Mehdi Məmmədovun Səməd Vurğun peşmançılığı

Mehdi Məmmədovun Səməd Vurğun peşmançılığı
21 sentyabr 2017
# 13:00

Kulis.az İlham Rəhimlinin “Bitməyən söhbətlər” silsiləsindən ikinci yazını təqdim edir.

Birinci yazı burda

Mehdi Məmmədovun və Şəmsi Bədəlbəylinin Azərbaycan Teatr Cəmiyyətinə sədrlikləri dövründə Aktyor evində hər həftə müxtəlif tədbirlər keçirilirdi. 1976-cı ilin aprel ayı idi. Mənimlə institutda birgə oxumuş və cəmiyyətdə işləyən Arif Həsənovla söhbətləşəndə öyrəndim ki, Nəsibə Zeynalovanın anadan olmasının 60 illiyi münasibətilə tədbirə hazırlaşırlar. Mehdi müəllimlə görüşüb bu barədə qəzetimiz üçün daha ətraflı informasiya aldım. Həmin görüşdə aşağıdakı dialoqumuz da olub.

– Özünüzü teatrşünas hesab edirsiniz?

– Bu sənin ağlına haradan gəldi?

– Mətbuatda xeyli resenziyalarınız çap olunub.

– Mən Bakıya qastrola gələn rus teatrlarının tamaşaları barədə bir neçə resenziya yazmışam.

– Niyə bəs qastrollara gələn teatrlar barədə?

– Çünki həmin teatrların rejissorları ilə tələbə dostluğumuz olub.

– Deməli resenziyanı dostbazlıqla yazmısınız?

– Onu sən elə düşünürsən. Əvvəla, qonaqlara həmişə ehtirmla mehribanlıq göstərmək lazımdır. Xüsusən sənətlə bağlı qonaqlara. İkincisi, qastrol repertuarında azı 10 tamaşa olur. Mən bəyəndiyim səhnə əsəri barədə resenziya yazmışam. (Bir az əsəbi) Cavabım qane elədi səni?

– Başa düşdüm. Bəs Azərbaycandakı teatrların tamaşalarına hansı prinsiplə resenziya yazmısınız?

– Bəyəm sənin fikrincə resenziya yazmaq da prinsiplə olur?

– Hər halda müəyyən məqsəd olur. Ya tamaşa xoşuna gəlir, ya hansısa aktyorun, ya aktyorların işinə heyran olursan, yaxud rejissorun quruluşu orijinallığı ilə seçilir.

– Onda bəs niyə sual verirsən?

– Bilmək istəyirəm ki, siz hansı prinsiplərlə resenziya yazmısınız?

– Məsələn?

– Tofiq Kazımovun quruluşunda Şıxəli Qurbanovun “Sənsiz” dramanın tamaşasına rəy yazmısınız. Yusif Bağırovun Gəncə teatrında hazırladığı Evripidin “Medeya” faciəsi barədə məqaləniz çap olunub.

– Şıxəli Qurbanov “Sənsiz”ə ictimai baxış günü dişinə vurulan iynədən vəfat etdi. Böyük faciə idi. Bu əsər repressiya mövzusunda faciə siqlətli ilk gözəl tamaşa olub. Əsərdə dörd obraz var. Rejissorun, aktyorlar Hökümə Qurbanovanın, Məlik Dadaşovun, Həsənağa Salayevin, Safurə İbrahimovun ifaları füsunkar idi. Çox sarsılmışdım ki, müəllif əsərinin premyerasını görmədi.

Ona görə resenziyanın adını “Sənsiz... səninlə” qoymuşdunuz?

– Bilirsənsə niyə soruşursan?

Bəs son illərdə niyə resenziya yazmırsınız?

– Xoşuma gələn tamaşa olanda yazacam...

***

Gəncə Dövlət Dram Teatrı 1976-cı il dekabr ayının 11-də Sofoklun “Antiqona” faciəsini Osman Sarıvəllinin tərcüməsində tamaşaya hazırlamışdı. Tamaşanın quruluşçu rejissoru Yusif Bağırov, Antoqanın ifaçısı istedadlı gənc aktrisa Şərqiyyə Məmmədova idi.

Gəncədə bir neçə dəfə oynayandan sonra teatr “Antiqona” tamaşasını Bakı səhnəsevərlərinə təqdim etdi. Tamaşa Bakıda da uğurla keçdi. Mehdi müəllim, daha bir neçə sənət adamı tamaşadan sonar səhnə arxasına keçdilər. Mən də onlarla birlikdə. İştirakçılar qrimli-geyimli səhnəyə toplaşdılar. Mehdi müəllim iştirakçıları təbrik etdi. Yusif Bağırov üzünü ona tutub dedi:

– Mehdi müəllim, bəlkə tamaşa barədə fikrinizi deyəsiniz?

(Gülümsədi). Yusif, mənim bura gəlişim elə fikirdi də.

– Çox sağ olun, bu bizə böyük hörmətdi. Biz sizi də gəncəli sayırıq.

Ona görə istəyərdik fikrinizi eşidək. Bəlkə nəyəsə iradınız var?

(Təbəssümlə atyorları süzdü) Fikrimi indi eşitməsəniz də olar… Amma inşallah, yəqin ki, oxuyarsınız.

Bu görüşün üstündən günlər keçdi. 1977-ci il sentyabrın 15-də Mehdi Məmmədov mənə zəng vurdu. Səsi xırıldayırdı. Salamlaşandan sonra dedi:

– Səndənə bir xahiş etsəm olarmı?

– O nə sözdü, Mehdi müəllim, bir yox, beş tapşırıq verin.

– Mənim bu gün “Ədəbiyyat və incəsənət” qəzetində məqaləm çıxmalıdır. Sizin idarə ilə üzbəüz qəzet köşkü var. Ora bax, əgər məqaləni veriblərsə, o qəzetdən iki dənə al gətir. Bir az soyuqlamışam, bayıra çıxmaq istəmirəm.

– Oldu Mehdi müəllim.

Mehdi Məmmədov əvvəllər redaksiyamızla üzbəüz binada yaşayırdı. Qəzet köşkü də həmin binanın tinində idi. Ona görə qətiyyətlə danışırdı.

Köşkə gedib bir qəzet aldım. Elə oradaca açıb baxdım. Mehdi müəllimin “Antiqona” tamaşası barədə “İkinci görüş” məqaləsi dərc olunmuşdu. Əlavə iki qəzet də alıb Mehdi Məmmədovgilə getdim.

Həmin vaxt tək yaşayırdı. Çay dəmləyib içə-içə söhbət etdik.

– İspan dramaturqu Lope de Veqanın “Nə yardan doyur, nə əldən qoyur” komediyasını 1943-cü ildə Gəncə teatrında, “Rəqs müəllimi”ni 1949-cu ildə akademik teatrda tamaşaya qoymusunuz. İkisi də çox gözəl tamaşa olub. Bu da faktdır ki, komediya janrına xüsusi rəğbət və məhəbbətiniz var. Nə üçün Lope de Veqanın Azərbaycan tamaşaçıları üçün maraqlı ola biləcək başqa komediyasını tamaşaya qoymaq istəmirsiniz?

– Bəyəm mən o dramaturqun bütün pyeslərini tamaşaya qoymalıyam?

– Sizin quruluşda Lope de Veqanın əsərləri çoxömürlü olur, uzun müddət repertuarda qalır. Neçə-neçə aktyor parlaq yaradıcılıq uğuru qazanır.

– Lope de Veqanın neçə pyesi var?

– Mən biləni 1800.

– Bu qədər əsəri bir rejissor tamaşaya qoya bilər?

– Xeyir. Axı mən…

– Sən ayrı sual ver.

– Akademik teatrda Cəfər Cabbarlının yalnız “Yaşar” əsərini tamaşaya qoymusunuz. O da 1947-ci ildə…

– Cabbarlının hansısa əsəri nə vaxtsa mənim düşüncələrimnən üst-üstə düşəndə o pyesi də tamaşaya qoyacam.

– Bəyəm Aleksandr Fadeyevin “Gənc qvardiya”, Sabit Rəhmanın “Aydınlıq”, Məmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular”, Yuri Yanovskinin “Prokuror qızı”, Viktor Rozovun “Şadlıq sorağında”, Maksim Qorkinin “Meşşanlar” əsərlərinin mövzusu, orada qaldırılan problemlər sizin rejissor ruhunuza uyğun idi?

– Sənin sözündən belə çıxır ki, mən yaxşı tamaşa hazırlamamaışam?

– Hazırlamısınız. “On ikinci gecə”, “Əliqulu evlənir”, “Rəqs müəllimi”, “Müfəttiş”, “Mehmanxana sahibəsi”, “Hacı Qənbər”, “Alov”, “Kəndçi qızı”, “Canlı meyit”, “Xəyyam”. Hələ mən təkcə akademik teatrdakı tamaşaları saydım. Gəncədə “Nə yardan doyur, nə əldən qoyur”, “Nizami”, “Od gəlini”, “Oqtay Eloğlu”…

– Bəs onda nə demək istəyirsən?

– Mən soruşdum ki, nə üçün çoxdandır Cəfər Cabbarlı dramaturgiyasına müraciət etmirsininz?

– Cavab verdim də. Dedim ki, Cəfər Cabbarlının hansısa əsəri nə vaxtsa məni daxilən, ruhən narahat etsə onu tamaşaya qoyacam.

– Mehdi müəllim, Lev Tolstoyun “Canl meyit” dramını tamaşaya hazırlayanda Maşa rolunu nə üçün Hökümə Qurbanovaya vermədiniz?

– Bu gündən belə təzə əsər hazırlayanda rol bölgüsünü səninlə məsləhətləşərəm.

– Sarkazmla danışmayın, sözümün canı var.

– Nədi sənin sözünün canı?

– Siz İmran Qasımovla Həsən Seyidbəylinin “Uzaq sahillərdə” əsərini 1956-cı ildə tamaşaya hazırlamısınız. Düzdür?

– Yəqin düz olar.

– Mehdi Hüseynzadə (Mixaylo) müharibəyə gedəndə 22 yaşı vardı. 26 yaşında qəhrəmanlıqla həlak olub...

(Sözümü kəsir) Səncə mən sən deyənləri bilmirəm?

– Mehdi müəllim, sualı mən veririrım…

– Elə sual ver ki, məndə sual doğurmasın.

– Siz Mixaylo rolunu 56 yaşlı Möhsün Sənaniyə, 19 yaşlı Ancelikanı 36 yaşlı Leyla Bədirbəyliyə tapşırdınız. Mirzə İbrahimovun “Kəndçi qızı”nı 1962-ci ildə tamaşaya qoymusunuz. Əsərin qəhrəmanları Bənövşənin 20-21, Vahidin 22-23 yaşı var. Ancaq siz Vahidi 62 yaşlı Möhsün Sənaniyə, Bənövşəni 43 yaşlı Hökümə Qurbanovaya vermişdiniz.

(Xeyli susub çənəsini ovuşdurdu) Haqlısan... O dövrdə belə idi. Cavan aktyor və ya aktrisaya böyük rol verməyə risk etmirdik... İllər keçdi, münasibət dəyişdi. Ona görə də Maşa və Sevda rollarını 23-25 yaşlarında Şəfiqə Məmmədovaya tapşırdım… Bir sual da mən versəm olar?

– Əlbəttə olar, buyurun.

– Bəyəm adını çəkdiyin aktyorlar öz rollarını pis oynadılar?

– Hökümə xanım yaxşı oynadı, amma Möhsün Sənani yox.

– Bu sənin fikrindi… Başqaları sən deyənin əksini deyir...

– Səməd Vurğunun “İnsan” dramı sizi hansı problemi ilə cəlb etmişdi?

– Müəllifin əsərindəki bir cümlə: “Qalib gələcəkmi cahanda kamal?”.

– Dediyiniz problem tamaşada özünün yüksək səviyyədə bədii-estetik təcəssümünü tapa bildimi?

– Təəssüf ki, mən istəyənlərin hamısı tamaşada alınmadı.

– Şahbaz rolu sizin yaradıcılıq imkanlarınıza uyğun idimi?

– Görünür ki, yox… Yox… Gərək oynamayaydım o rolu…

– Deyəsən, yaralı yerinizə toxundum. Mən elə kəskin deməzdim.

– Amma mən deyirəm. Şahbazı oynamamalıydım.

***

Mehdi müəllim “Dəli yığıncağı”nı tamaşaya hazırlayırdı. Teatr ictimaiyyəti əsərin premyerasını intizarla gözləyirdi. Həm Mirzə Cəlilin bu əsəri ilk dəfə tamaşaya qoyulurdu, həm də rejissorun növbəti işinə baxmaq marağı güclü idi. Mətbuatda ifaçılar barədə də məlumat verilmişdi.

1978-ci il aprel ayının əvvəlləri idi. O vaxtı teatrın rabitə şəbəkəsində kommutator vardı. Həmin nömrəyə zəng vurub hansısa aktyorla (eləcə də digər işçilərlə) danışmaq istədiyini deyəndə calaşdırırdılar. Yaşar Nuriyevlə zəngləşib axşam saat 8-də Natəvanın heykəlinin qarşısında görüşdük, Gəzə-gəzə bulvarda kukla teatrının yanındakı “Lalə” çayxanasına getdik.

Söhbət əsnasında soruşdum:

– Ay Yaşar, “Dəli yığıncağı”nın məşqləri necə gedir?

(Özündən çıxıb coşdu) Mehdi müəllim nəfəsimizi kəsib ey. Lap atamız yanıb.

– Nə oldu, yenə başladın gileyə? Məşq olur vay, rol vermirlər vay...

– Atam balası, bəyəm məşq nə qədər olar? Gör neçə aydı... Hər gün azı 4-5 saat məşq edirik. Səhnədən suyun içində çıxırıq.

– Nə yerdədi məşqlər?

– Bu gündən praqon məşqlər başladı. Amma adamın Allahı var, zalım oğlu əjdahadı də. Əla tamaşa alınacaq. İstəyirsənsə gəl bax də. (Zarafatla) Yoxsa siz şünaslar ancaq premyeraya baxırsınız?

Söz verdim ki, gələcəm.

Səhərisi redaksiya işlərimi sahmana salıb günorta üstü teatra getdim. İcazəsiz salona daxil olmadım. Bilirdim ki, premyera ərəfəsində rejissorların hamısı icazəsis məşqə baxmağı pis qarşılayırlar. Əksəriyyəti deyir ki, bunun dqşər-düşməzi olur. Yuxarı qalxıb bufetə getdim. Bir azdan məşqə fasilə verildi. Mehdi müəllimlə truppa müdiri Qürbət Qurbanovun otağında görüşdüm. Mən otağa daxil olanda çay içirdi. Yorğun görünürdü. Görüşüb əyləşdim. Otaqğ sükut çökdü. Otağa başqa adamlar da gələ bilərdi. Ona görə fikrumi dedim.

– Mehdi müəllim, icazə versəniz mən də məşqlərə baxardım.

Şakəri üzrə susdu. Çaydan bir neçə qurtum içib dedi:

– Aprelin 8-dən sonra gələrsən. Qoy aktyorlar qrimə, geyimə, musiqiyə bir az uyğunlaşsınlar.

– Bəlkə məşq barədə sizinlə müsahibə verək?

(Gülümsədi) Gecikmisən. Bu gün məşqdən əvvəl “Azərinform”un müxbirinə intervü verdim.

Fürsətdən istifadə edib əsas söhbətə körpü salmağa başladım.

– Deyəsən, yorulmusunuz?

– Ağırdı... Çətin, mürəkkəb əsərdi. Aktyorlar da bir az tənbəllik göstərirlər.

– Azərbaycanın məşhur rejissorları müştərək tamaşalar hazırlayıblar. Siz niyə bu təcrübəni heç olmasa bir dəfə sınaqdan çıxarmamısınız? Elə “Dəli yığıncağı” kimi mürəkkəb əsər olanda.

– Mən kimlərəsə bir yerdə işləməyə qadağa qoya bilərəmmi?

– Demirəm qadağa qoyun. Soruşuram ki, siz niyə hansısa rejissorla birgə tamaşa hazırlamamısınız? Özünüz indi dediniz ki, ağırdı sizin üçün.

– Quruluş verdiyim bəzi tamaşalarda rejissor, bəzisində rejissor assistenti, bir qismində isə hər ikisi olub. Tamaşanın hazırlıq prosesində onların hərəsinin öz funksiyası var. Bu tamaşaya da rejissor götürmüşəm, Məmmədkamal Kazımovdu. Ancaq başqa bir rejissoru quruluşçu kimi götürməmişəm... Heç bu barədə fikirləşməmişəm də.

– Sizə necə, bir yerdə tamaşa hazırlamağı təklif edən rejissor olubmu?

– Nə vaxtsa olub... Amma mən buna lüzum görməmişəm.

– Nə səbəbə?

– Bunun iki səbəbi var...

– Niyə susdunuz?

– Səbəblər səni çox maraqlandırır?

– Sualı səbəbi bilmək üçün vermişəm də.

– Birinci səbəbi odur ki, özümün tamaşa hazırlamağa hələ həm fiziki, həm də əqli gücüm çatır... Kifayətdi?

– İkinci səbəb qaldı.

– Mən başa düşmürəm, bir əsər üzərində, onun səhnə konsepsiyası, estetik həlli barədə eyni fikirlə necə düşünmək olar?.. Bəlkə də mümkündü, ancaq mən buna ehtiyac duymuram.

– İmran Qasımovla Həsən Seyidbəyli ikisi birlikdə “Uzaq sahillərdə” pyesini yazıblar, siz də onu tamaşaya qoymusunuz.

– Mən təqdim edilən hazır əsəri tamaşaya qoymuşam, müəllifləri günahlandıra bilməzdim ki, niyə bir yerdə pyes yazmısınız. Ədəbiyyatda bunun elmi əsaslarını anlamaq olar... Teatr özəl bir estetikaya malikdir.

– Danışığınızda, yazılarınızda estetika sözünü işlətməyi xoşlayırsınız.

(İstehzalı təbəssümlə) Bilmirdim ki, hansısa sözü işlətmək üçün kimdənsə icazə almaq lazımdır.

– O mənada demədim...

– Hansı mənada dediyini bilmirəm... anacaq mənim üçün teatr sənəti özü bütünlüklə estetikadır... Estetika sözü isə geniş şəkildə gözəllik mənasını verir... yəqin bunu bilirsən...

***

Bugünkü Azərbaycan Teatr Xadimləri İttifaqı o illərdə teatr cəmiyyəti adlanırdı. Bu quruma 1976-cı ildən Xalq artisti, məşhur rejissor Şəmsi Bədəlbəyli rəhbərlik edirdi. Ondan əvvəl cəmiyyətin sədri Mehdi müəllim olmuşdu. 1978-ci ilin əvvəllərində Şəmsi Bədəlbəylinin təşəbbüsü ilə ATC-nin nəzdində “Dostluq” teatrı açılmışdı. İlin sonu idi, dekabrın 26-sı. 1979-cu ildə “Dostluq” teatrının görəcəyi işlər barədə planı müzakirə etmək üçün Şəmsi Bədəlbəylinin yanında yığcam heyətdə müşavirə keçirildi. Qəzetdən mən də dəvət edilmişdim.

İclas-müzakirə bir saata yaxın çəkdi. Azərbaycana dəvət ediləcək teatr kollektivləri və onların gəlmə vaxtları təxminən müəyyənləşdirildi. Bakı teatrlarından da kollektivlərin hansı respublikalara gedəcəyi dəqiqləşdirildi. “Dostluq” teatrının icraçı direktoru Rafiq Seyidzadəyə müəyyən göstərişlər verildi. Gələnlər dağılışdılar. Şəmsi müəllimin yanında onun müavini Anar, Mehdi Məmmədov və mən qaldıq. Anarla sədr nəyisə müzakirə edirdilər. Birdən Şəmsi müəllim başını qaldırıb dedi:

– Mehdi, İlhamnan keçin istirahət otağına, bir stəkan çay için, indi mən də gəlirəm.

Keçirilən tədbir barədə Şəmsi Bədəlbəylidən müsahibə götürməliydim. Əvvəldən demişdi ki, söhbətləşməyimiz qalsın müzakirədən sonraya. İstirahət otağına tərəf gedə-gedə Mehdi müəllim dedi:

– Şəmsi, elə et gecikməyək.

Şəmsi müəllim tez saatına baxdı.

– Hələ vaxta çox var, çatacağıq.

Sonra bildim ki, Nəsibə Zeynalovagilə getməlidirlər.

İstirahət otağına keçdik. Mehdi müəllim keçib kresloda əyləşdi, mən də onunla üzbəüz stulda oturdum. O, maraqla kiçik otağa baxıb gülümsədi.

– Bu otaq mənə də doğmadı. Beş il yorulanda burada dincimi almışam. Heç kim mane olmasın deyə bəzi yazılarımı da bu otaqda yazmışam.

Onun bu girişi söhbətimizə körpü oldu.

– “Leyli və Məcnun” operasını iki quruluşda tamaşaya hazırlamısınız. Ancaq dram teatrında heç bir əsərə ikinci dəfə müraciət etməmisiniz. Bunun səbəbi nədir?

– Elə bir səbəbi yoxdur. Həqiqətdir ki, tamaşaçılar “Leyli və Məcnun” operasına həmişə maraq göstərirlər. Ancaq yeni quruluş bu marağı ikiqat gücləndirir.

– Sizin üçün bu quruluşların fərqi varmı?

– Sən o tamaşaları görmüsən?

– Bəli.

– Fərqi hiss etmədin?

– Etdim, amma istəyirəm özünüzdən eşidim.

– Hansı quruluş xoşuna gəldi?

İkinci quruluş daha romantik idi.

– İkinci quruluşun rəssamı Elçin Aslanov idi. Bizim quruluşda Məcnun və Leyli ilə bağlı əsas hadisələr səhnənin ortasındakı hücrədə baş verir. Bu hücrə Kəbə formasında verilmişdi və dövrələmə qara örtük üzərində “Leyli və Məcnun” poemasından fəlsəfi-poetik misralar həkk olunmuşdu. Bununla eşqin ülviyyətini, qüdsiyyətini, Kəbə kimi müqəddəsliyini vermək istəmişdik.

– Elçin Aslanovla “Xəyyam” tamaşasında da işlədiniz. Ancaq sonralar hazırladığınız “İnsan”, “Meşşanlar”, “Dəli yığıncağı” tamaşalarının bədii tərtibatını oğlunuz Elçin verib.

– Demək istəyirsən ki, niyə öz oğlumla işləmişəm?

– Sözümün canında bəlkə o da var. Ancaq “niyənin” başqa səbəblərini bilmək istəyirəm.

– Əvvəla, Elçin Məmmədov kamil teatr rəssamıdır. Rəssamlıq ixtisası üzrə ali məktəb bitirib. Bakıdan, Sumqayıtdan, Gəncədən, Lənkərandan başqa Arxangelsk, Leninqrad, Tiflis, Tallin, Moskva teatrlarında da tamaşalara səhnə tərtibatı verib. Elçinə ideya verəndə, ona tamaşanın ali məqsədini, əsas ideyasını söyləyəndə çox qısa müddətdə tamaşanın obrazlı tərtibat həllini tapır. (Gülür) Bir az tənbəlliyi olmasa lap əla işləyər.

– Opera və Balet Teatrında baş rejissor işləyəndə Cahangir Cahangirovun “Azad”, Fikrət Əmirovun “Sevil”, Leo Delibin “Lakme”, Üzeyir bəy Hacıbəylinin “Koroğlu”, Cakomo Puççinin “Toska” operalarına quruluş vermisiniz. Ancaq bir dənə də balet tamaşaya hazırlamamısınız. Bunun səbəbi nədir?

– Görünür özümü balet tamaşaya qoymağa hazır bilməmişəm...

Davamı burda

# 2478 dəfə oxunub

Oxşar xəbərlər

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

"Onun bütün ailəsini qırmışdılar..." - 12 yaşlı qızı ölümdən xilas edən sevgi

12:00 25 noyabr 2024
Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

Həyat yoldaşına şalvar geyinməyə icazə verməyən yazıçı - O niyə sui-qəsd etmişdi?

09:50 25 noyabr 2024
Etoliyalı - Eyvind Yonsonun hekayəsi

Etoliyalı - Eyvind Yonsonun hekayəsi

15:00 24 noyabr 2024
Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya - Həmid Piriyevin yeni hekayəsi

15:00 22 noyabr 2024
"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

"Bu səbəbdən müəllifin mətninə rahatlıqla inandım..." - Ulucay Akif

12:26 22 noyabr 2024
# # #