Nobel: Bəşəriyyətin düşməni, ədəbiyyatın dostu

Nobel: Bəşəriyyətin düşməni, ədəbiyyatın dostu
21 oktyabr 2016
# 15:57

Bu gün Alfred Nobelin doğum günüdür. Kulis.az Nobelin həyat hekayəsini təqdim edir.

Onun adı çox məşhurdur. Uşaqdan böyüyə hamı tez-tez onun adını eşidir. İsveçrəli bu ixtiraçının bir çox ziddiyətli tərəfləri var idi. Atası müflis olmuşdu, lakin özü milyoner idi. Ədəbiyyat aşiqi olsa da, sənaye maqnatına çevrilmişdi. Böyük sərvətə sahib olmasına baxmayaraq, sadə həyat sürürdü. Cəmiyyət içində şən görünürdü, amma həmişə tənha və kədərli idi. İnsanlıq vurğunu idi, amma həyat yoldaşı və onu sevən bir ailəsi olmamışdı. Vətənini sevirdi, amma yad torpaqlarda ölmüşdü. Sülh dövründə mədən sənayesində və yol tikintisində istifadə etmək üçün dinamiti kəşf etmişdi, amma dinamitdən müharibədə silah kimi insanları öldürmək üçün istifadə edildiyini görürdü. Hər kəs onun faydalı biri olduğunu düşünürdü, amma buna görə o, özünü vecsiz hesab edirdi.

Dünyanın 20-dən çox ölkəsində 80-dən çox şirkət qurmuşdu. Onun böyüklüyü, uzaqgörənliyi yaradıcı gücə malik insanları ətrafına toplamağında idi. Əsl məqsədi pul qazanmaq, hətta ixtiraçı olmaq da deyildi. Əslində xoşbəxt idi və daima həyatın mənasını axtarırdı.

O, bütün insanlığa qarşı dərin bir şəfqət hiss edirdi. Kasıblara qarşı həmişə əliaçıq idi. “Ölən insanlara nəhəng abidələr qoymaqdansa, insanların qarnını doyurmaq lazımdır” deyirdi. Müharibələrin bitəcəyi günü görməyi xəyal edirdi.

***

Haqqında bəhs etdiyimiz şəxs dünyaca məşhur ixtiraçı və vəfatından sonra adına mükafat tərtib edilən Alfred Nobeldir. Bu gün onun doğum günüdür.

Uşaqlığı

Dörd uşaqlı ailənin üçüncü övladı olan Alfred Nobel 1833-cü il 21 oktyabrda İsveçin Stokholm şəhərində dünyaya göz açıb. İxtisasca mühəndis olan atası İmmanuel Nobel varlı olub. Lakin Alfred doğulanda mallarını daşıyan gəminin batması nəticəsində müflisləşib. Bu hadisədən sonra Alfredin qardaşları Lüdviq və Robert küçələrdə kibrit satmaqla ailəni dolandırıb.

Nobel ailəsi 1837-ci ildə Finlandiyaya, 1842-ci ildə isə Sankt-Peterburqa köçüb. Sankt-Peterburqda Alfredin atası atelye açıb, anası isə mağaza işlədib. Ata Nobel böyük uğur qazanıb və rus ordusu üçün silah istehsal etməyə başlayıb.

Alfred Nobelə xüsusi müəllim dərs keçirdi. O, təbiət, dil və ədəbiyyat sahəsində xeyli bilik qazanmışdı. 17 yaşında artıq İsveç, rus, fransız, ingilis və alman dillərində sərbəst danışmağı öyrənmişdi. Nobel ingilis ədəbiyyatına və şeirə böyük maraq göstərirdi. O, ömrünün 2 ilini səyahətlərdə keçirmişdi.

Atası onu kimyaçı kimi yetişdirmək üçün başqa ölkəyə göndərmişdi. Parisdə olduğu müddətdə dövrünün məşhur kimyaçısı Pelouzenin laboratoriyasında işləməyə başlamışdı. Alfred burda partlayıcı maye nitroqliserini kəşf edən italyan kimyagər Askanio ilə tanış olur və nitroqliserinlə maraqlanmağa başlayır. 1852-ci ildə ailəsi tərəfindən Sankt-Peterburqa çağırılır. Nitroqliserinlə bağlı işlərini davam etdirdiyi zamanda atasının işləri zəifləməyə başlayır. Buna səbəb isə Krım müharibəsinin bitməsi olur və rəqiblər silah sifarişini dayandırırlar. Ata Nobel növbəti dəfə müflis olur. Buna görə də oğlanları ilə birlikdə Stokholma qayıdır.

Karyerası

Alfred Nobel dinamit və barıtla bağlı araşdırma apararkən qardaşları Lüdviq və Robert dinamit sayəsində neft yataqlarını asanlıqla tapırdı. Qafqazdakı bir çox neft yatağı Lüdviq və Robert tərəfindən işlədilirdi. Bu neft yataqları sahəsində Nobel ailəsi böyük qazanc əldə etmişdi. 1864-cü ildə Nobel nitroqliserin tədqiqatları aparanda partlayış baş verir və 4 nəfər dünyasını dəyişir. Bu partlayışda qardaşı Emil də həyatını itirir.

Bundan sonra Stokholmda Alfredin nitroqleserinlə bağlı araşdırmaları qadağan edilir. O, fəaliyyətini “Malaren” gölü yaxınlığında davam etdirir. Alfred nitroqliserindən partlayıcı maddə kimi istifadə etməyin bütün yollarını kəşf etmişdi. 1863-cü ildə Stokholmda az miqdarda nitroqliserin hazırlamağa başlamışdı. Bir müddət sonra laboratoriyada yenidən partlayış baş verir. Daha sonra Alfred yeni bir zavod açır, bir müddət sonra isə ikinci zavodu da fəaliyyətə başlayır. Sonda Alfred nitroqliserin araşdırmalarını bitirərək dinamit barıtını aşkar edir. 1877-ci ildə o, “Balistit” adını qoyduğu yeni barıt növü hazırlayır.

Bir neçə il sonra o, kordit adlı partlayıcı maddəyə görə ingilis hökumətinə qarşı məhkəmə iddiası qaldırsa da, məhkəməni uduzur. Özünə qarşı kampaniya qurulduğunu görən Alfred Parisi tərk edərək İtaliyanın San-Remo şəhərində yaşamağa başlayır. Orada özünə yeni laboratoriya yaradır.

1888-ci ildə Alfredin qardaşı Lüdviq ölür. Fransız qəzetləri Lüdviqin ölümünü “Alfred Nobel öldü” başlığı ilə yazırlar. Ortada böyük bir səhv olsa da, Alfred öldükdən sonra onu bu cür xatırlayacaqlarını düşünərək məyus olur. Qəzetdə “Heç vaxt olmadığı qədər sürətlə insanları öldürmə yollarını tapan Alfred Nobel dünən öldü” yazılmışdı. Bu hadisədən sonra fransız qəzetləri “Ölüm taciri öldü” manşetini verir. Lüdviq öləndən sonra Alfred fəaliyyətini dayandırır.

Nobel qardaşları Azərbaycanda

Alfred Nobel Azərbaycana da olub. Qardaşları ilə birgə Krım müharibəsinə cəlb olunan çar ordusu üçün silah istehsal etməyə başlayıb. Azərbaycana ailədən ilk dəfə Alfredin qardaşı Robert gəlib. O, tüfəng qundağı üçün qoz ağacı (bəzi mənbələrə görə dəmirağac) axtara-axtara Lənkərandan Bakıya gəlib. Robert burda neftlə bağlı böyük biznes imkanları görüb və qardaşlarını burada şirkət açmağa sövq edib. 1875-ci ildə Nobel qardaşları Bakıda "Tovarişestvo Neftyanoqo Proizvodstva Bratyev Nobel" – “Nobel Qardaşları” şirkətini yaradıb. Qısa müddət içərisində Nobel qardaşları Abşeronun bir sıra neft mədənlərinin sahibi olub, zavodlar alıb və xeyli kapitala yiyələnib.

Rusiyada proletar inqilabından sonra bolşeviklər Bakı neftinə can atdığı üçün 1920-ci ilin aprel ayında Bakıya daxil olub və neft sənayesini milliləşdirib. Nobel qardaşlarının burada qazandığı milyonlar isə xarici banklarda olduğu üçün batmayıb. Və məhz həmin pullar "Nobel mükafatı" formasında müxtəlif sahələrdə mühüm kəşf və ixtiraları olan alimlərə təqdim olunur. Nobel mükafatının məbləği təxminən 1,3 milyon dollara bərabərdir.

Ölümü

Nobel 1896-cı il 10 dekabrda 63 yaşında San-Remoda beyin qanamasından dünyasını dəyişib. Onun bütün kəşfləri insan ölümünün daha da sürətləndirib. Alfred Nobel etdiklərinə görə peşman olduğunu bildirib. Vəsiyyətində mirasının mükafat kimi istifadə edilməsini və 33.200.000 kronun hər il insanlığa xidmət edən şəxslərə verilməsini xahiş edib.

O, bu mükafatın fizika, kimya, tibb, ədəbiyyat və sülhə xidmət edənlərə verilməsini istəyib. Nobelin bu vəsiyyəti əvvəllər böyük müzakirələrə səbəb olub. Ancaq 1900-cü ildə İsveç hökümətinin Nobel Fondunu qurması ilə Nobel mükafatı nizamlı olaraq verilməyə başlayıb. Daha sonra 1968-ci ildə İsveç Bankı Alfred Nobelin xatirəsinə iqtisadiyyat mükafatı təsis edib. Bu mükafat ilk dəfə 1969-cu ildə verilib.

Qeyd edək ki, sintetik element olan nobelium onun xatirəsinə adlandırılıb. Alfred Nobel dinamitlə bağlı bunları deyib: “Məni – dinamiti tapan şəxsi sülhün dostu olaraq görənlər mənimlə zarafat edəcək. Olsun. Əgər insan ağlına qulaq asmırsa, o qədər qorxunc bir ölüm maşını kəşf etməlidir ki, bəşəriyyət qorxu və qorunma instinkti ilə sülhü seçsin”.

Öldükdən sonra “Ölüm taciri” olaraq xatırlanmaq istəmədiyi üçün sərvətini Nobel Fonduna bağışlayıb. Nobel mükafatı diplom, qızıl medal və çek olaraq hər il 10 dekabrda Stokholmda məşhur konsert zalında İsveç kralı tərəfindən təqdim edilir. İlk mükafat 1901-ci ildə verilib.

Alfred Nobelin vəsiyyəti

“Özümdən sonra qoyduğum daşınmaz əmlakın və sərvətin hamısı aşağıdakı şəkildə paylansın. Məndən qalan kapital təhlükəsiz bir şəkildə fondda toplansın. Bu fondun gəliri hər il insanlığa ən böyük xidmət edən insanlara verilsin. Bu gəlir beş əsas yerə ayrılmalıdır: kapital – fizika, kimya, tibb və ya fiziologiya sahəsində ən böyük kəşfi edən insanlara verilməlidir. Digər bir qismi ədəbiyyat sahəsində ən böyük əsəri yazan, millətlərarası sülh və qardaşlıq üçün ən böyük iş görən insanlara verilmədir. Fizika və kimya sahəsində edilən kəşflər İsveç elm şurasında, tibb sahəsində olan kəşflər Stokholmda yerləşən Karolin İnstitutu, ədəbiyyat və sülh sahəsində olan işlər isə Norveç parlamenti tərəfindən dəyərləndirilməlidir. Ən böyük arzum və şərtim budur ki, namizədlərə mükafat verilərkən qəti şəkildə milli ayrı-seçkilik olmamalıdır. Ən mühümü, mükafat alan şəxs skandinaviyalı ola da bilər, olmaya da”.

# 2630 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #