Məhbus yoldaşını zorlanmadan xilas edən azərbaycanlı rəssam...

Məhbus yoldaşını zorlanmadan xilas edən azərbaycanlı rəssam...
17 iyun 2019
# 14:26

Kulis.az Mirmehdi Ağaoğlunun Azərbaycan rəssamı Cavad Mircavadov haqqında yazısını təqdim edir.

Cavad Mircavadov 15 yaşı olanda “Azərbaycan” kinoteatrına, afişaçəkən rəssam Zarubinin yanında işə düzəlir. O, elə ilk günlərdən özünün bacarığı ilə rəssamın rəğbətini qazanır. Və bir müddət sonra kinoteatrın baş rəssamı afişa işlərinin hamısını Cavada tapşırır. Beləliklə, “Azərbaycan” kinoteatrının afişaları on beş yaşlı yeniyetmə rəssamın fırçasından çıxmağa başlayır.

Lakin o məşum, amansız 1938-ci il idi. Ağına-bozuna baxmadan adamları tutur, bəxti üzünə gülənləri (bəxtə bax!) sürgünə göndərir, Müşfiq kimi bəxtsizləri də güllələyirdilər. Adamlar heç dəqiq bilmirdilər nəyə görə həbs edildilər, nəyə görə haqlarında ölüm hökmü çıxarıldı. Xırda bir məsələ səni “edam kötüyü”nə apara bilərdi.

15 yaşlı Cavadın da başına indiki dövrdən baxanda tragi-komik görünən bir hadisə gəlir. “Azərbaycan”da işləyəndən bir il sonra həbs edilir və altı ay azadlıqdan məhrum edilir. Səbəb: işə gecikmə.

Yeniyetməni gör, nə üstündə həbs edirlər!

Bayıl həbsxanasıbna salınan Cavadın başını qırxıb, məhkum paltarı geyindirəndən sonra göndərirlər yelpik düzəldilən sexə. Cavadın işi yelpikləri rəngləmək olur.

Yelpik sexinin yerləşdiyi barakın ortasına qoyulmuş nəhəng stol ətrafında əsasən, oğurluq və fahişəlik üstündə həbs olunmuş qadınlar, bir də siyasi məhbusların həyat yoldaşları çalışırdılar. Sexdə qadınlardan savayı mavi gözlü bir qoca, bir də balacoy və olduqca yaraşqlı bir oğlan işləyirdi.

Cavad üçün bu, göydəndüşmə olur. Həbs olunsa da, rənglərdən ayrı qalmamışdı, burda yelpikləri boyayacaq, onları müxtəlif peyzajlar və gül-çiçəklərlə bəzəyəcəkdi.

Cavadın bacarğını görən həbsxana yoldaşları – qadınlar - tezliklə ona bir topa kağız tapıb gətirirlər ki, portretlərini çəksin. Bir müddət sonra Cavadın namı Bayıl həbsxanasına yayılır.

Türmənin lotusu Cavadın dalınca adam göndərir ki, onlara döymə vursun. Əvəzində isə Cavada pul, yemək, qadın, tapança, nəşə, hətta ayda bir dəfə bayıra çıxmaq təklif olunur. Ancaq gənc rəssam bunların hamısından imtina edir və lotudan yalnız onu istəyir ki, qoca məhbusun çörəyi əlindən alınmasın. Bir də onunla birlikdə işləyən yaraşıqlı oğlana toxunmasınlar. Arabir incə səsə mahnılar oxuyan bu oğlanda qız yaraşığı olduğuna görə daim qorxu altında yaşayırmış ki, birdən məhbuslardan kimsə onu zorlayar.

Həbsxanalarda belə şeylər adi haldır.

Cavadın istəyini lotuya çatdıran elçi bir qədər sonra şad xəbərlə qayıdır. Onun istəkləri yerinə yetiriləcəkdi.

Məhbuslar həbsxana kitabxanasından Kramskinin, Rubensin, Velaskesin, Bryulovun, Delakruanın repreduksiyaları olan nə qədər jurnal, kitab varsa hamısını daşıyıb gətirir, onların arasından istədikləri rəsmi seçirlər. Cavadı təəccübləndirən o olur ki, çoxu oğurluq, quldurluq, qətl üstündə yatan, amansızlıqları ilə ad çıxarmış bu qəddar insanlar məhz Delakruanın romantik rəsmlərinə üstünlük verirlər.

Oğruların, qatillərin, banditlərin dərilərinə dünya rəssamlığının inciləri köçülürdüyü dövrdə Bayıl həbsxanasına da qəribə sakitlik çökür, əvvəlki hərc-mərclik, dava-dalaş səngiyir. Məhbuslar öz aralarında döymələrini müzakirə edir, Cavad haqqında fəxrlə danışırlar ki, Sovet İttifaqının müxtəlif həbsxanalarında yatıblar, amma onun kimi döyməçi görməyiblər.

İnsanların əllərinə, sinələrinə, kürəklərinə, bellərinə çəkdiyi əsərləri görmək, bu gəzən rəsm qalereyasını seyr etmək Cavadın özünə də ləzzət edir, sifarişləri sevərək yerinə yetirir. Hətta bir dəfə həbsxana lotusu Cavadın işlədiyi yerə gəlir, bir müddət tamaşa edir, kürəyinə toxunub xırıltılı səslə deyir: “Sən həqiqi rəssam olacaqsan, təklif elədiyim tulapayına rəsm çəkmədin, yolundan dönmə”.

Cavad məhbus qadınların da nəzərində idi. Az qala heç vaxt göyəm gözlərini Cavaddan çəkməyən qadınlardan biri ona yaxınlaşır: “Sənin üzündə nur var, elə bil, Tanrısan. Mən sənin üçün nə edə bilərəm? Yalnız bunu”.

Qadın sözünü bitirər-bitirməz Cavadın əlindən tutub paçasına aparır. Cavan oğlanın bədənini hərarət bürüyür, utandığından rəngi qızarır. Bunu görən qadın üzr istəyir, bir də belə şeylərin təkrarlanmayacağını söyləyir. Bundan sonra dostlaşırlar. Cavad özündən iki dəfə böyük olan bu qadına oxuduğu romanların məzmununu danışır. Ona kitabxanadan kitab götürüb özünün oxumağının təklif edəndə isə rədd edir, deyir, “sənin danışmağın daha maraqlıdır”.

Göyəmgöz qadın onun üzündə nur görmüşdü, Cavad isə əzab, dibsiz kədər görürdü...

Məktub ötürməsinlər, artıq-əskik danışmasınlar deyə, “xalq düşmənləri”nin qadınlarına daha ciddi nəzarət edilirdi. Bununla belə, nəzarətçilərdən yayınıb söhbətləşir, Cavada öz dərdlərini çatdırırdılar. İşgəncələrə, təhqirlərə dözə bilməyən “xalq düşmənilərinin” qadınları ondan xahiş edirlər ki, çıxanda Moskvaya məktub yazıb, şikayətlərini çatdırsın. Cavad razılaşır.

Barakdakı qadınların acınacaqlı vəziyyətinə dözə bilməyən Cavad anasının kimlərəsə pul verib, içəri göndərdiyi yeməkləri onların arasında bölüşdürür, özü isə həbsxananın qaynadılmış berj balığı və noxud şorbası ilə qane olurmuş. Çoxdandı evin, mətbəxin dadını-qoxusunu unutmuş bu ac qadınlar yeməklərdən daddıqca doğma ocaqlarını xatırlayır, bişirdikləri dolmaları, fisincan-plovları, düşbərələri, küftələri yada salır, bir anlıq da olsun həbsin ağrı-acısını unudub, özlərini əsl qadın kimi hiss edir, hətta kim yaxşı yemək bişirir deyə, mübahisəyə də dalırdılar.

Vaxt gəlir, vədə yetişir, şirinli-acılı bu məhbus günləri bitir. Cavad həbsxanadan çıxanda məhbuslar da onu yola salmağa gəlirlər. Darvazanın qabağına yığışmış bu adamlar əyinlərini soyunub Cavada döymələrini göstərir, söyüş dolu həbsxana jarqonları ilə ehtiramlarını bildirir, onu heç vaxt unutmayacaqlarını deyirlər.

Bu vaxt barakın qapısında bir qrup qadın görünür. Lakin Cavad onlara sarı çevriləndə xəyal kimi yox olurlar. Bu qadınlar Cavadla Moskvaya xəbər göndərmək istəyən “xalq düşməni” arvadları idilər. Qorxurlar, həm özlərinə görə, həm də on beş yaşlı bu cavanın həyatını təhlükəyə atmaqdan qorxurlar. Ki, birdən Cavadla baxışmalarından nəzarətçilər “nəsə” oxuyarlar...

O qadınların arasında Cavad bir nəfəri də görmək, onun göyəm gözlərinə, istirab dolu çöhrəsinə uzaqdan da olsa, son dəfə baxmaq istəyirdi.

Lakin göyəmgöz vidalaşmağa gələn qadınların arasında yox idi...

Qeyd: Yazının hazırlanmasında Lyubov Mircavadovanın "Aytokua" kitabından istifadə olunmuşdur./aznews.az/

# 5764 dəfə oxunub

Oxşar xəbərlər

Fəxri Uğurlu:  "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

Fəxri Uğurlu: "Qiymətli ömrümüzü boş, mənasız şeylərə xərcləmişik..." - Müsahibə

09:00 9 dekabr 2024
Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

Zəmanəmizin qəhrəmanı - Cavid Zeynallının hekayəsi

10:00 7 dekabr 2024
Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

Ürək yaman şeydir - Əkrəm Əylislinin hekayəsi

17:00 6 dekabr 2024
"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

"Ay qağa, nooldu e, səni bəs nə vaxt öldürəcəklər?" - Əfqan döyüşçüsü

12:00 6 dekabr 2024
Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

Səndən nigaranam - İlqar Fəhminin hekayəsi

09:00 6 dekabr 2024
Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

Xəyanətkar anasını qətlə yetirən qız - İnsan necə qatilə çevrilir?

15:00 5 dekabr 2024
#
#
# # #