Nobelli yazarın əsəri Azərbaycan dilində ilk dəfə

Nobelli yazarın əsəri Azərbaycan dilində ilk dəfə
8 noyabr 2013
# 12:00

Kulis.Az Svetlana Turanın tərcüməsində 2013-cü ilin Nobel mükafatı laureatı Alis Munronun “Əziz həyat” hekayəsini təqdim edir.

Birinci hissə

Məncə, o, bu ağır və riskli işi görmək üçün də olsa, evdən çıxmağa can atırdı. Evdən çıxmaq və problemləri olan, lakin gözəl şeylər yaradan kişilərin əhatəsinə tələsirdi.

O gedən kimi mən şam yeməyini hazırlamağa başlayırdım. Nə qədər ki, ucuz idilər, mənə ekzotik görünən spaqetti və qayğanaq hazırlaya bilirdim. Yemək hazır olduqdan sonra qablar yuyulur, bacım onları qurulayır, qardaşım isə qab yuyulmuş çirkli suyu aparıb qaranlıq tarlaya boşaltmağa məcbur edilirdi. Mənsə qapısı itmiş sobanın önündə oturub ayaqlarımı isidir və qəsəbə kitabxanasından götürdüyüm qalın romanları oxuyurdum: bizimkindən də ağır həyatı olan, bununla belə, ümidsiz əzəmətlə müşayiət olunan İslandiyadakı həyatdan bəhs edən “Müstəqil insanlar”ı, qətiyyən başa düşmədiyim, elə bu səbəbdən də yarımçıq qoyduğum “Ötənlərin xatirəsi”, vərəmdən bəhs edən, həyatın həm dahiyanə və inkişaf edən tərəfini, həm də qaranlıq və tükürpədici ümidsizliyini təsvir edən “Sehrli dağ”ı. Mən bu çətin vaxtlarda ev tapşırıqlarını etmirdim, lakin imtahan vaxtı gəlib çatdıqda dizimi qatlayıb bütün gecəni ayıq qalıb başımı bilməli olduğum şeylərlə doldurmağa çalışdım. Mən hər şeyi ancaq qısa müddətə yadda saxlayan qeyri-adi yaddaşa sahib idim və bu lazım olan iş üçün yaxşı yarayırdı.

Bəzi qəribəliklərə baxmayaraq, mən özümü bəxti gətirmiş adam hesab edirdim.

Bəzən anamla mən söhbət edirdik, əsasən də, onun gənclik illərindən. Mən onun baxışlarına olan narazılığımı daha bildirmirdim. Hətta onun körpələrin doğulmasına səbəb olması səbəbindən seksin nə qədər müqəddəs olduğunu deməsinə də tab gətirə bilir, ya da buna fikir vermirdim.

Anam mən məktəbdə oxuduğum vaxt məni yolda təngə gətirən müharibə veteranı Veyti Stritsə məxsus olan ev haqqında əhvalatı mənə bir neçə dəfə danışmışdı. Əhvalat Veyti Strits haqqında deyil, ondan əvvəl həmin evdə yaşamış dəli qadın missis Netterfild haqqında idi. Missis Netterfild də bizim kimi, ərzaqlarını telefonla sifariş etdikdən sonra, onları evinə gətirdirdi. Lakin bir gün, anamın dediyinə görə, ya ərzaqçının onun sifarişləri arasına yağ qoymaq yadından çıxıbmış, ya da qadın özü onu sifariş etməyi unudubmuş və sifarişləri gətirən oğlan yük maşınının arxasını açdıqda qadın bu çatışmazlığı görüb çox qəzəblənibmiş. Həmin an onun böyük mətbəx bıçağı yanında imiş və qadın onu sanki oğlanı cəzalandırmaq istəyirmiş kimi qaldırdıqda – bu isə, əlbəttə ki, oğlanın günahı deyildi – oğlan tez-tələsik sükanın arxasına keçib hətta maşının qapılarını bağlamağı unudaraq sürüb gedibmiş.

Bu əhvalatın bəzi yerləri şübhə doğurur, ancaq o vaxt nə mən, nə də anam bu haqda düşünmüşdük. Qoca bir qadın o qədər ərzağın içində məhz yağın çatışmadığına necə bu qədər əmin ola bilərdi? Özü də nəyə görə bir yanlışlıq olacağını əvvəlcədən bilmədiyi halda bıçağı özü ilə götürübmüş? Anam deyirdi ki, missis Netterfildin gənc vaxtı əsl xanım olduğunu eşitmişdi.

Missis Netterfild haqqında mənə aidiyyatı olan və bizim evimizdə baş vermiş başqa bir əhvalat da vardı.

Bu, gözəl bir payız günündə baş vermişdi. Mən yeni salınmış balaca çəmənlikdə uşaq arabasının içində yatmağa qoyulubmuşam. Atam həmin saatda, yəni günorta evdə deyilmiş – bəlkə də, bəzən etdiyi kimi, köhnə fermaya atasına kömək etməyə gedibmiş – anamsa, paltar yuyurmuş. İlk uşağın, hər zamankı kimi, çoxlu toxunma paltarını, lentlərini və digər əşyalarını əl ilə ilıq suda yumaq lazım gəlirdi. Anamın paltarları yuyub elə əlüzyuyanın yanında sərdiyi yerdə pəncərə yox imiş. Bayıra baxmaq üçün otağın bu başından o başına keçib şimal pəncərəsinə yaxınlaşmaq lazım gəlirdi. Bu pəncərə poçt qutusundan evə qədər olan maşın yoluna tərəf açılırdı.

Görəsən, anam hansı səbəbdən yuduğu paltarları yarımçıq qoyub yola baxmaq üçün pəncərəyə yaxınlaşmışdı? Həmin gün o, heç kəsi gözləmirdi. Atamın da gələcəyi vaxt deyildi. Ola bilsin ki, anam atama axşam yeməyini hazırlamaq üçün lazım olan hansısa ərzağı almağı tapşırıbmış və onun həmin ərzağı vaxtında gətirib-gətirməyəcəyindən ötrü narahat imiş. Həmin illərdə o, yemək bişirərkən kifayət qədər yaradıcı imiş – hətta qaynanası ilə atamın ailəsindəki digər qadınların fikrincə, qədərindən artıq. Onlar onun xörəklərə xərclədiyi pulları tez-tez başına qaxınc edərdilər.

Bəlkə də, anamın pəncərəyə yaxınlaşmasının yeməklə heç bir əlaqəsi yoxmuş, ola bilsin, atamın gətirəcəyi paltar biçmə nümunəsini, ya da paltar üçün yeni parçanı gözləyirmiş.

Anam bu hərəkətinin səbəbini heç izah etmədi.

Atamın ailəsinin anamla bağlı narazılıqları yeməklə bitmirdi. Ola bilsin, onun geyimi barəsində də söz-söhbət varmış. Mən onun hətta paltar yuyarkən belə don geyindiyini təsəvvürümə gətirə bilirəm. O, hər gün günorta yeməyindən sonra yarım saatlıq yatardı və yuxudan oyandıqdan sonra həmişə başqa paltar geyinərdi. Mən o dövrün fotoşəkillərinə çox sonralar baxdıqda həmin dövrün geyim dəbinin ona, ya da bir başqasına yaraşdığını heç görmədim. Donlar biçimsizdi, qısa kəsilmiş saç isə girdəsifət, doluyanaqlı anama yaraşmırdı. Lakin bu, kifayət qədər yaxında yaşadıqları üçün anama göz qoymaq imkanları olmasına baxmayaraq, atamın qadın qohumlarının müşahidə obyekti ola bilməzdi. Anamın səhvi onun mənsub olduğu təbəqəyə uyğun şəkildə geyinməməsi idi. O, fermada böyüyüb başa çatan biri kimi görünmür və ya özünü elə biri kimi aparmırdı.

O, atamın maşınını görmədi. Onun əvəzində yaşlı qadın – missis Netterfildi gördü. Missis Netterfild, yəqin ki, öz evindən buraya piyada gəlmişdi. Daha sonralar mənimlə zarafat edəcək təkqollu kişinin və onun bircə dəfə nasosun yanında gördüyüm saçını bir topaya yığmış arvadının birlikdə yaşadığı həmin evdən. Mən onun haqqında nələrisə öyrənməmişdən çox-çox əvvəl dəli qadının sifariş gətirən oğlanı yağ üstündə bıçaqla hədələdiyi məhz həmin evdən.

Yəqin ki, anam missis Netterfildi bizimlə cığırda gördüyündən daha əvvəl də görmüşdü. Bəlkə də, onlar heç vaxt bir-birilə kəlmə kəsməmişdilər. Kim bilir, bəlkə də, kəsmişdilər. Ola bilsin, anam bu haqda nə isə deyib, atamsa ona o qadınla söhbət etməyə ehtiyac olmadığını deyib. Bəlkə də, atam bunun yaxşı nəticələnməyəcəyini də əlavə edib. Anamın özlərini mədəni apardığı təqdirdə, qəribəlikləri olan adamlara adətən ürəyi ağrıyardı.

Ancaq həmin an o, nə dostyanalıq, nə də mədəni davranış barədə düşünüb. O an anam mətbəx qapısından bayıra qaçıb ki, məni arabadan götürsün. O, araba ilə örtükləri elə oradaca qoyub, qaçaraq evə qayıdıb və mətbəxin qapısını içəridən qıfıllayıb. Ön qapıdan nigaran olmaya bilərdi, onsuz da onu həmişə bağlı saxlayardılar.

Lakin mətbəxin qapısı ilə bağlı həmişə problem olardı, yoxsa həmin vaxt yox idi? Bildiyim qədəri ilə, onun heç vaxt yaxşı qıfılı olmamışdı. Evimizdə belə bir adət vardı ki, gecələr mətbəx qapısının arxasına biz kətili dayayar, kətilin söykənəcəyini qapı tutacağının altına keçirərdik ki, kimsə qapını bayırdan açmaq istəsə, yerə sürtünən kətilin səs-küyü aləmi götürsün. Mənə elə gəlir ki, bu çox naşı müdafiə yolu idi, bundan başqa, atamın tapançasının olmasına baxmayaraq, onu da siyirtmədə saxlamamaq yanlış idi. Mütəmadi olaraq atlara atəş açaraq onları öldürməyə məcbur olan atamın, əlbəttə ki, bir tüfəngi və bir cüt qırma tüfəngi vardı. Təbii ki, doldurulmamış.

Görəsən, anam qapının arxasına kətili keçirdikdən sonra heç silah haqqında düşünmüşdümü? Görəsən, həyatında bir kərə də olsun əlinə silah almışdımı, onu doldurmuşdumu?

Yəni heç ağlına gəlməmişdi ki, qoca qadın, sadəcə, bir qonşu kimi ona baş çəkmək istəyib? Məncə, yox. O zaman qadının yerişi, cığırla üzüaşağı enişi daha fərqli olardı.

Bəlkə də, anam həmin an dua da etmişdi, amma bu haqda mənə bir söz deməmişdi.

O anlamışdı ki, qadın uşaq arabasının içərisini eşələyir, çünki mətbəx qapısının jalüzünü aşağı çəkən an örtüklərdən birinin yerə atıldığını görmüşdü. Bunu gördükdən sonra o, qapı-pəncərənin jalüzlərinə vaxt itirmədən məni qucağında tutub görünə bilməyəcəyi bir yerdə gizlənibmiş.

Qapı döyülməyib. Kətili də itələyən olmayıb. Qapını döyəcləyib sındıran da olmayıb. Qab-qacaq dolabının böyründə gizlənmiş anam hər tərəfin səssiz olduğunu görüb ümid edirmiş ki, qadın artıq çıxıb gedib.

Amma elə deyilmiş. Qadın vəziyyətdən istifadə edib evin ətrafına dolanır və hər pəncərənin yanında dayanırmış. Qış fəslində salınan ikiqat şüşələr həmin vaxt, təbii ki, hələ salınmamışdı. O, üzünü hər pəncərəyə dayayırmış. Bayırda əla hava olduğu üçün bütün jalüzlər qaldırılıbmış. Qadın hündürboy olmasa da, içəri boylanmaq üçün boğazını uzatmağa da ehtiyac yox imiş.

Anam bütün bu detalları necə bilə bilərdi? Axı o, qucağında məni saxlayaraq o otaqdan bu otağa, gah bu mebelin, gah o birinin arxasında daldalanaraq qaçmamış, içəri zillənmiş gözləri və ola bilsin ki, dəlilikdən xəbər verən gülüşü görməmişdi.

O, bütün vaxtı dolabın böyrünə qısılıb qalıbmış. Başqa nə edə bilərdi ki?

Bizim evin, əlbəttə ki, zirzəmisi də vardı. Oranın pəncərələri elə kiçik idilər ki, heç kəs oradan içəri keçə bilməzdi. Lakin zirzəmi qapısı içəridən bağlanmırdı. Özü də ki, zirzəminin qaranlığında gizlənib qadının, nəhayət ki, evə daxil olmasını və zirzəmiyə tərəf aparan pilləkənlərlə enib oraya daxil olmasını gözləmək dəhşətli olardı.

İkinci mərtəbə də vardı, amma oraya gedə bilmək üçün anam böyük otağın içindən keçib getməliydi. Həmin otağı keçərkən anamın ürəyi yerindən çıxsa da, qapalı pilləkənə gedib çıxa bilərdi.

Anamın bu əhvalatı mənə dəqiq olaraq nə vaxt danışdığını xatırlamıram, ancaq mənə elə gəlir ki, bu əhvalatın ilk versiyaları anam gizlənən vaxt missis Netterfildin üzünü və əllərini pəncərəyə dayayıb gözlərini içəriyə zilləməsi ilə bitirdi. Sonrakı versiyalarda isə anam qadının, sadəcə, içəri baxdığını deyirdi. Sonra isə qadın səbirsizlənib qəzəblənərək pəncərəyə yaxınlaşdığını və onu döyəclədiyini deyirdi. Ancaq qadın qıy-qışqırıq, haray-həşir salmırmış. Bəlkə də, qadının buna taqəti yoxmuş. Bəlkə də, gücü tükəndiyi üçün bu evə nəyə görə gəldiyini də unubmuş.

Hər nə isə, o, sonda öz fikrindən əl çəkib gedibmiş. Vəssalam. Bütün qapı-pəncərənin ətrafına dolandıqdan sonra gedibmiş. Anamın gizləndiyi yerdən çıxıb ətrafa baxmaq üçün, nəhayət ki, cəsarəti çatıb və o belə nəticəyə gəlib ki, missis Netterfild artıq çıxıb gedib.

Ancaq buna baxmayaraq, o, qapının arxasındakı kətili atam gəlib çıxanadək yerindən tərpətməyib.

Mən demirəm ki, anam bu haqda tez-tez danışardı. Bu mənim eşitməyə alışdığım, hətta maraqlı hesab etdiyim repertuarın tərkib hissəsi deyildi: onun məktəbi bitirmək üçün apardığı mübarizə, Albertada təhsil aldığı məktəb, şagirdlərin dərsə atı çaparaq gəlməsi, orta məktəbdəki dostları, bir-birinin başına açdıqları məzəli oyunlar.

Mən həmişə onun nə demək istədiyini başa düşürdüm. Başqaları onu anlamadıqda mən sanki onun tərcüməçisinə çevrilirdim, bəzən elə olurdu ki, mən onun ən xırda detalları təsvir edən ifadələrini, ya da onun zarafat hesab etdiyi sözləri utandığımdan girməyə yer axtardığım halda deməli olurdum və görürdüm ki, insanlar bu işkəncədən qurtulmaqdan ötrü tez çıxıb getməyə can atırlar.

Qoca missis Netterfildin gəlişi, anam o hadisəni belə adlandrırdı, mənim nə vaxtsa haqqında söz açmaq istədiyim bir mövzu deyildi. Amma mən bu haqda çoxdan bilirdim. Bir dəfə ondan həmin qadının sonrakı aqibətini soruşduğumu xatırlayıram.

“Onu apardılar,” – anam demişdi. “Onu tənhalıqda ölməyə qoymadılar”.

Ailə qurduqdan sonra mən Vankuverə köçməli oldum. Mənim böyüyüb başa çatdığım qəsəbənin həftəlik qəzeti hələ də evimə gəlir. Mənə elə gəlir ki, bu atamla onun ikinci arvadının işidir. Adətən, mən o qəzetin heç üzünə də baxmıram, ancaq bir dəfə ona nəzər yetirdim və gözümə Netterfild soyadı sataşdı. Bu, qəsəbədə hal-hazırda yaşayan birinin soyadı deyildi. Bu, Oreqonun Portlend şəhərində yaşayan və qəzetə məktub yazmış bır xanımın soyadı idi. Həmin qadın da, eynən mənim kimi, doğma qəsəbəsinin qəzetinin abunəçisi idi və qəzetdə onun oradakı uşaqlığı haqqında bir şeiri dərc olunmuşdu.

Mən xatırlayıram yaşıl təpəni

Şəffaf sulu çayın düz üstündəki

Gözləri oxşayan mənzərəsini

Sönməz xatirəsi ürəyimdədi.

Hələ daha bir neçə bənd də vardı və onları oxuduqca mən anladım ki, o mənim məhz özümün saydığım çaykənarı yerlərdən bəhs edir.

“Yazdığım bu şeir mənim həmin təpəliklə bağlı xatirəmdən qaynaqlanır,” – o yazmışdı. “Onlar sizin illərin sınağından keçmiş bu qəzetinizdə kiçik bir yerə layiqlərsə, sizə minnətdaram”.

Günəş düz çayın üstündə

Şüaları suda oynar.

Çayın o biri üzündə

Yabanı çiçəklər açar.

Bu elə bizim sahil idi. Mənim sahilim. Sonrakı bənd sıra ilə duran ağcaqayınlar haqqında idi. Məncə, o, sadəcə, səhv yadda saxlamışdı. Çünki orada sonradan xəstəlikdən yanan qarağaclar vardı.

Məktubun qalan hissəsi hər şeyi daha da yaxşı izah edirdi. Qadın yazırdı ki, onun atası – Netterfild soyadını daşıyırdı – 1883-cü ildə hökumətdən sonradan Aşağı Qəsəbə adlanacaq yerdən torpaq sahəsi almışdı. Həmin torpaq sahəsi Meytlənd çayının sahilində yerləşirdi.

Köpüklü axını tən ortasından

Bölürdü kölgəsi ağcaqayının.

Çayın dupduru sularında

Üzürdü dəstəsi bəyaz qazların.

O, eynən mənim edəcəyim kimi, yazın gəlişi ilə hər tərəfin palçığa və təzəyə bələndiyini bilərəkdən yazmamışdı.

Əslində, mən də vaxtilə bunlara oxşar şeirlər yazmışdım, ancaq onları itirmişdim və daha həmin ruhda yaza bilməzdim. Təbiəti vəsf edən şeirləri bitirməkdə çətinlik çəkirdim. Ola bilsin, mən həmin şeirləri atamla anam mənim pis xüsusiyyətlərimi döyərək məndən çıxardıqları vaxt yazırdım. Ya da insanların o dövrdə zarafatyana dedikləri kimi, qabırğalarımı saydıqları vaxt.

Həmin qadının dediyinə görə, o 1876-cı ildə doğulmuşdu. Ailə quranadək gənclik illərini atasının evində keçirmişdi. Evləri isə qəsəbənin bitdiyi, ferma torpaqlarının başlandığı və günəşin qürubunu seyr etmək mümkün olduğu yerdə yerləşirdi.

Bizim ev.

Bəlkə də, anamın bundan heç xəbəri yox imiş, heç bilmirmiş ki, bizim evdə missis Netterfildin ailəsi yaşayıbmış və qadın bizim pəncərələrdən içəriyə sanki öz evinə baxmaq istəyirmiş.

Bu mümkündür. Bu ahıl yaşımda sənədləri araşdırmaq və hər şeyi ortalığa çıxarmaq həvəsim yarandığı üçün mən öyrəndim ki, Netterfildlər həmin evi satdıqları vaxtdan biz onu alanadək o evin bir neçə sahibi olub. Sual yarana bilər ki, bəs qadın nəyə görə həmin evdən gedib? Bəlkə, o dul qalıbmış? Bəlkə, pulu yoxmuş? Kim bilir... Bəs anamın dediyinə əsasən, onu qəsəbədən aparan kim idi? Ola bilsin ki, bu elə onun qızı olub, Oreqonda yaşayan və şeirlər yazan həmin qadın. Bəlkə də, qadın böyümüş və uzaqlarda olan qızını uşaq arabasının içində axtarırmış. Anam, özünün dediyi kimi, həyatımı xilas etmək üçün məni qucağına aldıqdan sonrakı anda.

Qadın mənim yetkinlik həyatımda yaşadığım yerə yaxın yaşayırdı. Mən ona məktub yaza, hətta ona baş çəkə bilərdim. Əgər başım öz gənc ailəm və bitib-tükənməyən yazılarıma qarışmış olmasaydı, əgər, istənilən halda, onunku kimi ədəbi çırpınmalara və sentimentallığa qarşı bu dərəcədə sərt mövqedə dayanmasaydım. Lakin o mənim deyəcəklərimi eşitdikdə buna sevinməyə bilərdi. Həmin an əsl danışmaq istədiyim adam anam idi, amma onunla danışmaq artıq mümkünsüz idi.

Mən nə anam ölüm yatağında ikən onun yanında ola bildim, nə də onun dəfnində iştirak edə bildim. Vankuverdə bir dənə də olsun yaxın adamım yox idi ki, iki körpəmi onların yanında qoya bilim. Yola çıxmaq üçün kifayət qədər maddi imkanımız da yox idi, yoldaşımın isə formal davranışdan zəhləsi gedir. Buna görə onu günahlandıra bilərdimmi? Mən də o cür düşünürdüm. Adətən deyirik ki, filan hərəkət bağışlanılmazdır, ya da filan şeyə görə özümü heç vaxt bağışlamayacağam. Ancaq biz bağışlayırıq, həmişə bağışlayırıq.

Anam ölüm yatağında ikən yerləşdirildiyi xəstəxanadan gecənin bir aləmində qaçmağa müvəffəq olmuş, qəsəbədə dolaşarkən onu tanımayan bir nəfər tərəfindən yenidən geri gətirilmişdi. Əgər bütün bunlar bədii ədəbiyyat olsaydı, çox şişirdilmiş görünərdi, lakin bunlar həqiqətdir.

Son

İngiliscədən tərcümə: Svetlana Turan

# 2154 dəfə oxunub

Müəllifin son yazıları

# # #