Layihə-37
Kulis.az 1937-ci ildə çap edilmiş maraqlı yazıları bu layihə çərçivəsində dərc edəcək.
Bu dəfə Azərbaycan SSR xalq artisti Hüseynqulu Sarabskinin Fövqəladə IX Sovetlər Qurultayındakı çıxışını təqdim edirik.
Zəruri qeyd: Hüseynqulu Sarabski adını hər kəsin eşitdiyi bir aktyordur.1902-ci ildən teatr tamaşalarında rollar alan aktyor 1908-ci ildə bir rolu ilə tarixdə qaldı.O ildə ilk operamız “Leyli və Məcnun” səhnəyə qoyulmuş, Məcnun rolunu da Hüseynqulu Sarabski oynamışdı.
Ömrünün sonuna qədər Məcnun rolunu 400 dəfə oynayan aktyor ölüm ayağında da Həqiqət Rzayevanın ifasında Leylinin monoloqunun sədaları altında gözlərini dünyaya yummuşdu. 1922-ci ildən əməkdar, 1932-ci ildən xalq artisti idi.
Sarabskinin çıxışı:
Yoldaşlar! Azərbaycan incəsənətinin köhnə və yeni işçiləri adından Fövqəladə IX Sovetlər Qurultayına salam, salam, salam!.. (Alqışlar)
Mən bir az keçmişdən danışmaq istəyirəm. Biz keçmişi xatırlamasaq, bu şən və xoşbəxt həyatın ləzzətini dürüst anlaya bilmərik. Keçmişdə azərbaycanlılar, gürcülər və ermənilər ən xırda millət sayılırdı. Onların hüququ yox idi. Biz hamımız sıxıntı içərisində idik. Qadınlarımızın həyatını təsəvvür etmək üçün bir bayatı deyəcəyəm:
Bayquş mənəm, bayquş mən,
Hər quşlardan say quş mən.
Nə bəlalı quş oldum,
Sızıldaram yay-qış mən.
Gənclərimiz tazı qovdurmaq, qoç döyüşdürmək, xoruz çırpışdırmaq və quş uçurmaqla məşğul idilər. Bu yaramaz işlər üstündə onlar bir-birlərini öldürürdülər.
Teatroda biz bir faciəni tamaşaya qoyanda üzərimizə hər tərəfdən hücum edilirdi.
Müsavat dövründə Qaplanov adlı bir maarif ministri var idi. Ona ərizə verdik. 15 gün qapısında süründük, nəhayət bizə cavab verdi ki, işimiz çox olduğundan ərizənizə baxa bilmərik. Bizi təqib edirdilər. Bizim səhnəmizdə nə aktrisa, nə müğənni, nə yazıçı var idi. İkicə pyesimiz var idi.
Biz bir dəfə “müsəlman qadınlarını” teatroya cəlb etmək üçün loja ayırdıq. Oraya iki-üç qadın gəlirdi. Qoçular və əyripapaqlar bu qadınların lojada oturduqlarını görüb lojaya burunotu atır, qadınların öskürüb asqırmaqdan təngə gələrək çıxıb getmələrinə səbəb olurdular. O zaman erməni və rus yoldaşlar aktrisa cəhətdən bizə kömək edirdilər. Böyük rus xalqı həmişə qayğımıza qalmışdır.
Biz Azərbaycan səhnəsinə xidmət edən Lizina, Tanailidi, Qəmər, Məqfurə, Jeva və Şura Olenskayaların xidmətini unuda bilmərik. Biz keçmişdə hər bir peşə sahibindən hörmətsiz idik. Bizi qapıdan qovurdular, sözümüzü dinləmirdilər.
Sovet höküməti bizə nə verməmişdir? Hər şey vermişdir. (Gurultulu alqışlar)
Mən hökümətin üzvüyəm, bununla fəxr edirəm və get-gedə cavanlaşıram. Bizim qəhrəman Qızıl Ordumuz öz hərbi texnikası ilə doğma vətənimizin hər bir düşməninə zərbə vurmağa hazır olduğu kibi, biz də onlardan geridə qalmayaraq öz peşəmizdə işləməyə, talant və yaradıcılıq nümunələri göstərməyə, Lenin-Stalin partiyasının işi uğrunda, böyük vətənimiz uğrunda canımızı qurban verməyə hazırıq! (Alqışlar)
Mən yaxın keçmişdə professor Braudov ilə səyahətə çıxmışdım. Göygölün yaxınlığında ordenli Bəsti Bağırova və Maniya Kərimova ilə görüşdük. Onları professorla tanış etdim. Sonra Göygölə getdik. Geri qayıdırkən erməni kəndlilərinin bir yerə yığışıb kamança, tar çaldıqlarını, at oynatdıqlarını gördük. Bizə elə gəldi ki, gəlin köçürürlər. Halbuki onlar Moskvadan yeni gəlmiş və SSRİ ordenləri ilə təltif edilmiş Bəsti Bağırova və Maniya Kərimova yoldaşları qarşılayırdılar. (Alqışlar)
Uzun zaman çar və müsavat hökümətinin alçaq siyasəti nəticəsində bir-birlərinin qanına susayan bu iki qardaş millətin indi bu dərəcə gözəl münasibəti nə qədər fərəhlidir!
Bu gün ulu Stalinin bizə bəxş etdiyi qönçəgül, həyat, sevgi – bunların hamısını təmsil edən Konstitusiya gələcəyə daha böyük ümidlər verir.
Yaşasın böyük Sovetlər İttifaqını sağlam köksü və polad süngüsü ilə qoruyan, texnikası bütün kapitalist ölkələri texnikasından yüksəkdə duran Qızıl Ordumuz!
Yaşasın Qızıl Ordunun şanlı rəhbəri bolşevik Klim Voroşilov yoldaş!
Yaşasın Azərbaycanın sevimli rəhbərləri – Bağırov və Rəhmanov yoldaşlar!
Yaşasın bütün dünya proletariatının dahisi, sevgilisi, rəhbəri, atamız doğma Stalin! (Sürəkli alqışlar)
“Kommunist” qəzeti
10 mart 1937-ci il
Hazırladı: Kənan Hacı
Sarabski müsavatçı nazirin qapısında 15 gün süründü
14 noyabr 2012
15:30
3001 dəfə oxunub
Oxşar xəbərlər
İmamverdi Əbilovu erməni böhtanından kim xilas etmişdi? - "Ədəbiyyatımızın Dədə Qorqudu"
12:00
11 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor
13:00
9 dekabr 2024
Azərbaycanlı qadınlar üçün xəncər uşaq oyuncağıdır - Məşhur yazıçını Bakıda kim qarşılamışdı?
17:00
5 dekabr 2024
"Heydər Əliyev mənə dedi ki, sənə 3 gün vaxt verirəm..." - Hüseyn Cavidin məqbərəsi necə tikildi?
12:00
5 dekabr 2024
Öz içində gizli adam - Rəşad Məcid
09:00
4 dekabr 2024
Şeir gərək azad ruhla yazılsın...
12:00
30 noyabr 2024