Çörəkçi xala: “Mən Jan Valjanı bağışlayıram” - REPORTAJ

Çörəkçi xala: “Mən Jan Valjanı bağışlayıram” - <span style="color:red;">REPORTAJ
23 may 2016
# 15:08

Ayxan Ayvaz

Min ildən bəri var olan, süfrələrdən əksik olmayan çörək. Həmişə yerə düşəndə öpüb başımız üstündə qoyduğumuz, hər şeydən üstün bildiyimiz çörək.

Dieta saxlayanların gözündən iraq, bu yazını çörək yeyə-yeyə yazıram. Elə-belə çörək yox e, təndir çörəyi. Buzovnada bişirilən özbək çörəyi deyirəm sizə... Görsəniz, dieta yadınızdan çıxar...

Çörəyin istisi

İçəriyə girəndə çörək qoxusu vurdu məni. Balaca təpələr sayaq düzələn təndirlər... Əyinlərində örtük, üstü-başı unlu iki qadın...

Biri Lerikdəndi, o biri Masallıdan. Lerikdən olan xala yaman dilli-dillavərdi, ürəyi doludu. Bizi görən kimi danışmağa başlayır:

- A bala, mən elə özümü biləndən çörək bişirirəm. Bizim oralarda hər evin yanında təndiri var. İndinin özündə də hamı öz çörəyini bişirir. Mən uşaq olanda nənəmə baxıb öyrənmişəm çörək bişirməyi. O vaxtdan təndirin istisinə alışmışam.

Nazilə xala deyir, Bakıya köçəndən çörək bişirib. Əvvəl özünün dediyi kimi “dəniz çörəy”i bişirirmiş: “Bu çörək özbək çörəyi kimi deyil. Uzun olur, lap yekə. - əli ilə ölçüb göstərir. – Doyumluqdur da. Birini al, üç-dörd adamı başına yığ, ye ki yeyəsən”.

Çörəyi ver çörəkçiyə

Dilli-dilavər olmağından başqa Nazilə xala həm də gülərüz, zarafatcıldır.

- Özüm çox çörək yeyənəm. Evə də aparıram burda bişirdiyimi. Dörd uşağım var, ikisi qız, ikisi oğlan. Tələbədilər, hələ evlənəni, köçəni yoxdu. Vallah, inandırım sizi, yeməkdən çox çörək yeyirəm. Özüm də hamıdan arığam – gülə-gülə təzə bişmiş çörəyi çıxarır.

O biri qadın onun kök görkəminə baxıb gülümsünür.

- Ay xala, uşaqların çörəkçi olmağını istəyərdin?

- Yox, ay bala, bir çörəkçi bəsdir, mən bişirərəm.

Nazilə xala üç ildir burda işləyir, özü də çörək haqqında eninə-boluna nə qədər istəyirsən danışır. Elə bil, illərdir bizi gözləyirmiş ki, boğçasındakı sözləri ovcumuza qoya.

- Xala, sən bilərsən, niyə deyirlər, çörəyi ver çörəkçiyə?

- Çörəyin yiyəsi odur də.

- Çörəyi olmayan birinə çörək versələr, olmaz? – gülürəm.

- Sənə bir şey deyim. –ciddiləşir - Çörək Qurandan əvvəl olub. Həmişə onu yuxarı başa qoyurdular. Keçmişdən belə görmüşəm. Çörək əldə gəzməz. O, müqəddəsdir. Çörəyi verirsən çörəkçiyə, ona görə ki, çörəyin qədir-qiymətini bilir.

Təndirdə çörək

Sizə deyim, çörək bişirmək zülm işmiş. Mən elə bilirdim, asandı. Təndirlər düzülüb qabağımızda, içindən ətrafa od saçılır. Elə bil, cəhənnəm istisidir. Ancaq Nazilə xala bu istini vecinə almır:

- Vallah, evə gedirəm, üşüyürəm. – gülür. – Mənə yayda çörək bişirmək daha asan olur. Deyim niyə? Qışda təndirin istisində bişirirsən çörəyi, çölə çıxanda donursan, yayda temperatur üst-üstə düşür.

Sən demə, çörəyin bişirilməsində əsas rolu oynayan o biri xanım imiş. Masallıdan olan Rəsmiyyə xanım sex açılandan burda işləyir. Deyir ki, mən olmasam, təndirə çörək yapmaq olmaz.

- Deməli, iki saata xəmirin gəlməyini gözləməlisən. Sonra kündə işi başlayır. 15-20 dəqiqə kündələməlisən. 300 qram droj olmalıdır. Amma bu da baxır vaxtına. Qışda droj çox qatırsan, amma yayda yox. Ona görə ki, yayda köpmə çox verir.

Hə, elə ki, Rəsmiyyə xanım xəmiri kündələyib səliqə ilə yan-yana düzür, ondan sonrakı iş Nazilə xalanındır.

- Əsas çörəyin duzudur. Duzu düz tutmadı, olmur. Kündələri mən yumrulayıram, altına duzlu su səpirəm, yapışdırıram təndirə. Təndiri də əvvəldən yandırmaq lazımdır. Burda qazla işləyir. Bir az gözləyirəm, yanır, sonra əlimlə yoxlayıram. Əgər dırnağım yanırsa, hə, uje kündəni təndirə yapışdırmaq olar.

Duzsuz çörək yeyən müştərilər

“Həyat üç şeydən ibarətdir” - deyir Nazilə xala: çörək, duz, bir də su:

- Bunlar olmadı ha, yaşamaq olmaz.

Zarafatımdan qalmıram:

- Duzsuz da keçinmək olar.

- Yox, duz əsas şeydi. Həmişə demirlər, biz bir yerdə duz-çörək kəsmişik? Duzsuz o çörək kəsilmir axı.

- Həm də, xala, çörəyi bıçaqla kəsmək olmaz deyir böyüklər.

- Çörək müqəddəsdir axı, bismillah eləyib əlinlə kəsməlisən.

Rəsmiyyə xanım başına gəlmiş bir əhvalatı bölüşür:

- Bir dəfə nə təhər olubsa, xəmiri kündələmişəm, yerbəyer eləmişəm. Nazilə də başlayıb təndirdə bişirməyə. Müştərilər gəlib-gedir, çörək alırlar. Qayıdırlar ki, bunun duzu yoxdur. Həmin gün bütün Buzovna gəlmişdi e... – gülür.

Qəribə müştərilər

Tez-tez rastlaşdıqları, özlərinə qəribə gələn müştərilər var.

- Məsələn, çox olub. Biri gəlib deyir ki, ay xala, mənə çörək ver, amma altı qırmızı olsun. Bir az keçir, başqa birisi gəlir. Ay xala, mənə çörək ver, altı sarı olsun. Sonra başqa biri də deyir ki, mənə çörək ver, altı ağ olsun. Onda əsəbiləşib deyirəm, bəs altı qara olanı kim alacaq? Onu da biri almalıdır da...

Nazilə xala gülə-gülə başqa bir əhvalat danışır:

- Bir dəfə bir müştəri gəlib. Mənim də başım qarışıb. Bu mənə 20 manat verdi ki, iki çörək ver. Mən də buna iki 50 qəpiklik vermişəm, iki də çörək. Bir az keçəndən sonra gəlib gülə-gülə deyir ki, xala, 20 manata iki çörək vermisən. Sonra təzədən yadıma düşüb, pulunu qaytarmışam.

Çörək də insana bənzəyir

Öz-özümə düşünürəm ki, çörək də insan xarakteri kimidir. Xarakterlər müxtəlif olduğu kimi çörəklər də başqa-başqa olur. İnsanın da taleyi yoğrulur, bir şəklə gəlir, bu da çox zaman alır. Elə çörək kimi.

Nazilə xala deyir ki, hər çörəyin öz qoxusu olur. Hər insanın da öz qoxusu, öz xarakteri var. Zaman-zaman bu qoxuya alışırsan və ondan qopa bilmirsən. İnsanlar da alışdıqları, dadmaq istədikləri çörəkləri yeyirlər.

- Zavoddur, betondur, qara çörəkdir, ləzgi çörəyidir. Hamısının ayrı-ayrı dadı, qoxusu olur. – Nazilə xala danışır. – Bax, bu bizimki də yumru çörəkdir. Özbək çörəyi yazılıb, amma əslində bu özbək çörəyi deyil. Özbək çörəyinin ortasında öz “peçat”ı olur, naxışları ayrı cürdür. Bizimki başqa “peçat”ladır. Hər çörəyin öz “peçat”ı olur ki, başqa sexlərinkindən fərqlənsin. Çörəyin dadı da buğdaya görədir.

Çörək oğrusunu bağışlamaq

Burda Nazilə xala və Rəsmiyyə xanımdan başqa iki qadın da işləyir. Növbə ilə. Rəsmiyyə xanım saat gecə dörddə gəlib tez-bazar kündələri eləyir, hazır olandan sonra Nazilə xalanı çağırır, o da gəlib təndirdə çörəyi bişirir. Axşam düşəndə o biri iki qadın gəlir.

Nazilə xala da, Rəsmiyyə xanım da cibində pulu olmayan, ac-susuz gəlib təndirin qabağında boynubükük duran adama pulsuz-parasız çörək verirlər.

- Təki desin, çörək istəyirəm. Bilim ki, ehtiyacı var, evdə çörək gözləyəni var. Çörək olmayan ev olmaz, a bala. Allah heç kimi çörək imtahanına çəkməsin.

Nazilə xala sözünə davam edir:

- Çörək oğurlayanı da bağışlayaram mən. Pis iş görmür ki... Yəqin ehtiyacı var deyə götürür. Amma çörək istədiyini desə daha yaxşı olmazmı? Mən heç vaxt çörək oğurlayanı məhkəməyə vermərəm.

Son

Türk şairinin bir şeirini xatırlayıram:

Ac idik,

Ac idik,

Çox ac idik...

Çörək istədik,

Qadın istədik,

Tanrı istədik...

Gözümün qabağında çörək növbəsinə düzülən, müharibə vaxtı kartla çörək alan adamlar canlandı.

Çörək günəşə oxşayır, insanların həmişə günəşin sonsuz işığına ehtiyacı var.

Şair demiş, bəmbəyaz, pambıq kimi çörəklər...

Sexdən çıxandan sonra ağlıma bir şey gəldi: bəlkə də, bizdə Viktor Hüqonun çörək oğurluğu üçün katorqaya göndərilən Jan Valjan obrazı ona görə yaranmayıb ki, onu Nazilə xanım kimi həmişə bağışlayıblar.

# 3073 dəfə oxunub

Oxşar xəbərlər

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

Rüşvət verəndə onu mütləq zərfə qoyun - Səlim Babullaoğlunun şeirləri

14:00 10 dekabr 2024
Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

Yoldaşını zorlanmaqdan xilas etmək üçün müəlliminə şər atan direktor

13:00 9 dekabr 2024
Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
# # #