Kulis Lənkəranda yaşayan şair Tərlan Əbilovun yeni şeirlərini təqdim edir.
Skleroz
İndicə
buralarda
əlimin altında harasa qoyduğum
və unutduğum əşya kimi gəzirəm özümü...
Gözümə dəymirəm güzgülərdə,
yoxa çıxmışam çarpayıdan,
səsim gəlmir mətbəxdən...
Yadıma düşmürəm
nervpotoloqumun telefon nömrəsi kimi
heç cür...
Xatırlamıram
özümü axırıncı dəfə harada gördüyümü,
özümü sonuncu dəfə hara qoyduğumu,
hardan götürdüyümü.
Şeirdir döyülən qapım...
Darısqallıq
Obraz kimi kasıb olanların
pərdəsiz səhnəsidir həyat...
Sinəsindən saz asılmış divar qədər qoşmadır hər şey...
Və sən hər şeyin fonunda heçkimsən –
yaratdığın obrazla müqayisədə.
Yəni
sevmək –
bir ömür darıxmaqdır,
Darıxmaq –
bir addımın içində var-gəl edə bilməkdir elə...
Və sən
çox gözəl darıxırsan, çoox gözəl.
Narahat olma, şair,
narahat olma;
tənhalığı adamlarla dolu olanlar bilir,
təklənməyin nə olduğunu...
Ta
Üzün dünyadan dönübsə,
demək, üzü bərisən ta.
Çiynində evin gəzdirən
sən də bizdən birisən ta.
Əl eyləmə gedən vaxta,
Əlin çatmaz şikəst baxta.
Çıxarmışam səni taxta –
ilhamıma pərisən ta.
Öz başına gələn işsən,
Tapmazsan izinə düşsən...
Bu gündən sən də dərvişsən,
səfilsən, sərsərisən ta...
Hər yerdə
(Agim Rifat Yeşerenə)
Saralsalar belə
qaldırmayın divarlardan şəkilləri,
heyfiniz gəlsin bir parça donmuş vaxta...
Ayrılıq sağımda,
ayrılıq solumda,
qarşımda,
qonşumda ayrılıq,
mənim həyatıma qadın nə gərək.
Pəncərədən göyə baxıram,
ildırım çaxıram –
otağıma daha çox işıq gərək
qaranlıqda.
Yer kürəsində sevgi azlığı var deyə
ölüm qoxuyur nəfəsimiz,
aclıq qoxuyur dişlərimiz.
Yaşamaqdan bezmək varkən hər yerdə,
qaldırmayın şəkilləri,
yazığınız gəlsin divarlara...
***
Bu gecə
iydə ağacının budağında titrəyən yarpağam,
bəyaz varaqların yaxasına,
qaranlığın yuxusuna
şeir pıçıldayan dodağam...
İlham pərisinin bəzədiyi süfrədə
and yerinə araq içirəm sağlığına bu gecə.
Bir nəğmənin könlünü,
bir şairin belini sındırıram əlli-əlli...
O...
Damarları görünsün deyə,
əsgi dolayıb sıxardılar qolunu...
Şeir yazarkən üzünü divara çevirərdi xatirələrinin –
utanardı
anasından,
qadınından,
qızından...
Utanardı varlı ölkədə dilənçi kimi yaşadığından.
Pis vaxtlarında sevmişdi deyə səni,
ən pis zamanlarında buraxdın onu.
Getdin,
bir idi, min oldu,
yoluxdu ona
küçələr,
parklar,
şəhərlər.
Çox oldu,
çoxaldı ölkəbəölkə o...
Dərdinin
Yenə doğru-doğru dərdin çəkirəm,
Qarabağ adında yalan dərdinin.
Zəhərə dönmişəm dişi altında,
xəzinə-xəzinə ilan dərdinın.
Susuzdu, qanımı içir günləri,
Qıvrılıb böyrümdən geçir günləri...
Bilmirəm meydini nə üstə sərim,
bu evsiz-eşiksiz qalan dərdinin.
Yox gün, bir-birindən seçib ayıram,
Hər gün ac qarnımla cana doyuram...
Yetim başı kimi sığallayıram,
Şuşayçın saçını yolan dərdini.
Sinəsi dağlıdı quca bilmirəm,
Qırıq qanadıyla uça bilmirəm.
Sazla da eynini aça bilmirəm
hərəyə bir hava çalan dərdinin.
Tərlan, çəkilmərəm, yüz böl, dilimlə,
Hücum çək, üstümə yeri ölümlə.
Çıxmışam önünə yalın əlimlə,
topu- topxanası olan dərdinin.
Palitra
Nəyi də bacarmasam
gözlərimi yola dikməyin,
hər sözümün əvvəlində də,
sonunda da səndən misal çəkməyin
ustasıyam...
Əlimdən gəlir payıza pəncərə qoymaq,
yağışın altında lümlüt ağaclar kimi havalanmaq...
Bacarıram,
səndən ötrü ürəyimi obrazlı şəkildə sıxmağı,
bacarıram
kasıb olsam belə
sənin üçün zəngin-zəngin darıxmağı...
Ruh məsələsi
Fırçasız, boyasız,
adi, sadə qələmlə elə gözəl çəkirəm ki səni,
baxan gözlərinə köçmək istəyir,
görən əllərindən tutmaq istəyir..
Duyulur saçlarının qoxusu,
dodaqlarının pıçıltısı,
ürəyinin çırpıntısı.
Gözə girir nazik, zərif musiqiçi barmaqların...
hələ ayaqların...
Səni elə gözəl çəkirəm ki,
ətəyin küləkləri qaldırır,
kipriklərin buludları,
səni mənə,
məni sənə qısqanır neçə-neçə insan...
***
Bir səhra susuzluğudur
canımda eşq,
Dodaqlarımda çat-çatdı
yeri öpüşlərinin.
Nə gəl de,
nə get.
Onsuz da
qum ləpələrində
üzü ayrılığa dəvə yerişidir zaman...