Əsəri Maradonaya hədiyyə edilən azərbaycanlı rəssam - REPORTAJ

Əsəri Maradonaya hədiyyə edilən azərbaycanlı rəssam - <span style="color:red;">REPORTAJ
28 oktyabr 2015
# 08:30

Ayxan Ayvaz

Məncə, rəssamlar digər yaradıcılardan daha maraqlı olur. Onların həyat tərzi, münasibətləri, fikirləri qarma-qarışıq rənglər kimidir. Dünya rəssamlarının əksəriyyətinin həyatını öyrənəndə qəribə hislər keçirirsən. İlahi, bir insan niyə belə olsun ki? Bəzən isə bioqrafiyasını gözümüzdə çox qaldırırıq. Rəssamın əsas işi onun çəkdikləridir. Rənglərin dünyasına səyahət etmək, sözlə ifadə oluna bilməyəni rənglə görmək, başqa bir atmosferə düşmək...

“Rəssamlıq Akademiyası biabırçı haldadır”

Rəssam Vüqar Muradovun da emalatxanasında olanda eyni hissləri keçirdim. Elə bil başqa bir şəhərin aeroportuna düşdüm və dilini bilmədiyim, insanlarını tanımadığım bu şəhərdə qalacaq yer axtarmağa başladım.

Eşitmişəm ki, rəssamı hiss etmək üçün boyaların o kəskin qoxusunun olduğu məkana düşməlisən: emalatxanasına. Vüqar bəy də bunu təsdiq etdi və dedi ki, yaradıcı adamın mətbəxi onun özünü daha yaxşı tanıdır.

- 1968-ci ildə Bakıda anadan olmuşam. Burda oxumuşam məktəbi. Əzimzadəni də. Əsgərliyim Moskvada olub. Şəkil çəkmişəm, işləmişəm də. Əsgərlikdən sonra redaksiyada işləmişəm. Bununla da redaksiya fəaliyyətim bitib. 1997-ci ildən Rəssamlar İttifaqının üzvüyəm.

- Uşaqlıqdan çəkirdiniz?

- Mən böyüyəcəm, ay kosmonavt olacam söhbəti eləməmişəm. Uşaqlıdan çəkirdim sadəcə. Qadağa olmayıb ailəmdə. Evdən dəstək olub. Dərnəyə getmişəm. İki ilə yaxın. 8-ci sinifdən sonra Əzimzadəyə getmişəm.

- Bəs Rəssamlıq Akademiyasında...

Sözümü kəsir:

- İndi biabırçı haldadır Rəssamlıq Akademiyası. Bizdən sonrakılar heç nə oldu.

- Niyə?

- Gedin baxın da. Mən heç nə deyə bilmərəm.

- Hansı rəssamlar sizə dəstək olub, əlinizdən tutub? Belə deyək, ustadlıq edib...

- Toğrul Nərimanbəyovun emalatxanası məndə olub. Amma orda düz-əməlli yaradıcılığım olmayıb. Köçdüm ordan. Firidun Abbasov. Təəssüf ki, onun adı tanınmır. Azərbaycanın ən gözəl rəssamıdır. – işarə edir ki, tablolara toxunmayım, üstüm bulanar – Müəllimim kimi yox, dəstək olub mənə.

“Mono Liza”nı yaddan çıxartmaq lazımdır.”

Çay hazırlayır bizə. Mətbəxə baxıram: qaz peçinin, krantın böyür-başında onun çəkdiyi rəsmlər var. Hələ qurumayıblar və anasını gözləyən gözüqıpıq uşaq kimi gözləyirlər. Düşünürəm ki, rəssam Vüqarın çay hazırladığı mətbəx həm də onun yaradıcılıq mətbəxinə, təzə çəkdiyi rəsmlərə qucaq açır.

Çayları qabağımıza qoyub söhbətə davam edir:

- Şəkil çəkmək ayrı şeydir, yaradıcılıq ayrı. Onun üçün fotoaparat var. Rəssam üzünü çəkmir. Şəkil çəkməyi bizə tələbəlikdə öyrədirdilər. Almanı alma kimi çəkmək. Palitra, anatomiya-filan. Ali savadı var, rəssamlıq savadı yoxdu, amma başlayıb çəkməyə. Müəyyən məktəbi keçib, gəlib soruşub. Bu kortəbiidir. Vergi isə ayrı şeydir. Rəssam doğulurlar yəni. Rəssam deyəndə ilk onun işi gəlir ağıla. Onun buynuzu olsun, ya da saqqalı, fərq etməz – gülür.

- Bizim rəssamlardan kimləri xoşlayırsınız?

- Hamısını. Birini deyəcəm, o birisi inciyəcək. Toğrul Nərimanbəyov, Səttar. Niyaz Nəcəfov var gənclərdən, onları bəyənirəm. Dünyada Rembrantdır ən xoşuma gələn. Bütün dövrlər üçün.

Əlindəki stəkanı masaya qoyur və tələsə-tələsə danışır:

- Sizə bir şey deyim. “Mono Liza”nı artıq yaddan çıxartmaq lazımdır. Orijinalını Parisdə görmüşəm. Əlçatmaz yerdədir. Uzaqdan baxanda nəyəsə oxşayır. Axır vaxtlar sərgilərə getmirəm. Təkrar çoxdur. Yeni bir şey yoxdur. Xaricdə də çox olmuşam. Yeniliyə açığam. Amma müasirlik o demək deyil ki, şalvarını çıxart göstər. Mən xaricdə müasir işlərdə təbiilik görmüşəm.

“Əsərimi Maradonanın ad gününə hədiyyə ediblər”

Onun ayağının xaricə açılmasının, səsinin-sorağının dünyanın o başından gəlməsinin də qəribə tarixçəsi var. Azərbaycan Respublikasının 80 illiyi ilə bağlı sərgi keçirilib. Amma bu məlumatı Vüqar bəyin dediyinə görə, onlardan gizlədirlər:

- Bir qadın gəldi, bir neçə emalatxana gəzdi, axırda soruşdu ki, bu kimdi, dedilər, rəssamdı. Çox bəyəndi rəsmləri. Sərgi 1998-də olmuşdu. 1996-da da gəlmişdi bu xanım. 1997-ci ilin iyul ayı Brejenski gəldi, çex yəhudilərindən idi. Elə bildim ki, bütün rəsm işlərini yığıb atan Brejenski gəlib. Sonra bildim ki, dövlət katibidir. Aeroportdan düşən kimi “Muradov! Muradov!” deyiblər. Bunlar hamısı gəldi əsərlərimə baxdı, bəyəndi, aldı, sonra dedi ki, sərgi qurtaranda satarsan əsərlərini. 1998-ci ilin aprel ayı idi. Konkret 18 əsər seçdi məndən. Ən çox məndən. Məndə dünyaya çıxmaq tərsinə oldu. Əvvəl Amerikadan başladım, sonra Avropaya keçdim – gülür – Dünya Bankında, Vaşinqtonda keçirilən sərgidə olub ilk dünyaya çıxışım.

Rəsmlərini israrla tələb edən bir argentinalı xanımın hekayəsi də maraqlıdır:

- Xaricdəki sərgidən qayıtdım Bakıya, saytımda işləyən qızlar dedilər ki, bir xanım yazır. Bilmirik hansı işi deyir. Mən də dili bilmirəm. Seçin, dedik, 50-yə yaxın iş seçmişdi. Obşim, başladı məndən iş almağa. Kolleksiyasında ən çox mənim işlərimdir. Sənə görə bankrot olmuşam yazdı (gülür). Realda tanışlığım yoxdu. Pulu göndərib, sonra isə dediyi əsəri göndərmişəm. Həm də o argentinalı mənim əsərimi Maradonanın ad gününə hədiyyə edib.

İlk dəfə rəsmlərimi saytdan görüb.

Bundan daha maraqlı bir hadisə:

- Paris senatoru gəlib emalatxanama. Rəsmlərə baxdı, çox xoşuna gəldi. Adımı soruşdu, dedim, Vüqar. Qayıdıb Parisə, öz atını Vüqar kimi qeydiyyatdan keçirib.

“Kamera görəndə özümü pis hiss eləyirəm”

- Xeyli məşhursuz onda. Amma Azərbaycanda o qədər tanınmırsınız sanki...

- Vüqar Muradova kim lazımdı, kimə bu sənət lazımdı, hamısı tanıyır. Şöhrəti biz seçmirik, bunu insanlar özləri seçir. Ona görə çətinlik çəkirəm. Bir tərəfdən əleyhinəyəm. Kamera görəndə özümü pis hiss eləyirəm. Barmaqla göstərəndə gərək dağlara çəkiləsən. O qədər də tanınmış deyiləm amma.

- Gənc rəssam Fərhad Yalquzaq da siz deyən kimi çəkildi dağlara.

- Eşitdim elə bir şey. Amma məndə olmayıb. Həm də ki, kimyaçı da qaçıb gedə bilər uzaqlara. Adi insan da. Yaradıcı adamları çox şişirdirdilər. Mənə elə gəlir, hamı rəssamdır, hamı uşaqlıqda rəsm çəkib. Uşaq illərində çəkdiyim rəsmlər indi olmayıb. Elə bil uşaqlıqda primitivizm olmayıb məndə. Uşaqda beyin azad olur.

- Tələbəniz var?

- Yoxdu, buna vaxtım və hövsələm yoxdur. Bircə Niyaz Nəcəfov var, müəyyən məsləhətlər alıb məndən. Məni müəllim hesab edir, mən isə yox.

- Göyçədənsiniz. Oraları xatırlayırsınız?

- Göyçədən bir-iki ev yadıma gəlir, özü də ağ rəngdə. Müəyyən işlərdə şüuraltı çıxır üzə. Bəlkə də çəkdiyim rəsmlərdə də var oranın izləri. Dumanlı xatırlayıram, yuxularıma girir o ağ evlər.

- Vüqar Muradovu rəsmlərini fərqləndirən nədir?

- Yeganə işlər olub məndə. Aşıq rəsmi var burda. – göstərir - Bu şəkil mənim ideyamdır. Nyu-Yorkdakı muzeylərdə bu cür işlərim var. Bu seriyadan işlərim diqqəti çəkir həmişə.

- Sabir Əhmədlinin “Yazılmayan yazı” kitabında yazılır ki, rəssamlıq digər incəsənət sahələrindən daha tez dünyada tanına bilir. Çünki tərcümə kimi problemi yoxdu...

- Ondan qabaqda deyilənlər olub. Saniyədə görürsən bəyənirsən, ya bəyənmirsən. Bir anda hər kəs baxa bilər. Dünyada 600-ə yaxın işim satılıb. Muzeylərin əksəriyyətində var.

“Bizim qadınlar daha çox boyalıdır”

- Vüqar Muradov necə biridir?

- Nağıl danışmaqla aram yoxdur. Həyatımda qeyri-adi heç nə olmayıb. Bir az qapalı adamam. Qohumlarla demək olar heç əlaqəm yoxdur. Fikir ayrılığı var, maraqsızdır.

- Ona görə gec evlənmisiniz?

- Evlənmək məsələsindən danışmayaq. 45 yaşında evlənmişəm.

- Uşağınız var?

- Var. On aylıqdı. Anadan olanda bir az xəstəliyi oldu, sonra xaricdə müalicə aldı, problemi həll etdik.

- Şükür. Qadınların yaradıcılığa təsiri var, sizcə?

- Ola bilsin ki. Amma məndə qadınların heç bir təsiri olmayıb. Bəlkə də nə vaxtsa olub. Kiminsə həyatında nə vaxtsa nələrsə olub, amma keçib-gedir müəyyən müddətə. Bilirsən, bizim qadınlar daha çox boyalıdır. Mənim ailə qurduğum azərbaycanlıdır, mən başqası ilə də evlənə bilərdim. Onun incəsənətdən başı çıxmır

- Ailə, yoxsa sənət?

- İkisi də xəstəlikdir: ailə də, sənət də. Adam var deyir, evlənməmək də olar, nəyinsə xatirinə evlənmək də. Sonra da ailəni dağıdır. Sənət isə tənhadır. Həmişə bir yerdə durur. 45 il evlənməmişəmsə, hesabınızı özünüz götürün. Bundan əvvəl də ailə qura bilərdim. Mənim beynimdə elə bir obraz olmayıb ki, belə bir qadın olsun. Bu dünya bir oyundu. İki şey arasında qalmaq çox qəlizdir. On il əvvəl məndən bu barədə bir kəlmə də ala bilməzdiniz, hətta kəlbətinlə belə . İndi bir az danışdım ailə haqqında. Mən yenə deyirəm, qapalı adamam.

- Dostlarla görüşürsünüz?

- Əvvəlki kimi deyil. Sosial şəbəkələrə də daha çox iş kimi yanaşıram. Tanımadığım, uzaq ölkələrdə yaşayan adamlara satıram əsərlərimi.

- Hansı əsərinizi satmaq istəmirsiniz?

- Bəyənmədiklərimi satmamışam. Ancaq bir dəfə bu əsər mənim həyat yoldaşıma bənzəyir deyən olub, ona satmışam.

- Çox vaxt sərgilərdə görmüşəm ki, adamlar rəsmə aydan gəlmiş adam kimi baxırlar...

- Uşaqlıqdan tərbiyə olunmalıdır bu. Bağçadan başlamalıdır. Böyük rəssamların işini uşaqlıqdan görürdük biz. Amma sizə deyim ki, zövqsüz bir insan da yaxınlaşıb tərif verə bilər. Bu bizimki də ola bilər, xarici də. Mən başa düşmürəm deyə söhbət yoxdur. Ya xoşuna gəldi, ya yox. Vəssalam.

- Hansı rəssam sizdən yaxşıdır deyə düşünürsünüz?

- Rembranta paxıllığım tutur. Amma burda elə biri yoxdur. Ondan da yaxşıyam belə baxanda.

- Uşaqlıqla bağlı nəyi xatırlayırsınız?

- Uşaqlıqda hər bizə gələn adamı bir heyvana, ya da tərəvəzə oxşadardım. İndi də belə xasiyyətim qalıb. Doğurdan elə adam var, baxırsan quşa oxşayır.

“Heç vaxt kədərsiz rəsmim olmayıb”

- Dinə münasibətiniz?

- İnancım var. Mən Allahsızam deyə bilmərəm. Yaradan bir qüvvə var yəqin ki. Sadəcə mən başqa bir yolla sitayiş edirəm, mömin kimi deyil.

- Qoqol da deyir ki, yaradıcılıq ibadətə getmək kimidir.

- Doğrudur. Mən həyəcanımı atıram işə başlayanda, soyuqqanlı oluram. Bütün rənglər mənə yaxındı, amma yaşılı daha çox sevirəm.

- Xoşbəxtliyi çəkə bilərsiniz?

Gülümsünür, bir az fikrə dalır.

- Bədbəxtliyi göstərə bilərəm əsərlərimdə, xoşbəxtliyi yox. Rəssam sualdır başdan-ayağa. Özüm sual verirəm. Mən necə xoşbəxtliyin olub-olmamağına cavab verə bilərəm? Sizə bir şey deyim. Şad xəbərin üstünə elə bir ürək qoyulmayıb. Qara xəbəri isə çox faciəvi çatdırırlar. Yaradıcılıqda da belədir. Şadlıq ona hopmur. Heç vaxt kədərsiz rəsmim olmayıb, belə rəsmi alan da olmayıb. İşi bitirəndən sonra xoşbəxtliyi tapıram, quş kimi içimdən uçub gedir.

- Hansı rəssamın taleyinə acımısınız?

- Bəlkə də olub nə vaxtsa. Xatırlamıram. Amma onların işləri həmişə diqqətimi çəkir. Van Qoq qulağını-zadı kəsməyib. Yanında olmamışıq ki, bunu dəqiq bilək. Adamın içi təmiz olmasa o qədər işıqlı rəsmlər çəkə bilməzdi.

- Yazıçılardan kimi bəyənirsiniz?

- Son vaxtlar Orhan Pamukun “Mənim adım qırmızı” adlı kitabını oxumuşam. Çox xoşuma gəlib.

- Gənclərə nə məsləhət verərdiniz?

- Mən kiməm ki, məsləhət verim? Mən onlarda atı at kimi çəkən görməmişəm.

- Nə çatmır?

- Bəlkə bu belə olmalıdır. Hər kəs Da Vinçi olmalı deyil ki? Bizim vaxtımızda rəssamlar çox pul qazanırdılar. O vaxt musiqiyə daha çox diqqət vardı. Bütün evlərdə piano vardı. İndi də rəssamlıq dəbdir. Amma bu pis deyil. Narkoman deyil ki, rəssamdır da. Yüz min adam “bezdarnı” olsun, amma olsun da. Rəssamda şübhə olmalıdır. Stəkanı olduğu kimi çəkməyi hər kəsə öyrətmək olar. Amma ona bir münasibətin, şübhən olmalıdır.

# 2633 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
# # #