Uşaqlıq travmaları, şəxsiyyətin parçalanması, şizofreniya - Yutubla, netflikslə böyüyən texnonəsil

Uşaqlıq travmaları, şəxsiyyətin parçalanması, şizofreniya - Yutubla, netflikslə böyüyən texnonəsil
28 dekabr 2023
# 15:00

Kulis.az Simran Qədimin "Kinonun qısa tarixi" adlı yeni yazısını təqdim edir.


“İstəyirəm ki, film siz kinoteatrdan çıxandan sonra başlasın”.
Jak Tati

Lümyer qardaşlarının xeyir-duası ilə qatara minib uzun səfərə yollanan kino həm estetik, həm də texnoloji baxımdan daim dəyişir, inkişaf edir, belə deyək, təkamül keçirir. Bu gün hərəkətli fotoqrafiya sənətinin – kinonun içində çox şey tapmaq olar: teatr, ədəbiyyat, musiqi, rəssamlıq...

Kino, mədəniyyətin müxtəlif sahələrini özündə birləşdirir, hər kəs (onunla maraqlanan da, maraqlanmayan da) ömrünün müəyyən çağında bir xeyli filmə baxıb. İzlədiyimiz filmlər bumeranq kimi qayıdıb həyata, sənətə baxışımızı, estetik zövqümüzü formalaşdırıb.

Əslində, kino yuxarıda sadalananlardan daha artığını ehtiva edir: filmlər sayəsində təxəyyülünü zənginləşdirib sənətə gələn sənətkarlar, missiyasını nələrsə kəşf etməkdə görüb elmə yönələn alimlər, qorxmadan kosmosa çıxan kosmonavtlar...

Filmlər uşaqlıqdan beynimizə, şüuraltımıza nüfuz edir, böyüdükcə cücərən müxtəlif fikir toxumları səpir. Bəzən də gizli-açıq təbliğ etdiyi dəyərlərlə, ideoloji-fəlsəfi qatlarla çox qorxulu, təhlükəli bir alətə – “beyinyuma maşını”na çevrilir. Ona görə də istər cizgi filmlərinə, istər bədii və ya sənədli filmlərə, istərsə də seriallara son dərəcə həssas yanaşmalı, nəyə, niyə, nə qədər baxdığımıza diqqət yetirməliyik.

***

1895-ci ilin 28 dekabrında fransız Lui və Oqüst Lümyer qardaşları Parisdə 45-50 saniyəlik bir neçə videoçarx nümayiş etdirdilər. Kinonun əsası qoyuldu, qatar yola çıxdı. Hərəkət edən fotoları andıran bu kadrlar həm rəngsiz, həm də səssiz idi. Əlbəttə, belə şeylər yutubla, netflikslə böyüyən texnonəslə çox mənasız, maraqsız gələ bilər. Videoçarxların əvvəl-əvvəl elə bir məzmunu, süjeti yox idi. Ancaq illər ötdükcə onlar genişləndi, məna-mətləbə bürünüb müəyyən fikir ifadə edən bədii yaradıcılıq nümunələrinə çevrildi. Tezliklə bütün dünyaya yayılıb məsafələri yoxa çıxardı, necə deyərlər, ekranlarda göstərilənlər uzaq ölkələri yaxın etdi.

Əvvəlcə kinoya səs gəldi. "Dayanın, dayanın bir dəqiqə! Siz hələ heç nə eşitmədiniz!" – bu ifadə ilə 1927-ci ildə Nyu-Yorkda dil açan ilk film "The Jazz Singer" ("Caz müğənnisi") idi. Amma həmin filmdə danışığın, dialoqların əvəzinə, musiqi vardı.

1910-cu ilə qədər Los-Anceles yaxınlığında adi bir qəsəbə olan Hollivud üç ildən sonra artıq tammetrajlı bədii filmin çəkilməsinə ev sahibliyi etmişdi.

1920-ci illərdə kino sənayesi inkişaf mərhələsinə qədəm qoydu. Tədricən böyüyüb şaxələndi, nəhəng bir imperiyaya çevrildi. Bu imperiyanın ilk ulduzlarından biri, bəlkə də, birincisi Çarli Çaplin idi. Tamaşaçıların sonsuz sevgisini qazanan, danışmadan güldürməyi bacaran əfsanəvi komediya ustası Çarli Çaplin.

Az sonra Avropa kinosunda yeni-yeni üslublar, fərqli-fərqli janrlar yarandı: alman ekspressionizmi, fransız avanqardı, bioqrafik dramlar, qorxulu trillerlər, mistikalar, fantastikalar...

1935-ci ildə "Bekki Şarp" filmi ilə kinoya rəng gəldi. Düzdür, kadrların rənglənməsi ilə bağlı əvvəlki illərdə də bir sıra nailiyyətlər əldə edilmişdi, hətta Lümyer qardaşlarının da bəzi uğurlu cəhdləri vardı. Bununla belə, ilk rəngli film kimi tarixə “1935” tarixi düşdü.

Hollivud yerində dayanmaq bilmirdi (heç indi də boş dayanmır). Gecə-gündüz işləyib tamaşaçıların ixtiyarına yeni-yeni filmlər verdi. “Metro-Goldwyn-Mayer” (MGM), “Paramount Pictures”, “Warner Bros. Pictures”, “20th Century Fox”, “Universal Studios”, “RKO Pictures” (1959-cu ildə fəaliyyətini dayandırıb)... Kinomanların adlarını əzbər bildikləri bu studiyalar amerikan kinosunun "Qızıl dövrü"nü başlatdı, sənaye qısa vaxtdaca bolluğa qərq oldu.


Bir azdan Hollivudla rəqabətə cəhd edən kiçik studiyalar yarandı. Tezliklə sənətdə öz yolunu, cığırını açan müstəqil kino anlayışı meydana gəldi.

1950-ci illərdən bu yana dünya öz imzaları, dəst-xətləri ilə fərqlənən, kinonu addım-addım irəli aparan dahi rejissorlarla tanış oldu: Akira Kurosava, İnqmar Berqman, Jan-Lük Qodar; Federiko Fellini, Serco Leone, Stenli Kubrik, Andrey Tarkovski, Abbas Kiarostami... Roman Polanski, Hayao Miyazaki, Martin Skorseze, Stiven Spilberq, Corc Lukas, Devid Linç, Kventin Tarantino; Gilermo del Toro, Ves Anderson, Kristofer Nolan, Demyen Şazel...


Əgər ortada sənət varsa, əlbəttə, onlara qiymət verən, yaxşını yamandan ayıran mükafatlar da var: “Oskar”, “Qızıl qlobus”, “Saturn”, “BAFTA”, “Qızıl palma”, “Sezar”, “Qızıl şir”, “Qızıl ayı”...

***

Arxada qalan bir əsrdən uzun zaman ərzində xüsusən texnoloji cəhətdən böyük sıçrayışlara imza atmış kino bu gün 3D və 5D kimi yeniliklərlə tamaşaçıları təəccübləndirməyə davam edir. Yaratdığı illüziya ilə bizi axın-axın kinoteatrlara dartıb gətirir, ağlımızı, bütün hissiyyat üzvlərimizi ələ keçirib tamamilə öz içinə çəkir.

Kino bu gün klassik mənada gerçəkliyi, real hadisələri göstərməklə kifayətlənmir. Hər vəchlə təxəyyülün, fantaziyanın sərhədlərini aşmağa, insanları heyrətləndirməyə çalışır. İndi film aləmində hər şey var: rəngarəng fantastik dünyalar, zamanda səyahət, kimlik axtarışı, yaddaş sayrışmaları, uşaqlıq travmaları, şəxsiyyətin parçalanması, şizofreniya; saxta tarix, saxta bioqrafiya, utopiya, antiutopiya, futurizm...

Gerçəkliyin sual altına alınıb fiktiv reallığın önə çıxması, hər şeyə kinayəli, ironik yanaşmağa duyulan meyil, hadisələrdəki xronoloji ardıcıllığın pozulması; zaman və məkan hissi ilə yaradılan illüziyalar, bir nöqtədə birləşməyən müstəqil əhvalatlar, forma oyunları, dekonstruksiya...


Kino artıq kinoteatrlardan çıxıb evimizə qonaq gəlir, hətta smartfonun ekranında ovcumuza sığışır. Kino artıq çoxdan internetdə, cürbəcür onlayn platformalarda özünə yer tapıb. Əvvəl-əvvəl, sadəcə, 45-50 saniyədən ibarət olan videoçarxların sonradan dil açıb rəngli paltarlar geyinməsi, boyunun – xronometrajının uzanması zamanın gözləri önündə böyüyən körpə uşağı xatırladır. Hələ qocalmayan, bəlkə də, yeniyetməlik dövrünü yaşayan bir uşağı...
Sonda geniş tamaşaçı auditoriyasının bəyənə biləcəyi, subyektiv meyarlarla hazırlanmış belə bir siyahıya nəzər salaq:

⦁ “12 Angry Men” (1957)
⦁ “The Shawshank Redemption” (1994)
⦁ “The Truman Show” (1998)
⦁ ”The Pianist” (2002)
⦁ "A Separation" (2011)
⦁ “Kış uykusu” (2014)
⦁ “İnterstellar” (2014)
⦁ “İnside Out” (2015)
⦁ “Parasite” (2019)
⦁ “The Social Dilemma” (2020)

# 1849 dəfə oxunub

Müəllifin son yazıları

# # #