Turqut və Tomris Uyarların oğlu: "Atamın bu məsələyə yanaşması doğru deyildi..." - Müsahibə

Turqut və Tomris Uyarların oğlu:  "Atamın bu məsələyə yanaşması doğru deyildi..." -  Müsahibə
22 avqust 2026
# 14:00

Bu gün tanınmış türkiyəli şair Turqut Uyarın anım günüdür.

Kulis.az onun və Türkiyənin digər məşhur şairi Tomris Uyarın oğlu Hayri Turqut Uyarın "Parende" dərgisində nəşr olunan müsahibəsini təqdim edir.

İlk olaraq bir çox insanın maraqlandığı o şablon sualla başlamaq istəyirəm. Belə iki mühüm simanın övladı olmaq necə bir hissdir?

— Gözəl… İnsanın atasını və anasını sevən insanlarla qarşılaşması gözəl hissdir. Onlarla danışmaq xoşuma gəlir. Təbii ki, bir az qürur da duyuram, amma əsas məsələ atanın və ananın kim olması deyil. Nəticədə hər kəs öz gördüyü işlərlə qiymətləndiriləcək. Buna görə də məsələnin iki tərəfi var. Bir tərəfdən qürur duyuram, digər tərəfdən isə onların oğlu olmağın mənə əlavə heç bir üstünlük qazandırmayacağını, özümü özüm inkişaf etdirməli olduğumu bilirəm.

Ananızın və atanızın sizə verdiyi, hələ də yadınızda qalan bir nəsihəti varmı?

— Birbaşa “nəsihət” formasında keçən elə bir söhbəti çox xatırlamıram. Amma insan anasından və atasından, onların davranış tərzindən, gündəlik həyatda gördüklərindən çox şey öyrənir, təbii ki. Geri baxanda, xüsusilə peşəkarlıq, işə yanaşma kimi mövzularda onlardan çox şey öyrəndiyimi düşünürəm. Çünki hər ikisi son dərəcə açıqsözlü, dürüst, imtiyaz sevməyən və özünə imtiyaz istəməyən insanlar idi. Onlardan mənə bu cür xüsusiyyətlər nə qədər keçibsə, bir o qədər yaxşıdır.

Ədəbiyyat sizin sahəniz olmasa da, iki görkəmli ədəbiyyatçının övladı kimi, bu dövrdə ədəbiyyatla ciddi maraqlanan gənclərə nə tövsiyə edərdiniz?

— Bol-bol mütaliə etsinlər. Anamın və atamın başqalarına dediklərini təkrar edəcəyəm ki, əslində hər kəsin deyəcəyi də oxşardır: Oxumaq lazımdır. Bu iş bol-bol oxumaqla başlayır. Hər şeydən əvvəl klassikləri oxumaqdan keçir. Dünyagörüşünüzü və zövqünüzü ancaq bu yolla inkişaf etdirə bilərsiniz. Əlbəttə, yazmağa həvəsi, istedadı olan insanlar bu imkanları mütləq sınamalıdırlar. Təkcə ədəbiyyat oxumaqla da iş bitmir. Başqa sənət sahələri ilə, fəlsəfə ilə, hətta elmlə də maraqlanmaq lazımdır. Daha geniş dünyagörüşünə və daha çox biliyə sahib olmaq vacibdir.

İTÜ Radiosunda “Qış bağı” adlı caz/blüz verilişi aparırsınız. Bu kimin ideyası idi?

— Verilişi Ali Arif Ersenlə hazırlayırıq. Onun caz biliyi mənimkindən qat-qat yaxşıdır. İdeya onun idi. Bunu etmək istəyən də o idi. Mən əlimdən gəldiyi qədər məzmun baxımından töhfə verməyə çalışıram, amma layihə Əlinindir.

Bəs niyə “Qış bağı”?

— “Qış bağı” əslində fransızca bir mahnının adıdır. Əvvəlcə bir neçə ad da düşünürdük, amma sonda bu ad qaldı.

Caz və blüz janrına xüsusi marağınız var?

— Əsasən rok və pop dinləyirəm, amma klassik musiqiyə də, caz və blüzə də marağım var idi. Veriliş başlayandan sonra bu janra daha çox vaxt ayırmağa başladım. Ali ilə zövqlərimiz oxşardır. Yanaşmalarımız da bənzəyir. İkimiz də daha çox cazın standart, klassik nümunələrini sevirik.

Əvvəlki müsahibələrinizdə Edip Cansevərdən dəfələrlə bəhs etmisiniz. Onun sizin həyatınızdakı yeri nədir?

— Uşaqlığımda ədəbi mühitdən, anamın və atamın dostlarından xatırladığım hər kəsi az qala sevgiylə anıram. Heç kim haqqında xoşagəlməz bir xatirə qalmayıb. Edip əmini də çox sevirəm. Çox tez-tez gördüyüm insanlardan biri idi. Hətta həmişə deyirəm: Turqut Uyarın oğlu olmaq mənə o qədər də maraqlı gəlmir, amma “Edip Cansevər əmi” deyə bilmək mənə daha maraqlı hiss kimi görünür.

Heyvanlara olan sevginiz diqqət çəkir. Bunun insanlarla münasibətlərdə yaranan çətinliklərlə bir əlaqəsi ola bilərmi?

— Anamla atam da heyvanları çox sevirdi. Anam fərqli insan idi. Onun qədər insanlarla asan və səmimi ünsiyyət quran çox az adam tanımışam. Mən də bunu mütləq istərdim. Amma heyvanlarla münasibətim insan münasibətlərində yolunda getməyən şeylərin əvəzini çıxmaq deyil. O ayrı, bu ayrıdır. Uşaqlıqdan bəri heyvanlarla birgə böyümüşəm. Evdə həmişə pişik olub. Küçə heyvanları ilə davamlı oynayardım. Lakin heyvan sevgisi insan münasibətlərinin yerini tutan bir anlayış deyil.

Ailənizlə bağlı xatırladığınız bir xatirəni bölüşə bilərsinizmi?

— Əslində yaddaşım yaxşıdır, amma gündəlik həyatda bu cür soruşulanda qəribə şəkildə yadıma düşmür. Zaman-zaman xatırlayıram. Yəqin ki, hansısa formada yazmalıyam, yoxsa unuduram.

Sadri Alışığın oğlu Kərəm Alışıq və Kamal Sunalın oğlu Əli Sunal kimi simalar ailələrinin sənətini davam etdirirlər. Siz niyə fərqli yol seçdiniz?

— Onlarda o istedad var idi, məndə yoxdur. Nəticədə hər kəs öz həddini bilməli, özünü tanımalıdır. İstedadım, bacarıqlarım, maraqlarım haradadırsa, o tərəfə yönəldim. Onların xarakteri ailədən gələn bu sahəyə uyğun olduğuna görə davam etdirməyi seçiblər. Həmin sənətlə məşğul olarkən xoşbəxt olduqları üçün bu işi görürlər. Mən şeir və ədəbiyyatda uğurlu ola biləcəyimi heç vaxt düşünmədim. Yazmağa da, açığı, elə bir marağım yox idi. Buna görə də ailədə iki mühüm ədəbiyyatçı var deyə, həmin sahəyə girmək mənim üçün məntiqli olmazdı.

Bəs heç yazmaq cəhdiniz olubmu?

— Xeyr. Mənim müsbət cəhətlərimdən biri hədlərimi bilməyimdir. Həddimi aşmıram. Nəyi bacarıb, nəyi bacarmadığımı bilirəm və yaxşı bacardığım işləri görməyi sevirəm. Düzdür, atamın bununla bağlı dediyi bir söz var idi: “Davamlı olaraq yaxşı bacardığın şeyləri etmək də bir növ asana qaçmaqdır.” Bəlkə də zəif olduğun tərəfləri inkişaf etdirməyə çalışa bilərsən, amma mənim yaradıcı işlərlə bağlı problemim var. Yaradıcı zəkam incəsənət tərəfdə deyil, daha çox riyaziyyat tərəfdə işləyir. Ona görə də bildiyim sahədə qalmağa üstünlük verdim.

Gələcəkdə ananız və atanız haqqında araşdırma aparmaq istəyən şəxslərə dəstək olarsınızmı?

— Əlbəttə. Xüsusilə material baxımından. Çünki arxivimiz var. Anam bu məsələdə daha arxivçi idi, toplayırdı. Atam isə heç maraqlanmazdı. Anamın səliqəli saxladığı materiallar var. Arxivçilik çox vacib məsələdir. Anam ən düzgün olanı etdi. Atamın bu məsələyə yanaşması doğru deyildi. Türkiyədə, təəssüf ki, arxivçilik və sənədli materialların toplanması çox zəifdir. Ali ilə danışırdıq; “Turqut Uyarla bağlı on saniyəlik görüntü tapa bilmirik. Bu adam yaşayıbmı, olubmu, yoxmu? Bir-iki dənə səs yazısı var, vəssalam” demişdi. Həqiqətən, Türkiyə bu məsələdə çox zəifdir. Ona görə də belə araşdırmaları təşviq etmək lazımdır. Mən də türk ədəbiyyatı tarixi baxımından həqiqətlərin üzə çıxması üçün əlimdən gələn köməyi göstərərəm.

Daha əvvəl ananızın istəyi ilə ananızla atanız arasındakı bəzi məktubları cırdığınızı demişdiniz. Bu məktublarla heç maraqlandınızmı?

— Xeyr. Kiminsə məhrəm olan bir əşyası məni maraqlandırmır. Buna görə də cırarkən maraq hissi ilə cırmadım. İkisinin arasında olan bir məsələdir, mənim işim deyil. Əksinə, başqasının şəxsi bir şeyini görmək məni narahat edər. Maraqlansaydım da heç nə dəyişməzdi; yenə eyni şeyi etməli idim. Amma maraqlanmıram da, çünki maraqlanmağa haqqımın olmadığını bilirəm. Mən olsaydım, mənə qarşı belə edilməsini istəməzdim. Mən də etmərəm.

“Ekşi sözlük”də sizin haqqınızda “sərt və məsafəli” bir insan olduğunuza dair şərhlər var. Mən isə daha çox çəkingən xarakterinizin olduğunu düşünürəm.

— Bəli, olduqca çəkingən xarakterim var. Bu baxımdan atama çox oxşayıram. Məsafəli olduğum doğrudur, amma əslində sərt insan deyiləm. Xeyirxah, nəzakətli, mülayim insanam. Lakin gördüyüm iş səbəbindən beləyəm. Nəticədə sosial bir iş görürəm. Mən heç sosial insan deyiləm, amma işim sosialdır. Bu, peşəkarlıq məsələsidir. İsimi peşəkar kimi görməliyəm və özümü tələbələr qarşısında məsuliyyətli hiss edirəm. Xüsusilə maraq göstərən tələbələrə qarşı məsuliyyətim var. Buna görə də auditoriyada müəyyən nizam-intizam yaratmalıyam. Bəzən qaydalar baxımından sərt davranmaq lazım gələ bilər. Əslində sərtlik deyil, qayda-qanuna bağlılıq deyə bilərik. Məsafə saxlamağın bu peşənin mənə öyrətdiyi ən dəyərli şeylərdən biri olduğunu düşünürəm.

Bilgə Qarasu ilə çox gözəl bir xatirəmiz var. Bir gün tam çıxacağı vaxt anamla Bilgə əmi qapı ağzında mənim haqqımda danışırdılar. Anam dedi: “Turqut bizim kimi deyil. O, insanlardan bu qədər zərbə almır. Çünki onun alnında avam yazılmayıb.” Bilgə əmi isə cavab verdi: “Baxma, əslində, onun da alnında avam yazılıb, amma heç kimi oxuyacaq qədər yanına yaxın buraxmır.” Bu, çox doğru təsbit idi. Çəkingən insanam. Bu çəkingənlik bəzən təkəbbür və ya qaşqabaqlılıq kimi başa düşülə bilir.

Ananızın əvvəlki münasibətləri haqqında eşitmək sizi narahat edirmi?

— Qətiyyən xeyr. Tamamilə normal bir şeydir. İnsanların münasibətlərinin, sevgililərinin olması qədər təbii heç nə yoxdur.

Bir şansınız olsaydı, ananızın və atanızın sizin hansı dövrünüzdə yanınızda olmasını istərdiniz?

— Əslində, mən məsələyə tərsinə baxıram. Kaş o qədər balaca olmasaydım, bir az daha ağlım kəsən vaxtlarda onlarla daha yetkin danışmaq imkanım olsaydı. Anamla daha yetkin söhbətlər etmək imkanım oldu, amma atam vəfat edəndə hələ yeniyetmə idim. Kaş ən azı iyirmi, hətta otuz yaşlarımda onlarla danışmaq fürsətim olsaydı və yetkin bir insan kimi onların dediklərini eşidə bilsəydim. Çox istərdim. Lakin öz həyatımdakı dövrlər baxımından “atam filan dövrdə yanımda olsaydı” dediyim bir məqam heç vaxt olmayıb.

İnsanların sizi davamlı olaraq ananızın və atanızın adları ilə xatırlamaları sizi narahat edirmi?

— Qətiyyən etmir. Tomris Uyar və Turqut Uyarın oğluyam. İnsanların məni bu şəkildə anmaları tamamilə təbiidir. Məni narahat etmir. İtirdiyim insanlardan bəhs edilməsi baxımından… Normalda beş-altı il əvvələ qədər bu hiss çox yox idi, amma zaman keçdikcə insan həqiqətən daha çox darıxdığını hiss edir. Çünki Tomris Uyar, Turqut Uyar, Edip Cansevər, Bilgə Qarasu kimi insanlarla birgə böyümüşəm. İnsan bəzən onlar kimi şəxsləri yenidən görmək istəyir. Ya da ən azından onların yoxluğunu hiss edir. Son bir neçə ildir ki, normalda nostalji hisslərə qapılmayan biri olsam da, kaş tanıdığım o insanları hələ də görür, onlarla danışa bilərdim hissinə qapılıram.

Tərcümə etdi: Sevinc Mürvətqızı

# 94 dəfə oxunub

Oxşar xəbərlər

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

Qədim məbəddə astrofotoqrafiya layihəsi - Fotolar

14:30 22 avqust 2026
Xalq artisti yol qəzasına düşdü - Vəziyyəti ağırdır

Xalq artisti yol qəzasına düşdü - Vəziyyəti ağırdır

14:03 22 avqust 2026
Pompeyin tarixi ilə bağlı  sensasiya yaradan arxeoloji faktlar

Pompeyin tarixi ilə bağlı sensasiya yaradan arxeoloji faktlar

13:30 22 avqust 2026
Elmi-fantastik serial “Netflix” siyahısında

Elmi-fantastik serial “Netflix” siyahısında

12:30 22 avqust 2026
Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

Vikinq döyüşçülərinin adları niyə Ayasofiyadadır?

18:10 21 avqust 2026
Türkiyədəki qədim kurqanda qazıntılar başladı

Türkiyədəki qədim kurqanda qazıntılar başladı

15:30 21 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər