Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız

Brodski: sürgündə xanımı ilə, mühacirətdə xanımsız
19 avqust 2019
# 21:00

4 iyun, 1972-ci il. Pulkovo aeroportu. Çamadanın üstündə oturub məchulluğa baxan adam nə haqdasa düşünür. Bir neçə saatdan sonra, təyyarə onu heç vaxt görmədiyi uzaq ölkəyə aparacaq. Ola bilsin bu torpağa bir də qayıtmadı... Əslində heç nəyə təəssüflənmirdi. O, düşünürdü ki, “dünyanı bəlkə də artıq qurtarmaq mümkün deyil, amma insanı həmişə xilas etmək olar”.

Görkəmli şair, esseist, dramaturq, Nobel mükafatı laureatı İosif Brodski 1940-cı ildə yəhudi ailəsində doğulub. Atası - Aleksandr Brodski hərbi fotomüxbir kimi mühairbənin bütün od-alovundan keçmişdi. Anası- Mariya Volpert mühasib idi. Brodski uşaqlıq illəri haqqında danışmağı sevməzdi, qısaca“adi illər idi”,- deyib üstündən keçərdi. Halbuki bu “adi illər” Leninqradın blokadada olduğu dövrə təsadüf edirdi. Bundan başqa, Brodskinin qaldığı Peterburq mənzilində bir vaxtlar məşhur rus yazıçısı Qippius yaşamışdı və elə ordan da mühacirətə getmişdi. Oxuduğu məktəbdə isə vaxtilə Nobelin özü təhsil almışdı!

“Mən solist deyiləm, amma ansambla da ögeyəm”-deyirdi Brodski. Antisemit dalğası oxuduğu məktəbi də saranda İosif haqsızlıqlara tab gətirə bilmir, 7-ci sinifdən məktəbi tərk edir, əvvəl zavodda işə düzəlir, sonra hansısa xəstəxanada sanitar işləyir. Çox yer dəyişir, amma bütün bunlar onu əsas məqsədindən yayındırmır. O, əvvəlki kimi çoxlu mütaliə edir və xarici dilləri öyrənirdi. Onun fikrincə, hər bir yaradıcı adam ən azı iki dil bilməli idi.

1957-ci ildən şeir yazmağa başlayır. Yalnız yazmaqla da kifayətlənmir, oxucular qarşısında şeirlərini xüsusi intonasiya ilə oxuyurdu. Müasirləri onun şeir oxuma tərzini xüsusi vurğulayırdılar. Hər halda Brodskinin oxuma üslubu da orijinal idi.

Onun həyatının ən mühüm dövrü Anna Axmatova ilə bağlı idi. Çünki o, nəinki Brodskini lazım olan səmtə yönəldir, “elə hər şey Axmatovadan sonra başlayır”. Axmatova Brodskinin istedadını qiymətləndirir və ona hamilik edir. “Bu haqda ya gərək kilometrlərlə danışasan, ya da susasan”, -deyirdi sonralar Brodski.

“Biz mütləq görüşəcəyik”

O, təmənnasız sevir və təmənnasız sevməyi öyrədirdi. Özünün isə öyrəndiyi bir “həqiqət” vardı: “Sevgi ayrılığın önsözüdür”.

Marianna Bosmanova ilə tanış olanda Brodskinin cəmi 21 yaşı vardı, ondan 2 yaş böyük olan Bosmanova rəssam idi. Brodski şeirlərinin birində Mariannanın nələri sevdiyini sadalayır: şəkil çəkməyi, mahnı oxumağı, xurma yeməyi... Ən çox da bu xəyalpərvər qadın özünün romantik rəssam dünyasından söhbət açmağı xoşlayırdı. Brodski isə şeirlərini ona yazırdı.

Şair Arxangelsdə sürgündə olanda Marianna dekabristlərin fədakar qadını kimi hətta oraya da gedir. 1965-ci ildə onların bir oğlu dünyaya gəlir. 1972-ci ildə Brodski mühacirətə gedəndə elə zənn edir ki, onlar üçlükdə gedəcəklər: o, Marianna və onların oğulları. Amma hər şey əksinə olur. Marianna ondan ayrılır, oğluna da öz soyadını (Bosmanov) verir. Brodski isə hətta mühacirətdən də Mariannaya şeirlər yazırdı: “Biz bir yerdə olmağa məhkumuq; taleyimiz belə deyir. Biz mütləq görüşəcəyik- fevralın 31-ə mərc gəlirəm”.

Brodski keçmiş sevgilisini gah qınayır, gah suçlayır, gah da unutduğunu deyirdi. Amma insanın içini titrədən sözlərin soyuq kədəri o hislərin səssiz-səmirsiz yox olmadığından xəbər verirdi: “Mən şadam ki, artıq sənin adınla, səsinlə məni heç nə bağlamır. Onları heç kim məhv etməyib. Sadəcə olaraq bir ömrü unutmaq üçün daha bir ömür yaşamaq lazımdır. Mən də bu ömrü yaşadım. Sənin də bəxtin gətirdi; həmişə mənim yaddaşımda belə gənc və gözəl qalacaqsan”.

“Bu kədərli diyarda hər şey qışa hesablanıb”

“Allah bizim içimizdədir”- 60-cı illərdə Brodski yazırdı. Daxili azadlıq hissi hər şeirində onu “ələ verirdi”. Özünü müstəqil “elan etmiş” şairin varlığı rəsmi dairələrdə təlaş doğururdu. Şeirlərinin çapına yasaq qoyulsa da, ədəbi aləmdə şöhrəti günbəgün artırdı.

1964-cü ildə Brodski həbs olunur. Onu Arxangelsə, sürgünə göndərirlər. Özünəməxsus Brodski sonralar sürgündə olduğu illəri ömrünün ən gözəl dövrü adlandıracaqdı; gündüzlər kənd kişiləri ilə tarlalarda, meşələrdə işləyir, gecələr isə mütaliə edir və şeir yazırdı. Hərçənd fiziki əmək çox ağır idi və şair buna böyük güc-qüvvə sərf edirdi, eyni zamanda da kənd yerinin gözəlliklərindən böyük zövq alırdı.

İki ildən sonra Brodski Vətənə qayıdır. O kədərli diyara ki, orda “hər şey qışa hesablanmışdı”. Geyim, həbsxana, divarlar, hətta yuxular da... Bu diyarda ancaq dənizdəki balıqlar azadlığın dəyərini bilirdi. “Məni həddindən artıq çox uzağa qovdular, indi mən ölümə qədər dayanmaram.”

Partiya və hökumət azadlıq aşiqinə yalnız 7 il “dözə bilir”. Şairi seçim qarşısında qoyurlar: “Həbsxana, ya da mühacirət”. Brodski ikincini seçir. Təcili bilet alınır və o, “dəvət olunmuş şair kimi” Miçiqan universitetinə yola düşür. Orta məktəbin 8 sinfini qurtarmış Brodski professor həyatı yaşayır, Amerika, Kanada, İsveç, İngiltərə, Fransa, İrlandiyanın kitabxana və universitetlərində, beynəlxalq forum və festivallarda rus ədəbiyyatı tarixindən, ədəbiyyat nəzəriyyəsindən mühazirələr deyir, şeirlər oxuyur. Əslində onun söylədikləri öz həmkarlarının mühazirələrindən çox fərqlənirdi, çünki Brodskinin təcrübəsi yox idi, o, bilmirdi “dərs demək” necə olur, şair sadəcə olaraq hər şeydən çox sevdiyi poeziyadan danışırdı...

“Bu suala özünüz cavab verin”

- Necə düşünürsüz, Sizə Nobel mükafatı verilə bilərmi?

- Yaxşısı budur, bu suala Siz özünüz cavab verin. (İosif Brodski ilə müsahibədən)

40 yaşında Brodski yeni mərhələyə qədəm qoyur. Bu dövrdə çap olunmuş kitabında o, həyatı bütün zərbələri, itkiləri ilə qəbul edir, özü-özüylə barışır bəlkə də. Ona romantik şeirlər yazdıran gənclik illəri arxada qalıb. 70-ci ildən başlayaraq Brodski özü üçün yeni janrlar kəşf edir: Esseistika və ədəbi tənqid. 1986-cı ildə ABŞ-da ingiliscə çap etdirdiyi “Birdən az” esselər toplusu ilin ən yaxşı ədəbi-tənqid kitabı sayılır. 1987-ci ildə Brodski Nobel mükafatına layiq görülür.

Ümumiyyətlə, İosif Brodskinin xarakteri olduqca mürəkkəb idi. Suallara qısa cavab verir və demək olar ki, bu cavabıyla əslində heç nə söyləmirdi. Nədən danışırsa, danışsın, - poeziyadan, siyasətdən, incəsənətdən - ümumi qəbul olunmuş qaydalardan uzaqlaşır, hardasa oxucunu qıcıqlandırır, əslində isə özü-özüylə mübarizə edirdi. Bəzən Brodskinin misralarının alt mənalarını anlamaqda çətinlik çəkirsən, amma bir də görürsən ki, ruhun bu sözləri çoxdan qəbul edib. Çünki Brodski nə qədər mürəkkəb olursa olsun, sonda özünü ən sadə şəkildə ifadə edir və insan ruhunun dərinliklərinə varırdı.

Tənhalıqlar dahisi

- Siz xiffət çəkirsinizmi?

- Xiffət? Mən bu cür sentimental hislərdən həmişə uzaq olmağa çalışmışam. Heç özüm də bilmirəm, xiffət nə deməkdir. (İosif Brodski ilə müsahibədən)

Brodski bilirdi, xiffət nədir. Uzun illər tək-tənha yaşamışdı. Heminquey kimi, başqa tənha dahilər kimi yalqızlığını pişiklərlə paylaşmışdı. Amerikada dostlarından, doğmalarından uzaqda yaşayanda ailənin yeganə üzvü Missipi adlı pişik idi... Brodski bilirdi, xiffət nədir. Okeanın o tayından Marianna Bosmanovaya yazdığı şeirlər də tənhalıq qoxuyurdu: “Bu gecə iki dəfə yuxudan oyandım, amma sayıqlayıb pəncərəyə tərəf gedərkən bilirdim ki, səni orda, qaranlıqda tək qoymuşam.... Orda sən məni səbirlə gözləyir və heç günahlandırmırdın... Aydınlıqda yarımçıq qalanlar qaranlıqda davam edirdi... Orda biz evliydik və iki uşağımız vardı... Bilirəm ki, gecələrin birində sən qayıdacaqsan, yenə əvvəlkitək arıq və yorğun.... Və mən yenə oğlumu, ya da qızımı görəcəm... Onda işığı yandırmağa uzanmayacaq əlim, çünki sizi orda, qaranlıqlar içində tək qoymağa daha haqqım çatmayacaq....”

- Siqareti tərgitsəniz, daha 10 il yaşaya bilərsiz, bir həkim kimi sizə zəmanət veririk!

- Həyat elə onun üçün gözəldir ki, heç vaxt, heç nəyə zəmanət yoxdur. (Brodskinin həkimi ilə dialoqundan)

Brodski 4 dəfə infarkt keçirmişdi. Həkimlərin yasağına baxmayaraq, çox siqaret çəkirdi. Brodski ölümdən qorxmurdu, əksinə onu qaçılmaz və həyatın “redaktoru” sayırdı.

“Dağılışırıq, ancaq ölüm bizi birləşdirir, deməli, ölüm yoxdur, hardasa böyük bir görüş var. Və qaranlıqda kimsə bizim çiynimizi qucaqlayır”. Bu sözləri yazan adam böyük tənhalıqlardan keçmişdi və “xiffət çəkirsinizmi” deyə soruşmaq bəlkə də artıq idi.

“Mənim prinsiplərim, fəlsəfəm yoxdur, ancaq əsəblərim var”,- yarızarafat, yarıgerçək deyirdi Brodski. “Sovet rejiminin qurbanı” imicini heç cür qəbul etmirdi, baxmayaraq ki, başı çox bəlalar çəkmişdi, dəlixanalara, həbsxanalara salınmışdı, sürgünlərdə, mübarizələrdə keçmişdi həyatı. “Mən bəlkə də bütün bunlara layiq idim”,-deyirdi Brodski. Bəs bunun səbəbi nə idi? Brodskinin qeydləri özü bu suala cavab verir: “Başınıza gələnlər üçün heç vaxt heç kimi - dövləti, xalqı, tarixi, valideynlərinizi, uşaqlığınızı, günün doğuşunu,- heç nəyi və heç kimi günahlandırmayın. Çünki günahı başqa yerdə axtardığınız vaxt həyatınızda nəyisə dəyişmək əzmini və cəsarətini itirirsiniz”.

Həyatın ağ-qara fəsli

Mariya Sotsaniyə aşiq olanda Brodskinin 50 yaşı vardı. Həyatın elə mərhələsindəydi ki, artıq özünün dediyi kimi, mənəvi qanunlar ağır gəlmirdi. Saçları ağarmış, “unudulmuş fikir kimi tənha olan” şair tələbələrinin arasında rus mənşəli bir italyan gözəlini görür. Mariya Sotsani sanki intibah dövrü rəssamlarının tablolarından zühur etmişdi... 1990-cı il, sentyabrın 1-də onlar ailə qururlar. İki ildən sonra xoşbəxt valideynlərin mələküzlü qızları-Anna dünyaya gəlir. Dostları deyirdilər ki, Brodskinin Mariya ilə keçirdiyi 5 il onun indiyə qədər yaşadığı 50 ilə dəyərdi.

Bir dəfə Brodskidən soruşmuşdular, hansı fəsli sevir, fikirləşmədən demişdi: “Qış, çünki bunun arxasında peşəkarlıq var-ağ və qara. Qış ilin ağ-qara vaxtıdır. Ona örə ağ-qara kinofilmlər mənim belə xoşuma gəlir”.

Brodskinin geyimlərdə, həbsxanada, hətta yuxularda belə qışı xatırladan kədərli diyar haqqında söylədiklərini xatırlayıram. Doğma diyarın kədəri də onun həyatından izsiz keçə bilməzdi. Geri qayıtmaq üçün Brejnevə yazdığı məktubda o, deyirdi: “Bəlkə də xalqıma mənim bədənim lazım deyil, amma ruhum ona hələ lazım ola bilər”...

Amma Brodskinin ruhuna bələd olan Rusiyanın yeni hökuməti onun özünü də Vətəndə görməyi arzulayır. Amma Brodski hər dəfə səfəri təxirə salırdı. Çünki bu səfər jurnalistlərin müşayiətilə olacaq və xüsusi təmtəraqla keçəcəkdi. Brodski bunu istəmirdi. Brodski vaxtilə ümidsiz və yapa-yalqız tərk etməyə məcbur olduğu Vətənə belə təmtəraqla qayıtmaq istəmirdi. “Mənim ən yaxşı hissəm - şeirlərim artıq ordadır”.-Onun Rusiyaya dönməmək üçün gətirdiyi əsaslardan biri də bu idi.

1996-cı il, 27 yanvar. Brodski iş səfərinə hazırlaşır. O, özüylə aparacağı əlyazmaları və kitabları portfelinə yığıb hazırlayır. Həyat yoldaşına şirin yuxu arzulayıb işləmək üçün kabinetinə qalxır.

“Sükut var. Sonra əks-səda. Bir də yorğunluq. Şeirlərimi qanla tamamlayıram. Onlar ağır - ağır yerə düşürlər...”

Həmin gecəni İosif Brodski əbədi sükutla tamamladı.

Brodskinin Venesiyadakı məzarının üstünə pərəstişkarları indiyə qədər şeirlər, məktublar, onun çox sevdiyi “Camel” siqaretini və viski qoyurlar. Abidəyə həkk olunmuş yazıda isə deyilir: “Ölümlə hər şey qurtarmır”.

# 2686 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #