Allah vermişdi Allahverdini

Allah vermişdi Allahverdini
22 aprel 2016
# 13:13

Allahverdi Bağırovun 70 yaşı tamam olur bu gün. Nədənsə mənə qəribə gəlmir onu 70 yaşında təsəvvür eləmək. Tək mənə yox, onu tanıyan hər kəsə qəribə gəzməz, düşünürəm. Onu elə cavanlığından ağsaqqal tanıdıq hamımız, yəqin ondandı.

Ağsaqqal saçı-saqqalı ağarana demirlər. Ağsaqqal – hər zaman, hər şəraitdə, hər kəslə ədalətli davranan adama el-obanın verdiyi tituldu.

Çoxları Allahverdi Bağırovu Qarabağ savaşında ona inananları başına toplayıb özünümüdafiə dəstəsi yaradan, mindən çox Xocalını əsirlikdən xilas edən, qəhrəmanlıq göstərib həlak olan milli qəhrəman kimi tanıyır.

Allahverdinin çoxumuzun bilmədiyi xarakterik cəhətləri də vardı.

Dünən burda, tale yellərinin gətirib çıxardığı İsveçdə qonşum İxtiyar Allahyarovla Allahverdidən danışırdıq. İxtiyar adı hələ “Şəfəq” olan vaxtlar Ağdam klubunda Allahverdiylə futbol oynayıb. Deyir ki, Allahverdi qədər dostluğa etibarlı adam tapmaq çətindi. Komandamız hansı şəhərə gedirdisə, orda onun mütləq bir dostu bizi qarşılayırdı, özü də təmtəraqla. Biz ona olan bu ehtiramı görüb yüksək fərəh hissiylə oynayırdıq.

“Ruhlar şəhəri” kitabında “İmarət” stadionunda keçirilən oyunların təsvirini verəndə Allahverdini belə xatırlamışdım:

“Komandanın ağsaqqalı Allahverdi Bağırov olmasaydı, belə çətin oyunlarda stadion əhlinin qabağını kəsmək mümkün olmazdı. Bir dəfə hələ komandasının adı “Damcılı” olanda Qazaxda Ağdamın oyunçularını döyüb, avtobusun şüşələrini sındırmışdılar. Bütün şəhər cavab görüşü səbirsizliklə gözləyirdi. Allahverdinin bir kəlmə andına rəqib oyunçulara bir çırtma belə dəymədi. Oyundan sonra yedirdib-içirdib yola salmışdılar. Bir neçə il sonra artıq adı “Göyəzən” olan Qazax komandasına SSRİ çempionatının ikinci divizionuna keçməsi üçün zəruri olan 2 xal da elə Ağdamda verildi”.

Onu yaxından tanıyanlardan eşitmişəm ki, Allahverdidə qeyri-adi təəssübkeşlik vardı. Ağdamı öz namusu bilirdi. Görüb eşitdiklərimdən olan bu xatırlama da “Sağ qalan ləpirlər” essesindəndi:

“Bulvarın ayağında son dəbdə tikilmiş ikimərtəbəli restoranı Allahverdi Bağırov işlədirdi. Adamlar birinci mərtəbədə Gorus pivəsi içir, Bakı sosiskası yeyirdi. İkinci mərtəbənin stol-stulu, boşqab-nəlbəkisi, pərdə-tülü buranın ciddi yer olmasından xəbər verirdi. Ağdamın işgüzar adamları başqa yerlərdən gələn hörmətli qonaqlarını bura gətirirdilər. O vaxt danışırdılar ki, Allahverdi ağdamlılar haqda nalayiq danışan milis rəisinin müavinini (adaşı imiş) çağırtdırıb elə burdaca mitilini atıbmış, qələtini başa salıb buraxıbmış. Dava başlayanda rəhmətlik buranı əsgər yeməkxanasına çöndərmişdi. Bəzən avtobusla əsgərlər gəlib burda yeyir, bəzən də bişirib səngərlərə hazır yemək aparırdılar”.

Allahverdi Bağırov yaddaşımda iki halıyla qalıb – Xocalıdan əvvəlki Allahverdi, bir də Xocalı qırğınından sonrakı Allahverdi. Millətin qız-gəlinini öz namusu bilən bir adamın o faciədən sonra yaşadıqları onun üzündə, gözündə yazılmışdı…

Ermənilər bilirdilər ki, Ağdama yol dava başlayanda özünümüdafiə batalyonları yaradan komandirlərin meyiti üstündən keçir, elə də oldu, biri də sağ qalmadı. Məndə bir inam var ki, onlar sağ olsaydı, şəhər işğal oluna bilməzdi.

Səndən sonra işğal olundu şəhərimiz, Allahverdi Bağırov. Hələ də işğal altındadı…

Sənin ad gününü təbrik eləməyə xəcalət çəkir adam. Amma inamım hələ də var ki, səni təbrikə başımızı dik tutub gələn vaxtımız da olacaq!

70 yaşın mübarək, komandir!

Vahid Qazi

22 aprel, 2016

# 2279 dəfə oxunub

Oxşar xəbərlər

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"

12:00 11 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?

17:00 5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." -  Hüseyn Cavidin məqbərəsi necə tikildi?

"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?

12:00 5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid

Öz içində gizli adam - Rəşad Məcid

09:00 4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...

Şeir gərək azad ruhla yazılsın...

12:00 30 noyabr 2024
Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

Bugünkü yazıçıların çoxu unudulacaq... - Zorən ədəbiyyat tarixində qalmaq mümkündürmü?

09:00 27 noyabr 2024
# # #