Zöhrab Adıgözəlzadə: "Heydər Əliyev mədəniyyət xadimlərinə həmişə böyük diqqətlə yanaşıb..." - Tarixi Şəxsiyyət

Zöhrab Adıgözəlzadə:   "Heydər Əliyev mədəniyyət xadimlərinə həmişə böyük diqqətlə yanaşıb..." - Tarixi Şəxsiyyət
24 avqust 2026
# 10:00

Kulis.az "Tarixi şəxsiyyət" layihəsi çərçivəsində Xalq yazıçısı Elmira Axundovanın Xalq artisti, pianoçu Zöhrab Adıgözəlzadə ilə müsahibəsini təqdim edir.

E.A. – Hörmətli Zöhrab müəllim, siz Heydər Əliyevlə ilk dəfə nə zaman tanış olmusunuz? Şəxsi ünsiyyətiniz nə zaman başlayıb?

Z.A. – Biz Heydər Əliyevlə o hələ DTK-ya rəhbərlik edəndə tanış olmuşuq. O zaman Vəli Axundovu Moskvaya yola salırdıq – dəmiryol vağzalında idik. Mən İmran Qasımovla yanaşı dayanmışdım və Heydər Əliyev ona yaxınlaşdı.

Sonra biz konsertlərdə görüşürdük. O, konsertdən sonra kulisə keçməyi xoşlayırdı, hər kəsə nəsə xoş söz deyə, çıxışları qiymətləndirə bilərdi, buna görə də biz bəzən onun musiqini ən xırdalıqlara qədər bilməsinə məəttəl qalırdıq.

Sonra bir hadisə oldu – yenə onun DTK-da işlədiyi vaxtlar idi – sərhədçilərə orden və medallar təqdim edirdi. Bu, göz xəstəxanası ilə üzbəüz yerləşən iqamətgahda baş verirdi. Məni də ifa etmək üçün ora çağırmışdılar. Elə alındı ki, təyin olunmuş vaxtdan bir qədər gecikdim. Bunun üçün məni danlamağa başladılar. Oradakı işçilərlə vəziyyətə aydınlıq gətirənə qədər Heydər Əliyev gəlib çıxdı. Biz onunla foyedə qarşılaşdıq. O soruşdu: – Nədi, burada sən ifa edəcəksən? Yaxşı, gəl bir yerdə gedək.

Biz zala daxil olanda kuryoz bir hal yaşandı, çünki bütün yerlər tutulmuşdu. Artistləri masaya dəvət etmirdilər. Onlar adətən o biri otaqda olurdular. Heydər Əliyev isə dedi: – Mənimlə gedək.

İçəri keçdim, amma mənə yer yox idi. O zaman Heydər Əliyev söylədi:

– Mənimlə üzbəüz stul qoyun.

Onunla üzbəüz oturdum, biz bütün axşamı öz aramızda danışdıq. Soruşdu ki, nə ifadə edəcəyəm. – Skryabinin «İnqilabi etüd»ünü.

O, maraqla Skryabin barədə soruşmağa başladı. Sonra, necə deyərlər, fövqəladə hadisə baş verdi. Çıxışa başlamışdım və kulminasiya anında royalın qapağı düşdü. Amma mən ifamı davam etdirdim. Elə buna görə də daha çox alqış qazandım. – Axı sən buna necə dözdün? – sonra Heydər Əliyev məndən soruşmuşdu.

E.A. – Heydər Əliyevin Vaqif poeziya günlərində iştirak etmək üçün Şuşaya son səfərlərindən birində kuryoz hadisələr baş verdi. Bunlar Cıdır düzündə təşkil olunan konsertlə bağlı idi və siz də orada iştirak edirdiniz.

Z.A. – Cıdır düzündə xeyli adam toplaşmışdı. Mənim üçün çıxış etmək xüsusilə xoş idi, çünki bilirdim: Heydər Əliyev fortepiano musiqisini xoşlayır. Hər şey improvizə edilmiş səhnədə baş verirdi. Ora royal gətirmək, onu kökləmək lazım idi. Sonra royalı götürmək lazım idi, çünki məndən sonra həmin o səhnədə rəqs ansamblı çıxış edəcəkdi. Başa düşürdüm ki, bunu Heydər Əliyevin xətrinə edirlər.

İfa üçün mən Fikrət Əmirovun «Miniatürlər»ini seçdim, 12 pyesdən altısını çalmağı qərara aldım. Onlar ritm, axıcılıq, ürəyəyatımlıq baxımından bir-birindən fərqlənir. Dinləyicilərin çoxu azərbaycanlılar idi, onlar Əmirovun musiqisini sevir, başa düşürlər. Üstəlik, fikirləşdim ki, bu pyeslər açıq səma altında çox yaxşı səslənər.

Konsert sona çatandan sonra, «Şuşa» mehmanxanasında təşkil edilən kokteyldə bizim çox maraqlı söhbətimiz oldu. Heydər Əliyev mənə yaxınlaşıb dedi: – Təbiətin qoynunda Fikrət Əmirovun əsərləri necə də gözəl səsləndi. Bəstələyəndə sanki bunu qabaqcadan görmüşdü. – Əlbəttə, Heydər Əliyeviç, bütün böyük bəstəkarlar təbiətə çox bağlı olublar. Çaykovskini yada salmaq kifayətdir. O, bir çox əsərlərini rus təbiətinin təsiri altında yazmışdı. Yaxud Amerikaya köçüb rus təbiəti üçün darıxan Sergey Raxmaninov. Əsərlərində çatışmayan məhz bu idi!

E.A. – Qəribədir ki, musiqi təhsili olmayan Heydər Əliyev Fikrət Əmirov pyeslərinin məhz bu cəhətinə diqqət yetirdi.

Z.A. – Söhbətimiz də, əslinə qalsa, elə bundan başladı. O dedi ki, zalda Əmirov musiqisi tam başqa cür səslənir. Təbiətin qoynunda daha təsirlidir. Bu olduqca incə müşahidə idi. Birdən o soruşdu: – Zöhrab, bəs sən burada yarıuçmuş kilsəni gördün? – Nəinki gördüm, hələ hər tərəfini gəzdim də. Çox pis vəziyyətdədir. – Necə bilirsən, orada kamera musiqisi zalı düzəltmək olar? – Əlbəttə, olar. Mən xaricdə də, Sovet İttifaqının müxtəlif yerlərində də muzeylərdə, kilsələrdə dəfələrlə çalmışam. Oradakı həm akustik şərait, həm mənəvi ab-hava musiqini daha dərindən duymağa vadar edir. Orada axı, hər şeydən əlavə, ovallıqdan savayı künclər də var, onlar akustika üçün lazımdır. – Hansı künclər? – o, təəccüblə soruşdu. – Bu, akustika üçün çox vacibdir. Çoxları elə bilir ki, zal əgər ovaldırsa, orada mütləq özü-özündən səs «yığılır» və əks-səda əmələ gəlir. Lakin bu heç də yaxşı hal deyil. Əgər künclər yoxdursa, onları xüsusi olaraq düzəldirlər. Səsin keyfiyyətini yaxşılaşdırmaq üçün hətta sütunlar qoyurlar. Buradakı kilsədə isə hər şey var. Şuşada kamera musiqisi zalı yaratsaq, orada festivallar, Bəstəkarlar İttifaqının plenumlarını keçirmək, qonaqlar dəvət etmək olar. – Düşünmək lazımdır, – dedi.

Müəyyən vaxtdan sonra həmin kilsənin kamera musiqisi zalı üçün rekonstruksiya edilməsi barədə qərar çıxdı. Daha bir müddətdən sonra layihə hazır oldu. Mən raykom katibinə zəng vurub orada kimin işlədiyini soruşdum. – Ermənistandan olan qrup, – deyə cavab verdi.

Bu məni bir qədər təəccübləndirdi. Bəlkə, onlar tikilini erməni kilsəsi kimi saxlamaq istəyirlər?

Lakin rekonstruksiya başa çatdırılmadı. Heydər Əliyev getdi, sonra isə bütün bu hadisələr başlandı.

E.A. – Başqa bir kuryoz hadisə barədə danışmadınız: siz Fikrət Əmirovun əsərlərini çalıb qurtarar-qurtarmaz güclü leysan başladı. Camaat çox dözə bilmədi. Hamı avtobuslara qaçışdı. Cıdır düzündə isə yağışın altında Heydər Əliyev və həyat yoldaşı, bir də bəzi məmurlar qaldı.

Z.A. – Mən çıxışımı başa vurana qədər Heydər Əliyev yerindən tərpənmədi.

E.A. – Zəhmət olmasa, professor Abbas Zamanovla bağlı epizodu da danışardınız.

Z.A. – O səhnə də improvizə edilmişdi. Əvvəlcə rəsmi hissə oldu, sonra konsert başladı. Birinci Heydər Əliyev çıxış etdi, sonra sözü Abbas Zamanova verdilər. Ucaboy Heydər Əliyevdən sonra mikrofonu tənzimləmək lazım idi, çünki Abbas Zamanovun boyu o qədər də hündür deyildi. Heydər Əliyev dərhal buna reaksiya verdi. O, kənara nəzər saldı, dərhal komandasından kimsə yüyürdü və Heydər Əliyev kifayət qədər ucadan dedi: – Ya mikrofonu aşağı sal, ya da Abbası dartıb uzat.

Ertəsi gün biz artıq Bakıya qayıdanda – o, mədəniyyət xadimləri ilə sağollaşarkən yenə də bu səfərin mühüm əhəmiyyət daşıdığından danışdı, Vaqifdən söz açdı, hər kəsin onun xatirəsi qarşısında borcunu yerinə yetirməli olduğunu söylədi. Elə bu vaxt platformada Abbas Zamanov göründü. Asta addımla yeriyirdi. Heydər Əliyev onu görüb, professora tərəf qışqırdı: – Nə olub, Abbas, yatıb qalmısan?

O, başını yellədi və cavab vermədi. Abbas Zamanov yaxınlaşanda Heydər Əliyev ondan soruşdu: – Özünü necə hiss edirsən?

O, yenə dillənmədi.

Bu zaman Heydər Əliyev hamıya izahat verməli oldu: – Dünən, məndən sonra söz professora veriləndə Abbas müəllimin necə narahat olduğunu görüb, zarafat elədim: «Ya mikrofonu aşağı salın, ya da Abbasın özünü dartıb uzadın». Düşünürəm ki, o bundan inciyib.

Bu zaman Abbas müəllim cavab verdi: – Heydər Əliyeviç, mən həmişə belə olmuşam. – Bunu mənə deyirsən! Yadımdadır ki, 1938-ci ildə mən pedaqoji texnikumda oxuyanda bizim hamımızı akt zalına topladılar ki, komsomol komitəsinin katibi gəlir və o, burada çıxış edəcək. Katib gəldi, bəstəboy gənc adam idi, səhnəyə çıxdı, dəsmalını çıxarıb ağlamağa başladı. Biz hamımız bir-birimizə baxdıq – nə baş verib? Nəhayət, o sakitləşdi və dedi ki, bu gün Serqo Orconikidze dünyasını dəyişib. O adam səndin, onda da elə indiki kimi bəstəboy idin. – Siz bunu da xatırlayırsınız, Heydər Əliyeviç? – Abbas Zamanov təəccübləndi. – Tək bu deyil, səninlə bağlı bir neçə əhvalat da var. Onları da danışım? – Yox, ehtiyac yoxdur.

E.A. – Heydər Əliyev sevdiyi adamlarla daim zarafat edirdi. Abbas Zamanova isə o, həmişə xüsusi rəğbətlə yanaşırdı. Sonra, 1982-ci ildə Heydər Əliyev Moskvaya getdi. Onun Moskvada olduğu dövrdə ünsiyyət saxlamırdınız?

Z.A. – Əlbəttə ki, yox. 1982-ci ildən 1995-ci ilədək onunla görüşməmişik. Bizim görüşümüz Heydər Əliyevin Türkiyəyə səfəri zamanı baş tutdu. Mənə Bakıdan Həsən Həsənov zəng elədi. Həmin vaxt o artıq xarici işlər naziri idi. Dedi, Heydər Əliyev xahiş edir ki, İstanbula gələsən, səninlə görüşmək istəyir. Mən boyun qaçırmağa çalışdım, bəs böyrəklərim ağrıyır, başqa səbəblər gətirdim. Bilirsiniz, mən Türkiyəyə dərs deməyə birincilər sırasında getmişdim, Azərbaycanda bəziləri məni satqın adlandırırdılar. Yeri gəlmişkən, mənim yerimə onların cavabını bilirsiniz, kim verdi? Yazıçı-alim Vilayət Quliyev. O elə məqalə yazdı ki! «Zöhrabın bütün ömrü qastrollarda keçib – Vilayət yazırdı – o, ölkəmizi təbliğ edib, Türkiyəyə isə rəsmi qaydada, XİN vasitəsilə gedib».

Buna baxmayaraq, mən Heydər Əliyevlə görüşməyə utanırdım. Axı bilmirdim, ölkədən getməyimə onun münasibəti necədir.

Həsən müəllim mənim qorxularıma güldü və dedi: – Qorxma, gəl. Hər şey yaxşı olacaq.

Ankarada prezidentin protokol tədbirləri oldu və sonra o, İstanbula qeyri-rəsmi görüşlərə yollandı. Mehmanxananın girişində heç Azərbaycan bayrağı da yox idi. Mən gələndə yolda yubanıram, prezidentin yaşadığı mehmanxanaya o vaxt daxil oluram ki, Heydər Əliyev oradan çıxır. Mən, əlimdə çamadan foyedə az qala onunla toqquşuram.

Heydər Əliyev məni görüb bərk-bərk qucaqladı, öpdü, həmin anda onu harasa müşayiət edən Türkiyə Nazirlər Kabineti sədrinin müavini Murad Qarayalçına tərəf dönüb dedi: – Zöhrab bəyi tanıyırsınız?

O deyir ki, yox. – Zöhrab bəy burada çalışır. Bizim üçün və sizin ölkəniz üçün çox xeyirli iş görür.

Mənim fəaliyyətimi o beləcə dəyərləndirdi, hər şeyi çox düzgün başa düşdü. Daha bəzi ura-patriotlar kimi yox. Mənim o saat ürəyim yerinə gəldi.

Sonra isə mənə dedi ki, axşam banketdə görüşərik.

Mən onun bütün tədbirlərində, o cümlədən diasporla görüşlərində iştirak etdim. Sonra biz Amaliya Pənahovanın yubileyində görüşdük. Yenə də söhbət etdik.

Banketdən sonra şəkil çəkdirəndə, prezident mənə dedi: – Mən bilirəm, siz burada nə edirsiniz və istəyirəm ki, bu işi davam etdirəsiniz. Heç kimə fikir verməyin! – Məni bura sadəcə işləmək üçün çağırmayıblar, onlar xahiş ediblər ki, burada musiqi təhsili sistemi yaradım, bizdəki kimi. Yəni onların buna ehtiyacı var. – Çox gözəl. Onsuz da, gün gələcək, Bakıda görüşəcəyik.

Mənim işlədiyim Eskişehirə bütün Türkiyə konservatoriyalarının direktorları gəlirdi, onlar mənə gözəl şərait, yüksək əməkhaqqı, ikimərtəbəli ev təklif edirdilər. Ancaq mən bu şəhərə alışmışdım, bir də ki orada çox zəhmət çəkmişdim. Mən Eskişehiri Moskva ilə qardaşlaşdırdım. Eskişehir 1999-cu ildən Rusiyanın paytaxtı ilə qardaşlaşmışdı. Bu müddətdə Moskvada on nəfər türk təhsil almışdı, hamısı da Eskişehirdən. Moskvada konsertlə çıxış etmişdik, Qara Qarayevin və Xəyyam Mirzəzadənin kvartetlərini çalmışdıq. Bu çox mürəkkəb bir musiqidir, indiyə qədər hələ heç bir türk onu ifa etməmişdi. Konsertdən sonra səhnəyə Türkiyənin Rusiyadakı səfiri çıxdı. O axşam onun dilindən daha hansı tərifləri eşitmədim! – Zöhrab bəy, siz heç başa düşürsünüz ki, türk xalqı üçün nə etmisiniz?! Siz elə etmisiniz ki, indi Eskişehiri hamı tanıyır.

Heydər Əliyev bütün bunları dəyərləndirirdi. Bilirdi ki, biz Türkiyəsiz keçinə bilmərik, çünki bu, böyük və güclü ölkədir.

Amma bir problem vardı. Mən onun Türkiyədə Azərbaycan diasporu ilə görüşündə olmuşdum. Heydər Əliyev Həsən Həsənovla gəldi. Masa arxasında əyləşdi. Azərbaycan və respublikanın problemlərindən xeyli danışdı, sonra isə dedi: – İndi vaxt yetişib, mən sizi dinləmək istəyirəm. Nə qədər vaxt çəksə də, məmnuniyyətlə sizə qulaq asacağam.

Kiminsə əli qalxır. – Heydər bəy, mənim bir sualım var. Biz Azərbaycan vətəndaşlığı ala bilərik?

Heydər Əliyev gülür və deyir: – Otur, mən sənə sonra cavab verəcəyəm.

Daha bir əl qalxır:

– Mən də bu sualı vermək istəyirdim.

– Otur. – Və Həsənova tərəf dönür. – Yeri gəlmişkən, bu sənin sahəndir. – Sonra dinləyicilərə deyir: – Əgər mən sizə cavab verməli olsam, bu cavab fərman sayılacaq. Buna görə də mən özümə şans verirəm.

Amma bununla yanaşı, azərbaycanlıların həmin bu böyük qrupu – musiqiçilər, fiziklər, riyaziyyatçılar – onların hamısı Azərbaycan vətəndaşlığını saxlamaqla, Türkiyədə vətəndaşlıq aldılar. Çoxları vətəndaşlığı qəbul etdilər.

E.A. – Heydər Əliyevin 1982-ci ildə mədəniyyət xadimləri ilə vidalaşmasından danışın.

Z.A. – Mədəniyyət xadimlərinə ayrıca saat təyin olunmuşdu. Mən artistlər qrupundaydım. Otuz nəfər idik. O bizi qapıda qarşıladı. Dəstənin sonunda dayanmışdım. Heydər Əliyevə yaxınlaşanda əlimi sıxıb dedi: – Təbrik edirəm, sənin üçün çox şadam. Nə üçün adını yazmağı unutmuşdular? Mən səni və Azad Əliyevi (skripkaçı) şəxsən öz əlimlə siyahıya daxil etmişəm.

O zaman mən Azərbaycanın Xalq artisti adını almışdım. Heydər Əliyev həmişə mənə, başqa mədəniyyət xadimlərinə olduğu kimi, böyük diqqətlə yanaşıb. Və onun münasibəti mənimçün əvəzsizdir.

# 91 dəfə oxunub

Oxşar xəbərlər

Yalçın Adıgözəlov:  "Bizim üçün Heydər Əliyevin gəlişi çox vacib idi..." - Tarixi  Şəxsiyyət

Yalçın Adıgözəlov: "Bizim üçün Heydər Əliyevin gəlişi çox vacib idi..." - Tarixi Şəxsiyyət

10:00 17 avqust 2026
Tahir Salahov:  "Heydər Əliyev həmişə maddi nemətlərin fövqündə idi...." - Tarixi Şəxsiyyət

Tahir Salahov: "Heydər Əliyev həmişə maddi nemətlərin fövqündə idi...." - Tarixi Şəxsiyyət

10:00 10 avqust 2026
Fərhad Xəlilov:  "Heydər Əliyev məni həmin naqolay durumdan çıxardı..." - Tarixi Şəxsiyyət

Fərhad Xəlilov: "Heydər Əliyev məni həmin naqolay durumdan çıxardı..." - Tarixi Şəxsiyyət

10:00 3 avqust 2026
İsa Həbibbəyli:  "Heydər Əliyev heç kəsin qarşısında baş əyməyən əzəmətli dağa bənzəyir" - TARİXİ ŞƏXSİYYƏT

İsa Həbibbəyli: "Heydər Əliyev heç kəsin qarşısında baş əyməyən əzəmətli dağa bənzəyir" - TARİXİ ŞƏXSİYYƏT

10:00 20 iyul 2026
Maqsud İbrahimbəyov:  "O, hakimiyyət üçün doğulmuşdu" - Tarixi şəxsiyyət

Maqsud İbrahimbəyov: "O, hakimiyyət üçün doğulmuşdu" - Tarixi şəxsiyyət

10:00 29 iyun 2026
Xuraman Qasımova:  "Bizim bütün qələbə və nailiyyətlərimiz Heydər Əliyevin dövrünə təsadüf edir" - TARİXİ ŞƏXSİYYƏT

Xuraman Qasımova: "Bizim bütün qələbə və nailiyyətlərimiz Heydər Əliyevin dövrünə təsadüf edir" - TARİXİ ŞƏXSİYYƏT

10:00 6 iyun 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər