"Daha uşaq deyiləm, dəyişə bilmərəm..." - Hansı qorxular bizə sərhəd çəkir?

"Daha uşaq deyiləm, dəyişə bilmərəm..." - Hansı qorxular bizə sərhəd çəkir?
18 oktyabr 2025
# 13:00

Kulis.az Simran Qədimin "Tapdınsa, itirmisən!" yazısını təqdim edir.

Özünü tapmaqla özünü tanımaq fərqli anlayışlardır.

Özünü tapmaq sabit, dəyişməz bir “mən”in ovuna çıxmaqdır. Sanki haradasa dərinlərdə gizlənmiş qaya kimi möhkəm, sarsılmaz bir “həqiqi mən” var və insan onu kəşf etməlidir.

Əgər alınsa, nirvanaya çatıb rahatlaşacaq, kamilləşəcəyik.

Halbuki biz daim dəyişən, formalaşan, qarşılıqlı təsirlərlə yenidən kimlik qazanan varlıqlarıq. Özünü tapdığını düşünənlər dəyişməkdə, inkişaf etməkdə çətinlik çəkir, özləri özlərinə əngəl olurlar.

Bir çoxları "mən daha uşaq deyiləm, dəyişə bilmərəm, dəyişmərəm!" deyirlər. Əslində, insan özünü tapmalı deyil, yaratmalıdır. Səhv varsa, dəyişmək cəsarəti hər yaşda vacibdir.

Özünü tanımaq isə sabit, dəyişməz “mən”i tapmaq yox, fərqindəlik qazanıb öz kimliyini anlamaq, içindəki mexanizmi "oxuya" bilməkdir.

Niyə belə düşünürəm? Nəyə, hansı dəyərlərə inanıram? Hansı qorxular mənə sərhəd çəkir, hansı ümidlər qanad verir?

Özünü tanımaq inkişafı dayandırmır, onun şüuruna çevrilir. Bu, daxili laboratoriyada çalışmaqdır: müşahidə edib təhlil aparmaq, daim özünü yenidən formalaşdırmaq!..

Bu gün Sokratın “özünü tanı!” çağırışı sanki "özünü maskala!" nidasına çevrilib. İnsanlar özlərini tanımaq əvəzinə, başqalarına özlərini tanıtmaq və göstərməklə məşğuldurlar.

İndi var olmaq deyil, brend olmaq, trendə uymaq önəmlidir.

Dövrümüzdə çox adam həyata bir hekayə, film kimi baxır. Özümüzü baş qəhrəman, digərlərini isə ikinci, üçüncü dərəcəli personajlar sayırıq.

Bəs hər kəs özünü protaqonist, yəni baş qəhrəman sayırsa, antaqonistlər, yəni baş qəhrəmanlara qarşı çıxanlar kimlərdir? Həyatda özünü antaqonist olaraq görənlər varmı?

Bəlkə də, antaqonist hər kəsin içindəki eqodur. Özünü tanımaq da məhz bu eqo ilə savaşmaq, onu məğlub etməyə çalışmaqdır.

Bu gün çoxları həqiqətə baxmaqdansa, ekranlara baxmağı üstün tutur. Ekranlar parıldayır, amma düşündürmür. Həqiqət isə parıldamasa da, oyadır, ayıldır.

"Nosce te ipsum", "nosce te ipsum", "nosce te ipsum"... Latınca tərcümədə, özünü tanı! Antik Yunanıstanda – Delfi bölgəsindəki Apollon məbədinin divarında həkk olunmuş bu kəlamı daim təkrarlamaqda fayda var.

Özümüzü tanımaqla özümüzü ələ almaq, davranışlarımızın, seçimlərimizin, qərarlarımızın fərqində olmaq imkanı qazanırıq.

Özünü tapmaq qapanmaqdır, özünü tanımaq açılmaq.

"Tapdım" deyənlər eqolarının əsirinə çevrilir, tanımağa çalışanlar ona hökm edirlər.

Tapmaq sondur, tanımaq yol.

Özümüzü deyil, yolumuzu tapmalıyıq. Yol isə həmişə davam edir, bizi gələcəyə aparır...

# 355 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər