Xalq artisti: "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."

Xalq artisti:  "Anam at sümüklərinin üstündəki ət parçalarını didişdirib yemək bişirirdi..."
14 noyabr 2024
# 17:00

Kulis.az əfsanəvi xoreoqraf, bir çox xalqların milli rəqslərinin mahir ifaçısı, SSRİ Xalq artisti Mahmud Esambayevin anası haqqında xatirəsini Babək Məmmədlinin tərcüməsində təqdim edir.

Valideynlərim çeçendir. Atam 106 il yaşayıb, 11 dəfə də evlənib. İkinci arvadı – Sofya Mixaylovna yəhudi idi. Ona, ancaq ona ana demişəm. O isə məni Moyşe çağırırdı.

- Moyşe, mən sürgünə yalnız və yalnız sənə görə gəlmişəm. Mənim sənə yazığım gəlir, - deyirdi mənə.

Onda bütün çeçenləri Orta Asiyaya köçürmüşdülər. Biz də Frunzedə yaşayırdıq. Günümün çox hissəsi həyətdəki uşaqlarla keçirdi.

- Moyşe! - məni çağırırdı. - Bura gəl.

- Hə, ana, nədir?

- Gəl bura, mən sənə deyim niyə cüllüt kimi arıqsan. Çünki, boşqabın dibini görə bilmirsən. Gəl, şorbanı axıra qədər ye qurtar, ondan sonra gedərsən.

Özü çox vaxt yemirdi, hamısını mənə verirdi. Burdakı odessalı rəfiqələri Fira Markovna, Maya İsaakovnagilə qonaq gedəndə də - onlar bizdən yaxşı yaşayırdılar - qarşısına qoyulan rulet və ya piroq dilimini kağıza büküb evə gətirirdi.

- Moyşe, bunu sənə gətirmişəm.

- Bəs sən?

- Mən istəmirəm...

Bir müddət sonra ət kombinatında dərnək fəaliyyətə başladı. O dərnəkdə bal və qərb rəqsləri öyrədirdim, bunun qarşılığında mənə bir kisə at sümüyü verirdilər. Anam sümüklərin üstündəki ət parçalarını didişdirib, yığıb kotlet bişirir, sümüklərdən də qaynadıb bulyon hazırlayırdı. Gecə düşəndə sümükləri evdən uzağa aparıb atırdım ki, bilməsinlər bizimdi.

Bir də baxırdın, heç nədən dadlı yemək hazırlayıb. Mən qazanmağa başlayanda toyuq boğazları, çimes bişirirdi. Qurudulmuş seld balığından elə yemək hazırlayırdı, adam az qala ağlını itirsin. Mənim Qırğızıstan Opera və Balet Teatrından dostlarım hələ də xatırlayırlar: "Mişa! Sənin anan bizi necə yedizdirirdi!"

Dedim axı, əvvəllər çox kasıb idik. Anam deyirdi: "Sabah Melomedgilə toya gedirik. Orda qefilte fiş, qaz içalatı verəcəklər. Bizim evdə bunlar olmur, çəkinib eləmə, doyunca ye".

Mən artıq yaxşı rəqs edir və "Varneçkes" oxuya bilirdim. Bu, anamın sevimli mahnısı idi. O, buna Sovet İttifaqının himni kimi qulaq asırdı. Tamara xanımı da "Varneçkes" oxuduğuna görə çox sevirdi.

Anam deyirdi: "Toyda səndən rəqs etməyini xahiş edəcəklər. Rəqs edib yaxşı dincələrsən, sonra oxuyarsan. Oxuyanda başını sağa-sola döndərmə, zürafə deyilsən. Adamlara baxma, mənim qarşımda dayan və anan üçün oxu".

Bəy və gəlin xupanın altında dayanmışdılar, rebe nigah mərasimini bitirdikdən sonra hamı masaya buyurdu, musiqi çalındı, rəqslər başladı. Anam fərəhlə deyirdi: "İndi Moyşe rəqs edəcək". Mən beş-altı rəqs oynadıqdan sonra o dedi: "Moyşe, indi isə oxu". Mən dediyi kimi onun qənşərində dayanıb oxumağa başladım: "Vı nemt men, vu nemt men, vu nemt men?.." Anam qürurla deyirdi: "Görün, o, necə istedadlıdır!" Ətrafdan ona tərif yağdırırdılar: "Təşəkkür edirik sizə, Sofya Mixaylovna, siz bir yəhudi oğluna düzgün tərbiyə vermisiniz. İndi çoxu ruslaşıb, artıq yəhudicə heç nə bilmirlər..."

Məni Qırğızıstan Opera və Balet truppasına götürmüşdülər. Anam bütün tamaşalarıma gəlib baxırdı. Bir dəfə məndən soruşdu:

- Moyşe, de görüm, rus milləti var?

- Hə, ana, əlbəttə var.

- İspanlar da millətdir?

- Millətdir, ana.

- Bəs induslar?

- Bəli.

- Bəs yəhudilər millət deyil?

- Nə olub axı, ana, niyə belə deyirsən? Əlbəttə, millətdirlər.

- Əgər sən dediyin kimidirsə, bəs onda niyə yəhudi rəqsi oynamırsan? "Yevqeni Oneqin"də rus rəqsi oynayırsan, "Lakme"də indus.

- Yəhudi rəqsini kim göstərəcək axı, mənə?

- Mən göstərəcəm...

O, çox iri qadın idi, hardasa150 kiloqram çəkisi olardı.

- Sən necə göstərəcəksən axı?

- Əllərimlə.

- Bəs ayaqlar?

- Özün bir şey fikirləşərsən.

Bundan sonra Şolom-Aleyxemi oxuyub özümdən "E yunqer şnayder" rəqsini uydurdum. Dərzidə artıq qalan parçalardan kostyum tikdirmişdim; şalvarım gödək, arxası isə başqa materialdan idi. Bütün bunlar rəqsimi açırdı. Bu rəqs mənim pasportum oldu. Tamaşaçılar hər dəfə "bis" çığırıb bu rəqsi təkrar oynamağımı istəyirdilər.

Anam deyirdi: "Əziz balam, sən elə fikirləşirsən ki, mən yəhudi olduğuma görə sənin yəhudi rəqsi oynamağını istəyirəm? Əlbəttə, yox. Yəhudilər sənin haqqında belə deyəcəklər: gördünüz, o Braziliya rəqsini necə gözəl oynadı? Və yaxud da İspan rəqsini. Yəhudi rəqsindən isə heç nə deməyəcəklər. Ancaq, səni məhz o yəhudi rəqsinə görə sevəcəklər!"

Anam 91 yaşında öldü. Vilnyusda yaşayan bacısı Mira bizə - Frunzeyə qonaq gəlmişdi. Gedəndə anamı təkidlə Vilnyusa dəvət etdi: "Sofa, mütləq gəl. Mişa artıq uşaq deyil, ailəli kişidir, bircə ay yanında qalmasan itib-batası deyil, qorxma". Nə qədər israr etdim: "Oranın iqlimi başqadır. Sən yaşda adama təhlükəlidir".

- Moyşe, bir az qalıb gələcəm, narahat olma, - dedi.

Getdi və daha qayıtmadı...

O, çox mərhəmətli və xeyirxah biri idi. Biz birlikdə gözəl ömür sürdük. Heç vaxt atama ehtiyacımız olmadı. O, mənə doğma anamı əvəz etdi. Hər ikisi həyatda olsa idi, mən bilməzdim hansına birinci yaxınlaşım, qucaqlayım...

# 297 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycan arağının qələbədə rolu - “Tamamilə məxfi” sənədlər

Azərbaycan arağının qələbədə rolu - “Tamamilə məxfi” sənədlər

15:00 14 noyabr 2024
Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə

Mirzə Cəlil onunla puluna görə evlənmişdi? - Həmidə xanımın çap olunmayan məktubu - İlk dəfə

09:00 14 noyabr 2024
Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

Ekoloji tənqid: Yaşılı öyrətmək - Qismət

17:31 13 noyabr 2024
"Mirvari"də balıq qonaqlığı, gavur Hüseyn və üç manat iyirmi qəpik - İsmayıl Şıxlını tanımayan qız kim idi?

"Mirvari"də balıq qonaqlığı, gavur Hüseyn və üç manat iyirmi qəpik - İsmayıl Şıxlını tanımayan qız kim idi?

15:00 12 noyabr 2024
"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

"Onların da mənim qədər yaşamağa haqqı vardı" - Zəfər günü

12:00 8 noyabr 2024
8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

8 yaşlı oğluyla şəhid olan xanəndəmiz - Erməni qadın onu niyə 7 il həbs etdirmişdi?

12:00 6 noyabr 2024
# # #