"Qapının ağzında bir müştəridən qeyri-etik təklif aldım..." - Kuryerlə müsahibə

"Qapının ağzında bir müştəridən qeyri-etik təklif aldım..." - Kuryerlə müsahibə
29 oktyabr 2026
# 10:00

Kulis.az Sadiq İsmayılın hazırda kuryer kimi çalışan Toğrul Əhmədovla müsahibəsini təqdim edir.

- Özünü təqdim et.

- Adım Toğruldur, 25 yaşım var. İT üzrə təhsil almışam və müəyyən müddət bu sahədə çalışmışam. Hazırda kuryerliklə məşğulam.

- Şəhərin ən zəngin məhəlləsinə və ən kasıb küçəsinə eyni gündə sifariş aparırsan. Qapı açılanda gördüyün ən böyük ziddiyyət nə olub?

- Əksərən gördüyüm ən böyük ziddiyyət mühafizələrlə bağlıdır. Məsələn, hər hansı bir sovet dövründən qalma beşmərtəbəli binaya sifariş apararkən heç bir maneə ilə rastlaşmırsan. Sadəcə bəzi hallarda yuxarı mərtəbələrə qalxırsan, ən böyük problem isə liftin işləməməsidir – əksər hallarda beşinci mərtəbəyə ayaqla qalxmalı olursan. Amma zəngin bir məhəlləyə daxil olarkən bəzən səni içəri buraxmırlar və bəzi vicdansız insanlar səni oğru, hətta quldur kimi qarşılayır. Adətən dəbilqəni çıxarmağını istəyirlər ki, kameraya düşsün, bundan sonra sifarişi aparıb təslim edirsən. Fərq həm də ondadır ki, bir çox kuryerlər zəngin insanların yaşadığı yerlərə sifariş apararkən cəmiyyət dilində "çayovoy", bizim dildə isə "bəxşiş" adlandırılan əlavə qazancın daha çox əldə olunduğunu deyirlər. Amma mən bununla razı deyiləm, çünki bu, nisbi bir şeydir. Bəzən Əcəminin elə arxa küçələrinə düşürəm ki, axşam vaxtı hər evdən ən azı iki-üç manat bəxşiş qazanıram, lakin elə zəngin villalara girirəm ki, bir qəpik də olsun bəxşiş verən olmur.

- Yol hərəkəti təhlükəsizliyi və sürücülərlə yaşanan problemlər haqqında nə deyərdin?

- Yol hərəkəti zamanı ən böyük təhlükələrdən biri, ilk növbədə, taksi sürücüləridir. Əlbəttə, onları tamamilə qınamıram, çünki əllərindəki telefonda xəritəyə baxırlar, diqqətləri yolda olmur. Sağa dönmə işığını yandıraraq heç arxaya, yan güzgülərə baxmadan birbaşa hərəkət edirlər. Biz isə əksər hallarda yolun sağ kənarı ilə, velosiped zolağında hərəkət etdiyimiz üçün onlar xəbərsiz şəkildə qarşımıza çıxırlar. Çox vaxt maşının üzərində taksi şirkətinin loqosunu görəndə əvvəlcədən ehtiyat edirəm və 90 faiz hallarda haqlı çıxıram – görürəm ki, həqiqətən də sürücünün əlində telefon var və yolu izləmir. Xüsusilə birbaşa sağa dönməyə çalışarkən avtomobilin yoluna anidən çıxması kuryerlər üçün həyati təhlükə yaradır. Eynilə piyadalar da velosiped zolaqlarına ani şəkildə daxil olaraq qəza riskini artırırlar. Buna görə də hər kəs öz hərəkət zolağına – piyada piyada yolu ilə, velosipedçi velosiped zolağı ilə, avtomobil isə maşın zolağı ilə hərəkət etməlidir. Əgər bu sadə qaydalara qarşılıqlı şəkildə əməl olunarsa, yoldakı problemlərin də sayı xeyli azalar.

- Restoranda sifarişi gözləyərkən gördüyün elə bir iyrənc və ya şok edici məqam olubmu ki, o gündən sonra həmin restorandan heç vaxt yemək aparmamağa qərar vermisən?

- Hansı restorandan sifariş edirsinizsə, ən azından “Google” və ya “Instagram”dan həmin məkanın şəkillərinə və təsvirlərinə baxın. Çünki bir çox hallarda suşi restoranlarının elə zirzəmi kimi və antisanitar şəraitdə yerləşdiyini görürəm ki, bəzən müştərinin özünə yazıram: "Məndən sizə məsləhət, bu sifarişi ləğv edin, çünki buranın görünüşündən mənim qusmágım gəlir”. Xoşbəxtlikdən, sifarişi ləğv edənlər də olur. Düşünürəm ki, çatdırılma şirkətləri buna ciddi diqqət göstərməlidirlər. Çünki antisanitariya və gözlətmə vaxtı həddindən artıq yüksəkdir. Elə təsir bağışlayır ki, sanki həyatdan əlini üzmüş kimsə küçədə balaca bir obyekt icarəyə götürüb nəsə etməyə çalışır, amma vəziyyət bərbaddır. Yemək və xidmət sektorunda ən önəmli məsələ təmizlik və sanitariyaya riayət olunmasıdır. Biz kuryerlər olaraq bacardığımız qədər bunu sosial mediada işıqlandırırıq, lakin hələ də problemli məkanların çox olduğunu görürük.

- Qapını açan müştərilər arasında səni həddindən artıq təəccübləndirən və ya qorxudan kimsə, nəsə olubmu?

- Təqribən üç ildən artıqdır ki, bu sahədə fəaliyyət göstərirəm və saysız-hesabsız məşhurla qarşılaşmışam. Hətta evinin qarşısında onlardan üzr istəyərək şəkil də çəkdirmişəm. Doğrudur, evinə sifariş gətirdiyin insandan şəkil istəmək düzgün deyil, amma xahiş etmişəm və məni geri çevirməyiblər. Çılpaq olmasa da, alt paltarında qapını açan şəxslər də olub. Qadın olmayıb, əsasən kişilər bu cür çıxıblar. Onları da başa düşmək olar – adam evində gecə saat 2-də rahat vəziyyətdə olur. Əksərən səmimi insanlar olublar, heç vaxt kimsə üstümə qışqırıb artıq-əskik söz deməyib. Amma həmişə demişəm: kostyumlu adamlardan ehtiyat etmək lazımdır, rahat geyinən adamlardan yox.

- İndiyə qədər aldığın ən böyük bəxşiş nə qədər olub və bunu kim vermişdi? Bəs qəpik-quruşa görə sənə problem yaradan zəngin müştəri olubmu?

- Qəpik-quruş hesabını edən müştərilər az olmayıb. Məhz buna görə nağd sifarişləri ləğv edərək yalnız kart sifarişlərini qəbul etməyə başlamışam. Ən çox aldığım bəxşiş isə 50 manat olub. Həmin şəxs Sahil metrosu yaxınlığında yaşayır. Hər ay maaşını alanda verdiyi kuryer sifarişlərinə həmin məbləğdə bəxşiş əlavə edir. Ümumilikdə isə bir ay ərzində tək bir nəfərdən toplanan bəxşişlər 20 manata qədər ola bilir.

- Səncə, kuryerləri bu şəhərdə insan kimi görürlər, yoxsa sadəcə yemək gətirən bir robot kimi? Özünü nə vaxt tamamilə dəyərsiz hiss etmisən?

- Cəmiyyətimizin xidmət sektorunda çalışanlara baxış tərzi bir qədər qüsurludur – onlara bəzən yuxarıdan aşağı deyil, daha çox "yazıq" kimi baxırlar. Bu, doğru yanaşma deyil. Özüm şəhərin mərkəzində, lüks bir binada yaşayıram və binamızda çox nüfuzlu işlərdə çalışan insanlar var. Məsələn, aralarında həkimlər də var ki, axşamlar fiziki aktivlik və ya əlavə maraq üçün velosipedlə kuryerlik edirlər. Onlar üçün bu qazanc əsas ehtiyac deyil, sadəcə fəaliyyət növüdür və mən belə insanları təqdir edirəm. Amma ümumi götürəndə, cəmiyyətdə kuryerlərə qarşı yanlış düşüncə tərzi hökm sürür. Halbuki tələbəlik illərində bu işlə məşğul olanlar arasında gələcəyin böyük mühəndisləri, həkimləri, proqramçıları, hətta siyasətçi və deputat ola biləcək şəxslər var. Mən bunu öz ətrafımda da görmüşəm.

- Sürətli çatdırılma etmək üçün həyatını riskə atdığın anlar olubmu? Sifarişi tez çatdırmaq üçün buna dəyirmi?

- İrqçilik etməyi sevmirəm, lakin bu yaxınlarda türk müştəri ilə bağlı başıma belə bir hadisə gəldi. Fikir vermişəm ki, bu cür tələbkarlıqlar, demək olar ki, 99 faiz hallarda türk müştərilərində olur. Azərbaycanlı müştərilərin heç vaxt "ölüm-dirim bahasına olsa da sifarişimi tez gətir" dediyini görməmişəm, çünki bizimkilər bu məsələdə daha anlayışlıdırlar. Hətta həmişə yazırlar ki, "əsas sağ-salamat gəlin, tələsməyin". Bir dəfə ikili sifariş aparırdım, batareyam zəifləmişdi. Hələ sifarişi götürməyimə 20 dəqiqə vaxt var idi. Türk müştəri dayanmadan zəng edirdi, telefonumda isə texniki problem olduğu üçün zənglər düşmürdü. Nəhayət, zəng çatanda açdım, üstümə qışqırmağa başladı ki, "səni saatlardır gözləyirəm, yemək Naxçıvandan gəlir?" Ona izah etdim ki, hələ beş dəqiqə vaxtım var. O isə "lap yaxşı, tez ol" dedi. Dedim: "Əgər mənim həyatımı riskə atmağa hazırsansa, onda prinsipcə sənin yeməyini tam vaxtı gələndə – 5 dəqiqə sonra gətirəcəyəm". Həmin vaxtı gözlədim, tam vaxtında çatdırıb sifarişi verdim. O da səhvini başa düşdü. Yolda nə olursa olsun, təhlükəsizliyi hər şeydən üstün tuturam. Şirkətlər də ilk növbədə ehtiyatla sürməyi tövsiyə edirlər – müştərinin sifarişi bir az geciksə də olar, əsas məsələ təhlükəsizlikdir.

- Ən absurd sifariş macəran haqqında danışa bilərsən?

- Bir dəfə qadın müştəriyə yemək aparmışdım, qapının ağzına qoymaq istədim. Dedi ki, "yox, gözləyin, yoldayam, uşağım üçün almışam, kimsə götürər". Təqribən 20 dəqiqədən çox gözlədim, sistemdəki gözləmə limitim də artıq bitirdi. Şirkətə yazdıqdan sonra şəklini çəkib qoyub getməyimi dedilər. Bir müddət sonra həmin şəxs zəng edib dedi ki, "yeməyim yoxdur, kimsə qapının qabağından oğurlayıb, pulunu siz ödəməlisiniz". Şirkət kamera görüntülərini yoxladı və haqlı olduğum üzə çıxdı, buna görə də mənə heç bir cərimə yazılmadı. Müştəri öz laqeydliyinin qurbanı oldu. Və təbii ki, bəzən aptekdən qoruyucu sifariş edənlər olub (gülür).

- Səmimi de: çox acanda və ya sifariş gecikəndə müştərinin yeməyindən dadına baxan kuryerlər həqiqətən varmı?

- Ən azı bir ilini tamamlamamış heç bir kuryer "mən heç vaxt sifarişdən dadmamışam" deyə bilməz. Mütləq olubdur. Amma bunu heç vaxt müştərinin haqqına girərək öz hesabımıza eləmirik, həm də müştəriyə baxır. Məsələn, kuryerlər bunu daha çox xarici müştərilərin sifarişlərində edirlər, yerli müştərilərə qarşı yox. Əgər nahar və ya axşam yeməyi vaxtı böyük bir sifarişdirsə, bilirsiniz ki, qarşıdakı insan da acdır, buna görə də toxunmurlar. İstisna hallar olur, amma belə hallarda şirkət müştərinin pulunu geri qaytarır. Sadəcə, bu cür hallar müştərinin sifarişi gec almasına və əsəbilləşməsinə səbəb olur.

- Hər kəs kuryerlərin ayda 2-3 min manat qazandığını deyir. Bu pulu qazanmaq üçün günün neçə saatını işləməlisən və sağlığından nələri itirirsən?

- Bu, tamamilə əsassız söhbətdir. İki-üç min manat qazanc hələ ki mənim qarşıma çıxmayıb. Bu yaxınlarda “28 Mall”un qarşısında skuterin üzərində yuxuya gedən bir kuryer gördüm. Ona yaxınlaşıb kofe aldım, halını soruşdum. Məlum oldu ki, uşağın çox ağır kreditləri var və o, cəmi 2 saatlıq yuxu ilə hər gecə fasiləsiz işləməyə məcburdur. Ona izah etdim ki, bu tempdə davam etsənsə, həm sağlamlığından olacaqsan, həm də o krediti yenə ödəyə bilməyəcəksən. Həqiqət budur ki, hər şey çıxıldıqdan sonra bir kuryerin gün sonunda cibinə qalan təmiz pul maksimum 35-50 manat ola bilər. Bu da 30 gün dayanmadan işləsən, təxminən 1500 manat edir. Bir insanın sağlamlığı baxımından bu qazanc normadan artıq fiziki yük tələb edir. Gündəlik maksimum 11 saat işləmək olar, bundan artığı artıq sağlamlığa ciddi zərərdir.

- Hər gün onlarla evin qapısına gedirsən. Bu şəhərin qapıları arxasında gizlənən həqiqətlər sənə nə öyrətdi?

- İnsanlarımızın yemək sifarişi əsasən iki səbəbə bölünür. Bir qrup insan həqiqətən məşğul olduğundan və ya tək yaşadığından yemək bişirməyə vaxtı olmadığı üçün sifariş verir. Digər qrup isə ofisdə oturub sadəcə fasilə zamanı çöldən yemək sifariş edir. Amma elələri də var ki, sadəcə status xatirinə və ya daxili boşluqlarını doldurmaq üçün bahalı yerlərdən sifariş edirlər. Bəzən sifarişə gedəndə mənzillərin içərisində baş verən ailə mübahisələrinin də şahidi oluram – belə hallarda qapını döyməyib gözləyirəm ki, dava sakitləşsin. Kuryerlər bir mənada şəhərin gizli kameralarıdır, çünki şəhərin hər küçəsini, hər binasını mühafizəçilərdən daha yaxşı tanıyırıq.

- Sifarişi çatdıranda müştəri ilə aranda flört, tanışlıq və ya romantik bir an yaşanıb? Qapıda “nömrəni ver” deyən, içəri çay içməyə dəvət edən, yaxud sonradan tətbiq vasitəsilə yazan...

- Bir dəfə qapının ağzında gey bir müştəridən qeyri-etik təklifi aldım. Ona mədəni şəkildə bunun yanlış olduğunu, heteroseksual olduğumu və bu cür davranışların mənə uyğun olmadığını bildirdim, bundan sonra uzaqlaşdım. Xanım müştərilərdən isə indiyə qədər belə bir halla qarşılaşmamışam – kuryerlərin bu barədə danışdıqları əksər əhvalatlar sadəcə əfsanə və uydurmadır.

- Qapını açan müştərinin təhlükədə olduğunu, məsələn, zorakılıqla üzləşdiyini və halının pis olduğunu hiss etdiyin an olubmu? Yaxud çatdırdığın sifarişdə kiminsə həyatını və ya gününü xilas etdiyini anlamısan?

- Bir dəfə belə bir sifariş var idi: aptekdən dərman aparmalı idim və mənə demişdilər ki, evdəki vəziyyət ağırdır. Yaşlı qadın idi, qızı sifariş vermişdi. Evdə olmadığına görə qızı mənə zəng elədi ki, "tez aparın, zəhmət olmasa, vəziyyət ağırdır". Mən hələ gedəndə də qonşusu gəlmişdi, sağ olsun. O dərmanı götürdü və getdilər içəri. Gerisindən məlumatım olmadı, amma ümumilikdə belə bir fövqəladə hal baş verməyib.

- Qarda, leysanda, şaxtada hamı evdə isti çay içəndə sən yoldasan. Hava şəraitinə görə yolda yıxılmısanmı?

- Yağışı kuryerlər sevir, çünki belə havalarda qazanc təxminən ikiqat artır. Amma qarda işləmək doğrudan da ağılsızlıqdır. Yağışlı havada işləməyin mənfi tərəfi odur ki, yollar sürüşkən olur, dəfələrlə yıxılırsan. İki təkərli nəqliyyat vasitəsi ilə hərəkət edərkən adi vaxtdakı sürəti saxlamaq mümkün olmur. Burada ən böyük təhlükə təkcə özümüz deyil, qaydalara əməl etməyən piyadalar və diqqətsiz sürücülərdir.

- Gələcəyini bu yollarda kuryer çantası daşıyaraq görürsən, yoxsa bu iş sənin üçün sadəcə keçid mərhələsidir?

- Kuryerlik əlbəttə ki, insanın ömrünün sonuna qədər işləyəcəyi bir sahə deyil. Amma müəyyən dövr üçün mükəmməl keçid vasitəsidir. Ən müsbət tərəfi odur ki, başının üstündə daimi müdir yoxdur – sifariş gəlir, aparıb çatdırırsan və işin bitir. Çətin tərəfi isə hava şəraiti və fiziki yorğunluqdur. Lakin qazancı gündəlik ala bilmək müəyyən mənada bu çətinlikləri kompensasiya edir.

- Sonda oxucularımıza nə demək istərdin?

- Oxuculara deyərdim ki, kuryerlərə sadəcə yemək gətirən bir robot və ya mexanizm kimi baxmasınlar. Qapını açanda orada dayanan insanın da bir həyatı, yuxusuz gecələri, qayğıları var. Bir az anlayışlı olmaq, sifariş bir dəqiqə gecikəndə və ya hansısa çətin hava şəraitində qapıya gələn insana bir stəkan su uzatmaq, "sağ ol" demək elə də çətin deyil.

Hər kəs çörək pulu qazanmaq üçün küçələrdədir, ona görə də bir-birimizə qarşı bir az daha dözümlü və anlayışlı olaq.

# 111 dəfə oxunub

Oxşar xəbərlər

“Breaking Away”  filminin ulduzu vəfat etdi

“Breaking Away” filminin ulduzu vəfat etdi

10:40 29 oktyabr 2026
Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır

Bu gün Türkiyənin Cümhuriyyət bayramıdır

10:30 29 oktyabr 2026
VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirildi

19:02 28 oktyabr 2026
Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

Leyla Əliyeva və Arzu Əliyeva “Cənnətin ariyası” layihəsi çərçivəsində konsertdə

18:42 28 oktyabr 2026
"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

"Avroviziya 2027"də iştirak edəcək ölkələrin siyahısı açıqlandı

18:40 28 oktyabr 2026
44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

44-cü Macarıstan Mətbuat Foto Sərgisinin mükafatçıları bəlli oldu

18:00 28 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər