Amaliya Pənahova: “Rasim Ocaqov dedi, ərinizdən qorxdum” – Müsahibə

Amaliya Pənahova: “Rasim Ocaqov dedi, ərinizdən qorxdum” – Müsahibə
8 noyabr 2019
# 13:15

Bu gün Xalq artisti Amaliya Pənahovanın anım günüdür. Kulis.az bu münasibətlə aktrisanı yad eləmək üçün 2017-ci ildə Sevda Sultanovanın ondan aldığı müsahibəni təqdim edir.

- Amaliya xanım, yaxınlarda Bələdiyyə Teatrının 25 illiyi oldu. Müstəqillik dönəmində müstəqil teatrlar yaransa da, az sonra çoxu dağıldı. İdarəçiliyi necə qurdunuz ki, teatrınız hələ də fəaliyyət göstərir.

- Bakı Bələdiyyə Teatrının açılması haqda 1992-ci ilin noyabrında sərəncam verildi, dekabrda ilk tamaşamız oldu. O gündən teatr fəal çalışır, baxmayaraq ki, binası yoxdur, şəraiti yoxdur. Halbuki xaricdə çox ödüllər almışıq. Axırıncı dəfə də 2016-cı ildə bütün türk dünyasının teatrları arasında birinci yeri tutduq. Mənə elə gəlir ki, zamanın nəbzini tutaraq repertuarı elə qurmaq lazımdır ki, tamaşaçıya maraqlı olsun. Tamaşaçıya da maraqlı olanda nəsə alınır.

- Dediniz, binası yoxdu teatrın. Problemi necə həll edirsiz?

- “Drujba” kinotetrında idik. Mədəniyyət Nazirliyindən dedilər ki, burda böyük bir mədəniyyət mərkəzi inşa olunacaq. O da özəlləşdirildi. Bizi faktiki küçəyə atdılar. İndi əlaqədar təşkilatdan məktubumuza cavab gözləyirik.

- Repertuarı necə seçirsiz? Rejissora seçim imkanı verirsiz?

- Mən yalnız direktor deyiləm, həm də bədii rəhbərəm. Bizdə bədii şura var, amma son söz məndədir. Truppaya baxıram, əsərə uyğun ifaçı varsa və o, əgər rolu yüksək səviyyədə aparacaqsa, tamaşa alınacaq. Mənim ürəyim çox şey istəyə bilər, amma potensialım, istedadım, görkəmim ona yarıyırmı? Mən yaşdan danışmıram. Çünki səhnə ovsunlayıcıdır. Qrim, işıq, aktyorun çevikliyi, fiziki yararlığı onu 15 yaşında da göstərər, 75 yaşında da. Amma bu başqa söhbətdir ki, o, bacaracaqmı bunu. Ona görə əsas yaş yox, istedaddır. 50 ildən çoxdur sənətdəyəm. Kim hansı rolu oynaya bilər, kim nəyə qadirdir, artıq baxanda bilirəm. Bu gün baş rolu oynayan sabah nizə tutur səhnədə. Yəni dəyişirlər, çünki hamısı istedadlıdır. Repertuar seçəndə yalnız bir aktyorun üzərində qurmuram. Mənim zövqümə və təcrübəmə çox inanırlar. Hər halda bu günədək dediyim hədəfdən kənarda olmayıb. Hədəfə düşüb. Görəndə ki, rejissor yanlış yoldadır, çalışıram dəlillərlə onlara anladam ki, niyə mən “yox” və ya “hə” deyirəm. Niyə istəyirəm bu aktyor oynasın, yaxud filan aktyordan vaz keçin. Sübutları gətirəndə onlar mənlə razılaşırlar. Həmişə də udublar. Kənardan rejissor gəlirsə turppamızı tanımaya bilər, yaradıcılığımzı bilməyə bilər. Bəhram Osmanov Şillerin “Məkr və məhəbbəti”ni qurdu. Heç tanınmayan iki aktyoru baş rola tövsiyə etdim. Sual verdi ki, alınarmı? Dedim, sına. On gün məşq elədi, onların üzərində çalışdı. Gözəl də alındı. Rejissor yetişdirməlidir aktyoru. Türkiyədə beynəlxalq teatr festivalında biz birinci yer tutduq bu tamaşayla.

- Zamanla teatrlar daha çox intriqalarıyla gündəmə gəlir. Sizin teatrla bağlı belə materiala rast gəldyimi xaıtrlamıram.

- Bu teatrı yaradanda özümə söz verdim ki, ədavətə, haqsızlığa yol verməyəcəm. Bura aktyor qəbul edəndə ilk sözüm bu olur ki, bir-birinizə paxıllıq, düşmənçilik görsəm, qeybət eşitsəm burda olmayacaqsız... Mən 30 il akademik teatrda işlədim, başıma gələnləri danışsam böyük rəvayət olar.

- Məncə, siz yazın onları.

- Bilirisiz, hər yazını da vermək olmur. Doktorluq disertassiyamda müəyyən mənada toxunmuşam o məsələlərə. Gənc aktrisalar vardı, istedadları da vardı. Amma müəlliflər istəmirdi onları. Çünki tamaşaçılar qəbul eləmirdi onları. Günahı da məndə görürdülər ki, mən qoymuram. Mən necə qoymuram? 25 ildir qoymuşam səhnəni, oynasınlar da. O anşlaqları yığsınlar, o tamaşaçı məhəbbətini qazansınlar.

- Uğurun sirri nədəydi: peşəkar rejissor, peşəkar aktyor və uğurlu pyes seçimində?

- İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən” tamaşasında 18 yaşımda oynamışam və bu uğurumdan sonra o, hər yeni gətirdiyi pyesdə baş qəhrəman kimi məni görürdü. Tofiq Kazımov qoyurdu o pyesləri, o rəhmətə gedəndən sonra Mərahim Fərzəlibəyov qoydu. Bu gün İlyas Əfəndiyevin əsərləri var, Mərahim Fərzəlibəyov da var, başqa rejissorlar da, aktyorlar da. Nailiyyət gətirsinlər ortalığa.

- Sizcə niyə gətirə bilmirlər?

- Mənə elə gəlir İlyas Əfəndiyevi başa düşmək lazımdır. Dəfələrlə İlyas Əfəndiyevin əsərlərinə ayrı-ayrı teatrlar qayıdıb. Əfsanəyə çevrilən tamaşalar vardı, o səviyyəyə gəlib çıxara bilmədilər, aşağı apardılar. Mən onu yalnız bir şeylə şərh edə bilərəm ki, rejissor və ifaçı İlyas Əfəndiyevin dramaturgiyasını onun yazdığı dərəcədə anlamırlar. Çünki bu yazıçı qəlizdir, sətirarası deyilməyən fikirlər var. Sözaltı mənaları tamaşaçıya çatdırmaq lazımdır. O yoxdu deyə tamaşaçıyla kontakt alınmır.

- İlyas Əfəndiyevin yaradıcılığından söz düşmüşkən, onun “Mənim günahım” əsərinin əsasında hazırlanan eyni adlı tamaşada oynamısız. Hətta televiziya tamaşasında həm rejissor olmusuz, həm də baş rolu ifa etmisiz. Məleykə Əsədova və Şükufə Yusupova da oynayıb bu tamaşada. Baxmamısız?

- Baxmadım. Məni dəvət elədilər, amma sözün düzü birində Bakıda olmadım, digərində xəstə oldum, gedə bilmədim. Aktrisadırlar, onların da ürəyindən keçir. Müqayisə etmək də düz deyil.

- Yaşlı aktyorların cavan obrazlar oynaması qınanılır. Baxışınız necədir buna?

- Mən 18 yaşlı qəhrəman oynayanda 40 yaşım, oğlunu itirən 75 yaşlı ananın faciəsini oynayanda 37 yaşım vardı. Hamı da inanırdı. Niyə onda demirdilər cavanı, ya filan əsərdə qocanı oynadı. Deməli, ona daxil olmaq, inanmaq lazımdır. Bir də ki, vizual görünüş amili var. Aktrisalar var ki, 25 yaşındadır, amma əndamları heç öz yaşlarına sığışmır. O yaşın öz şuxluğu var, öz danışıq tərzi var.

- Siz uzun müddət İncəsənət Universitetində də dərs demisiz.

- Sonra çıxdım. Çünki istəmirdim hər gələn mənim imzamla aktyorluğu bitirsin və sənətdə qalmasın. Kimsə gəlib səndən üzünü görmədiyin adam üçün qiymət yazdırmağı xahiş edir. Düzdür, dərs dediyim tələbələr var ki, teatrda, televiziyada çalışırlar. Onlarla fəxr edirəm. Amma gördüm ki, xahişlə qiymət yazdıranlar çoxdur. Mən necə qiymət yazım? Dedim, sizi belə təmin edirsə, onda mənim vaxtım da, həvəsim də yoxdur burda qalmağa. Elə öz teatrımla məşğul olaram.

- 1987-ci ildə Məmməd Muradın əsəri əsasında “Təkan” televiziya tamaşasını qurdunuz. Amma o vaxt bu tamaşa səs-küyə səbəb olmuşdu.

- O dövrdə partiya işçilərini tənqid etmək düzgün deyildi. Özü də rayonun birinci katibinin ailəsini... Süjet belədir ki, birinci katibin oğlu həlak olur. Çünki atasını eyş-işrət məclisində görür, qəzəblənir və qəzaya düşür. Baş rolu mən və Əlabbas Qədirov oynayırdıq. İkimizin üzərində qurulmuşdu tamaşa. Və ərlə arvadın dünyagörüşü, fərqli yanaşmaları toqquşur. Onda televiziyanın rəhbəri Elşad Quliyev idi. Mənə şərait yaratmışdı. O, mənə inanırdı, rəhbər olduğu dövrdə üç tamaşanın rejissoru oldum: “Mənim günahım”, “Təkan” və “Sənsiz”. Bu tamaşalar televiziyanın “Qızıl fond”unda saxlanılır. Dedilər, tamaşa efirə getmədən öncə Əfran Daşdəmirov baxacaq, onda o, Mərkəzi Komitədə ideologiya şöbəsində işləyidi. Gəldi baxdı. Elşad Quliyev sonra dedi ki, bir yer var oranı dəyişmək lazımdır. Orda bir epizod vardı, eyş-işrət məclisində deputat nişanı olan adamı göstərir. Dedi, yumşaldın ya montaj edin. Dedim, onda tamaşanı verməyin. Axı orda məqsəd var, məna var. Özü 6 aydan sonra çağırdı ki, tamaşaya bir də baxdım, efirə gedəcək.

- Əsəri ekranlaşdırmağa sizi nə vadar etdi?

- Birinci mövzu dramatik idi, həm də özümə uyğun rol gördüm. Rejissura ilə də məşğul olmaq istəyirdim. Bələdiyyə Teatrında da 20-yə yaxın tamaşa quruluş vermişəm.

- Sizi tez-tez film premyeralarında görürəm. Hansı filmdən zövq almısız?

- Elxan Cəfərovun filmlərində yüksək peşəkarlıq görürəm.

- “Yarımçıq xatirələr”ə baxmsız?

- Yox, “Dolu” filminə baxmışam. İndi düzdür, “Nar bağı”nı çox tərifləyirlər. Mən baxdım. Düzü, operator işi məni çox darıxdırdı. Çox ləng, eyni kadr dayanır, boş, mənasız kadrlar gördüm orda. İndi tərifləyirlər. Bəlkə mən nəsə başa düşməmişəm. Filmdə peşəkar aktyorlar çəkilib. Amma söhbət rejissor yozumundan gedir. Ya montajı ləng ediblər, ola bilsin, heç operatorun da günahı yoxdur. Operator saxlayıb, stop eləyib, montaj da elə saxlayıb onu.

- Yəni sizi tempo-ritm darıxdırdı?

- Hə, mən tempo-ritmdən danışıram.

- Məşhur ssenarist Querra deyir ki, əsl film darıxdırıcı olmalıdır.

- O baxır film. Bir var, məna kəsb eləsin, düşündürsün. Yəni fəlsəfi filmdir, səni düşündürür.

- Yadıma düşmüşkən, “Nişanlı qız” tamaşasında ikinci plandakı rolu ifa edəndə populyar idiniz. Baş rolda da gənc aktrisa Bəsti Cəfərova oynayırdı. Nə əcəb baş rolu ifa etmədiniz?

- Məlik Dadaşov təklif eləmişdi baş rolu Bənövşəni oynayam. Etiraz elədim. Dedim, Zərifəni istəyirəm, təəccübləndi ki, niyə. Dedim, Zərifədə aktyor üçün oyun var. Amma Bənövşədə yoxdur. Özü də ləzzətlə ifa etmişəm, hamının da yaddaşında qalıb.

- Bu aralar Hollivud təcavüz qalmaqalları ilə gündəmə gəlir. Siz belə hallarla qarşılaşmısınızmı?

- İstər teatrda, istər kinoda hamını yoxlayandan sonra mənim üzərimdə dayanıblar. Yəni, özlərinə düşmən ola bilməyiblər. Ona görə belə şeylərlə rastlaşmamışam. Amma bəzən filmlərə əcnəbiləri dəvət edirlər. “Təhminə”nin rejissoru Rasim Ocaqov Türkiyədə festivalda məni təriflədi ki, böyük sənətkarımızdır. Çıxışını bitirəndə dedim, düz demirsiniz, gözünüzdə böyük olsaydım, heç olmasa “Təhminə”də məni sınaq çəkilişlərinə dəvət edərdiniz. Yoldaşım da yanımdaydı. Dedi, səni necə çəkəydim, yoldaşından qorxdum, açıq-saçıq səhnələr vardı.

- Oynayardınız o səhnələrdə?

- Nə vardı orda axı? Onu elə başa salacaqdım, heç istəməyəcəkdi o səhnəni çəksin.

- Hər halda dramaturgiyanın tələblərinə uyğun belə səhnə olarsa, çəkilərdiniz?

- O epizodların öz ifaçıları var. Film bu baxımdan asandır, dublyorlar var. Başqa bir şey də var. “Qərib cinlər diyarı”nda roluma görə heç biri dedi ki, o nə geyimdir? Heç kim demədi. Təqdimatdan asılıdır. İmicdən də. Çəkilən və çəkən sənətkarın imicindən. Kimə necə gözlə baxır tamaşaçı... Bizdə bir aktrisa vardı, sovet vaxtından danışıram, səhnədə tərəf-müqabili onu nalayiq sözlərlə söyür. Rejissorla davaya çıxdı ki, mənə deməsin bu sözü. Dedi, ay bacı, sənə demir e, obraza deyir.

2017

# 3244 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #