Hacıbaba Bağırov Azərbaycan teatr və kino sənətinin korifeylərindəndir. Sənətkarın genişşaxəli yaradıcılığıyla yanaşı, maraqlı və eyni zamanda da təzadlı şəxsi həyatı olub. Əvvəlcə sənətkarın tərcümeyi-halı barədə. Modern.az saytı Hacıbaba Bağırov barədə çoxlarının bilmədiyi faktlarla bağlı araşdırma aparıb.
Hacıbaba Bağırov 1932-ci ilin iyun ayının 6-da Bakının Maştağa kəndində dünyaya gəlib. Atası Ağarza kişi fəhlə imiş. Bu, onun tərcümeyi-halında belə göstərilir. Amma araşdırmamız zamanı məlum oldu ki, o vaxtkı “Passaj” bazarının direktoru olmuş Ağarza Bağırov Hacıbaba Bağırovun atasıdır. Ağarza Bağırov həmçinin uzun illər “Muskomediya”nın inzibatçısı işləyib.
Anası Sona xanım isə Cəbrayılın Qumlaq kənindən olan Cəlal bəyin qızıdır. Əldə etdiyimiz məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.
1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra isə Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. H.Bağırovun yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrının uzun illər rejissoru olmuş Soltan Dadaşov oynayıb.
Aktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Maraq üçün qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.
Aktyorun tərcümeyi halında həmçinin onun 1959-1960-cı illərdə Daxili İşlər Nazirliyinin klubuna rəhbərlik etməsi də yer alıb.
1960-cı ildə C.Cabbarlı adına Gəncə Dövlət Dram Teatrının aktyor truppasına qəbul olunub. Bu kollektivdə Fuad ("Almas"), Şahsuvar ("Komsomol poeması"), Rəşid ("Anacan") kimi müxtəlif səpgili rollar oynayıb. 1962-ci ildə Musiqili Komediya Teatrına dəvət olunub. Burada fəaliyyət göstərdiyi 26 il ərzində yaratdığı 50-dən çox surətin onun gülüş ustası kimi püxtələşməyində və populyar olmağında böyük təsiri olub. Üzeyir Hacıbəyovun "Arşın mal alan"ında Soltan bəy, "O olmasın, bu olsun"da Məşədi İbad, Z,Hacıbəyovun "50 yaşında cavan"ında Orduxan, S.Ələsgərovun "Həmişəxanım"ında Cəbi Cüməzadə, "Hardasan, ay subaylıq"da Novruzəli, Ə.Abbasovun "Həyətim mənim-həyatım mənim"ində Qulam, E.Sabitoğlunun "Hicran"ında Mitoş, "Nəğməli Könül"də Fərzəli, V.Adıgözəlovun "Nənəmin şahlıq quşu"nda Cəsarət, S.Hacıbəyovun "Qızılgül"ündə Nadir, A.Məşədibəyovun "Toy kimindir?"ində Uzun, E.Sabitoğlu, T.Vəliyevanın "Bankir Adaxlı", "Sizinlə gülə-gülə", "Bildirçinin bəyliyi", "92 dəqiqə gülüş" triollogiyasında Sonqulu, "Məhəbbət oyunu"nda Nuruş, "On min dollarlıq keyf"də Fərzəli kimi tamaşaçıların dərin rəğbətini qazanmış rollarla milli mədəniyyətimizin inkişafına xidmət edib.
Teatrla yanaşı, kino sahəsində də fəaliyyəti uğurlu olub. "Ulduz"da Möhsün, "Mehman"da Arif, "Onun bəlalı sevgisi"ndə Qaraxalov, "Alma-almaya bənzər"də Məmmədəli, "Şirbalanın məhəbbəti"ndə Şirbala rolları kino həvəskarları tərəfindən maraqla qarşılanıb.
1974-cü ildə əməkdar artist, 1982-ci ildə xalq artisti fəxri adlarına layiq görülüb.
1989-cu ildən 1996-cı ilədək yaratdığı "Tənqid-təbliğ" teatrının direktoru və bədii rəhbəri vəzifələrində çalışıb. 1996-cı ildən Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, bədii rəhbəri və aktyoru olub. 2001-ci ildə E.Sabitoğlu, T.Vəliyevanın "Bankir adaxlı" tamaşasına görə "Qızıl Dərviş" mükafatına layiq görülüb.
Sənətkarın filmoqrafiyasında isə bu ekran əsərləri yer alıb.
1. Aktrisanın təbəssümü (film, 1974)
2. Alma almaya bənzər (film, 1975)(tammetrajlı bədii film)-rol: Məmmədəli
3. Bir az da Bahar bayramı (film, 1979)
4. General (film, 1970)
5. Gülüş sanatoriyası (film, 1989)
6. İstintaq davam edir (film, 1966)
7. Kişilər (film, 1984)
8. Qanun naminə (film, 1968)
9. Məhəllə 2 Moskvada (film, 2004)
10. Müşavirə (film, 1971)
11. Ömrün səhifələri (film, 1974)
12. Onun bəlalı sevgisi (film, 1980)
13. Pərdə arxasında (film, 1987)
14. Salam, Zeynəb! (film, 1982)
15. Sehrli çıraq (film, 1987)
16. Sonuncu məhəbbət (film, 1985)
17. Şirbalanın məhəbbəti (film, 1991)
18. Ulduz (film, 1964)
İndi isə xalq artistinin şəxsi həyatı barədə.
Sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Deyilənə görə, zahiri görkəmiylə büsbütün Hacıbaba Bağırovu xatırladan Aleksandr atasının son günlərinə qədər ona baş çəkir, əlaqə saxlayırmış.
Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı bir qızı dünyaya gəlib. Hazırda Lalənin yaşı 50-ni keçib, Aleksandr isə 60 yaşındadır.
Aktyor üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Əldə etdiyimiz məlumata görə Almaz adlı qadın Qanköçürmə institutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Maraqlıdır ki, xalq artistinin bu nikahdan övladı olmayıb.
Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən özününküləşdirib və “Bağırov” soyadına keçirib. Bu arada maraqlı bir faktı da qeyd edim. “Şirbalanın məhəbbəti” filmində Şirbalanın uşaqlarından ikisi məhz həmiin qızlardır. Çox güman ki, bu uşaqların həmin filmdə rol almaları aktyorun öz ideyası olub. Əslən Borçalıdan olan Tamara Ocaqova hazırda Dövlət Musiqili Teatrının direktor müavini işləyən Elxan Ocaqovun doğmaca əmisi qızıdır.
Sənətkarın sonuncu evliliyi isə özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən olan Şölə adlı qızı hazırda 5-ci isinif şagirdidir.
Aktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyə Səfərova ilə də eşq macərası yaşadığı bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edirlər ki, bu, absurddur və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər:
“O iki şeyi çox sevirdi. Qadınlarla intim münasibətlər qurmağı və gözəl geyinməyi xoşlayırdı. Axı bəy nəslindən idi”.
Hacıbaba Bağırov müxtəlif dönəmlərdə iki dəfə müəyyən müddətdə teatrda qalmalı olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o həmkarı, xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb.
Deyilənə görə o vaxt teatr xadimi Nüsrət Fətullayevə Hökumət Evininin arxasında ikiotaqlı mənzil veriblərmiş, Hacıbaba Bağırov isə evsiz imiş.
Nəsibə Zeynalovanın Bakı şəhər Sovetinin o vaktıki sədri Aydın Məmmədovun yanına gedib xahiş etməsindən sonra aktyora birotaqlı mənzil verilir və o bu evdə Almaz xanımla yaşayır. Onunla ayrılanda isə heç bir ev iddiası qaldırmır və yalnız pencəyini götürərək evdən çıxır.
Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra mərhum prezident Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində 3 yerdən mənzil verilir. Bu gün həmin mənzillər Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.
Hacıbaba Bağırov da bir çox komediya aktyorları kimi həyatda xarakter baxımından ciddi şəxsiyyət olub. Məsələ burasındadır ki, aktyorlar o, teatra daxil olan kimi qeyri-iradi olaraq özlərini yığışdırırmışlar. Buna baxmayaraq, rəhbəri olduğu teatrın aktyorlarına ən yaxın olan da H.Bağırov imiş. Hətta bəzən aktyorun prebleminə görə səlahiyyət sahiblərinə zəng vurub xahişlərdə bulunmağı da özünə ar bilməzmiş. Onu direktor kimi belə xarakterizə edirlər:
“Hacıbaba müəllimin dövründə teatrda böyük-kiçik yeri daha çox bilinirdi. Çünki özü də sənətkar idi və aktyorun nə istədiyini bilirdi”.
Xanım Qafarova, Rəsmiyyə Nurməmmədova kimi aktrisaları sənətkarın tələbəsi saymaq olar. Bu iki aktrisanın yetişməsində onun xüsusi xidmətləri olub.
Yəqin ki, H.Bağırovun əllərindəki “nakolka”ları görmüşdünüz. Çoxları bilmir ki, H.Bağırov ömrünün 4-5 ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son “ünsiyyəti” olub.
Deyirlər, insan öz ölümünü hiss edir. Sənətkarsın kollektivlə sonuncu görüşündə səsləndirdiyi fikirlər “ölüm-itim dünyasıdı, birdən görüşmərik…” olub.
Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə bir müddət xəstəxanada yatan sənətkar 2006-ci il oktyabr ayının 4-də 74 yaşında dünyasını dəyişib. Allah rəhmət eləsin!