Yanvarın 22-də görkəmli rus rejissoru Sergey Eyzenşteynin anadan olmasının 120 ili tamam olur. Kinorejissorun filmləri bu gün də dünyanın kino məktəblərində kadr-kadr öyrədilir. Onun həyatı və yaradıcılığı haqda yüzlərlə kitab və məqalə yazılıb.
Bununla belə, Eyzenşteynin şəxsi həyatı indiyədək kino tarixçiləri arasında mübahisələr yaradır.
Məsələn belə:
Qadınlar “gözdən pərdə asmaq üçün idi?”
Sergey Mixayloviçin qadınlara spesifik yanaşmasını onun filmlərindən də anlamaq olar. Onların heç birində duyğulu erotik qadın obrazı yoxdur. Onun filmlərinin qadın qəhrəmanları silahdaşlar, döyüşən qadınlardır. Eyzenşteyn qadınları ekranda belə görürdü. Həyatda da qadınlar onun üçün bundan artıq məna kəsb etmirdi.
Onun həyatında əsas qadın kino müxbiri Peru Ataşevadır. Sərbəst, müstəqil, güclü bir qadın idi. Peru ona işində, məişətdə kömək edirdi, böyük rejissorun həyatını nizama salırdı və ondan uşaq dünyaya gətirmək arzusunda idi. Eyzenşteyn çiçək xəstəliyinə tutulanda Ataşeva ilə evləndi. Qadın onun yolunda hər cür qurbana və məhrumiyyətə hazır idi. Onların platonik münasibəti bir neçə il davam etdi.
30-cu illərin sonunda Eyzenşteyn rejissor asissenti Yelizaveta Teleşova ilə tanış oldu. Bu, “Bejin çayırı” adlı filmin çəkilişlərində baş verdi. Onların münasibətlərində hər hansı duyğu qığılcımından söhbət gedə bilməz. Sadəcə, Eyzenşteyn o zaman dərin depressiyada idi, Teleşova isə, onu bu vəziyyətdən çıxara bilmişdi. Onların münasibəti beş il çəkdi. Lakin bunu münasibət adlandırmaq da çətin imiş. Eyzenşteyn Teleşovadan açıq-aşkar istifadə edirdi. O qadına başdan bəyan edir ki, onların arasında cinsi münasibət ola bilməz. Bundan başqa o, ayrı-ayrı yaşamağı da təklif etdi. Teleşova nəyinsə dəyişəcəyinə ümid edərək xeyli dözdü. Nəhayət, onun səbri bitdi, o, Eyzenşteynlə bütün əlaqələrini kəsdi.
Onda Sergey Mixayloviç düşünmədən Peru Ataşevanı axtarıb tapdı, Peru bütün bu vaxt ərzində sədaqətlə onu gözləyirdi. Eyzenşteyn rəsmən onunla evləndi, amma bu, onların münasibətlərinin mahiyyətini dəyişmədi. Faktiki olaraq, onlar nə sevgili idilər, nə ər-arvad, nə də silahdaş. Bəs bütün bunlar Eyzenşteynin nəyinə lazım idi? Yəqin ki, 1934-cü ildə SSRİ-də oğlanbazlıq haqda cinayət maddəsi tətbiq olunduğuna görə.
Məlum idi ki, Sergey Mixayloviç demək olar ki, ömrü boyu Qriqori Aleksandrovla münasibət saxlayırdı. Gənclər 1922-ci ildə, Eyzenşteyn Meyerxoldun rəhbərliyi altında rejissorluq dərsləri alanda tanış olmuşdular. Dünya kinematoqrafının dahisi necəsə öz qara çörək payını unutmuşdu - pis vaxtlar idi. Aleksandrov bu çörək parçasını çırpışdırmaq istəyəndə tutulmuşdu. Onların arasında dava başlamışdı. Onları ayırandan sonra məsələni aydınlaşdırmaq üçün söhbət etməli olurlar. Məlum olur ki, Aleksandrov bir neçə gündür ki, çörək yeməyib, Eyzenşteyn könüllü olaraq öz payını ona verir. Bu andan etibarən gənclərin arasında möhkəm dostluğun təməli qoyulur. Bu dostluq cəmiyyətdə birmənalı şərh olunmur.
Aleksandrla Eyzenşteyni yaradıcı əlaqələr bağlayırdı. Sergey Mixayloviç üçün şəxsi həyat və yaradıcılıq ayrılmaz idi. Amma kinoda və teatrda nə istədiyini, nə etdiyini bilən Eyzenşteyn şəxsi həyatında çaş-baş qalırdı. Ölkədən kənarda, Berlində olarkən rejissor özündən baş çıxarmaq üçün psixoloqları, seksoloqları gəzirdi. Eyzenşteyn iddia edirdi ki, o təbiətcə aseksualdır, yəni, həm qadınlara, həm də kişilərə laqeyddir.
Ən yaxın rəfiqəsi Mari Setona deyirdi: “Mənim homoseksual olduğumu deyənlər yanılır. Özümdə belə şey hiss etməmişəm və etmirəm. Heç vaxt homoseksual meyl hiss etməmişəm, hətta Qrişaya münasibətdə belə. Baxmayaraq ki, intellektual sahədə Balzak, yaxud Zolyada olduğu kimi məndə bəzi biseksual tendensiya var”.
Eyzenşteynin çoxsaylı bəraətlərinə çox az adam inanırdı. Kino irsinə bu qədər töhfə vermiş insanı kimin məhəbbəti ilhamlandırırdı? Bu sual hələ də açıq qalır.