyin. Ta bir Quran şey yazdım... Başqa nə deyim?

# 3319 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #