Vay o günə ki, bizi müsəlman etdilər – Elmlər doktoru yazır...

Vay o günə ki, bizi müsəlman etdilər – <span style="color:red;">Elmlər doktoru yazır...
15 aprel 2018
# 10:33

Kulis.az fəlsəfə elmləri doktoru Rahid Uluselin “Dindən yüksək “Avesta” essesini təqdim edir.

“Avesta” (e.ə. I minillik) öz od həqiqətlərini 12 min öküz dərisindən Azərbaycandakı “Atəşgah”adək, ilahi iyerarxiyanın bütün qatlarından insanın qəlb odasınadək dilim-dilim saçır. Ari düşüncəsi “Riqveda” və “Avesta”nın bir çox cəhətdən uzlaşan monoteosofik modelində dünyaya o ölçüləri verir ki, bu harmoniyada insanın tanrısal vəcdi və öygüsü gerçəkdən kosmik miqyas alır. Onların epik simfoniyası Universum ahəngində çalınır: söz – coşqun poeziyasına, səs – son tembrinə, təxəyyül – şahanə yüksəlişinə, mənəviyyat – ərənlik əxlaqına çatır. Məhz bu əxlaq səviyyəsində mifik arxitektonikadan nizamlı rasionallığa doğru indiyədək gedilməmiş bir yol açılır. Bu yol “Riqveda”da hələ çox dumanlıdır. “Avesta”da isə dumandan sıyrılmışca, amma yetərincə stixiyalıdır. Həmin çətin yolu intixab edən ari peyğəmbəri Zaratuştra (Zərdüşt) dərin bir inamla, fəqət şiddətləndikcə öz ləngərini saxlayan bir vüsətlə Panteonun zirvəsinə doğru irəliləyir və “varlığın yaradıcısıtək” (Yasna, 5:1; 64:7) vahid Tanrı olaraq qəbul etdiyi Ahura Mazda ülviyyətində toxdayır.

Əsil maestozo da bundan sonra başlayır. O, sadəcə, politeistik dünya modelindən monoteistik dünya modelinə keçmir, bu təkamülün mənəvi əsaslarını yaradır. Zaratuştra, peyğəmbər fəhmi və zəkası ilə dərk edir ki, yaradılışın başlanğıcında Şər (Ahriman) dayana bilməz. Əgər Şər dayansaydı, xaos stixiyasında dünya quruluş ala bilməz, məhv olub gedərdi. Deməli, Varlığın yaradılış nöqtəsi – əzəl substansiyası vahid Tanrıda (Ahura Mazda) təcəssümünü tapan Xeyir və Həqiqətdir (Zaratuştra təlimində Xeyir və Həqiqət birdir). İnsan yalnız bu Həqiqəti dərk etməklə və bütün həyatını Xeyirin əzəli və təbii harmoniyasında qurmaqla Varlığın maddi və mənəvi inkişafında yer alır. Xeyirlə başlayan və yaşayan Varlıq Xeyirlə də sona çatmalı – vahid Tanrı ilə vəhdətə gəlməlidir. Ona görə də “Avesta”da Tanrı və İnsan – Ahura Mazda və Zaratuştra (Tiştr-Yaşt, 8: 59-60), Dünya və Qanun (Tiştr-Yaşt, 8: 1), Qanun və Zaratuştra (Arədvisur-Yaşt, 5:89) adları və sözləri bir çox yerdə birgə işlədilir.

“Avesta”nın ən uca həqiqəti budur: Varlıq öz Xeyir başlanğıcına – Tanrıya qayıtmalıdır. İnsan – bu qayıdışın böyük və təlatümlü yoludur. Həmin ziddiyyətlərlə dolu yolda “etiqadlı kahin” Zaratuştra “fikrin qələbəsi, sözün qələbəsi, əməlin qələbəsi, nitqin qələbəsi və kəlamın qələbəsinə” Tanrıdan qüvvət diləməklə yanaşı (Veretraqn-Yaşt, 14:30), nəinki düşmən saydığı “Tur (Turan) ölkələrinə”, həm də doğma bildiyi “ari ölkələrinə zərbə vurmaqda” (Arədvisur-Yaşt, 5:54, 58), hətta Ahrimanın kənizləri “Sahavaça və Arnavaçanı qaçırmaqda” (Arədvisur-Yaşt, 5:34) Ondan kömək umur. Tanrı Ahura Mazdanın təcəssümü olan Qüdrətli Saflıq Aradvi isə Zaratuştraya Xeyir əxlaqı təlim etsə də, yenə incə bir məqamda nəinki mənəvi, həm də fiziki cəhətdən sağlam olmayanları – “axsaq, cüzamlı, kor, kar, keçməli (epileptik)” və s. əlilləri öz nemətlərindən məhrum etmək, onların yalvarış və diləklərinə hay verməmək, çarə qılmamaq insafsızlığına yol verir (Arədvisur-Yaşt, 5:92-93).

Image result for avesta

Lakin bütövlükdə Kainat və İnsanın bir-birinə enerji ötürən xeyirxahlıq quruluşuna əvvəldən sonadək, dönə-dönə coşqun bir ruhla himn oxuyan “Avesta” tanrısal mənəviyyatlı dünyanın hər üzünü görərək onun dibindən səthinə, səthindən dibinə məharətlə irəliləyir. “Avesta” bəşər tarixində o nadir kitabələrdəndir ki, insan fəaliyyətinin dərin köklərini onun altşüurunda axtarır və əldə olunan nəticənin taleyini arayır: Tanrının – “Qanun, İşıq və Ədalətin” təcəssümü Dünyayaradıcı Xeyir Ruhun həqiqi yoluna uyğun fikir, söz və əməl səviyyələrində (Arədvisur-Yaşt, 5:18) kamil insan idealını irəli sürür. Bir-birini doğuran bu üç prinsipdən hansındansa üz döndərsə, – İnsan yarımçıqdır: İnsanın daxilindəki fikri, niyyəti – onun dil düşüncəsinin (söz və nitqinin), söz və nitqi isə – üzdə görünən (gerçəkləşən) fəaliyyətinin təməli və bütövlüyünün şərtidir. İnsan Şəxsiyyət olaraq topluma məhz Tanrıdan gələn bir keyfiyyətdə – mənəvidən maddiyə, maddidən mənəviyə transformasiyanın tamlığını yaradan Vəhdətdə çıxır. İnsanla Tanrının real və transendental vəhdaniyyətini yaradan ən təbii metafizika, ən halal tapınaq budur: İnsanın öz əzəl substansiyasına – yaradılışın başlanğıcındakı Xeyir mahiyyətinə sadiqliyi, ondan dönməzliyi, yolundan azdırılmazlığı. “Allahdan qorxun!” deyə hökm edən semit dinlərindən fərqli olaraq, Zaratuştraçılıqda (Zərdüştlükdə) Vəhdət fəlsəfəsi o qədər güclüdür ki, burada – Tanrının Xeyir dünyasında var olan, Tanrısı ilə bir olan, Onun Loqosuna uyğun hərəkət edən insanın öz yaradıcısından qorxması, sadəcə, absurd görünür.

“Avesta” İnsanı varlığın ilkinliyinə və ən energetik təzahürünə – Oda tapındırırdı. Fəqət tarixin sonrakı ortodoksal dinləri nəinki o Odu insan qəlbində yandıra bilmədilər, əksinə, söndürərək, Onu Cəhənnəm Alovuna çevirdilər, Şeytanın zatına qatdılar. Lənətləndilər. Odun yaradıcı başlanğıcına asi oldular!

Nə Persiyanı fəth edəndən sonra bəzi hissələrini yunan dilinə çevirsə də, əksər orijinal hissələrini bəlkə də yunan dini ideologiyasını üstələyəcəyindən və öz ekspansionizminə müqavimət göstərəcəyindən ehtiyatlanaraq yandırtdıran Makedoniyalı İsgəndər, nə əsrlər boyu kökünü kəsməyə çalışan islam, nə öz doğma abidəsindən və dinindən üz döndərərək, ərəb islamını qəbul edən İran (hələ min il bundan öncə Firdovsi “Şahnamə” mənzum eposunda bu dindönüşünə bir qığılcım-beyti ilə üsyan edirdi: “O dünyaya, o çağa və o taleyə lənət olsun ki, vəhşi ərəblər gəlib məni müsəlman etdilər!”), nə də bütöv ideya arsenalını bir kənara qoyaraq, öz məqsədincə yalnız onun “üstinsan” qatını sıyıran Fridrix Nitsşe “Avesta” monumentallığını sonacan dərk etməyib... Müasir insanlıq da bu möhtəşəm abidənin mifində ilişib qalmamalı, onun cövhərinə yetməli, əkiləsi ideya toxumlarını toplamalıdır... Antik dünya okeanında bir dəfinə uyuyur – bütün tarixə işıq saçan “Avesta”: Niyyətindən Sözünə, Sözündən Əməlinədək çağdaş insanı, siyasəti, dövləti, beynəlxalq aləmi bütövlüyə yönəldən, əks halda, bəşəriyyətin bəbir sürəti ilə tarixin dibinə çökəcəyini anladan “Avesta”!

# 2925 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #