Hər tanıdığımız adam öləndə həyatımızdan nəsə qoparır. Bu günlərdə dünyasını dəyişən, Sovet dönəmində minlərlə qadının idealı olan aktyor Aleksey Batalov kimi.
Batalov yadımda ən çox Kann festivalında Qızıl palma budağı alan “Durnalar uçur” və Oskar qazanmış, sovet donəminin kult filmlərindən biri “Moskva göz yaşlarına inanmır” filmlərindəki rollarıyla qaldı.
...Aleksey kinorejissor Vladimir Batalovun və teatr aktrisası Nina Olışevskayanın ailəsində doğulub. Uşaq olanda valideynləri ayrılır və anası yazıçı Viktor Ardovla ailə qurur. Onların qonşuları məşhur yazıçılar, şairlər idi: Mixail Bulqakov, Dmitriy Furmanov, Mandelştam.
Anna Axmatova Moskvaya gələndə onlarda qalırdı. Batalov xatırlayır ki, o, Bədaye teatr truppasında aktyor kimi işləyəndə ancaq bir qiyafəti vardı: əsgər qalifesi və çəkməsi. Həssas olan Axmatova üst-başını təzələmək üçün aldığı bütün qonorarı ona verir. Aleksey isə alış-veriş elədiyi dükanın yanında köhnə “Moskviç”i görəndə düşünmədən onu alır.
Avtomobillərə zəifliyi olan Batalov günahkarca Axmatovaya baxaraq: “Anna Andreyevna mən maşın aldım, həyətdə pəncərənin altındadır” deyir. Axmatova cavabında gülümsəyərək: “Məncə bu, əladır” deyir.
Müharibənin ilk illərində Aleksey anası və digər qardaşlarıyla Moskvadan Tatarıstanın Buqulma rayonuna evakuasiya olunur. Anası burda kiçik teatr təşkil edir. On iki yaşlı Aleksey dekorasiyalar düzəltməkdə, təmir işlərində ona kömək edir. Özünü aktyor kimi sınayır, hospitallarda yaralıların qarşısında şeirlər oxuyur.
1945-ci ildə ailə Moskvaya qayıdır. Həmin ildə Aleksey Leo Arnştamın “Zoya” filmində epizodda çəkilir və on altı yaşında kinoda debütünü edir. Sonralar isə Moskva Bədaye teatr məktəbini bitirir.
Hələ çox gənc ikən tanınmış rəssam-karikaturaçı Konstantin Rotovun qızı İrinayla evlənir. 1952-ci ildə onların qızı Nadya doğulur. Ailə zahirən xoşbəxt görünsə də, tez-tez mübahisələri düşür. Çünki Alekseyin vaxtının çoxu Leninqradda çəkilişlərdə keçirdi. Məşhurlaşdıqca pərəstişkarları çoxalırdı, fanatları hər yerdə onu təqib edirdi. Arvadı İrinanın isə bu xoşuna gəlmir, onu qısqanır, emosiyalarını idarə edə bilmirdi. Bir neçə il sonra cütlük ayrılır.
1954 -cü ildə iyirmi altı yaşlı Aleksey Leninqradda “Rumyantsevin işi” filminin çəkilişlərində olanda qaraçı sirkinin rəqqasəsi Gitana Leontenko ilə rastlaşır. Aleksey ondan 12 yaş kiçik olan uzun saçlı, qaynar baxışlı, sirli təbəssümlü qaraçı qızına vurulur. Amma Gitananın ailəsi izdicava qarşı idi. Çünki onlar Gitananın ancaq qaraçıya ərə getməsini arzulayırdılar. Ona görə sevgililər doqquz il gizli görüşmüşdülər, hətta qaraçılar Alekseyi hədələmişdilər də.
Nəhayət, Gitananın təkidi qarşısında ailəsi təslim olur. Gitana deyir: “Mən heç vaxt Alekseyə nəyisə israr eləmirdim, ondan nəsə xahiş eləmirdim, sərbəst buraxırdım, o, həmisə azad idi. Düşünürəm o, mənimlə məhz buna görə evləndi”.
1968-ci ildə onların qızı Mariya doğulur. Uşaq doğulanda həkimlər onun serebral iflic olduğunu bildirir. Gənc ailə bu xəbərdən o qədər sarsılır ki, uşağı doğum evində qoymaq istəyir. Amma özlərini ələ alır, bütün sevgisini, diqqətini Mariyaya yönəldirlər.
Həmin illərdə Batalov ard-arda filmlərə çəkilirdi. Gitana isə karyerasının pikində qızına görə sirkdən gedir. Mariya uzun illər müalicə alsa da faydası olmur.
Batalov deyirdi: “Mən Mariya üçün yaşayıram. Doğuluşdan istedadlı olsa da, hərəkət məhdudluğu var. Məndən çox oxuyub. Bir neçə dil bilir, ssenari yazır, Qərb ədəbiyyatını ruscaya çevirir” .
Mariya qiyabi olaraq VQİK-in (Moskva Dövlət Kinematoqrafiya İnstitutu) ssenari fakültəsini bitirib. Bir neçə kitab müəllifidir. Onun ssenarisi əsasında rejissor Mixail Boqin “Dəniz sahilindəki ev” filmini çəkib.
1970-ci illərdə Batalova daha çox məmur, rəhbər rollarını təklif edirdilər. O, isə düşünmədən imtina edirdi. Aktyor Lenin rolunu oynamaqdan, radioda Brejnevin “Kiçik torpaq” əsərini oxumaqdan, sovet qoşunlarının Çexoslavakiyaya daxil olmasını dəstəkləyən məktubu imzalamaqdan imtina etmişdi.
Amma 2014-cü ildə Rusiyanın Krımı işğal etməsini dəstəkləmişdi. Onun fikrincə Krım Rusiyanın ayrılmaz parçasıdır.
Kinoda az çəkildiyi vaxtlarda Batalov VQİK-də də müəllim işləyir, tələblər yetişdirir. Yeri gəlmişkən, tanınmış aktrisalarımızdan biri Gülzar Qurbanova Batalovun tələbəsi olub.
1979-cu ildə ona “Moskva göz yaşlarına inanmır” filmində Qoşa rolu təklif olunur. Buna kimi filmin rejissoru Vladimir Menşov Qoşa roluna uzun müddət namizəd axtarmışdı. Bu roldan Vitaliy Solomin və İqor Oxlupin imtina eləmişdi. Sonra rejissor Oleq Yefremovu və Vyaçeslav Tixonovu sınaq çəkilişlərinə dəvət eləsə də alınmamışdı.
Nəhayət, Menşov televizorda “Əziz adamım” filmində Batalovu görən kimi “Qoşa budur” deyir. Amma hamı Batalovun az tanınan rejissorun yüngül melodramda oynayacağına inanmır.
O, bu rola razılaşmasını belə izah edirdi: ”Mənim rolumla hər şey aydın idi. Ssenarini oxuyanda anladım ki, qadın qəhrəman ekranda dəfələrlə gördüyümüz kanonik dövlət işçisi yox, tamamilə başqa adamdır. Alınar, alınmaz- bu, ikinci sual idi, amma belə bir ssenari ilə işləmək maraqlıydı”.
Filmdən sonra Batalova təkliflərin ardı-arası kəsilmir. O, yenə əksər təklifləri rədd edir, çox az çəkilir.
Ömrünün son illərində Batalov deyirdi: “Qocalığadək yaşamaq ona görə vacibdir ki, ətrafdakı hər şeyin bir-birilə incə şəkildə əlaqəsini anlayasan. Anlamaq lazımdır ki, yardım etmək lazım olanda gecikməyəsən, sonraya qoymayasan. Bəzən inanılmaz bir şeyin baş verməsi üçün çox az şey lazımdır. Həyatımızda önəmli şeylər insani səviyyədə baş verir, qlobal-dövlət-kosmik səviyyədə yox. Mən hər gün konkret nəsə eləməliyəm ki, evə gələndə rahatca kresloda oturub çayımı içim. Tale ilə alış veriş eləməmişəm. Nə qədər yaşayacağımı da bilmirəm. Amma bir səbəbə görə yaşamaq istərdim: qızıma görə narahatam. O mənsiz necə olacaq. Etiraf edim ki, birinci qızıma yaxşı ata olmamışam. Evdə nadir hallarda tapılırdım. Uzun müddətə çəkilişə gedirdim. Görünür, ailəm elə buna görə dağıldı”.