[b]Tarixi uçurumdan qoruyanlar – REPORTAJ[/b]

[b]Tarixi uçurumdan qoruyanlar – REPORTAJ[/b]
4 iyul 2017
# 13:04

Yazının adı sizə nəyi xatırlatdı? Əlbəttə, bilirəm: Cerom Selincerin məşhur “Çovdarlıqda uçurumdan qoruyan” romanını. Xatırlayırsınızsa, bu məşhur romanın balaca qəhrəmanı Kolfild Holdenin ən böyük arzusu intəhasız bir çovdar çölündə qaçdı-tutdu oynayan uşaqları uçurumdan qorumaq idi.

Mənim qəhrəmanlarım da uçurumdan qoruyanlardır. Onlar keçmişin nəfəsini, böyük azərbaycanlıların əl izlərini əşya-əşya qoruyan, ikinci həyat verən fədakarlardır. Mübaliğəsiz və tərifsiz. Azərbaycanın tarixi, mədəniyyəti olan o nəfəsi, o əl izlərini...

Azərbaycanda muzey sərvətlərinin bərpası işinin təməlini bərpaçı-rəssam Fərhad Hacıyev qoyub. 60 il əvvəl. İçərişəhərdəki “Bəylər” məscidində kiçik bir yerdə yaradılan bərpa laboratoriyası bu gün Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi kimi fəaliyyət göstərir.

İyunun sonuncu həftəsi yolumu Cənubi Qafqazda yeganə bərpa müəssisəsi olan mərkəzdən saldım. 2017-ci il onlar üçün yubiley ilidir, amma bir nəfər kimi iş başındadırlar. Hətta iş çoxdur deyə, məzuniyyətindən imtina edənlər də var. Sizə zarafat gəlməsin, 225 muzeyin ağırlığı bu dar, şəraitsiz yerə sığınan insanların üzərindədir...

Mən bəzi statik məlumatları sizin nəzərinizə çatdırım, sonra keçən daha vacib məsələlərə.

Elmi-tədqiqat, rəngkarlıq, qrafika, tətbiqi incəsənət şöbələrindən ibarət olan mərkəzin başlıca vəzifəsi mədəni irsimizi qorumaqdır. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi 60 ildir 225 aparıcı, ev, rayon tarix-diyarşünaslıq və s. muzeyləri üçün bərpa xidməti göstərir. Bu illər ərzində bərpaçılar 20 mindən çox müxtəlif növ muzey əşyasını bərpa və konservasiya ediblər. Bunlar tikmə, geyim, parça nümunələri, xalça və xalça məmulatları, bədii metal nümunələri (o cümlədən gümüş məmulatı), keramika nümunəsi, ağac əşya və işləmələridir.

Əlbəttə, 250 manata tarixi qorumalı...

Mərkəzin direktoru Zərifə Məlikova deyir ki, bərpaçı rəssamlar ensiklopedik biliyə malik olmalıdırlar: “Muzeylərdən tarixi bəlli olmayan eksponatlar daxil olur. Yaxud, tarixi düzgün təqdim olunmur. Eksponatlarla bağlı şübhəli məqamlar olanda mərkəzin nəzdində fəaliyyət göstərən Elmi Bərpa Şurasının iclası çağırılır və müzakirələr aparılır.

Bu yaxınlarda bizə bir eksponat təqdim olundu. Dedilər, qədim çalğı alətidir. Biz qədim musiqi alətləri üzrə mütəxəssis Abbasqulu Nəcəfzadəni dəvət etdik və məlum oldu ki, bu musiqi aləti yox, samovarın gildən hazırlanmış dudkeşidir. Nədən şübhələndik? Bizim keramika üzrə bərpaçı rəssamımız dedi ki, musiqi alətində his ola bilməz. Eksponatın içini isə əməlli-başlı his tutmuşdu”.

Mərkəzdə 40 əməkdaş var. Onlardan 25-i bərpaçı rəssamdır. Maaş? 150 manatdan çox alanlar da var, 300 manatdan aza razılaşanlar da. Çernışevskinin məşhur roman-sualını xatırlayıram: “Nə etməli?”

Necə yəni nə etməli, əlbəttə, 250 manata tarixi uçurumdan qorumalı!

Direktor danışır: “Muzey işçilərinin maaşı azdır, buna baxmayaraq, bizim əməkdaşlar işlərini sevə-sevə görürlər. Yaxşı hal odur ki, gənc mütəxəssislər də bu işə maraq göstərirlər. Bizim iş səbr tələb edir. Bu ixtisası seçən gənc Azərbaycan tarixinin, mədəniyyətinin təəssübkeşi olmalıdır. Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan muzeylərdəki eksponatların bərpası tam ödənişsizdir. Bərpaçı işi xaricdə çox bahalı işdir. Çünki doğrudan da çətindir. Ona da deyim ki, kimsə şəxsi əşyasını bərpa etdirmək istəyirsə, onun əvəzində müəyyən məbləğ ödəyə bilər. Bir-iki dəfə olub ki, kimsə şəxsi əşyasını bərpa etdirmək istəyib, amma deyilən qiymətlə razılaşmayıb. Məsələn, bir tarixi əşyanın qiyməti 20 manatdırsa, onun bərpası da o qədər tutur. Həmin şəxs də razılaşmır ki, o qiymətə bunun təzəsini alaram. Amma anlamır ki, qədim əşyanın mənəvi dəyəri başqadır. Tanınmış, hörmətli insanlar müraciət edəndə əşyalarını təmənnasız bərpa edirik. Məsələn, bir neçə dəfə deputatlarımızdan bəzilərinin babalarına məxsus əşyalarını təmənnasız bərpa etmişik. Milli Elmlər Akademiyasının nəzdində olan muzeylərdəki eksponatları bərpa etmək üçün iki dəfə tender udub Milli Azərbaycan Tarixi Muzeyi üçün böyük miqdarda eksponat bərpa etmişik. Məsələn, Xurşudbanu Natəvanın geyimlərini bərpa etmək mənim çoxdankı arzum idi. Muzeylərin eksponatları bərpa etmək ixtiyarı yoxdur. Düzdür, əksər muzeylərdə bərpaçı rəssam ştatı var, amma onlar yalnız bizim razılığımızla xırda işləri görə bilərlər. Bizim işimiz həkim işinə bənzəyir. Sanki tarixi eksponatlar üzərində cərrahiyyə əməliyyatı aparırıq. Bəzən eksponat daxil olur və məlum olur ki, bizim təsəvvür etdiyimizdən tamam fərqli əşya imiş.

Məsələn, Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi ərəfəsində Şəkidəki ev muzeyindən çoxlu sayda eksponat gəldi. Onların içində bizə qrammofon adı ilə daxil olan bir əşya var idi. Biz düşündük ki, Axundovun qrammofon əldə etməsi mümkün idi, çünki Avropa ilə əlaqələri olub. Amma eksponatın içi açılandan sonra məlum oldu ki, şarmankadır”.

* * *

Xatırlayırsınızsa, bir müddət əvvəl Bakıda Azərbaycan ədəbi-ictimai fikrinin parlaq nümayəndəsi, görkəmli türkoloq və yazıçı-publisist Əli bəy Hüseynzadənin sənət əsərləri, foto-sənədli arxiv və şəxsi əşyalarından ibarət sərgi-təqdimat keçirildi. Mərkəzin elmi işlər üzrə direktor müavini Nairə Sadıxova sərgi haqqında danışır və narazılığını gizlətmir:

“Fəxr edirik ki, böyük Əli bəy Hüseynzadənin əşyalarından ibarət sərginin təşkil olunmasında bizim də zəhmətimiz olub. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, çox böyük zəhmət çəkmişik. Sərginin açılışında isə bizim adımız, çəkdiyimiz əziyyət qeyd olunmadı. Özü də çox az vaxt var idi və bütün işlərimizi saxlayıb, Əli bəy Hüseynzadəyə məxsus eksponatlarla məşğul olduq. Eybi yox, fəxrdir ki, Əli bəy Hüseynzadənin əli dəyən əşyaları, məsələn, skripkasını, rəsm əsərlərini, məişət əşyalarını biz bərpa etmişik. Sevinirik ki, Əli bəy Hüseynzadənin qızı Feyzavər xanım bu əşyaları Azərbaycana hədiyyə etdi. Elə ailələr var, razılıq vermir. Feyzavər xanım Türkiyədə doğulub, ona görə elə bilirdi ki, Əli Bəy Hüseynzadəni Bakıda tanıyanlar azdır. Bir neçə dəfə cəhddən sonra axır ki, buna razılıq verib”.

Muzeyin direktoru Zərifə Məlikova maraqlı bir əhvalatı danışır. Milli Məclis təmir olunanda işi icra edən şirkət Toğrul Nərimanbəyovun divara çəkilən rəsm əsərini (panno) götürmək istəyirmiş: “Bununla bağlı nazir Əbülfəs Qarayevə zəng edirlər, nazir isə qəti şəkildə bildirir ki, həmin əsər divarda qalmalıdır. Həmin divar rəsminin qarşısı bizim hörmətli prezidentimizin şəkil çəkdirmək üçün ən sevimli yeridir. Gecə mənə zəng oldu, dedilər ki, Toğrul Nərimanbəyovu tapmaq lazımdır. Toğrul müəllim də Parisdə idi. Gecə danışdım, məsələdən xəbəri oldu və çox sevindi. Vaxtilə Toğrul Nərimanbəyovun "Moskva" mehmanxanasında olan belə bir əsəri dağıdılmışdı. Səhəri gün Bakıya gəldi və inanın uşaq kimi sevinirdi. Milli Məclisdə günortalar iş olurdu, ona görə biz axşamlar çalışırdıq. Toğrul müəllim həmin pannonu SSRİ vaxtı işləmişdi. Ona görə də bəzi dəyişikliklər etdi və rəsm işi bu gün də Milli Məclisdədir. Həmin işin yüksək səviyyədə bərpası üçün parlamentin aparat rəhbəri Səfa Mirzəyev bizə təşəkkür məktubu göndərmişdi”.

Muzey sərvətlərinə laqeyd qalanlar...

Mən soruşuram: “Rayonlardakı Tarix-Diyarşünaslıq Muzeyləri eksponatların bərpa olunmasına maraq göstərirlərmi?” Direktor müavini Nairə Sadıxova muzey sərvətlərinə laqeyd yanaşılan rayonların adını çəkir:

“Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyi ilə bağlı narahatlığımız var. Məktub yazıb göndəririk, müraciət etməyin yolunu izah edirik, amma nəticə yoxdur. Hansısa səbəblərdən onlar muzeydə olan əşyaların bərpasına maraq göstərmirlər. Muzey eksponatlarına laqeyd yanaşılan rayonlardan Qəbələ və Zaqatalanın da adını çəkə bilərəm. Bundan başqa Balakən, Yardımlı rayonlarındakı tarix-diyarşünaslıq muzeyləri ilə bağlı da ciddi narahatlığımız var. Amma onu da deyim ki, bəzi rayonların Tarix-Diyarşünaslıq Muzeylərinin direktorları həqiqi təəssübkeşdirlər.

Məsələn, Saatlı, Beyləqan, Masallı, Qusar, Quba, Qax, Sabirabad, Lənkəran, Şirvan muzeylərinin direktorları çox savadlı və təəssübkeş insanlardır”.

...Bərpa Mərkəzində darısqallıq dərhal nəzərə çarpır. Otaqlarda, foyelərdə yan-yana düzlən muzey əşyaları “əl-ayağa dolaşır”. Zərifə Məlikovadan şəraitlərinin aşağı səviyyədə olmasının səbəbini öyrənirəm və məlum olur, mərkəzin əvvəlki yeri daha əlverişsiz olub: “Mərkəz 1973-cü ildən İçərişəhərdə, “Bəylər” məscidində yerləşirdi. Artıq üç ildir Səid Rüstəmov küçəsindəki bu ünvanda kirayə məskunlaşmışıq. Nazirimiz çox çalışır ki, bizə heç olmasa iki mərtəbəli bina ayrılsın və mərkəz şəklində yox, elmi institut statusunda fəaliyyət göstərək. Ona görə elmi status deyirəm ki, bizdə təkcə muzey işçiləri və tarixçilər yox, fiziklər, kimyaçılar da çalışır”.

Mircəfər Bağırovun “düşər-düşməz” kreslosu...

Elmi Bərpa Mərkəzində Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi Mircəfər Bağırova məxsus servant və kreslo saxlanılır. Mərkəz “Bəylər” məscidində yerləşəndə bu iki əşyanı ora gətiriblər. Onların həqiqətən Bağırova məxsus olduğunu dəqiqləşdirmək üçün Mərkəzi Komitə katibinin İçərişəhərdə yaşayan Tofiq adlı cangüdənini tapıblar. O, təsdiq edib ki, həmin əşyalar Bağırovun kabinetində olub. Bir müddət əvvəl mərkəzə Əmlak Komitəsinin vəzifəli şəxslərindən biri gəlib. Mircəfər Bağırovun kreslosunda oturmaq istəsə də... sonra nə düşünübsə, fikrindən danışıb. Ki, düşər-düşməzi olar. Bunu danışıb gülürük...

Zərifə Məlikova Mircəfər Bağırovla bağlı maraqlı bir əhvalat danışır:

“Mənim atam Xanağa Məmmədov keçmiş Kirov parkının müdiri işləyib. Əliağa Vahid lap yaşlı vaxtında həmin parkın qarovulçusu olub. Atam danışırdı ki, Əliağa Vahiddən sonra yaşlı bir qadını işə götürdük. Bir gün dedilər, səni Mərkəzi Komitəyə çağırırlar. Atam möhkəm qorxur. Evdə deyir, qayıtmaya bilərəm, hazırlıqlı olun. Məlum olur, gecəyarı Mircəfər Bağırov şəhəri gəzəndə Kirov parkına gedib. Həmin qoca arvad onları buraxmayıb ki, kim olur olsun, bu vaxt heç kimi parka buraxmağa icazəm yoxdur. Mircəfər Bağırov gülümsəyib geri qayıdır. Köməkçisinə tapşırır ki, parkın müdirinə deyin, həmin qadına işinə vicdanlı münasibətinə görə 50 manat pul mükafatı verilsin”.

Görəsən, o işıqlı insan həyatdadırmı?

Uzaq illərdə Qaxda kasıb balalarına tar dərsi deyən müəllim varmış. Uşaqlar istedadlı, həvəsli olsalar da, imkansızlıqdan tar ala bilmirmişlər. Fədakar müəllim bunun çarəsini tapır. Özü tar düzəldir. Və... çanaq yonmaq baha başa gəldiyi üçün onu qazanla əvəz edir. Hə, adi məişət qazanı ilə. Təki hər gün onun qapısını döyən, sənət öyrənmək istəyən uşaqların balaca barmaqları əlacsızlıqdan uzaq düşməsinlər. Və kim bilir, çanağı qazandan olan, həvəskar hazırlanan o tar neçə-neçə kasıb balasının əlini çörəyə çatdırıb, neçə uşağın gələcəyinə yol açıb, çığır atıb...

Təəssübkeş müəllimin əhvalatı bərpaçıları çox təsirləndirib. Elə ona görə, çətin başa gəlsə belə, həmin “qazan-çanağın” üstünə heyvan ürəyinin dərisini çəkəcək, simləri nizama düzüb bərpa edəcək, Qax muzeyinə təhvil verəcəklər.

Görəsən, o işıqlı insan indi həyatdadırmı?

# 1852 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #