İlkin Misgərli: “Polisi görən kimi sırğamı çıxartdım”

İlkin Misgərli: “Polisi görən kimi sırğamı çıxartdım”
4 dekabr 2014
# 08:45

Müsahibimiz “My name is İntiqam” filmində homoseksual Syoma rolunun ifaçısı, “Bu da bu” televiziya layihəsinin aparıcı aktyorlarından biri İlkin Misgərlidir.

- Syoma rolu təklif ediləndə neçə qarşıladınız, kompleksiniz oldumu?

- Oldu. Müşfiq bu rolu təklif edəndə tərəddüd elədim. Dedim, köməkləşək, başqasını tapaq, o, oynasın. Dedilər ki, yox, sən oynayacaqsan. Bir az düşünəndən sonra qərar verdim.

- Syoma roluna kastinq elədiniz?

- Mənim rolum üçün yox. Rolun öhdəsindən gələ biləcəyimdən əmin idilər. Üç ay Lənkəranda çəkilişlər oldu, o qədər Syoma kimi hərəkət elədim ki, oynaqlarım da ağrıyırdı.

- Sizin homoseksual obrazını oynamağınız hər halda cəsarətli idi...

- Ona görə də rol təkliflərinin ardının gəlməsini istəyirəm ki, tamaşaçıların yadında bu obrazla qalmayım. Syoma obrazı sadəcə, yaradıcılığımda bir səhifə olsun. Rəngarənglik istəyirəm. “Bu da bu” da oynadığım Qulam tamamilə fərqli xarakterdir, məsələn. Yaxud Salyanlı həkim obrazı. Müxtəlif rollar oynamışam. “My name is İntiqam”da da bunu sınadım. Yenə Syomaya qayıdıram. Bu xarakter mənə yaddır, canımda yoxdur, Syoma ilə aramda böyük fərq var.

- Rol üzərində işləyəndə hansı çətinlikləriniz oldu?

- Bir az şəhərdə olan çəkilişlərdə sıxılırdım, utanırdım. Bir dəfə Şüvəlanda polislər maşını saxlayıb cərimə meydançasına apardılar. Polislər gələndə tez saqqalımı qopardım. Sonra da qulağımdakı sırğanı çıxardım. Lənkəran çəkilişlərində də sıxıntı oldu. Təsəvvür edin ki, Lənkəran kimi mühafizəkar yer və Syoma. Bakıda yenə camaata anlatmaq olar. Amma orda çətindir. Amma şükür ki, normal keçdi. Ümumiyyətlə, Syoma filmin ən çətin rolu idi və mənim üçün ikiqat çətin idi. Dörd-beş hissəyə bölünürdüm ki, camaat nə deyər, evdə nə deyərlər, bunları düşünə-düşünə oynamışam.

- Çəkiliş zamanı hansı səhnə sizin üçün çətin oldu?

- Rejissor Emil Abdullayev dedi ki, ən çox dublu olan aktyor mənəm. Birinci səhnədə 25 dubl etdik. Maşın gəlir, düşürəm, xoruz banlayır, camaat gülürdü, reaksiyasını görəndə kompleksə düşürdüm, diqqətim yayınırdı.

- Qohumlarınız necə münasibət bəslədi?

- Əla, heç bir qınayıcı münasibət olmadı. Çünki hamı bilirdi ki, roldur. Ömrüm boyu “Syoma” oynasam artıq şübhə doğurar ki, niyə ancaq Syoma oynayır. Yeni bir fərqli rol istəyirəm. Amma “My name is İntiqam 2” də çəkilməlidir.

- Filmdə fərqli cinsi oriyentasiyası olduğuna görə Syomaya təhqiramiz atmacalar vardı. Özünüzü Syomanın yerinə qoyanda bu, sizi qıcıqlandırırdı?

- Syoma kimilərlə rəftar elədir.

- Elə olmalıdırmı?

- Bir az özlərini düzəlsələr daha yaxşı olardı. Məsələn, Syomanın geyimi. Rayona o cür geyimlə getmək olmaz. Normal geyinib getmək olardı.

- Cəmiyyətimizdə oriyentasiyası fərqli insanlara aqressiya var. Sizin münasibətiniz necədir?

- Elə bir xüsusi münasibətim yoxdur. Uşaqlıqda elə insanları görmürdük. Amma indi efirə baxanda görürsən, Syoma da oturub orda. Küçəyə çıxanda da, metroya girəndə də Syoma görürsən. İndi Syomalar bir az çoxalıb. Adamın yazığı gəlir onlara.

- Siz teatrda da işləmisiniz?

- 2002-ci ildən institutu bitirənə kimi “Yuğ”da işlədim. Kurs rəhbərim Vaqif İbrahimoğlu idi. Sonra əsgər getdim. Gələndən sonra getdim rayona. Orda qərar tuta bilmədim. Qayıtdım Bakıya. Amma teatrın maaşı Bakıda qalmağa əl vermirdi. Bir müddət rayonda qaldım. Sonra maddi səbəblərə görə kloun işlədim. Ümid edirdim ki, dəvət edərlər. 2011-ci ildə Müşfiq məni “Bu da bu”ya dəvət elədi. Üç il orda çalışdım, indi də bu filmi çəkdik. İlkin Həsəni də məni “Bozbaş pictures”ə dəvət eləyib.

- “Yuğ” tamamilə fərqli estetikadır. Belə bir estetikadan komediyaya keçmək çətin olmadı?

- Tələbəlik illərimdən canımda yumora meylli var. Elə bilirdim dramda oynamaq mənim üçün bir az tezdir, onun altından çıxa bilmərəm. Amma komediyada inanırdım ki, özümü sevdirərəm. Yəni komediyada oynamaq mənə rahatdır. Nəsə tapmaq, axtarmaq... Vaqif müəllim də tamaşalarda yumoristik obrazları mənə verirdi.

- “Bu da bu”da uzun müddət bəlli obrazları oynadız. Eyni obrazlar potensialınızı ifadə etməyə nə dərəcə imkan verdi?

- İlk öncə Murad Dadaşova təşəkkür edirəm. Çünki “Bu da bu” layihəsinin rəhbəridir, əziyyəti çox olub. Prodüser Toğrula da minnətdaram. Oradakı rollarımı sevirdim. Məni o rollarda görürdülər və deyirdilər alınır. Təbii, eyni şeyi oynayanda darıxıram. Məsələn, üç il Molla Qulamı oynadım. Təzə bir şey oynamaq istəyirsən.

- Burda oynadığınız rollara reaksiyalar olurdu?

- Mollalar Lənkəranda narazılıq edirdilər ki, belə olmaz. Mollalar deyir ki, əvvəl biz yasa gedəndə ayağa dururdular. Amma indi gülürlər. Deyirdik ki, gördüyümüzü təsvir edirik. Dinimizi də çox sevirik. İki dənə tülkü xarakterli mollanı canlandırırıq. Onları yaxşısı da var. Pisindən də danışırıq ki, bəlkə utanarlar. Bu rollara görə Lənkəranda bizi axtarırdılar... Obrazımın adı Molla Qulamdır. Demə, Salyanda doğrudan da belə adlı molla varmış. Sübut edə bilmədim ki, mənlik nəsə yoxdur, bu, ssenaristin mətnidir. Salyanda olanda, eşidəndə ki, Molla Qulam gəlir, aradan çıxırdım.

- Müşfiq Şahverdiyevlə yenə əməkdaşlıq barədə düşünürsüz?

- Yeni layihəmiz var, kanallara təklif eləmişik. Yumoristik layihə olacaq. Serial da təqdim etmişik. Hansı qəbul olunsa o da olacaq.

- Sizə kamera qarşısında rahatdır, ya səhnədə?

- Mən dram və kino aktyorluğu fakültəsini bitirmişəm. Kinoda oynamağı çox istəyirəm, çünki oxumuşam, əziyyət çəkmişəm, niyə də oynamayım. Amma nə üçünsə dəvət gəlmir. Biz gözləyirdik bəlkə kinostudiyadan dəvət edərlər, heç olmasa kastinqə. Üç il “Bu da bu” verilişində doğrudanmı, bizi görən olmadı, bəyənən olmadı? Ona görə bu filmə təklif olanda ikiəlli razılaşdım. Hərdən deyirlər ki, istedadlı gənclər yoxdur, keçmiş aktyorların yerini heç kəs vermir, onlar daha yaxşı idi. Onların yerinə heç kim gəlmir. Amma gələni dəvət elə, çək, bəlkə elə bu da yaxşıdır. Müşfiq də təqdimatda dedi ki, 31 il gözlədim, gördüm ki, heç kim dəvət eləmir, məcbur oldum ordan-burdan pul tapıb film çəkim.

- Maddi təminatınızı necə yola qoyursuz?

- Çəkilişdən-çəkilişə. “Bu da bu”da normal maaş alırdıq. Hazırda dayanıb. Teatrda da maaş təəssüf ki, yetərli deyil.

- O zaman niyə aktyorluğu seçdiniz?

- Çünki bu sənəti sevirəm. Sevməsəydim, Syomanı oynamazdım. 2002-ci ildə “Yuğ”da işləyəndə tələbə idim. Həsənağa Turabov Teatr Xadimləri İttifaqının prezidenti idi. Gənclər Teatrında monotamaşalar festivalı keçirilirdi. Sırf professional aktyorlar iştirak edirdi. Bir də orda debüt bölümü vardı. Mən də ora qatıldım. 12 nəfərin içində 2 nominasiyada qalib oldum: “Ən yaxşı kişi rolu” və “Ən yaxşı tamaşa”. Kamal Abdullanın “Sim-sim” tamaşasını hazırlamışdım.

- Öz nəslinizdən olan hansı aktyorları bəyənirsiz?

- Gənclər arasında Müşfiq, Elməddin, Fərda istedadlı aktyorlardır. Onların yumoruna gülə bilirəm. Fərda ilə Elməddinin çəkildiyi “Xoxan” filmi olacaq. Uğurlar arzulayıram... Yenə deyirəm, kinostudiyada işləyən, dövlət maliyyəsi ilə film çəkən rejissorlar doğrudanmı bizi görmürlər? Heç olmasa kastinqə çağırsınlar. Ciddi seriallar çəkirlər, amma yekunda komediya alınır.

- Dramatik obrazı oynamaq da sizin üçün problem olmaz. Hər halda əvvəl oynamısız...

- Özümə də maraqlıdır. Özümü sınamaq istəyirəm. Bəlkə doğrudan alınmayacaq. Onda təşəkkür edib gedərəm. İnadkaram, rolum alınana kimi çalışıram.

- “Yuğ”da yenidən oynamaq istərdiniz?

- Fikrim var, gələcəkdə bir tamaşada oynayım.

- Vaqif İbrahimoğlu ilə işləmək rahat idi?

- Kiməsə qəliz gələ bilər. Amma onunla işləmək rahat idi. Mənə “Nikulin” deyirdi. Nikulin də aktyorluğa klounadadan gəlmişdi. Mən də elə gətirdi ki, kloun işlədim. Yenidən sənətə qayıtdım. Allah eləsin, rolların davamı gəlsin, klounluğa qayıtmayım.

- Oynadığınız komediya, yumoristik səhnələr kütlələrə hesablanıb. Daha ciddi komediyalarda oynamaq istərdiz? Məsələn, Türkiyədə Rəcəb İvedik daha sadədir, Cem Yılmaz intellektual...

- Cem Yılmazın zarafatları müəyyən təbəqə üçündür. Kütlələr isə Rəcəb İvediki qəbul edir. Rəcəb İvedik filmləri rekordlar qırdı. Camaat bunu istəyir. “My name is İntiqam”da Müşfiqin yuxu səhnəsi var. Rəcəb elədi, tamaşaçımız güldü. Müşfiq eləyəndə, yanımda oturan tamaşaçılar dedi, “vay -vay”...

- Niyə?

- Milli olanda qəbul etmək istəmirlər. Amma zamanla alışdırmaq lazımdır.

# 2191 dəfə oxunub

Müəllifin son yazıları

# # #