El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə

El şairi Sücaətin qardaşı: “Nəzakət Məmmədovanı sevirdi” – Müsahibə
30 sentyabr 2019
# 09:02

Kulis.az “Qardaşımın üzü köməyim olsun” layihəsindən el şairi Sücaətin qardaşı, tanınmış jurnalist Hidayət Elvüsalla müsahibəni təqdim edir.

- Sizi 70 yaşınızın tamam olması münasibəti ilə təbrik edirəm. Söhbətimiz belə bir maraqlı vaxta təsadüf edir. Sizin 70 yaşınız olur və biz qardaşınız, şair Sücaətdən danışacağıq.

- Çox sağ olun. Bu barədə söhbət eləmək mənə həmişə xoşdur.

- Deyirlər, çox nadinc olub.

- Hə, bir az dəliqanlı idi. Dalaşqan idi. Amma ayaqyalın bir uşaq görəndə oturub ağlaya bilərdi. Həm də bu qədər kövrək adam idi.

- Sizinlə dalaşmırdı ki? Bəzən nadinc uşaqlar balaca qardaş-bacısını incidir...

- Qətiyyən! Nəinki bizi incitmirdi, onun qorxusundan heç kim yanımızdan keçə bilmirdi. Onun yolunu o qədər saxlayırdım ki, yanında nə araq içirdim, nə siqaret çəkirdim. Yalnız qaçqınlıqdan sonra bir dəfə məni çağırdı ki, gəl otur, içək. Amma yenə də siqaret çəkmədim yanında.

- Şeirə həvəsi necə yaranmışdı?

- Həvəs demək olmaz, şeir dəlisi idi. O vaxt çap olunmayan şairləri axtarırdı, tapırdı, şeirlərini yayırdı. Məzahir Daşqının şeirlərini ilk dəf ondan eşitmişdim. Müxtəlif müəllifləri... Yaddaşı çox yaxşı idi.

- Uşaqlıqdan yazırdı?

- Hə. Orta məktəbdən yazırmış, gizləyirmiş. Sonradan məlum oldu ki, gözəl şeirlər yazırmış.

- Bir silsilə sevgi şeirləri var. Erkən gənclik illərinə aid. Ünvanlı idi o şeirlər?

- Ünvanlı idi. Amma ad çəkməyəcəm (gülür).

- Siz də bilirdiniz ki, filankəsə yazır?

- Əlbəttə, bilirdim.

- Sücaətin müğənni Nəzakət Məmmədovanı sevdiyi haqqında balaca dastanlar düzəldiblər. Bunlar nə dərəcədə realdır?

- Bu əhvalatı Mübariz adında bir aşıq düzüb-qoşmuşdu. Bu, tərbiyəsizlikdir. Adam belə şey danışmaz.

- Azaflının qızı Gülarə Azaflı da oxumuşdu. Hətta qəbri üstündə şeir dediyini də söyləyirdi:

Dur əzizim barışmağa gəlmişəm

Dözəmmirəm, dözüm sənsiz qalıbdı

Öz ürəyim öz sinəmi eşitmir

Odum sənsiz, közüm sənsiz qalıbdı

- Məsələ budur ki, belə bir hadisə olmayıb, bunların hamısı quramadır. Amma bəli, tanış idilər, Nəzakət xanım bizim evimizdə də olub.

- Şair doğrudan da ona vurulmuşdumu?

- Elə deyirdilər. Nəzakəti mən də tanıyırdım. Onların arasında belə bir şey ola bilərdi. Amma o dərəcədə yox ki, qəbrinin üstünə getsin, ağlasın, şeir oxusun.

- Atanız müəllim olub?

- Yox, atam savadsız adam idi.

- Yunus müəllim... Belə oxumuşam. Fizika müəllimi...

- Yox. Səhv yazırlar. Fizika müəllimi Yunus kişi Çələkdar kəndindən idi. Ermənilərlə vuruşan Yunus kişi... Mənim atam molla məktəbi oxumuşdu. Kolxoz sədri, sovet sədri işləmişdi, amma partiyaya keçməmişdi.

- Bəs nə əcəb vəzifələrə qoyurdular?

- Olurdu belə şeylər. Atam 86 il yaşadı. Qarabağ hadisələri başlayandan bir az əvvəl rəhmətə getdi.

- Maraqlıdır, Sücaətin anasına çoxlu gözəl şeirləri var, atasına yazmayıb amma.

- Atasına da var. Amma elə də məşhur deyil o şeirlər.

- Anasını daha çox sevib yəqin.

- Yox. Atasını çox istəyirdi. Hamımız daha çox atamızı sevmişik. Sücaətin davakarlığı da elə atama bənzəyir.

- Bəlkə çox sevdiyindən yaza bilməyib?

- Ola bilər.

- Ananız kimlərdən idi?

- Anam Kəlbəcərin məşhur Sübhanlı nəslindəndir. Böyük nəsildir. Məşhur şair Məmməd Aslan da bu nəsildəndir. Məmməd müəllimlə analarımız əmiqızıdır. Tərtərlə Bərdə arasında ulu babalarımızın torpaq sahələri olub.

- Sücaətin həyat yoldaşı kimdir?

- O da qohumdur. Sübhanlılardandır. Anamın bacısı qızıdır.

- O cür sevən, sevgidə fədakarlıqdan yazan dəliqanlı bir şair axırda xalası qızı ilə evlənir...

- Öz seçimi oldu. Heç kimin təsiri yox idi bu işə. O, Kəlbəcəri çox sevirdi. Görünür, həyat yoldaşı seçəndə bu amil özünü göstərmişdi.

- Kəlbəcərə sevgisi şeirlərindən vulkan kimi püskürür.

- Kəlbəcərin dəlisi idi. Bir dəfə “Bakı” mehmanxanasından rayona çıxmalıydı. Onda mən “Səhər” qəzetində işləyirdim. İşdən zəng elədim ki, çıxmayıb. Dedim, nə əcəb ləngimisən? Dedi, vəziyyətim pisdir. Getdim ki, üst damağı çirk eləyib, qızdırması qalxıb, halı çox pisdir. Apardım həkimə, təcili əməliyyat elədilər. Halı özündə deyildi. Dedi, məni Kəlbəcərə apar, sağalacam. Çox dirəşdi. Axırı həkimlərə məhəl qoymadan götürüb getdim. Səhər durdum ki, həyətdə gəzir.

- Bir oğlu var...

- Bir oğlu var, iki qızı.

- Azər...

- Azər.

- Gəncərə yaşayır.

- Gəncədə yaşayır.

- Oxşayır atasına?

- Sakit təbiətlidir bu. Anası həmişə deyir, biz görmüşük ata oğulun arxasınca gəzər, Azər Sücaətin arxasınca gəzir (gülür).

- Son vaxtlaracan xasiyyəti elə idi. Əyilməz. Məğrur.

- Hə. O, əyilməzdi heç vaxt.

- Şeirlərində də var. Vuruşqanlıq. Etiraz. Əyilməzlik.

- Hə. Ona görə də sovet dövründə nəşr eləmirdilər.

- Bəzən sizə Sücaətin qardaşı, bəzənsə ona Hidayət Elvüsalın qardaşı deyirlər. Hansınız məşhursunuz?

- Həmişə mən onun qardaşı olmuşam. Bu gün də elədir. Bu gün də harda mənə söz verirlər, deyirlər, Sücaətin qardaşıdır. Aqil Abbas da elə deyir. Məni kimlə tanış eləsə, deyir, Sücaətin qardaşıdır. Sücaət həm də çox tərbiyəli, təmkin, hər şeyin yerini bilən adam idi. O, Məmməd Arazla, Məmməd İsmayılla, Sabir Rüstəmxanlıyla, Səyavuş Sərxanlıyla, Rasim Balayevlə, Şeyx Əbdüllə yaxın dost idi. Bizim evə də gəlib-gedirdilər. Məmməd Araz bizə qonaq gələndə hələ uşaqları balaca idi.

- Məncə, onu yalnız el şairi adlandırmaq bir balaca ədalətsizlikdir.

- Aşıq da deyirlər. Amma qəti şəkildə aşıq deyildi. Hərə buna bir ad qoyur. Hələ təxəllüs də qoşurlar: Sücaət Dəlidağlı. Deyirəm, a kişi, mənim qardaşımın adı, imzası Sücaətdir, özünüzdən ad qoymayın ona.

- Təxəllüsü yox idi. Təxəllüsü olmayan, tək adla tanınan el şairi olmayıb.

- Elədir.

- Sizcə onu niyə bu qədər çox sevirlər?

- Hamının ürəyindən xəbər verir. Hamını hiss edir, elə bil.

- Əzbər bilirsiniz onun şeirlərindən?

- Hamısı yadımdadır. Yanımda dedikcə yadıma düşür. Amma bu dəqiqə özüm başlasam deməyə, karıxaram. Şeirlərini çox sevirəm. Bir neçəsinə mahnı da yazmışam.

- Hansılarına?

- “Gecədən”, “Sınmayaydı qanadlarım”...

- Onun bütün külliyyatını bütövlükdə əzbər bilənlər var.

- Bilirəm. Kitabını buraxanda unutduğumuz şeirlər vardı. Nə qədərini yadımıza saldılar. Şeirlərin çoxunu camaatın yaddaşından toplamışıq. Sonra kitabın pirat variantları vuruldu və minlərlə tirajla satıldı.

- Deyirdi, şeirim dolaşırsa dildə, bəsimdi. Kitab çıxarmağa həvəs götərməzdi.

- Qətiyyən. Ağlına gəlmirdi heç. Nə qədər deyirdilər, gəl çap eləyək, yaxın durmurdu.

- Bəlkə bir az da həbsindən danışaq? Niyə tutulmuşdu?

- İlk həbs olunmasının tarixini deyim. Bir uşağı maşın vurub öldürmüşdü. Kəlbəcərin özündə. Bu da gəlib soruşur ki, nə olub? Bir “zambaq” vardı, söyüş söyüb uşağın qarasına, deyib, yolun içində nə gəzirdi? Sücaət onu vurmuşdu.

- Nə ilə vurmuşdu?

- Əli ilə. Bıçaq, silah gəzdirən adam deyildi. Fiziki cəhətdən güclü idi deyə, elə şeylərə ehtiyacı yox idi.

- Əllə vurmağa görə tutmurdular axı? Uzağı cərimələyirdilər.

- Tuturdular. Baxır, kimi vurursan.

- Universitetdən də ona görə qovuldu?

- Hə. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuyurdu. Kimsə yazmışdı oralara. Guya bıçaq vurub kiməsə. Əlli bıçaq vurub. Nəsə belə-belə şeylər yazılmışdı. Onun üstündə çıxartdılar universitetdən. İkinci kursa təzə keçmişdi.

- Tələbə biletinə bir şeiri də var.

- Var, hə.

- Universitetin həyətində bir-neçə məşhur davası da olub.

- Burda da olub, Moskvada da. Hər yerdə dalaşırdı (gülür). Moskvanı çox sevirdi. Ya Kəlbəcərdə olurdu, ya Moskvada. Bakını sevmirdi nədənsə. Moskvada Vısotski ilə tanış olmuşdu. Dostluq edirdi. Rejissor Əjdər İbrahimovla da yaxın dost idi. Zəngləşirdilər, durub gedirdi Moskvaya. Sonra eşidirdim ki, “Metropol”a gedirmişlər, orda Vısotski ilə görüşürmüşlər. Bakıda çox az olurdu.

- Şeirlərində Moskva əhvalı hiss olunmur.

- Yoxdu. Amma bütün yaxın dostları, tanışları ordaydı.

- Mən bilən, Kəlbəcər İstisuyunda pavilyonu olub...

- Pavilyon yox, kurort idarəsinin rəisi idi. Sonuncu vəzifəsi. Pavilyon da ora baxırdı. Həmin o pavilyonda yaxşı “zapis”ləri vardı. Bir gecə səhərəcən müğənni Sədi Məmmədov oxuyub, bu da şeir deyib, yazıblar. Sonra Alim Qasımovla bir videolenti vardı. Hamısı itib-batdı.

- İkinci dəfə niyə tutuldu?

- Yun İbrahim deyilən bir adam var, onu döymüşdü.

- Həmişə də babat adamları döyüb. “Zavmaq”, Yun idarəsinin rəisi...

- Sadə adamla nə işi vardı?

- 8 il yatdı?

- Yox. Mən 6 il bilirəm. Yalnız davalara görə tutulurdu. Başqa işi yox idi.

- Ölümünə yaxın çox sərt bir açıqlama vermiş, Məmməd Aslandan gileylənmişdi.

- Dediyim kimi, Məmməd Aslan bizim qohumumuz idi. Kimsə onların arasına girmişdi. Elə bir böyük düşmənçilikləri yox idi. Bir az da müsahibə götürənlər-filanlar söhbəti qızışdırırdılar.

- Demişdi, onun tapdığı həkim gözümü kor elədi.

- Xəstəlikdən, ağrıdan deyib yəqin. Bu ciddi söhbət deyildi.

- Məmməddən bir incikliyi də vardı deyəsən. Deyirdi, qaçqınlıqda bizi arayıb-axtarmadı.

- Məmməd Aslan neyləyə bilərdi axı? Hərə öz başının hayındaydı. Canı ağrıyırdı, ona görə gileylənirdi hər şeydən.

- Şəkəri vardı?

- Şəkəri də vardı, amma əsas ürəyi idi. Dözmədi.

- Qəribədir, Məmməd Aslan özü də ömrünün son anlarında gözlərini əməliyyat edən həkimdən gileyləndi ki, məni kor elədi. Onda Sücaət yadıma düşdü...

- Məmməd Aslan onu kor eləyə bilməzdi axı. O, xeyirxahlıq eləmişdi, maşın da tapmışdı ora-bura getməyə. İnciklik olanda hər şey tərsinə yozulur. Məmməd Aslan ziyalı adam idi. Sücaətin dəfnində də yaxından iştirak etdi. Şeirlərini də ilk dəfə Məmməd Aslan çap eləmişdi. Haqqında böyük bir yazı da yazmışdı. Sücaəti çox istəyirdi. Bəhmən Vətənoğlu idi, Məmməd idi, Sücaət idi, qardaş idilər. Ömür boyu bir yerdə olmuşdular. Allah hər üçünə rəhmət eləsin.

- Son görüşünüzü necə xatırlayırsınız?

- Burdan yola saldıq, şübhələndi. Dedi, müalicəm yarımçıq qaldı? Dedim, yox, deyirlər, bir az evdə istirahət eləsin. Ürəyi idi. Şəkər də bir yandan çökürtmüşdü. 58 yaşında rəhmətə getdi. Məzarı Gəncədədir.

- Məncə, Kəlbəcərə qayıtmaq ümidini itirdiyi üçün öldü. Yoxsa yaşayardı.

- Ömrünün sonuna yaxın mənə bir şeir oxudu:

Yavaş-yavaş unudulur Kəlbəcər
Bəzi ürəklərdə odu qalıbdı
Hava bürosunun məlumatında
Səkkizcə hərflik adı qalıbdı...

- Halbuki əvvəllər belə yazmışdı:

Bir gün gülə-gülə qayıdacaqdı
Ağlaya-ağlaya köçən Kəlbəcər...

- Hə. Ümidi vardı onda.

- Balaca Sücaət var?

- Hə. Azərin oğludur. Bənzəyir özünə. Babasının şeirlərindən də bilir.

- Müsahibə üçün təşəkkür edirəm.

- Çox sağ olun.

# 12212 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
#
#
# # #